Məhkəmə qərarları › İş №2(107)-860/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-860/2024

24.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-860/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-71/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh 13 avqust 2021-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6405 manat 85 qəpik pul vəsaitini müəssisənin kassasına ödəmədiyi aşkar olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6405 manat 85 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat 06 qəpik məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 13 avqust 2021-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6405 manat 85 qəpik pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 6405 manat 85 qəpik məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edilmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator "mediasiya sessiyasında iştirak edilməməsi barədə" xx.xx.2023-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-i ilə əmək münasibətlərində olaraq satış nümayəndəsi qismində işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən ona etibar edilmiş malları qəbul edərək ticarət nöqtələrinə paylamış,lakin həmin malların pulunu İddiaçı MMC-nə təhvil verməli olduğu halda, bunu etməyərək işəgötürənə maddi ziyan vurmuşdur. Cavabdeh aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, etirazına əlavə etdiyi videoçəkiliş isə təqsirsiz olmasını təsdiq edən sübut qismində nəzərə alınmamışdır. Bundan başqa cavabdeh maddi zərərin ödənilməsini də əsaslandıra bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının məruz qaldığı zərər cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranmış və bunlar arasındakı səbəbli əlaqəni qeyd olunmuş subutlar tam təsdiqləyir.

5. Dəymiş real zərərin miqdarını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli, 9/1049 nömrəli ekspert rəyinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-nə 6405 manat 12 qəpik məbləğində borcun olması müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qəbul edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nə dəymiş zərər 6405 manat 12 qəpik məbləğində müəyyən olunmalı, bununla da iddia qismən təmin olunmalıdır.

6. O ki qaldı cavabdehin iddia müddətinin keçməsi barədə dəlilinə, məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

7. Odur ki, İddiaçı MMC ziyan vurulmasını aşkar etdiyi xx.xx.2022-ci il tarixdən hesablandıqda (həmin tarixdə cavabdeh izahat vermişdir) məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü ildə verildiyinə görə iddia müddətinin axımı həmin tarixdən dayandırılmış hesab olunmalıdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışın tərtib edilməsi ilə iddia müddətinin axımı davam etmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının məhkəməyə müraciət olunması nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 il müddət keçməmişdir.

8. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 34 manat 06 qəpik və 50 manat mediasiya xərcinin yarısı 25 manat Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməli, Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməlidir.

9. Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-ci il tarixli, 2(046)-71/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6405 manat 12 qəpik məbləğində pulun alınaraq İddiaçı MMC-nə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh 34 manat 06 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə verilməsi, Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyərinin alınaraq dövlət nəfinə keçirilməsi, mediasiya xərcləri bərabər şəkildə tərəflərə aid edilməsi, Cavabdeh 50 manat mediasiya xərcinin yarısı 25 manatın alınaraq İddiaçı MMC-nə verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192, 194, 199, 200 və 202-ci maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2021-ci il tarixli əmək müqaviləsi, “X2” haqqında xx.xx.2021-ci il tarixli müqavilə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə mediator tərəfindən verilmiş arayış, xəbərdarlıq məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli, 9/1049 saylı ekspert rəyi

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclasında verdiyi izahat daha təfərrüatlı və geniş olmuşdur. Məhkəmə qətnaməsində isə yalnız iddiaya etirazda qeyd olunanlar izahat kimi göstərilmişdir. Videoçəkilişlə bunun sübut olunmasına baxmayaraq, məhkəmə həmin videogörüntüləri sübut kimi qəbul etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün təfsir etməmiş, şirkətə hər hansı zərər vurmadığını nəzərdən qaçırmış, yalnız iddiaçı tərəfin təqdim etdiyi reallığı əks etdirməyən sənədlərə əsaslanaraq birtərəfli qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

14. O, işə qəbul edilərkən təhkim olunmuş ərazidəki müştərilərin İddiaçı MMC-yə 2.367 manat 35 qəpik borcları mövcud olmuşdur. Şirkət geri qaytarılan malları qəbul etməmişdir. Həmin malların böyük bir hissəsinin istifadəyə yararlılıq müddəti ötmüşdür. Şirkət həmin malları geri qəbul etməyə borclu olsa da, onları qəbul etməmiş, ondan həmin malların pulunu tələb etmişdir. O da məcbur olub, geri qaytarılan malları gətirib həyətə yığmalı olmuş və həmin malların pulunu şirkətə ödəmişdir. İşdən çıxmaq qərarına gəldikdə, yəni 2022-ci ilin iyun ayında həmin malların hamısını aparıb İddiaçı MMC-nin həyətinə boşaltmışdır, lakin həmin mallar şirkət tərəfindən qəbul edilməmişdir. Videoçəkilişlə bunun sübut olunmasına baxmayaraq, məhkəmə həmin videogörüntüləri sübut kimi qəbul etməmişdir. Onun əmək haqqından qeyri-qanuni tutulmalar aparılıb, ödəniləsi əmək haqqı tam ödənilməmişdir. Göründüyü kimi, o 8.000 manat dəyərində olan malları geri qaytarmağına baxmayaraq, həmin malları qəbul etməmişlər, 8.000 manatı ödəməyinə baxmayaraq, malları qəbul edib pulları geri qaytarmamışlar, bu da azmış kimi əmək haqqını tam şəkildə ödəməmişlər, bu da yetmirmiş kimi, üstünə ödəməli olmadığı borc məbləği yazmışlar.

15. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-ci il tarixli, 2(046)- 71/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-ci il tarixli, 2(046)-71/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199.1-ci maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

21. Qərarlar: «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli qərarı

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-ci il tarixli, 2(046)- 71/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində 2022-ci ilin iyun ayında həmin malların hamısını aparıb İddiaçı MMC-nin həyətinə boşaltdığı və bu barədə videogörüntülərin olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin hansısa malları iddiaçı MMC-nin həyətinə boşaltması həmin malların hansı mallar olduğu. Hansı məqsədlə boşaldıldığı kimi suallara cavab vermədiyindən sübut qismində qəbul edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin onun əmək haqqını tam şəkildə ödəmədikləri barədə dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin hal-hazırki məhkəmə icraatının predmeti olmadığından həmin hissədə araşdırma aparılmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında malların bir qisminin qeyri-rəsmi verildiyini bildirsə də, kollegiya qeyd edir ki, aparılmış yoxlama rəsmi verilən mallarla bağlı aparılmışdır və həmin yoxlamaya daxil olmayan qeyri-rəsmi təhvil-təslim hərəkətlərinin olması ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir.

27. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı MMC-i ilə əmək münasibətlərində olaraq satış nümayəndəsi qismində işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən ona etibar edilmiş malları qəbul edərək ticarət nöqtələrinə paylamış,lakin həmin malların pulunu İddiaçı MMC-nə təhvil verməli olduğu halda, bunu etməyərək işəgötürənə ekspert rəyində göstərilən həcmdə maddi ziyan vurmuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-71/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-71/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar