Məhkəmə qərarları › İş №2(107)-891/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-891/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-891/2024 23.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Habil oğluna, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X19 və X6 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, onların, eyni zamanda İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Habil oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Habil oğluna, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı “etibarnamənin, alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları JN-0120, KOD 90104028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 31 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, eyni zamanda X11 və X2 ümumi birgə mülkiyyətinə ünvan 1ində 5,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında iddiaçıların və onların digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpağın ayrı-ayrı ərazilərdə yerləşməsi, ona görə də torpaq sahəsinin iki ədəd müxtəlif planşetlərdə əks edilməsi müəyyən edilir. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən, 120 nömrəli konturda (planşetdə) 49457,05 kv.m, 120A nömrəli konturda (planşetdə) 7030,03 kv.m olması göstərilmişdir. 12 noyabr 2019-cu il tarixli, AR-l seriyalı 878632 nömrəli etibarnamədən görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı2(hazırki iş üzrə iddiaçılar) və X1 rayonu Balçılı kəndində yerləşən ümumi sahəsi 5,65 ha olan torpaq sahəsindən onlara düşən hissəsinin üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün dövlət orqanlarında, idarələrdə, notariat ofislərində, asan xidmət mərkəzlərində, kooperativ və ictimai təşkilatlarda, o cümlədən DƏDRX-də onları təmsil etməyi, adlarından ərizə verməyi, imza etməyi, işləri aparmağı, onlara çatası sənədləri, arayışları, çıxarışları almağı, alğı-satqı ilə əlaqədar bank əməliyyatlarını aparmağı, alğısatqı ilə bağlı notariusun depozit hesabından pulu almağı, vergi pulunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh3(hazırki iş üzrə cavabdeh) etibar etmişlər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 12 dekabr 2022-ci il qeydiyyat tarixli çıxarışla müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 4.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı3, İddiaçı2(hazırki iş üzrə iddiaçılar), X2 və X4 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 12 dekabr 2022-ci il qeydiyyat tarixli çıxarışla müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı3, İddiaçı2(hazırki iş üzrə iddiaçılar), X2 və X4 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 30 avqust 2023-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı3, X13 və İddiaçı2 Yevlax rayonu, Balçılı kəndində yerləşən 4.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus hissəsini Cavabdeh4 satmışlar. Alğı-satqı zamanı İddiaçı1, İddiaçı3, X7 və İddiaçı2 etibarnamə üzrə nümayəndə Cavabdeh3 təmsil etmişdir. 30 avqust 2023-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı3, X13 və İddiaçı2 Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus hissəsini Cavabdeh4 satmışlar. Alğı-satqı zamanı İddiaçı1, İddiaçı3, X7 və İddiaçı2 etibarnamə üzrə nümayəndə Cavabdeh3 təmsil etmişdir. 30 avqust 2023-cü il tarixli, ******* və ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh4 Yevlax rayonu, Balçılı kəndində yerləşən 4.95 ha torpaq sahəsindən aldığı 3,96 ha torpaq sahəsinə və Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,70 ha torpaq sahəsindən aldığı 0,56 ha torpaq sahəsinə mülkiyyət hüququnu 01 sentyabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq bu barədə müvafiq çıxarışlar( ********** və ********** qeydiyyat nömrəli) almışdır. Cavabdeh4 Yevlax rayonu, Balçılı kəndində yerləşən və mülkiyyətində olan 3,96 ha və 0,56 ha torpaq sahəsini 19 oktyabr 2023-cü il tarixli bağışlama müqavilələrinə əsasən Cavabdeh5 bağışlamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Habil oğluna, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən Cavabdeh3 verilmiş, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional Asan xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş 12 noyabr 2019-cu il tarixli, 11974 nömrəli etibarnamənin etibarsız hesab edilməsi; cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli, 1174 nömrəli etibarnamənə əsasında nümayəndə - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə-722 nömrəli alğı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 4,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,96 ha hissəsinə dair) etibarsız hesab edilməsi; cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli 1174 nömrəli etibarnamənə əsasında nümayəndə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə-721 nömrəli alğı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 0,70 ha kınd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,56 ha hissəsinə dair) etibarsız hesab edilməsi; ünvan 1ində yerləşən 3,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 01 sentyabr 2023-cü il tarixli, ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi; ünvan 1ində yerləşən 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 01 sentyabr 2023-cü il tarixli, ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi; Yevlax rayonu, Balçılı kəndində yerləşən 4,95 ha və 0,70 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 oğu arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Yevlax rayonu, Balçılı kəndində yerləşən 4,95 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi; Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,70 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsalandırmışlar ki, iddia tələbinin predmetini təşkil edən 4,95 ha və 0,7 ha torpaq sahəsi 7 il bundan əvvəl, iddiaçıların ailə üzvü, eyni zamanda mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçilərindən biri olan X8 tərəfindən Cavabdeh4 qardaşı X12 şifahi qaydada bağlanmış icarə müqaviləsi əsasında istifadə üçün vermişdir, lakin həmin torpaq sahəsinin sənədləri X12 verilməmişdir. X8 işləmək üçün Türkiyə Respublikasına gedən zaman iddiaçıları aldadaraq “torpaq sahəsinə subsidiya alırıq” adı altında iddiaçılardan və digər birgə mülkiyyətçi X3 etibarnamə almışdır. İddiaçılar etibarnaməni Cavabdeh3 ona görə vermişlər ki, sonuncu torpaq sahəsinə dair subsidiya ala bilsin. Təxminən 3 il bundan əvvəl X16 vəfat etdiyindən, onun cavabdeh olaraq işə cəlb edilməsi qeyri-mümkündür. Etibarnamə üzrə vəkalət verilən şəxs Cavabdeh3 mərhum X9 oğlu, o cümlədən Cavabdeh4 qardaşı oğludur. Sonuncu isə mübahisələndirilən etibarnaməni təsdiq edən notarius X10 dayısının oğludur. Cavabdeh3 etibarnamə əsasında iddiaçıların adından alğı-satqı müqavilələri bağlamış və torpaq sahələrini Cavabdeh4 satmış, sonuncu isə mübahisəli torpaq sahələrini Cavabdeh5 bağışlamışdır. Etibarnamə mübahisəli torpaq sahələrinin satılması üçün deyil, subsidiya alınması üçün verilmişdir. İddiaçıların qeyd olunan torpaq sahələrini satmaq niyyəti olmamışdır. İddiaçıların torpaq sahəsi satılmışdırsa hansı səbəbdən satışdan əldə olunan pul məbləği iddiaçılara verilməmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)-290/2024 nömrəli iş üzrə qəbul etdiyi 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, etibarnamə verilərkən notarius tərəfindən tərəflərə etibarnamənin hansı məqsədlə (etibar edilənə hansı səlahiyyətlərin) verilməsi izah olunmuşdur. Həmçinin etibarnamə ilə tərəflər razılaşaraq imza etmişlər. Həmin etibarnamə əsasında torpaq sahələri satılmışdır. Etibarnamədə qeyd olunan səlahiyyətlərdən kənara çıxılmamışdır. Etibarnamənin, daşınmaz əmlakın alğı-satqı müqavilələrinin və daşınmaz əmlakın bağışlama müqavilələrinin etibarsız sayılması üçün əsas yoxdur. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 140, 149.2, 152.1, 222.2, 351.2, 351.3, 354.1, 354.2, 355.1, 355.2, 357, 358.1, 358.2, 360.2, 404.1, 404.2, 560.1, 560.2, 560.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 73.1, 73.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçılar apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, Habil Hüseynov şifahi qaydada 5 illik icarə müqaviləsi bağlayandan sonra 3 il mübahisəli torpaqdan istifadə edibdir. Həmin 3 il ərzində Habil həmin torpaq sahəsini öz adına keçirmək üçün heç bir hərəkət etməyib. Çünki Habil bilirdi ki, torpaq sahəsi ona icarəyə verilib. Habil öləndən(04 iyun 2019-cu il) 6 ay sonra, yəni noyabr ayında Mirzəni öz əmiləri Sakit və Rahib öyrədərək, həmçinin notarius Elxan Hüseynov onlara dəstək olaraq bu cür qanunsuz addımlar atmışlar. Hətta 5 illik icarədən əvvəl də 10 il müddətinə torpaq sahəsini Habil istifadə edibdir. Həmin müddət ərzində Habillə iddiaçılar arasında heç bir narazılıq olmamışdır. Cavabdehlər məhz Habil öləndən sonra bu işlərə əl atmışlar. İddiaçılar 2023-cü ilin iyun-iyul aylarında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət edərək çıxarışların surətlərini əldə etmişlər. Həmin vaxt heç bir alğı-satqı baş verməyb. İddiaçılara bildirilib ki, torpaq sahəsi onlarındır və onlar da istifadə edə bilərlər. Onların məqsədi də torpaq sahəsindən istifadə etmək olub. Qeyd edilən məsələləri eşidən qarşı tərəf tələm-tələsik Ağdaş rayon notariat ofisinə müraciət edərək hazırkı müqaviləni imzalamışlar. Çünki artıq iyun-iyul aylarında aralarında mübahisə olub. Əgər iddiaçılar o vaxt etibarnaməni alğı-satqı üçün vermiş olsaydılar və iyul ayında hələ də torpağın onların adlarında qaldıqlarını gördükdə, dərhal gedib həmin etibarnaməni ləğv etdirərdilər. Lakin məhkəmə tərəfindən bu hallar tam araşdırılmamış, bu hallara düzgün qiymət verilməmişdir ki, bu da əsassız bir qətamənin qəbul oluması ilə nəticələnmişdir. Məhkəmədə daxili inamın formalaşdırılması üçün bildirilir ki, niyə bütün notariat əməliyyatları (etibarnamənin verilməsi, alğı-satqı və bağışlama müqavilələri Mingəçevir və Ağdaş şəhərlərində aparılmışdır?! Hansı ki, torpaq sahəsi də Yevlax şəhərində yerləşir, iddiaçılar hər biri həm Yevlax rayonunda qeydiyyatdadılar, həm də Yevlax rayonunda yaşayırlar. Yevlax şəhərində də daimi fəaliyyət göstərən notariat kontoru mövcuddur. Çünki bütün bunlar notarius Elxan Hüseynovun qarşı tərəfə köməkliyi ilə həyata keçirilmişdir. Müqavilələr bağlanarkən etibarnamədə qeyd olunan səlahiyyətlərdən kənara çıxılmamışdır, amma iddiaçıların həmin etibarnamədə nə yazıldığından məlumatı olmamışdır. Nə iddiaçılar etibarnaməni oxumuş, nə də etibarnamədə yazılanlar iddiaçılara izah edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3, onların, eyni zamanda İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini bildirərək birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisi və Ağdaş rayon Notariat ofisinə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən Rayon Məhkəməsi tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 30.05. 1998-ci il tarixli, 31 nömrəli qərarı ilə Yevlax rayonu, Balçılı kəndində 5,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar Zemfira Verdiyava, İddiaçı2 və İddiaçı3, habelə (hazırki iş üzrə tərəf olmayan) Afət Verdiyeva və Maqsud Verdiyevin ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçılar Zemfira Verdiyava, İddiaçı2 və İddiaçı3, habelə (hazırki iş üzrə tərəf olmayan) X24 rayonu Balçılı kəndi ünvanında yerləşən ümumi sahəsi 5,65 ha olan torpaq sahəsindən onlara düşən hissəsinin üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, mirası qəbul etməyi və yaxud ondan imtina etmək, bütün dövlət orqanlarında, idarələrdə, notariat ofislərində, asan xidmət mərkəzlərində,kooperativ və ictimai təşkilatlarda o cümlədən DƏDRX-də onları təmsil etmək, adlarından ərizə vermək, izma etmək, işləri aparmaq, onlara çatası sənədləri, arayışları, çıxarışları almaq, alğı-satqı ilə əlaqədar bank əməliyyatlarını aparmaq, alğı-satqı ilə bağlı notariusun depozit hesabından pulu almaq, vergi pulunu ödəmək və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməkdən ibarət səlahiyyətləri Cavabdeh3 12 noyabr 2019-cu il tarixli, AR-l seriyalı 878632 nömrəli etibarnamə əsasında vermişlər. Cavabdeh3, sözügedən etibarnamə ilə mübahisəli torpaq sahəsini 30 avqust 2023cü il tarixdə “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında iş üzrə digər Cavabdeh4 satmışdır. Cavabdeh4 isə 19 oktyabr 2023-cü il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında həmin torpaq sahələrini digər Cavabdeh5 hədiyyə etmişdir. Hazırda iddiaçılar bildirirlər ki, 12 noyabr 2019-cu il tarixli, AR-l seriyalı 878632 nömrəli etibarnamə və həmin etibarnamə əsasında bağlanmış 30 avqust 2023-cü il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”, habelə 12 noyabr 2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsini əldə edən şəxslərin adına aparılan qeydiyyatlar etibarsızdır. Belə ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçilərindən biri olan, İddiaçı1 oğlu, digər iddiaçıların qardaşı Maqsud Verdiyev tərəfindən Cavabdeh4nun qardaşı Habil Hüseynovun istifadəsinə vermiş, bu barədə onlar arasında şifahi formada icarə müqaviləsi bağlanmışdır. Maqsud Verdiyev işləmək üçün Türkiyə Respublikasına gedən zaman isə iddiaçıları aldadaraq “torpaq sahəsinə subsidiya alırıq” adı ilə iddiaçılardan və torpaq sahəsinin digər mülkiyyətçisi Afət Verdiyevadan Cavabdeh3 adına etibarnamə almışdır. Daha sonra isə Cavabdeh3 həmin etibarnamədən istifadə edərək, iddiaçılara məxsus torpaq sahəsi üzərində sərəncam vermişdir. Halbuki, iddiaçılar həmin torpaq sahəsini özkəninkiləşdirmək niyyətində olmamışlar. İddiaçıların bu dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh3 adına iddiaçılar və Afət Verdiyeva tərəfindən 12 noyabr 2019-cu il tarixli AR-l seriyalı 878632 nömrəli etibarnamənin verilməsi işin mübahiəsiz halıdır. Mübahisə doğuran hal, həmin etibarnamənin verilməsi məqsədidir. Torpaq sahəsi üçün subsidiyanın alınması məqsədilə etibarnaməni verdiklərini bildiriən iddiaçılar, bu dəlili təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişlər. İddiaçılar tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair konkret səlahiyyətlər əks olunmuşdur. Təmsilçi olan Cavabdeh3 təmsil olunan iddiaçıların özlərinin formalaşdırdıqları iradənin vasitəçisi qismində çıxış edərək, torpaq sahəsinə dair 30 avqust 2023-cü il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ni bağlamışdır. Göstəilənlərə əsasən Məhkəmə hesab edir ki, 12 noyabr 2019-cu il tarixli AR-l seriyalı 878632 nömrəli etibarnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, etibarnamənin etibarsız hesab edilməsi üçün əsas müəyyən olunmadığına görə, həmin etibarnamə əsasında bağlanmış müqavilələr də etibarlıdır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən əqdlər Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərinə əməl olunmaqla bağlandığı üçün etibarlıdırlar. İddia tələbi əsassızdır və Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə əsaslı, düzgün və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.tərəfindən qəbul edilmiş qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçıların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birlikdə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2(iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar