Məhkəmə qərarları › İş №2(107)-877/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-877/2025

16.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-877/2025 16.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mövlud qızına qarşı "cehiz əşyalarının çıxarılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmlakın çıxarılması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mövlud qızına qarşı "cehiz əşyalarının çıxarılması" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 nömrəli qətnaməsindən Cavabdeh Mövlud qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh Mövlud qızına qarşı "cehiz əşyalarının çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən Cavabdeh Mövlud qızına məxsus olan qeyd etdiyi cehiz əşyalarının yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabının, 150 manat dəyərində olan stol-stul dəsti, 150 manat dəyərində olan iki nəfərlik çarpayı, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası və 50 manat dəyərində olan qaz pilitəsinin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 115 nömrəli evin 5 saylı mənzili mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evdə qeydiyyatda olan Cavabdeh isə onun gəlinidir. X1 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmış və 10 noyabr 2020-ci il tarixdə isə aldığı həmin yaradan şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra gəlini nəvələri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşdür. Həmin vaxtdan etibarən onun evində yaşamır və istifadə etmir. Lakin cavabdehə məxsus cehiz əşyaları onun evində olduğundan dəfələrlə sonuncuya əşyalarını çıxarmasını bildirsə də o, könüllü şəkildə əşyalarını evdən çıxarmamışdır. Cavabdehə məxsus cehiz əşyaları hazırda evində olduğundan o, öz mülkiyyətində olan mənzildən sərbəst istifadə edə bilmir. Belə ki, cavabdeh qərəzli şəkildə cehiz əşyalarını yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabını, 150 manat dəyərində olan stol-stul dəstini, 150 manat dəyərində olan iki nəfərlik çarpayını, 250 manat dəyərində olan mətbəx mebelini, 100 manat dəyərində olan qaz sobasını və 50 manat dəyərində olan qaz pilitəsini könüllü şəklildə ona məxsus evdən çıxartmır. Bununla da onun mülkiyyətçi kimi hüquqları pozulur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Firuddin qızı ona qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxus Ucar rayonu, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən onun cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, əri şəhid olduqdan sonra qaynanası yəni, İddiaçı onunla prinsip aparmağa başlamışdır. İddiaçı ona psixoloji təzyiqlər göstərərək, şəhid övladlarını sağlam və normal şəraitdə böyütməyinə iman verməmişdir. İddiaçı onu sevməməsini normal qəbul etsə də, lakin şəhid övladının balalarına yəni, nəvələrinə sahib çıxmamasını anlamır. Şəhidin balalarına sahib çıxmaqdansa şəhid anası kimi digər göstərişli hərəkətlər edir. Bir şəxs soruşsa ki, sən şəhidinin balaları ilə maraqlanırsanmı, onda Aybəniz xanımın hansı cavabı verəcəyini düşünə bilmir. Belə ki, İddiaçı şəhidin balalarına sahib çıxmaqdansa onları əşyaları ilə birlikdə çölə atır. Əri Vətən uğrunda şəhid olmuşdur və dövlət tərəfindən ona lazım olan qayğı göstərilir. Lakin təəssüf ki, şəhidin anası nə onun ailəsinə, nə də ruhuna hörmətlə yanaşmır. Hazırda o və uşaqları həmin evdə şəhidlərinin yoxluğunu hər an hiss edir, onun ətrini duyurlar. Eyni zamnda onu da qeyd etmişdir ki, iddia ərizəsində ona məxsus cehiz əşyaları yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabı, 150 manat dəyərində olan 2 nəfərlik çarpayı, 150 manat dəyərində olan stol-stul dəsti, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası (iran istehsalı) və 50 manat dəyərində olan qaz pilitəsi qeyd edilsə də, əşyaların dəyəri az qeyd edilmişdir. İddiaçıya məxsus həmin evdə onun əlavə əşyaları daha vardır. Hazırkı vəziyyətdə əşyalarının salamat olub-olmamasının və ərizədə göstərilən qiymətlərə uyğunluğunun müəyyən edilməsi üçün məhkəmə ekspertizasının (əmtəşünaslıq) keçirilməsini xahiş etmişdir. Həmçinin, həmin ünvanda o, özünə aid olan hissədə əlavə tikinti işləri də aparmışdır. Əgər o, həmin ünvandan çıxarılası təqdirdə həmin tikililər üçün çəkdiyi xərcləridə iddiaçıdan tələb edir. Lakin, hazırda onun faktiki olaraq Ucar rayonu razisində yaşayış yeri yoxdur. Belə ki, Ucar rayonunun vəzifəli səxsləri ona hörmət etsə də Aybəniz xanım ona və şəhidin balalarına hörmət etmir. İddiaçı iddia ərizəsində oğlu, X3 (onun isə əri) 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmasını və 10 noyabr 2020-ci il tarixdə isə aldığı həmin yaradan şəhid olduğunu göstərmişdir. O, ərizəsində iddiaçının şəhidin ailə üzvü olduğu kimi özünün də şəhidin birinci dərəcəli ailə üzvü olduğunu qeyd emişdir. Həmçinin ərizədə Cənab Prezidentin bütün şəhidlərin ailə üzvlərinə maddi və mənəvi dəstək olduğunu, digər insanlara və dövlət qurumlarına da şəhidlərin ailə üzvlərinə dəstək olmağa səslədiyini qeyd etmişdir. Eyni zamanda o da qeyd olunmuşdur ki, onların Ucar Rayon İcra Hakimiyyətinin köməkliyi ilə həmin mənzili faktiki olaraq iki hissəyə bölmələri təmin edilmiş və hər bir tərəf üçün ayrıca sayğac quraşdırılmışdır. Tərəflər sayğac göstərişlərinə uyğun olaraq, istifadə etdikləri sərfiyyata görə müvafiq şəkildə ödəniş etmişlər. O, səkkiz ildən çox müddət olar ki, Ucar rayonunda musiqi müəllimi işləyir. Hazırkı vəziyyətdə övladının müalicəsi ilə bağlı Bakı şəhərinda kirayə qalır, bu müddət ərzində isə işinə gəlib getmiş və həmin vaxt ünvan 1 ünvanında yaşamışdır. Onun nə Ucar şəhərində, nə də Bakı şəhərində evi yoxdur. Yeganə yaşaya bilmək üçün tək evi qeydiyyatda olduğu ünvan 3 ünvanıdır. Belə ki, həmin evdən çıxarılacağı təqdirdə azyaşlı uşaqları ilə birlikdə evsiz qalacaqdır. Bu da Azərbaycan Respublikasının torpaqlarının düşməndən azad etmiş şəhidin ailə üzvlərinə yaraşmayan bir hərəkətdir. Təssüf ki, qarşı tərəf bu vəziyyəti düşünüb dərk edə bilmir. İnsanın oğlunu və gəlini sevməməsi mümkündür. Lakin, şəhidin övladını - onun balalarını diqqətsiz və qayğısız burxmaq, onları evsiz qoymağa çalışmaq ağıla sığmaz bir hərəkətdir. Eyni zamanda onu da qeyd etmişdir ki, qaynanasının onları çıxartmaq istədiyi evi-artırmanı rəhmətlik həyatyoldaşı Allahverdi Ələkbərovla o tikmişdir. Onlar sözügedən evi təmir edərək, evə xeyli miqdarda vəsait xərcləmişlər. Qeyd etdiyi bu halı qonşuları Məryam və Nisə xanımın, Cehun müəllimin və digərlərinində təsdiq edə biləcəklərini bildirmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Ucar Rayon Məhkəməsinin (hakim X.Bədəlov) 02 iyun 2025-ci il tarixli, 2(063)- 228/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Mövlud qızına məxsus olan cehiz əşyaları yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabı, 150 manat dəyərində olan stol-stul dəsti, 150 manat dəyərində olan iki nəfərlik çarpayı, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası və 50 manat dəyərində olan qaz pilitəsinin İddiaçı məxsus Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildə iddia tələbində göstərilən, Cavabdeh Mövlud qızına aid olan əşyalar mövcuddur və bu əşyaların həmin ünvanda qalmaqda davam etməsi mülkiyyətçinin mülkiyyət hüququnu pozmaqla yanaşı onun əmlakından sərbəst istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Mövlud qızına məxsus olan cehiz əşyaları yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabı, 150 manat dəyərində olan stolstul dəsti, 150 manat dəyərində olan iki nəfərlik çarpayı, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası və 50 manat dəyərində olan qaz pilitəsi İddiaçı məxsus Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən çıxarılmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 39-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146, 152.1, 157.2, 157.4-cü maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli “Marks Belçikaya qarşı” iş üzrə 1979-cu il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh Mövlud qızı apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq iddianı qəbul etmir. Onun evdən çıxarılmaq istəndiyi yerdə daşınar və daşınmaz əmlakı vardır. Onun evdən çıxarılması həmin əmlakları üzərində mülkiyyətini şübhə altına alır, yəni mülkiyyət hüququnu pozur. Belə ki, həmin ünvan üzrə iki ayrı giriş-çıxış vardır. Giriş-çıxışın biri ona, biri də Aybənizə aiddir. Bunun bölünməsinə rayon icra hakimiyyəti icazə vermiş və şərait yaratmışdır. Həmçinin komunal xidmətlər iki yerə bölünmüş hər biri üzrə ayrıca kod verilmişdir. Şəhid ailəsi olduqlarına görə vəzifəli şəxslər onlara hörmət edir, lakin şəhidin anası ona və nəvələrinə hörmət etmir. O, həmin ünvan üzrə 4 min manat dəyərində qaraj-anbar tikmişdir, əlavə olaraq balkon kimi artırma və ayrıca hamam, ayaqyolu tikmişdir. Əgər Aybəniz onu çıxarırsa və qətnamə onun xeyrinədirsə onun bu mülkiyyətlərinə münasibətdə mülkiyyət hüququ pozulmuşdur. Aybəniz həmin mülkiyyətlərin dəyərini ödədikdə onun mülkiyyət hüququ qorunmuş olacaqdır. Evdən çıxarıldığı təqdirdə öz əmlakına istifadə onun istədiyi kimi olmayacaq, belə ki, Aybəniz qapını bağlayacaq onun giriş-çıxışı məhdudlaşacaq.

12. Onun əri şəhid olduqdan sonra qaynanası onunla prinsip aparır. Yəni ona gün verib işıq vermir. Şəhid övladlarını sağlam yetişdirməyinə şərait yaratmır, şəhid övladının balalarınanəvələrinə sahib çıxmır. Aybəniz xanım şəhidin balalarına sahib çıxmaqdansa onları əşyaları ilə birlikdə çölə atır.

13. X4 (onun əri olmuşdur) 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmış və 10 noyabr 2020-ci il tarixdə isə aldığı həmin yaradan şəhid olmuşdur. İddiaçı şəhidin ailə üzvü olduğu kimi o da şəhidin ailə üzvüdür, özü də birinci dərəcəlidir. Cənab Prezident bütün şəhidlərin ailə üzvlərinə maddi və mənəvi dəstək olur, digər insanlara və dövlət qurumlarına şəhidlərin ailə üzvlərinə dəstək olmağa səsləyir. Onlar Ucar Rayon İcra Hakimiyyətinin köməkliyi ilə həmin mənzili faktiki olaraq iki yerə bölmüşlər və müəyyən sayğacları ayrıdır, hansı ki, hərə öz işlətdiyi sərfiyyata görə pul ödəyir. O, 8 ildən çox müddətdir ki, Ucar rayonunda musiqi müəlliməsi işləyir. Hazırkı vəziyyətdə övladının müalicəsi ilə bağlı Bakı şəhərində kirayə qalır, bu müddət ərzində işinə gəlib gedir və həmin müddət ərizndə də ünvan 1-də yaşayır. Onun nə Ucar şəhərində, nə də Bakı şəhərində evi yoxdur. Yeganə yaşaya bilmək üçün tək evi qeydiyyatda olduğu ünvan 1dir. O, həmin evdən çıxarılsa azyaşlı uşaqları ilə evsiz qalacaqdır.

14. Ucar rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 saylı qətnaməsi bu şikayətin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” bəndində göstərilən maddi hüquq normalarına uyğun olmamışdır.

15. Odur ki, Ucar Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının təmin edilməməsi barədə qətnamə çıxarmağınızı xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh Mövlud qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdehin qardaşı X8 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bacısının uşaqların təhsilinə görə məhkəmədə iştirak edə bilməyəcəyini, iddia olunan evdə dövlət tərəfindən evlə təmin olunana kimi yaşamağına icazə verilməsini, Ucar Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 nömrəli qətnaməsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-cü maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxsləryaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquq mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

23. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

24. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X13 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi.

27. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:

«Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.5-ci mаddəsinə dаir» Azərbvаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir: «MM-in 228.1 və 228.2-ci mаddələrinin mənаsındаn göründüyü kimi yаşаyış binаsının tərkib hissəsindən istifаdə hüququnun yаrаnmаsı üçün аşаğıdаkı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yаzılı rаzılаşmаnın bаğlаnılmаsı; - həmin rаzılаşmаnın notаriаt qаydаsındа təsdiq edilməsi; - istifаdə hüququnun dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаsı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Cavabdeh Ucar Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Mövlud qızı 27 mart 2009-cu ildə iddiaçının mərhum X1 ilə qeyri-rəsmi ailə qurub ünvan 4 ünvanına gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus cehiz əşyalarını da həmin evə gətirmişdir. Cavabdeh Mövlud qızı ilə X3 nikahları 24 aprel 2010-cu ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından 06 noyabr 2010, 25 avqust 2013 və 06 noyabr 2014-cü il təvəllüdlü uşaqları doğulmuşdur. Ucar rayon xalq deputatları icraiyyə komitəsinin fevral 1991-ci il tarixli qərarı əsasında mübahisəli mənzilə dair İddiaçı ailə üzvləri ilə mənzil sahəsini tutmaq hüququ verən 19 mart 1991-ci il tarixli 33 nömrəli order verilmişdir. Beləliklə İddiaçı, onun ailə üzvləri-əri Məzahir Ələkbərov, oğlu Allahverdi Ələkbərov və qızı Ayşən Ələkbərovanın həmin mənzilə gözlənilən mülkiyyət hüquqları yaranmış, lakin İddiaçı ailə üzvləri, yəni əri Məzahir Ələkpərov, oğlu Allahverdi Ələkbərov və qızı X12 şəhəri Heydər Əliyev prospekti ev 115 mənzil 5 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və DƏDRX-dən çıxarış almasına razılıq verdiklərindən, yəni öz hüquqlarını İddiaçı xeyrinə güzəşt etdiklərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi İdarəsinin 19 oktyabr 2016-cı il tarixdə verdiyi ********** qeydiyyat nömrəli çıxarışla ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə rəsmiləşdirilmişdir. İddiaçı oğlu, Cavabdeh Mövlud qızının isə əri X4 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmış və 10 noyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Bundan sonra İddiaçı ilə Cavabdeh Mövlud qızının münasibətləri pisləşmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun evdən çıxarılmaq istəndiyi yerdə daşınmaz əmlakının olması, onun evdən çıxarılmasının həmin əmlakı üzərində mülkiyyət hüququnu pozmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 19 mart 1991-ci il tarixli 33 nömrəli orderdən görünür ki, Ucar rayon xalq deputatları icraiyyə komitəsinin fevral 1991-ci il tarixli qərarı əsasında İddiaçı və ailə ailə üzvləri əri Məzahir Ələkbərov, oğlu Allahverdi Ələkbərov və qızı Ayşən Ələkbərovaya mənzil sahəsini tutmaq hüququ verilmişdir.

38. İşdə olan İddiaçı ailə üzvləri-əri Məzahir Ələkpərov, oğlu Allahverdi Ələkbərov və qızı Ayşən Ələkbərova tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 13 oktyabr 2016-cı il tarixli ərizələrindən görünür ki, onlar ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və DƏDRX-dən çıxarış almasına razılıq vermişlər.

39. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi İdarəsinin 19 oktyabr 2016-cı il tarixdə verdiyi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

40. Göründüyü kimi Cavabdeh Mövlud qızının ünvan 4 ünvanında yerləşən mənzilə gözlənilən mülkiyyət hüququ mövcud olmamış, həmçinin hazırda da həmin mənzildən hər hansı bir mülkiyyət payına malik deyildir.

41. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 4 ünvanında yerləşən mənzil cavabdehin həmin ünvana köçdüyü 2009-cu ilin mart ayında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasa da, 19 mart 1991-ci il tarixli 33 nömrəli order əsasında onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarının, Avropa Məhkəməsisin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarının tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur.

42. Kollegiya qeyd edir ki, Cavabdeh Mövlud qızı 2009-cu ilin mart ayında evlənib, həmin mübahisəli mənzilə gəlin köçdüyündən mübahisəli hüquq münasibəti həmin tarixdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

44. Lakin mübahisəli hüquq münasibətinin yarandığı zaman İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından tərəflər arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) bağlanması mümkün olmamışdır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

47. Qeyd edilən qərarın tələblərini nəzərə alan məhkəmə kollegiyası Cavabdeh Mövlud qızının İddiaçı münasibətdə ailə üzvü anlayışının əhatə dairəsinə daxil olub-olmamasını müəyyən etməyi zəruri hesab edir.

48. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

49. Mülki iş materiallarından, eyni zamanda tərəflərin birinci instansiya məhkəməsində məhkəmə iclasında verdikləri izahatları ilə məlum olur ki, İddiaçı Cavabdeh Mövlud qızının qayınanasıdır.

50. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyinə əsasən İddiaçı Cavabdeh Mövlud qızını saxlamaq vəzifəsi, beləliklə Cavabdeh Mövlud qızının mübahisəli yaşayış sahəsindən istifadə etmək səlahiyyəti yoxdur.

51. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarının hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında 19 oktyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatdan keçdiyindən, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan və cavabdeh İddiaçı ailə üzvü hesab edilmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, Cavabdeh Mövlud qızının iddiaçının xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququ yoxdur. Qanunvericiliyin tələbinə görə Cavabdeh Mövlud qızının övladlarının yaşayış yeri də valideyninin yaşayış yeri hesab edilir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun həmin ünvan üzrə 4 min manat dəyərində qaraj-anbar, əlavə olaraq balkon kimi artırma və ayrıca hamam, ayaqyolu tikməsi, iddiaçının onların dəyərini ödədikdən sonra onun mülkiyyət hüququnun qorunmuş olacağına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin qyd etdiyi tikinti işləri üzrə xərclərin ödənilməsi hazırkı mübahisənin predmetini təşkil etmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxartmalı olduğundan, mübahisə predmetini təşkil etməyən bir məsələyə məhkəmənin qiymət verməsi mümkünsüzdür. Apellyatorun həmin məsələni ayrıca icraatda məhkəmədə mübahisələndirmək hüququ vardır.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ünvan 1-də qeydiyyatda olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

54. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

55. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

56. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

57. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur.

58. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

59. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

60. Beləliklə kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması ona məxsus əşyaların mübahisəli mənzildə saxlanılmaları üçün əsas təşkil etmir.

61. Qeyd edilənlərə görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd etdikləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.

62. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edələrkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Qeyd edilənlərə görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Mövlud qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(063)-228/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar