Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-854/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “törənən maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “törənən maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(035)-282/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları:
1. Zərdab rayonu 2-ci Alcanlı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004cü il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, 2-ci Alcanlı bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı 2-ci Alcanlı kəndi ərazisindən 30 il müddətinə 5.0 ha torpaq sahəsi icarəyə verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu 2-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə Cülovxanlı kəndi ərazisində 30 il müddətinə verilən 5.0 ha torpaq sahəsi əkin məqsədi ilə verilmiş və icarə hüquqları daşınmaz əmlak dövlət reyestrində 39 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi tərəfindən verilmiş 16 saylı, xx.xx.2020-ci il tarixli arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ... İddiaçı icarə müqaviləsi əsasında verilən 5.0 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarına əsasən 30 il müddətinə verilmişdir. Rayonun baş planında olan xəritə ilə 2-ci Alcanlı kənd xəritəsi üzləşdirilmiş, İddiaçı icarəsində olan 5.0 ha torpaq sahəsi kolluq örüş sahəsi kimi göstərilmişdir.
4. Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi tərəfindən verilmiş arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ... İddiaçı 2-ci Alcanlı bələdiyyəsinin müvafiq qərarına əsasən verilmiş torpaq sahəsi hal-hazırda bələdiyyənin kolluq örüş sahəsi olmasına baxmayaraq kənd camaatının mal-qarasının çıxacaq və dayanacaq yeridir.
5. Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi tərəfindən verilmiş 103 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı verilən 5.0 ha torpaq sahəsi 2-ci Alcanlı kəndi ərazisində yerləşir, 2-ci Alcanlı kəndinə məxsusdur və hal-hazırda əkin təyinatlıdır.
6. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022ci il tarixli ərizənin məzmunundan görünür ki, onlar iddiaçının sənədlərinin saxta olduğunu, yerin örüş olduğunu və düzgün verilmədiyini, ona görə də iddiaçının gətirdiyi traktoru sahədən çıxardıqlarını və indən belə də həmin yerin istifadə edilməsinə imkan verməyəcəklərini qeyd etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu 2-ci Alıcanlı bələdiyyəsinin 25 fevral 2004-cü il tarixli icarə müqaviləsinə əsasən 30 il müddətinə icarəsinə verilmiş Zərdab rayonu Alıcanlı kəndi ərazisində yerləşən 5.0 hektar torpaq sahəsindən istifadə etməyinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu 2-ci Alıcanlı bələdiyyəsinin 25 fevral 2004-cü il tarixli icarə müqaviləsinə əsasən ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2-ci Alıcanlı kəndi ərazisində 30 il müddətinə 5.0 ha torpaq sahəsi icarəyə verilmişdir. İcarə hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə ona Çıxarış verilmişdir. Cari mövsümdə həmin torpaq sahəsində pambıq əkməyi planlaşdırmış və bu məqsədlə torpaq sahəsini şumlatdırmaq istəyərkən hazırkı cavabdehlər buna imkan verməmişlər. Belə ki, iki dəfə, yəni 2021-ci iln dekabr və 2022-ci ilin yanvar aylarında yeri şumlatdırmaq üçün gətirdiyi traktorları cavabdehlər torpaq sahəsindən çıxartmışlar. 5.0 ha torpaq sahəsindən təxminən 1.0 ha torpaq sahəsini şumlatdıra bilmişdir. Qalan 4.0 ha sahəni şumlatdıra bilməmişdir. Cavabdehlər hazırda da onun həmin torpaq sahəsi üzərində icarə hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Hesab edir ki, cavabdehlərin bu qanunsuz və özbaşına əməllərinə son qoyulmalıdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 26 aprel 2022-ci il tarixli, 2(035)- 282/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Zərdab rayonu 2-ci Alcnlı Bələdiyyəsinin 25 fevral 2007-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı 30 il müddətinə icarəyə verilmiş 5.0 hektar torpaq sahəsindən İddiaçı istifadə etməsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən törədilən maneənin aradan qaldırılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zərdab rayonu 2-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə, yəni əkin məqsədi ilə 30 il müddətinə, 5.0 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçının icarə hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə ona haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarış verilmişdir. Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi tərəfindən verilmiş 103 saylı, xx.xx.2022-ci il tarixli arayışa əsasən həmin torpaq sahəsi məhz 2-ci Alcanlı kəndi ərazisində yerləşir. Cari mövsümdə əkin (pambıq) əkmək məqsədlə torpaq sahəsini şumlatdırmaq istəyərkən hazırkı cavabdehlər buna imkan verməmiş, iddiaçının gətirdiyi traktorları torpaq sahəsindən çıxartmışlar. Nəticədə iddiaçının icarə hüquqlarını həyata keçirilməsinə maneçilik törədilmişdir. Maneə davam etdiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Cavabdehlər məhkəmə iclasında iddiaçının icarə hüquqlarını həyata keçirilməsinə maneçilik törətmələri təsdiq etmiş və bundan sonra da iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə imkan verməyəcəklərini bildirmişlər. Məhkəmə araşdırması zamanı Zərdab rayonu 2-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin inzibati və ya məhkəmə qaydasında mübahisələndirilməsi və ləğv olunması müəyyən olunmadı.
11. Birinci instansiya məhkəməsi iddiaya hüquqi qiymət verərkən ilk növbədə İddiaçı sözügedən torpaq sahəsindən istifadə etməsinin hüquqi əsasının olub-olmaması baxımından hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
12. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən olunan hallarına əsasən hesab etmişdir ki, İddiaçı sözügedən torpaq sahəsini torpağın mülkiyyətçisi olan 2-ci Alcanlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən istifadə etdiyi üçün onun həmin torpaq sahəsindən istifadəsinə törədilən maneənin aradan qaldırılmasını tələb etmək üçün hüququ əsası vardır.
13. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, hazırkı cavabdehlər tərəfindən iddiaçının sözügedən torpaq sahəsindən istifadəsinə real olaraq maneələr törədildiyindən iddianın həmçinin faktiki əsası vardır.
14. Birinci instansiya məhkəməsi cavabdehlərin hərəkətlərinin qanuni olubolmamasına dair hüquqi dəyərləndirmə apararaq hesab etmişdir, cavabdehlərin iddiaçının icarəsində olan torpaq sahəsinə birbaşa müdaxilə etmələri qanunla qadağan olunan özbaşnalıqdır.
15. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, cavabdehlər iddianı qəbul etməsələr də, iddiaçının əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını məhkəmə iclasında əsaslandıra bilməmişlər.
16. Beləliklə, işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sözügedən torpaq sahəsindən istifadə etmək hüququna malikdir. Cavabdehlər sözügedən torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneə olmaqda haqlı deyillər. Cavabdehlərin özbaşına müdaxiləsi nəticəsində iddiaçının həmin torpaq sahəsindən istifadə (icarə) hüququ pozulur. Ona görə də iddiaçının sözügedən torpaq sahəsindən istifadə (icarə) hüququna təminat verilməli və bu məqsədlə iddia təmin edilməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Kostitusiyasının 24-cü maddəsinin İİİ-cü hissəsinə, 60-cı maddəsinin İ-ci hissəsinə, 71-ci və 72-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.0.2, 5.1, 6.1 və 6.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə, 51-ci maddəsinin 1ci hissəsinə, 51-ci maddəsinin 4-cü hissəsinə, 55-ci maddəsinə, 56-cı maddəsinin 5-ci hissəsinə, 84-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 17.1, 18, 164.1, 157.4, 157.8, 165.1, 560.1, 700.1, 700.2 və 706.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 124.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.20 və 8.1.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Zərdab rayonunun 2ci Alıcanlı kəndi ərazisində 2-ci Alıcanlı Bələdiyyəsinin 25 fevral 2004-cü il tarixli icarə müqaviləsinə əsasən 30 il müddətinə 5,0 ha torpaq sahəsi icarəyə verilmişdir. Sözügedən torpaq sahəsi örüş sahəsidir. Kənd camaatının şikayət və etirazlarına baxmayaraq Bələdiyyə həmin torpaq sahəsini iddiaçının xüsusi mülkiyyətinə vermişdir. Yuxarı dövlət orqanlarına, xüsusilə də cənab X2 ünvanladıqları şikayət ərizələrindən sonra Zərdab Rayon İHB ərizələri ilə bağlı yerli icra hakimiyyəti orqanı və bələdiyyə rəhbərləri ilə onları birlikdə qəbul etmişdir. Və iclasın yekun nəticəsi bu oldu ki bütün örüş sahələrini boşaldıb camaatın istifadəsinə qaytarsınlar. Örüş sahələrini istifadə edən insanlardan bir çoxu torpaqları camaata qaytarsa da iddiaçı Bələdiyyə ilə əlbir olaraq torpağı nəinki qaytarmadı, üstəlik icarə müddətini uzatdı. Bələdiyyə də iddiaçıdan asılı qalaraq onun hər dediyini edir. Zərdab Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(035)-282/2022 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxaracağına inanırlar.
20. Hazırkı iş üzrə isə torpaq sahəsi iddiaçıya icarəyə 30 il müddətinə verilmişdir. Hazırkı iş üzrə mübahisənin hüquqi əsasını təşkil edən xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin müddətinin uzadılması barədə hər hansı sənəd (hərrac və ya müsabiqə barədə) təqdim edilməyib. Zərdab Rayon Məhkəməsinin istinad etdiyi sübutlardan biri Daşınmaz Əmlakın Dövlət Reyestrindən iddiaçıya verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu ıl dan Çıxarışda Cilovxanlı kəndi göstərilsə də icarə müqaviləsinə əsasən sözügedən torpaq 1-ci Alıcanlı kəndi ərazisində yerləşir. Onlara Bələdiyyənin özü tərəfindən verilən arayışlarda örüş sahəsi olduğu halda niyə əkin sahəsi olması barədə iddiaçıya arayış verir? Məhkəmə iddiaçıya verilən arayışları sübut kimi qəbul edir, onlara veriləni isə qəbul etmir. Halbuki həmin sahəni 12 nəfər kənd sakinin iştirakı ilə akt tərtib edərək camaatın istifadəsinə vermişdir. Belə olan halda onlar düşünəcəkdir ki, Bələdiyyə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin digər vətəndaşa verdiyi kadastr və yerquruluşu layihəsində onların örüş sahələrinin qonşusu olaraq iddiaçının istifadə etməsi öz təsdiqini tapmışdır.
21. Hazırkı iş üzrə əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahələri iddiaçıya xüsusi mülkiyyətə verilmişdir. Hazırkı iş üzrə isə torpaq sahəsi iddiaçıya icarəyə 30 il müddətinə verilmişdir. Hazırkı iş üzrə mübahisənin hüquqi əsasını təşkil edən xx.xx.2004-cii il tarixli icarə müqaviləsinin müddətinin uzadılması barədə hər hansı sənəd (hərrac və ya müsabiqə barədə) təqdim edilməyib. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin digər vətəndaşa verdiyi kadastr və yerquruluşu layihəsində onların örüş sahələrinin qonşusu olaraq iddiaçının istifadə etməsi öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən Apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(035)-282/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının icarəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da, kənd camaatının örüş yeridir. İddiaçı ilə bağlanmış icarə müqaviləsi qanunvericiliyin tələbinə uyğun deyildir, onun əlində olan sənədlər, o cümlədən çıxarış saxta yollarla əldə olunub. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının icarəsində olan torpaq sahəsi kənd camaatının örüş yeridir. İddiaçı həmin ərazini qeyri-qanuni zəbt edib. İddaçıya icarəyə verilmiş torpaq sahəsi tamamilə başqa kəndin ərazisinə düşür. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir.
25. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 apellyasiya şikayətini müdafiə edərək sonda apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
26. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 30 il müddətinə onun icarəsinə verilmişdir. O hər il vaxtı-vaxtında icarə haqqını ödəməklə yanaşı, ona dövlət tərəfindən subsidiya da verilir. Əlindəki sənədlər də qanuni yollarla verilib. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xaricihüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
31. «Torpaq İcarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehlər qətnaməni tam mübahisələndirərək, qətnamənin tam ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş edirlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İşdən görünür ki, iddiaçı hazırki tələbində mübahisəli ünvanda yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən olunan maneənin aradan qaldırılmasını və özünün sahiblik və istifadə hüququnun maneəsiz həyata keçirilməsini xahiş edir.
36. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır.
37. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.
38. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
39. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
40. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, Zərdab rayonu 2-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə, yəni əkin məqsədi ilə 30 il müddətinə, 5.0 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçının icarə hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə ona haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarış verilmişdir. Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi tərəfindən verilmiş 103 saylı, xx.xx.2022-ci il tarixli arayışa əsasən həmin torpaq sahəsi məhz 2-ci Alcanlı kəndi ərazisində yerləşir. Cari mövsümdə əkin (pambıq) əkmək məqsədlə torpaq sahəsini şumlatdırmaq istəyərkən hazırkı cavabdehlər buna imkan verməmiş, iddiaçının gətirdiyi traktorları torpaq sahəsindən çıxartmışlar. Nəticədə iddiaçının icarə hüquqlarını həyata keçirilməsinə maneçilik törədilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
41. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
42. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
43. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
44. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir
45. Belə ki, Zərdab rayonu 2-ci Alcanlı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, 2-ci Alcanlı bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı 2-ci Alcanlı kəndi ərazisindən 30 il müddətinə 5.0 ha torpaq sahəsi icarəyə verilmişdir.
46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu 2-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə Cülovxanlı kəndi ərazisində 30 il müddətinə verilən 5.0 ha torpaq sahəsi əkin məqsədi ilə verilmiş və icarə hüquqları daşınmaz əmlak dövlət reyestrində 39 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır.
47. Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi tərəfindən verilmiş 103 saylı, xx.xx.2022ci il tarixli arayışdan görünür ki, İddiaçı verilən 5.0 ha torpaq sahəsi 2-ci Alcanlı kəndi ərazisində yerləşir, 2-ci Alcanlı kəndinə məxsusdur və hal-hazırda əkin təyinatlıdır.
48. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə istifadə və sahiblik hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
49. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(035)-282/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(035)-282/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov