Məhkəmə qərarları › İş №2(107)-886/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-886/2025

06.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-886/2025 06.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)- 26/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vəsaiti hesabına ona məxsus torpaq sahəsinə bitişik qanunsuz yolla tikdiyi qarajın sökülməsinə və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına ona məxsus Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə bitişik, qanunsuz yolla tikilən qarajın sökülməsinə və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehlərdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1954-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hazırda Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında yerləşən evdə ailə üzvləri ilə birgə yaşayır. Həmin ünvanda yerləşən 0.0616 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixli **********26 reyestr nömrəli çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 onun torpaq sahəsinə bitişik hissədə heç bir tikinti texniki normalara əməl etmədən qaraj tikmişdir. Qeyd edir ki, cavabdehin faktiki istifadəsində olan qaraj rəsmi olaraq Mingəçevir şəhər Bələdiyyəsinə məxsusdur. O, həmin qarajın qanunsuz tikili olmasını bildirsə də, qonşusu onunla razılaşmadı və onun dediklərini tamamilə təkzib edir. Aralarında mübahisə yarandı və o, aidiyyəti orqanlara müraciət etdi. Mingəçevir şəhər İcra hakimiyyətinə rəsmi müraciət etdi və oradan ona bildirdilər ki, cavabdehin qarajı qanunsuzdur və onunla icarə müqaviləsinin vaxtı bitmiş və təkrar uzadılmasından imtina edilmişdir. Həmin qarajın sökülməsi məsələsinə isə məhkəmə qərar verməlidir. Sonra isə o, Mingəçevir Bələdiyyəsinə müraciət etdi və orada ona bildirdilər ki, həmin torpaq sahəsinə qaraj tikilməsi üçün heç bir razılıq almamış və həmin qaraj qanunsuz tikilidir. O, qonşusuna dəfələrlə bildirmişdir ki, bu məsələni öz aralarında həll etsinlər. Lakin qarşı tərəf razılaşmamışdır. Cavabdeh onun qanuni mülkiyyətində olan torpaq sahəsinin divarına bitişik qanunsuz qaraj tikib və bununla da onun evin arxa tərəfinə çıxışını bağlamış öz evinə giriş-çıxış qapısı qoymağına və ümumiyətlə öz torpaq sahəsindən sərbəst istifadə etməyinə mane olur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 saylı qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin vəsaiti hesabına ona məxsus Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə bitişik, qanunsuz yolla tikilən qarajın sökülməsi və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi tələbinə dair iddia tələbi rədd edilməsi, ödənmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

4. Mingəçevir şəhəri, M.Füzuli küçəsi ev 20, mənzil 1 ünvanda yerləşən 0,0616 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mingəçevir şəhər X7 Rəyasət Heyətinin 18 avqust 1995-ci il tarixli 163 saylı qərarına əsasən Cavabdeh2 yaşadığı binanın qarşısında fərdi minik avtomobili üçün qaraj tikintisinə 18 kv.m torpaq sahəsinin ayrılmışdır. Bundan sonra Cavabdeh2, İddiaçı məxsus torpaq sahəsinə bitişik qaraj tikmişdir. Həmin qaraj etibarnamə ilə 50 il müddətinə istifadə üçün Cavabdeh1 verilmişdir. O, 2014-cü ildən etibarən həmin qarajdan istifadə edir. Sonradan iddiaçı, Cavabdeh1 qarajın sökülməsini tələb etməsinə baxmayaraq sonuncu bundan imtina etmiş, iddiaçı bu əsasla məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəmə iclası zamanı verdiyi izahatından məlum olur ki, iddiaçı sözügedən qarajın Cavabdeh2 tərəfindən tikilməsi zamanı məlumatı olmuş, tikilinin sökülməsi ilə bağlı gec müraciət etməsinin səbəbi isə oğlunun xəstəliyi və müalicəsi ilə əlaqədar uzun müddət başlarının qarışıq olması olmuşdur.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

5. Mübahisə predmeti olan qaraj iddiaçının İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, M.Füzuli küçəsi ev 20, mənzil 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə düşməsə də, iddiaçının mülkiyyətində olan ona məxsus torpaq sahəsinə bitişik inşa olunaraq Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.4 və 69.5.2- 1-ci bəndlərinə riayət edilməməklə (işdə olan mütəxəssis və ekspert rəylərinə əsasən) inşa edildiyi müəyyən edilmişdir. Həmin qaraj iddiaçının torpaq sahəsinə bitişik tikilərkən iddiaçı tərəfindən Cavabdeh2 etiraz edilməmiş, lakin uzun müddət keçdikdən sonra iddiaçı bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan ona məxsus torpaq sahəsinə bitişik inşa olunan qaraj, iddiaçının öz sahəsindən istifadə etməsinə maneçilik törətmir və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozmur. Belə ki, Mülki Məcəllənin 170-ci maddəsinin mənasına görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir vəsözügedən normada hədsiz təsir anlayışı açıqlanır və təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşmənin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir. Hazırkı vəziyyətdə isə hədsiz təsir müəyyən edilmədiyindən məhkəmə iddiaçı tərəfindən qarajın sökülməsini tələb etməsinə dair iddiasını əsassız sayır. Məhkəmə həmçinin yuxarıda sadalanan normaları və işin faktiki hallarını nəzərdən keçirib hesab edir ki, Mülki Qanunverciliyin 560.3-cü maddəsi hüquqdan sui-istifadənin tərkibini müəyyən etmişdir. Həmin bəndlərdən biri isə 560.3.4-cü maddədir. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). 37. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Cavabdeh1 hazırkı iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, Mingəçevir şəhər X7 Rəyasət Heyətinin 18 avqust 1995-ci il tarixli 163 saylı qərarı ilə Cavabdeh2 yaşadığı binanın qarşısında fərdi minik avtomobili üçün qaraj tikintisinə 18 kv.m torpaq sahəsi ayrılmış, qaraj da məhz həmin şəxs tərəfindən tikilmişdir. Sözügedən qaraj etibarnamə ilə Cavabdeh1 istifadəsinə verilmişdir. Ona görə də iddia ona münasibətdə əsassız sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

6. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 152.1, 152.2, 152.3, 152.4, 170.1, 170.2, 171.1, 172.3, 239.2, 560.1, 560.2, 560.3 və 560.3.4-cü, Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.4, 69.5 və 69.5.2-1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi təxminən 2 il ərzində (1 il 10 ay) işə baxandan sonra iddia tələbinin rədd olunması barədə 2(051)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnamə qəbul etdi. Aşağıda qeyd etdiyi hallara görə məhkəmə qətnaməsi ilə razı deyil və hesab edir ki, mövcud qətnamə qanunsuz və əsassızdır: Məhkəmənin istinad etdiyi AR Mülki Məcəlləsinin 170-ci maddəsində söhbət “hədsiz təsir”in işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin ziyanlı təsirlərindən gedir, lakin bu işdə məhkəmə nəzərə almır ki, söhbət qanunsuz tikilinin doğurduğu mənfi təsirlərdən gedir. Bir də ki, bu işdə hədsiz təsirə məruz qalan, zərərçəkən odur, cavabdeh yox.. İşə baxan məhkəmə AR Mülki Məcəlləsinin 560.3-cü maddəsinə istinad edərək hüquqdan sui-istifadənin tərkibini müəyyən etmişdir, lakin belə sui-istifadənin konkret olaraq nədə özünü büruzə verməsini əsaslandırmamışdır. Bu işdə qanunsuz tikilinin nəticəsindən əziyyət çəkən odur, lakin məhkəmə hesab edir ki, onun belə qanunsuzluğa qarşı etiraz etməyi, məhkəməyə müraciət etməyi sui-istifadədir. Hətta məhkəmə bu məsələdə AR Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli və F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarlarına istinad edərək bildirir ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Lakin məhkəmə nəzərə almır ki, o qanunsuz tikilinin mövcud olmasından zərər çəkəndir və öz hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə müəyyən edir ki, mübahisə predmeti olan qaraj etibarnamə ilə Cavabdeh2 tərəfindən 50 il müddətinə digər Cavabdeh1 istifadəsinə verilmişdir. Lakin məhkəmə həmin etibarnamənin qanuni olub-olmamasını yoxlamır, məhkəmə araşdırmır ki, ümumiyyətlə, Cavabdeh2 digər Cavabdeh1 etibarnamə vermək hüququ olubmu??? Halbuki, məhkəməyə təqdim olunan sənədlərdən də görünür ki, mübahisə predmeti olan qaraja mülkiyyət hüququ Mingəçevir Şəhər İcra Hakimiyyətinə məxsusdur. İşə baxan məhkəmə hesab edir ki, Cavabdeh1 qarşı iddia qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur, iddia ona münasibətdə əsassızdır. Bu zaman 3 sual yaranır: a) əgər iddiacavabdehlərdən birinə qarşı əsassızdırsa. o zaman digər cavabdehə qarşı əsaslıdırmı?? bu sual açıq olaraq qalır və məhkəmə qərarında da bu məsələyə izah verilmir...b) əgər iddiaəsassızdırsa, o zaman işə bağlı mütəxəssis rəyi, ekspertizarəyi əldə etmək nəyə lazım idi, nə zərurət vardı ki, bu işə 2 il ərzində baxılsın, kifayət qədər sənədlər yığılsın....c) əgər iddiaəsassızdırsa, o zaman ərazi aidiyyəti məsələsindən məhzCavabdeh1 vəsatət vermişdi ki, bu işə Qaradağ məhkəməsi baxmalıdır, işə baxan hakim həmin vəsatəti rədd etmişdi, sonraisə apellyasiyaşikayəti verilmişdi və s.... Yəni Cavabdeh1 bütün məhkəmə proseslərində həmin qarajın sahibi olmasını etiraf etsə də, nədənsə məhkəmə bu halları nəzərə almamışdır.

8. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, maraqlı şəxs Mingəçevir şəhər Bələdiyyəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

16. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi” 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

20. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. İddiaçı Qaraşov X9 Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

24. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Məhəmməd ünvan 3 ünvanda yerləşən 0,0616 ha olaq torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

25. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********72-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 48,15 kv.m, yaşayış sahəsi 28,0 kv.m və yardımçı sahəsi 20,15 kv.m olan mənzilin üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

26. İşdə olan Mingəçevir şəhər X7 Rəyasət Heyətinin 18 avqust 1995-ci il tarixli 163 saylı qərarına əsasən Cavabdeh2 yaşadığı binanın qarşısında fərdi minik avtomobili üçün qaraj tikintisinə 18 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.

27. İşdə olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh2, Cavabdeh1 50 il müddətinə onun əmlaklarını idarə etməyi və sərəncam verməyi etibar edilmişdir.

28. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2-357/2004-cü il tarixli 22 iyul 2004-cü il tarixli qətnaməsindən görünür ki, X2 qarajın sökülməsi və torpaq sahəsinin ona qaytarılması barədə iddiası əsassız olduğundan rədd edilmişdir.

29. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-05101-093006 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 50,55 kv.m, yaşayış sahəsi 29,94 kv.m və yardımçı sahəsi 20,61 kv.m olan mənzilin üzərində Cavabdeh1 tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

30. İşdə olan xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən 2xx.xx.2011-ci il tarixdə verilmiş 6086 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 50,55 kv.m yaşayış sahəsi 29,94 kv.m, olan Mingəçevir şəhəri Ü.Hacıbəyov üçəsi bina 80-da yerləşən 57 nömrəli mənzili alıcının mülkiyyətinə verir.

31. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH, ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində istifadədə olan 0,162 haq topaq sahəsində yerləşən 80 nömrəli , 5 mərtəbəli binanın 6-cı girişində 1-ci mərtəbəsində yerləşən 50,55 kv.m ümumi, 29,94 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 88 nömrəli vərəqəində qeydiyyata alınmışdır.

32. İşdə olan xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 1091 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 50,55 kv.m yaşayış sahəsi 29,94 kv.m, olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi bina 80-da yerləşən 57 nömrəli mənzili alıcının mülkiyyətinə verir.

33. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH, ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində istifadədə olan 0,162 ha torpaq sahəsində yerləşən 80 nömrəli , 5 mərtəbəli binanın 6-cı girişində 1-ci mərtəbəsində yerləşən 50,55 kv.m ümumi, 29,94 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata lıanmışdır.

34. İşdə olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünrü ki, 02 mart 2004- cü il tarixdə təsdiq edilən və reyestrdə 2V-31 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22 iyul 2006-cı ildə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 5, mənzil 44-də yaşayan X6r.

35. İşdə olan xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı daşınmaz əmlakı 500 manat qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. Alıcı Şirinov Əhmədİsmayıl oğlu satıcı İddiaçı satdığı hissəni (0,0029) ha ondan 500 manat qiymətinə aldı.

36. İşdə olan 23 fevral 2009-cu il tarixli sazişdən görünür ki, tərəflər alqı-satqı predmeti olan torpaq sahəsin əbu sazişin 13-cü bəndində göstərilən sərhədlər daxilində istifadə sahiblik və sərəncam hüquqları həyata keçirməyi və mülkiyət hüquqlarını dövlət qeydiyyatına aldırmağı üzərilərinə götürürlər. Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəymiş zərəri ödəməlidir.

37. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/9180 nömrəli, 13 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2- 3214/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, həmin qaraj tikilisinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmiş, tərəflərin mülkiyyətlərində olan torpaq sahələri sənəd üzrə və naturada ölçüləri üstüstə düşmür, Cavabdeh1 məxsus qaraj tikilisi İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, M.Füzuli küçəsi ev 20, mənzil 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə düşmür.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(051)-26/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar