Məhkəmə qərarları › İş №2(107)-888/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-888/2021

06.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-888/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-13/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Zarağan bələdiyyəsinin 05 dekabr 2006-cı il tarixli qərarı ilə satılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, orada cavabdehlər tərəfindən quraşdırılmış dəmir konstruksiyanın öz vəsaitləri hesabına sğkülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-13/2021 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 5 dekabr 2006-cı il tarixli qərarı ilə satılmış 105 kv.m torpaq sahəsinin 66,3 kv.m hissəsindən Cavabdeh2 çıxarılmış, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən quraşdırılmış dəmir konstruksiya (çardaq) öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh2 tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ticarət obyekti inşa etmək məqsədilə torpaq sahəsi almaq üçün 2006-cı ildə Qəbələ rayonun Zarağan bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə onun müraciətini müsbət cavablandırmış və ona torpaq sahəsi satılması barədə 05 dekabr 2006-cı il tarixdə qərar qəbul etmişdir. Ona satılan torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun olaraq yerində müəyyən olunmuş, o vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmış, plan-sxemi tərtib olunmuşdur. Bundan sonra onunla bələdiyyə arasında torpaq sahəsinin alqı-satısma dair müqavilə bağlanmışdır və o, torpaq sahəsinin pulunu tam ödəmişdir. Eyni zamanda ona satılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DTXK Qəbələ rayon şöbəsi tərəfindən A seriyalı 282456 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədi hazırlanmış və X5 kitabında 10 avqust 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra aldığı torpaq sahəsində ticarət obyekti inşa etmək üçün qanuna uyğun olaraq ilk növbədə müvafiq dövlət nəzarəti orqanları ilə, o cümlədən Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılışdarmaqla tikintini inşa etməyə başladır. Lakin tikintini başa çatdırmamış Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib tikintini sökəcəklərini bildirdilər. O, bu tikintini onlarla razılaşdırıb inşa etməyə başladığını, tiktnti üçün onun imkanları baxımından külli vəsait qoyduğunu bildirdi və tikintinin sökülməli olması barədə ona rəsmi sənəd verməyi, sökülmə tələbini əsaslandarmağı təklif etdi. Lakin onlar hədə-qorxu tonunda danışaraq tikintini nəyin bahasına olursa olsun sökəcəklərini bildirdilər. O, heç olmasa söküləcək obyektin tikinti materiallarını yığmaq üçün ona başqa yerdə torpaq sahəsi verməyi təklif etdi. Lakin bu təklifi də nəticəsiz qaldı. Beləliklə, Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdirinin bilavasitə tapşırığı və iştirakı ilə onun inşa etdiyi mağaza binası söküldü. Sökülən tikinti materialları da kürünüb dağıdıldı. Səlahiyyətli dövlət məmurunun özbaşına, qanunazidd əməlləri nəticəsində ona külli miqdarda maddi ziyan vuruldu. Bundan istifadə edən cavabdehlər heç bir hüquqi əsas olmadan ona verilmiş torpaq sahəsini qanunsuz zəbt edərək, Saqi Bağırov orada dəmir konstruksiya quraşdırmış, Allahverdi Allahyerdiyev isə əsaslı tikinti aparmağa başlamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, onlar torpaq sahəsindən çıxmaqdan imtina ediblər. Bununla da cavabdehlər onun qanunla qorunan hüquqlarını pozmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin ərazi 11 il əvvəl dövlət tərəfindən müvəqqəti olaraq onlara verilmişdir. Onlar da həmin yeri səliqə-səhmana salaraq orada son iki ildə Dövlət Məşğulluq Xidməti tərəfindən ona verilən iki baş inək saxlamaqla ailəsini dolandırır. İşğaldan azad olunan torpaqlara qayıtdıqdan sonra həmin ərazini yenidən dövlətə təhvil verəcəklər. O birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə etiraz təqdim etsə də məhkəmə bunları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi də işin hallarına uyğun deyi. Belə ki, ekspert qarşısında qoyulan suallar birtərəfli olmuş, yalnız iddiaçının hüquqlarının müdafiəsi məqsədi ilə verilmişdir. Buna görə də hesab edir ki, həmin ekspert rəyi işi tam və hərtərəfli əks etdirmir. Məhkəmə tərəfindən ekspertiza xərclərinin ondan tutulması isə tamamilə əsassızdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-13/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-13/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 25 dekabr 2006-cı il tarixli Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 105 kv.m torpaq sahəsi Qəbələ rayon Zarağan Bələdiyəsi tərəfindən 05.12.2006-cı il tarixli 14 saylı qərara əsasən İddiaçı satılmışdır. İddiaçı tərəfindən 216 manat haqq ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №282456 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qəbələ rayon Zarağan Bələdiyyəsinin 05.12.2006-cı il tarixli 14 saylı qərarı ilə 105.00 kv.m torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi X5 kitabında 10 avqust 2010-cu ildə 141 nömrə ilə uçota alınmışdır. “xxxx” MMC-nin 19.08.2020-ci il tarixli 271 saylı ekspert rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı № 282456 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Qəbələ rayonu Zarağan kəndində İddiaçı məxsus 105.00 kv.m torpaq sahəsi 66.3 kv.m hissəsini Cavabdeh2 istifadə edərək orada dəmir konstrusiya (çardaq) quraşdırılmış, 38.7 kv.m hissəsi isə Cavabdeh1 tərəfindən hasara alınaraq faktiki istifadə olunur. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 105.00 kv.m torpaq sahəsi Qəbələ rayon Zarağan Bələdiyəsinin 05.12.2006-cı il tarixli 14 saylı qərarına əsasən İddiaçı məxsusdur. Cavabdeh qeyd olunan ərazini qanunsuz şəkildə zəbt edərək dəmir konstruksiya quraşdırmışdır. Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, apellyasiya şikayətində göstərilən dəlillə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və buna dair təsdiqedici rəy də almışdır. Mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçının təqdim etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı № 282456 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Qəbələ rayonu Zarağan kəndində İddiaçı məxsus 105.00 kv.m torpaq sahəsi 66.3 kv.m hissəsini Cavabdeh2 istifadə edərək orada dəmir konstrusiya (çardaq) quraşdırılmış, 38.7 kv.m hissəsi isə Cavabdeh1 tərəfindən hasara alınaraq faktiki istifadə olunur. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini iş üzrə sənədlərlə birlikdə təhlil edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsi cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdırlar. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Məhkəmə tərəfindən ekspertiza xərclərinin cavabdehdən tutulmasının əsassızlığı ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası bunun cavabdehin qeyd etdiyi kimi əsassız saymır. Çünki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır Hazırkı işdən isə aydın olur ki, iddia təmin edilmişdir. MPM-in 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-13/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar