Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-868/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, öhdəlik üzrə vəzifələri yerinə yetirməmək) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3 000,00 (üç min) manat borcun və 50,00 (əlli) manat dövlət rüsumunun, cəmi 3050 (üç min əlli) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 27 may tarixli, 02/02258 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5 000,00 (beş min) manat öhdəlikdən 2000 (iki min) manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 3000 (üç min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim: E.Vəliyev) 5 sentyabr 2023-cü il tarixli, 2(075)- 1496/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli operativ lizinq müqaviləsi üzrə 3000 manat borcunun və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 2 aylıq müddətə 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 5000 manat ödəmək şərti ilə icarəyə Class Dominator-130 markalı taxılyığan kombayn verilmişdir. Lakin cavabeh Cavabdeh İddiaçı ASC qarşısında olan öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək ödəməli olduğu 5000 manatın 3000 manatını ödəməmişdir. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 2 aylıq müddətə 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 5000 manat ödəmək şərti ilə icarəyə Class Dominator-130 markalı taxılyığan kombayn verilmişdir. Lakin cavabeh Cavabdeh İddiaçı ASC qarşısında olan öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək ödəməli olduğu 5000 manatın 3000 manatını ödəməmişdir. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli operativ lizinq müqaviləsi üzrə 3000 manat borc Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.2, 465.2, 747.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, e-2(075)-1496/2023 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, həmin kombayn daha öncə başqa şəxsin istifadəsində olmuş, daha sonra ona verilmişdir. Kombayn ona təqdim edildikdən sonra məlum olmuşdur ki, kombayn tam nasaz vəziyyətdədir və işlətmək mümkün deyil, buna görə 20 gün sonra kombaynı İddiaçı ASC-yə təhvil vermişdir. Həmin vaxtdan hal-hazıradək kombayn iddiaçıdadır. Göründüyü kimi, iddiaçı özü müqavilənin şərtlərinə əməl etməmiş ona nasaz kombayn vermiş və həmin kombayn işləmədiyindən onu geri qaytarmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. İşə baxan birinci instansiya məhkəməsi onun iddiaçıya borcunun olması nəticəsinə gəlsə də, bunu sübut edə bilməmiş, sadəcə formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən güzəştli lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinqalana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verəməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.qla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 2 aylıq müddətə 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 5000 manat ödəmək şərti ilə icarəyə Class Dominator-130 markalı taxılyığan kombayn verilmişdir. Lakin cavabeh Cavabdeh İddiaçı ASC qarşısında olan öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək ödəməli olduğu 5000 manatın 3000 manatını ödəməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, e-2(075)-1496/2023 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, həmin kombayn daha öncə başqa şəxsin istifadəsində olmuş, daha sonra ona verilmişdir. Kombayn ona təqdim edildikdən sonra məlum olmuşdur ki, kombayn tam nasaz vəziyyətdədir və işlətmək mümkün deyil, buna görə 20 gün sonra kombaynı İddiaçı ASC-yə təhvil vermişdir. Həmin vaxtdan hal-hazıradək kombayn iddiaçıdadır. Göründüyü kimi, iddiaçı özü müqavilənin şərtlərinə əməl etməmiş ona nasaz kombayn vermiş və həmin kombayn işləmədiyindən onu geri qaytarmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli lizinq müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh Class Dominator-130 markalı taxılyığan kombayn lizinqə verilmişdir. Cavabdeh tərəfindən verilmiş 27 may 2022-ci il tarixli iltizamdan görünür ki, o, 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü Class Dominator-130 markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığın müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil vərməməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazılıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətdə gətirilməsi çəkilən xərcdən asılı olmayaraq 5000 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi tam öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd etmişdir ki, biçin başlamazdan əvvəl taxılyığan kombaynı istifadə etməkdən bu və ya digər səbəbdən imtina edəcəyi və texnikanı Cəmiyyətin parkına geri qaytaracağı halda: kombaynı parka saz və dəst halda təhvil verəcəyini; kombaynın daşınması, cari texniki qulluq üçün çəkdiyi xərclərin, eləcə də tərəfindən ödənmiş digər xərclərin geri qaytarılması ilə bağlı tələb irəli sürməyəcəyini; müqavilə öhdəliyi üçün ödədiyi vəsaiti geri tələb etməməyi, həmin kombaynı başqa mexanizator istifadəyə götürəcəyi halda müqavilənin və ödənilmiş vəsaitin digər mexanizatorun adına keçirilməsinə etiraz etməməyi öhdəsinə götürmüşdür. Texnika rayon bölməsinə qaytarılarkən tərtib edilmiş 02 avqust 2023-cü il tarixli, 02/02258 nömrəli aktdan görünür ki, İddiaçı ASC-nin Yevlax RN-nin istifadəsində olan Class Dominator-130 markalı taxılyığan kombayn nasaz vəziyyətdə mexanizator Cavabdeh tərəfindən Yevlax RN-nin rəhbəri X3 təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC tərəfindən Şəki rayonu, Turan qəsəbəsi sakini Cavabdeh göndərilmiş 18 aprel 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 2022-ci il 27 may tarixli, 02/02258 nömreli operativ lizinq müqaviləsinə əsasən 1 eded Claas Dominator-130 markalı taxılyığan kombayn istifadəyə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinin şərtinə əsasən texnikadan istifadəyə görə müəyyən edilmiş 5 000,00 (beş min) manat məbləği ödəməli olduğunuz halda, həmin texnikanın istifadəsinə görə tərəfindən 2 000,00 (iki min) manat ödəniş edilmiş və İddiaçı ASC qarşısında ümumilikdə 3 000,00 (üç min) manat yerinə yetirilməmiş öhdəliyi qalmışdır. İşdə olan müqavilələrdən görünür ki, Cavabdeh Class Dominator 130 markalı, 15611701 sassi nömrəli, 960882 mühərrik nömrəli, buraxılış ili 2014, 2022-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyinə öhdəlik götürmüş, lakin öhdəliyə əməl etmədiyi üçün iddiaçıya ziyan vurmuşdur. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(075)-1496/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-868/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-868/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver