Məhkəmə qərarları › İş №2(107)-847/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-847/2021

16.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-847/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı vəkili X1 və cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbinə qarşı onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia təmin edilməmiş, İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı əmək mübahisələri tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoruna qarşı onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyatinformatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin 15 sentyabr 2015-ci il tarixli əmri ilə məktəbə daimi riyaziyyat və informatika müəllimi işinə qəbul olunmuşdur. Həmin vaxt onunla əmək müqaviləsi bağlanmışdır. Mingəçevir şəhər 1 saylı məktəbin 14 iyun 2017-ci il tarixli, 750/b saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «d» bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)- 3598/2017 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyatinformatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. 14 iyun 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə 10 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 5 saat dərs vermiş və bildirilmişdir ki, işəbərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli «Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında» Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü- 18 saat müəyyən edilmişdir. Baxmayaraq ki, o müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərir, məktəb məhkəmə qətnaməsini nəzərə almayaraq ona müəyyən edilmiş 18 saatdan az olmayaraq dərs yükü ilə təmin etmir. Bundan əlavə əmək haqqını vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablamır. Cavabdeh onun diaqnostik qiymətləndirilməyə göndərilməyini təmin etmədiyindən yeni tarif cədvəlinə uyğun əmək haqqı ala bilmir. Buna görə də, onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X3 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat vermiş və birinci instansiya məhkəməsindən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoru X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi tələbi onun səlahiyyətlərinə aid deyil. Diaqnostik qiymətləndirmədən keçmədən sözügedən dərs yükünün verilməsi mümkün deyil. İddiaçı isə diaqnostik qiymətləndirilmədən keçməmişdir. Lakin onun səlahiyyətləri daxilində mümkün qədər dərs yükünün artırılmasına çalışa bilər. Dərs saatlarının iddiaçının göstərdiyi formada verilməsi hazırda mümkün deyil. Çünki dərs saatları həmin ixtisasdan olan müəllimlər arasında bölünmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 nömrəli qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. O, Mingəçevir şəhər 1 saylı orta məktəbin 15 sentyabr 2015-ci il tarixli əmri ilə məktəbə daimi riyaziyyat və informatika müəllimi işinə qəbul olunmuşdur. Mingəçevir şəhər 1 saylı məktəbin 14 iyun 2017-ci il tarixli, 750/b saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «d» bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. Qətnaməyə əsasən 14 iyun 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə 10 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 5 saat dərs vermiş, əvvəlki əmək şəraitini təmin etməmiş, əmək haqqını düzgün hesablamamışdır. Bununla bağlı Təhsil Nazirinin müvafiq əmri vardır. Dəfələrlə müraciət etməyinə baxmayaraq məktəb onun işdən azad olunana qədər malik olduğu dərs yükü ilə təmin olunmağını təmin etmir. Bu səbəbdən məhkəmə qətnaməsi hazırki müddətə qədər icra olunmamışdır. Bu səbəbdən məhkəmədə Mingəçevir şəhər 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə iddia qaldırmışdır. Həmin vaxt o göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli «Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında» Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü- 18 saat müəyyən edilmişdir. İddiaya baxan Mingəçevir şəhər məhkəməsi iddia tələbini rədd etmişdir. Halbuki, o, Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli qərarına əsasən işdən çıxarılana qədər yerinə yetirdiyi əmək funksiyasına uyğun həmin əmək şəraitinin təmin olunmasını isətəyirdi. Məhkəmənin istinad etdiyi «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Azərbaycan Respublikasi Prezidentinin 16 yanvar 2015-ci il tarixli sərəncamı və 23 avqust 2017-ci il tarixli əlavə məhz Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması ilə bağlıdır. Onun tələbi əmək haqqının diaqnostik qiymətləndirmə aparılan müəllimlərin əmək haqqına uyğunlaşdırılınası deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 1 stavka dərs yükü ilə təmin edilməyi ilə bağlıdır. Halbuki, o, işdən 14 iyun 2017-ci ildə azad olunarkən 18 saat dərs yükü olmuş və buna müvafiq olaraq əmək haqqı almışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.2-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz, işəgötürən 1 saylı orta məktəbin direktroru belə razılaşmaları olmadığı halda, birtərəfli qaydada onun əmək şəraitinin şərtlərini dəyişərək dərs yükünü 5 saat etmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, 18 saat dərs yükü ilə təmin olunmağını həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, həm də Nazirlər Kabinetinin 24.11.2010cu il tarixli 215 saylı qərarına əsasən tələb edir və iddiasını əsaslı hesab edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)- 185/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)- 185/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı Məhkəmə kollegiyasının əvvəlki iclasında apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə iddiaçı Mingəçevir şəhəri 1 saylı orta məktəbin riyaziyyat və informatika müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 14.06.2017-ci il tarixli 750/b saylı əmr etibarsız hesab edilməklə ləğv edilməsi, İddiaçı işə bərpa edilmiş, İddiaçı 14 iyun 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2 və 4.1-ci bəndinə və «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamının 1-1-ci hissəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci bəndində Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edilir. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına, 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar 15 sentyabr 2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, sonradan 14 iyun 2017-ci il tarixli, 750/b №li əmri ilə əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir şəhər 1 №li tam orta məktəbin riyaziyyat-informatika müəllimi vəzifəsinə bərpa olunmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Lakin İddiaçı işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil məhkəmə vasitəsi ilə daxil olmuşdur. Belə olan halda sözügedən qaydaların tələblərindən kənar işə qəbul olunmasına baxmayaraq iddiaçı diaqnostik qiymətlənmədən keçməlidir. İddiaçının diaqnostik qiymətlənmədən keçməsi üçün müraciət etməli, onun diaqnostik qiymətləndirilmədən keçirilməsindən imtina olunarsa müvafiq icra hakimiyyəti orqanının qərarından İnzibati Məhkəməyə şikayət verməlidir. Ümumi (şəhər və rayon) məhkəmənin iddiaçının üzərinə sözügedən tələbi qoymaq hüququ yoxdur. İddiaçını diaqnostik qiymətləndirilmədən keçirməsi mütləq olsa da sözügedən müsabiqənin keçirilməsi hazırki iş üzrə cavabdeh olan Mingəçevir şəhəri 1 saylı orta məktəbin direktorunun deyil müvafiq icra hakimiyyəti aparmalıdır. Ona görə də iddia əsassızdır və təmin olunmamalıdır. İddiaçı tələbini “təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli qərarı ilə əsaslandırsa da sözügedən qərarda müəllimlərə düşməli olan 1 stavka dərs yükünün 18 saat olması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamı ilə təstiq edilmiş «Qaydalar»da diaqnostik qiymətləndirilməsi aparılandan sonra sözügedən dərs yükünün verilməsi məqsədə müvafiq sayılmışdır. Birinci instansiya məhkəməsinin iclasında bütün sübutlar müqayisəli şəkildə təhlil edilərkən iddiaçının öz tələbini təstiq edən heç bir sübut təqdim etməməsi müəyyən olunmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda buna riayət etməmiş, əksinə təqdim etdiyi sübutlar mötəbər sübut kimi qəbul edilməyərək məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, yuxarıda göstərilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməlidir. Cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi X2 Şəki Apellyasiya məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(107)-847/2021 nömrəli sorğusuna verdiyi cavabda göstərmişdir ki, İddiaçı 2016-2017-ci tədris ilinə aid tarifləşmə cədvəlində 17 ( on yeddi) saat dərs yükü tarifləşmişdir.Lakin 07.03.2017-ci il tarixli 747(e) Nsli əmrə əsasən dərs yükü 11 (on bir) saat müəyyən edilmişdir.Odur ki, İddiaçı 14 iyun 2017 -ci il tarixli 750(b) nömrəli əmrə əsasən işdən azad olunan vaxt 11 (on bir) saat dərs yükü olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci tarixli 2(051 )-3598/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı işə bərpa edilmişdir.Lakin həmin qətnamədə neçə saatlıq dərs yükü olan işə bərpa olunması göstərilməmişdir.(İddiaçı işə bərpa edilsin) Həmin qətnaməyə əsasən ona 14.06.2017-ci il tarixdən 01 .08.2017-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı 11 (on bir) saata görə ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli 2(051)-185/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar