Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-876/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, mülkiyyət hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin ona məxsus 130 kv.m fərdi yaşayış evindən çıxarılmasını istəyir. Həmin həyətdə bir ev var. İkinci tikili anbardır. Öz evinə gedə bilmir. Mülkiyyət onundur, o da cavabdehi öz evində görmək istəmir. İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək izah etmişdir ki, cavabdeh iddiaçının oğlu ilə ailəli olmuşdur. Ailəli olduqları vaxt iddiaçıya məxsus Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 130 kv.m fərdi yaşıyış evinə köçmüşlər. Hazırda iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçı yeddi aydır öz evinə gedə bilmir. İddiaçı öz mülkiyyətindən istifadə edə bilmir. Ona görə də cavabdehin ona məxsus evdən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim: R.Əlizadə) 24 aprel 2024-cü il tarixli, 2(039)- 810/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının oğlu X4 ilə Cavabdeh arasında 25 avqust 2017-ci il tarixdə nikah bağlanmışdır. Cavabdeh iddiaçıya məxsus evə köçmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(051)-517/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Ona görə də iddia təmin edilməli, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv.m-dən ibarət olan fərdi yaşayış evindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1, 228.5-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk öncə iddia tələbinə baxılarkən işin mahiyyətinə toxunulmadan sözün əsl mənasında səthi araşdırma aparılmışdır. Belə ki, məhkəmə yalnız ********** qeydiyyat nömrəli 8 yanvar 2024-cü il tarixdə alınmış çıxarış əsasında qətnamə çıxarmışdır. Lakin iş materiallarında sözügedən torpaq sahəsi, fərdi yaşayış evi və həmin ərazidə olan ikinci evin əvvəlki sənədləri (əvvəlki hüquqmüəyyən edici sənədlər) iş materiallarına əlavə edilməmişdir. Bu cür sənədlər qətnamədə öz əksini tapmamaqla bərabər bu sənədlərə qiymət verilməmişdir. İş üzrə torpağın, hər iki evin sənədləri araşdırılsaydı, görmək olardı ki, həmin evdə onun əri olmuş X2 da payı olmuş və ərinə münasibətdə onun istifadə hüquqları vardır. Belə ki, onun başqa yaşayış yeri yoxdur və sözügedən evdə yaşamaq məcburiyyətindədir. Bundan əlavə uşaq hüquqları haqqında qanunvericiliklər də nəzərə alınsa, o, iki azyaşlı uşaqları ilə evsiz qalmağı qanuna zidd olmaqla bərabər ədalətsizlikdir. İddiaçının mülkiyyətində göstərilmiş Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evindən başqa ikinci bir evdə vardır. Məhkəmə iclasında və iddiada onun həmin evdən çıxarılmağı ilə əlaqədar bir söz yazılmamışdır. Belə olan halda onun həmin evdə (heç kimin mülkiyyətində olmayan evdə) yaşamağına mane olası bir hal yoxdur və o, hazırda həmin evdə yaşayır. Həmin evə münasibətdə iddiaçının heç bir hüququ yoxdur. Həmin ev sözügedən torpaq sahəsində yerləşmir. Bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. O yaşadığı evə və torpaq sahəsinə heç bir baxış keçirmədən məhkəmə qətnamə çıxarmış və iddiaçının hansı evdən onu və övladlarını çıxarmasını dəqiqləşdirmədən işə səthi baxmışdır. Yerli və beynəlxalq qanunvericilik aktlarında məhkəmənin ədalətlilik prinsipinə əməl etməklə işə fərdi qaydada baxmalı olması yazılsa da, hazırki iş üzrə bu qaydalara riayət olunmamış və onun hüquqları kobut formada pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək cavabdeh X3, onun nümayəndəsi və vəkilinin Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, e-2(039)-810/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamənin qəbul edilməsini, Cavabdeh, onun nümayəndəsi və vəkilinin apellyasiya şikayəti, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən tələbdən kənara çıxaraq məqsədli qaydada mülkiyyətçinin hüquqlarını pozub, qətnamənin icrasını gecikdirmək məqsədi ilə edildiyini nəzərə alıb cərimə edilmələrini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinəgörə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)- 810/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X4 ilə Cavabdeh arasında 25 avqust 2017-ci il tarixdə nikah bağlanmışdır. Cavabdeh iddiaçıya məxsus evə köçmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(051)- 517/2024 saylı qətnaməsi ilə iddiaçının oğlu X4 ilə Cavabdeh nikahları pozulmuşdur. İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmişdir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını Mənzil Məcəlləsinin müddəaları əsasında yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin gəldiyi bu nəticə ilə razılaşır. Çünki Mənzil Məcəlləsinin 30.1-ci maddəsi baxımından cavabdeh iddiaçının ailə üzvü sayılmır. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Daha sonra kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, həmçinin ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı gəlinidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsası yoxdur. Şikayətin ilk dəlili ondan ibarədir ki, iddia tələbinə baxılarkən işin mahiyyətinə toxunulmadan sözün əsl mənasında səthi araşdırma aparılmışdır. Belə ki, məhkəmə yalnız ********** qeydiyyat nömrəli 8 yanvar 2024-cü il tarixdə alınmış çıxarış əsasında qətnamə çıxarmışdır. Lakin iş materiallarında sözügedən torpaq sahəsi, fərdi yaşayış evi və həmin ərazidə olan ikinci evin əvvəlki sənədləri (əvvəlki hüquqmüəyyənedici sənədlər) iş materiallarına əlavə edilməmişdir. Bu cür sənədlər qətnamədə öz əksini tapmamaqla bərabər bu sənədlərə qiymət verilməmişdir. İş üzrə torpağın, hər iki evin sənədləri araşdırılsaydı, görmək olardı ki, həmin evdə onun əri olmuş X2 da payı olmuş və ərinə münasibətdə onun istifadə hüquqları vardır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni hazırki mübahisənin predmeti Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv.m-dən ibarət olan fərdi yaşayış evidir. Şikayətdə qeyd edilən digər fərdi yaşayış evi hazırki iddianın predmetinə aid deyil. Ona görədə kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarədir ki, uşaq hüquqları haqqında qanunvericiliklər də nəzərə alınsa, o, iki azyaşlı uşaqları ilə evsiz qalmağı qanuna zidd olmaqla bərabər ədalətsizlikdir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Kollegiya qeyd edir ki, İddiaçı iddia tələbində iki azyaşlı uşaqların çıxarılmasını deyil Cavabdeh Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Ona görədə kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Şikayətin üçüncü dəlili ondan ibarədir ki, yaşadığı evə və torpaq sahəsinə heç bir baxış keçirmədən məhkəmə qətnamə çıxarmış və iddiaçının hansı evdən onu və övladlarını çıxarmasını dəqiqləşdirmədən işə səthi baxmışdır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Belə ki, Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olduğundan həmin fərdi yaşayış evinə yerli baxış kecirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evinə yerli baxışın keçirlməməsinə dair şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh isə apellyasiya şikayətinin əsaslandırmamış, şikayət formal mülahizələrə əsaslanmış, şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(039)-810/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-876/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-876/2024
01.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver