Məhkəmə qərarları › İş №2(107)-886/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-886/2021

20.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-886/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və torpaqdan çıxarılma» tələbinə dair Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 miras qalmış A 195783, A 195782, A 195801, A 195794, A 195793, A 195787, A 195701, A 195547 saylı torpaq sahələrinin və torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı, 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində çöl ölçmə işlərinin aparılmasına yaradılan maneələrin cavabdehə qadağan edilməsi və Cavabdeh həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş A 195547 saylı A 195701 saylı, A 195782 saylı, A 195783 saylı, A 195787 saylı, A 195793 saylı, A 195794 saylı və A 195801 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 nömrəli qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinlərinə 1.15 ha torpaq sahəsinin verilməsi barədə JN:0107 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nda qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına yaradılan maneələrin Cavabdeh qadağan olunması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(075)-464/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, mərhum ataları X1 miras qalmış A 195783, A 195782, A 195801, A 195794, A 195793, A 195787, A 195701, A 195547 saylı torpaq sahələrinin ölçü planlarında qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri və torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir. Onlar yuxarıda qeyd edilən torpaq sahələrinin ölçülərək müvafiq hüquqmüəyyənedici sənədlərin alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Oradan verilən rekvizitlər əsasında müvafiq dövlət rüsumunu ödəyərək sənəd verilməsini xahiş etmişlər. Lakin, həmin idarədən onlara 16 sentyabr 2020-ci il tarixdə ərizələrinin icrasından imtina edilərək bildirilmişdir ki, həmin torpaq sahələrində ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə maneə yaradılmış, torpaq sahələrinin ölçülməsinə şərait yaradılmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum atasından onlara çoxlu torpaq sahələri miras qalmışdır. İddia tələbində qeyd edilən A195783, A195782, A195801, A195794, A195793, A195787, A195701, A195547 saylı torpaq sahələrinin ölçü planlarında qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri və torpağa mülkiyyət hüququna dair verilmiş JN 0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Uzun illərdir torpaqları o əkibbecərir. Mərhum atasından miras qalmış digər torpaq sahələri iddiaçıların faktiki olaraq sahibliyində və istifadəsindədir. Əvvəllər aralarında mübahisə olmasa da sonradan iddiaçılar ona məxsus torpaqlara da iddia etməyə başlamışlar. İddiaçıların ölçü işlərinin aparılmasını istədikləri torpaq sahələri faktiki olaraq onun istifadəsində olduğuna görə həmin torpaq sahələrində hər hansı ölçü işlərinin aparılması qanunsuzdur. Odur ki, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində qeyd edilən halları əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-464/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 22 may 2010-cu il tarixdə Şəki rayonu İkinci Biləcik kəndində beyin ödemi serebral iflic xəstəliyindən ölmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən elan edilməklə tədqiq olunmuş A seriyalı, 195547 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 4590.28 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195701 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 2814.24 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195782 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 220.6 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195783 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 220.6 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195787 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 5397.98 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195793 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 1392.58 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 1092.82 kv.m torpaq payı verilmişdir. A seriyalı, 195801 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün X3 488.75 kv.m torpaq payı verilmişdir. JN:0107 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahatı Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinləri X4, X7, İddiaçı2, İddiaçı1, Cavabdeh, X8, X9 və X6 1.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmuş Şəki Rayon Məhkəməsinin 2(075)-464/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən ataları X1 miras qalmış, Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən ataları X2 adına verilmiş A 195783 saylı, A 195782 saylı, A 195801 saylı, A 195794 saylı, A 195793 saylı, A 195787 saylı, A 195701 saylı, A 195547 saylı torpaq sahəsinin ölçü planlarına qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, atalarından miras qalmış torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1662/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-464/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7751/2018 saylı, 27 dekabr 2018- ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1662/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının dayandırılması barədə İddiaçı1 ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli, **********21 nömrəli bildirişdən görünür ki, təqdim olunan sənədlərə əsasən torpaq sahəsi üzərində çöl ölçmə işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamış və torpaq sahəsi üzərində mübahisə olduğu məlum olmuşdur. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində icrası mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənizin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Qeyd olunan müddət ərzində ərazidə çöl ölçmə işlərinin aparılması üçün şərait yaradılmayacağı təqdirdə ərizənin icrasından imtina ediləcəkdir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında yuxarıda tədqiq edilmiş sübutların işığında müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahələri A 195547 saylı A 195701 saylı, A 195782 saylı, A 195783 saylı, A 195787 saylı, A 195793 saylı, A 195794 saylı və A 195801 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri X2 tam, həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 nömrəli qərarına əsasən Şəki rayonu İkinci Biləcik kənd sakinlərinə 1.15 ha torpaq sahəsi isə X4, X7, İddiaçı2, İddiaçı1, Cavabdeh, X8, X9 və X5 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş A 195783 saylı, A 195782 saylı, A 195801 saylı, A 195794 saylı, A 195793 saylı, A 195787 saylı, A 195701 saylı, A 195547 saylı torpaq sahəsinin ölçü planlarına qeyd olunan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, həmçinin torpağa mülkiyyət hüququna dair verilmiş JN0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçıların mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilmişdir. İddiaçılar torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata alınaraq çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin səlahiyyətli şəxsləri torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə çıxarışın tərtib edilməsi üçün həmin torpaq sahələrinə naturada baxış keçirilməsi və müayinə ölçü işlərinin aparılması üçün həmin əraziyə getsələr də, həmin torpaqlarda çöl-ölçü işlərinin aparılması mümkün olmamış, cavabdeh tərəfindən süni maneələr yaradılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəmər sübutu təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar