Məhkəmə qərarları › İş №2(107)-893/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-893/2021

20.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-893/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi» tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin nümayəndəsi Xəlil İbrahimov tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsi Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisində keçən qaz kəmərinin mühafizə zonasında quraşdırılmış dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 18 fevral 2021-ci il tarixli, 2(075)- 175/2021 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi» tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsidən tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Böyük Əmilli kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə dəmir lövhələrdən ibarət hasar quraşdırılmış və mişar daşından fərdi yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa edilməkdə olan yaşayış evinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X5 tərəfindən cavabdehə tikintinin dayandırılması və adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələbləri yeirnə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin nümayəndəsi Xəlil İbrahimov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini tstismar edən orqanla razılaşdırılır. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 6.4-cü bəndinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə” torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerqurluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişsə, habelə elektrik, rabitə, nəqliyyat,qaz, su, kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmişdirsə (iş materiallarından müəyyən olunur ki, yerləşir) bələdiyyə hərrac və müsabiqənin keçirilməsi məqsədi ilə torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Lakin, bütün bu normalara baxmayaraq cavabdehə ayrılmış torpaq sahəsi isə ayrılan zaman qaz kəmərini istismar edən orqanla razılaşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.24-cü bəndinə əsasən kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verir. Bu hallar məhkəmə tərəfindən müəyyən edilsə də təhlükəsizliyin təmin olunmasının zəruriliyini nəzərə almadan qanunsuz qətnamə çıxarılmışdır. Göründüyü kimi, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərindən 35 metr məsafədə quraşdırılmış dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan yaşayış evinin sökülməsi tələbini rədd etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nı, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun tələblərini kobud şəkildə pozmuş, tikilini təhlükə altında saxlamışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)- 175/2021 nömərli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin nümayəndəsi Xəlil İbrahimov apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, "Qaz İxrac" İdarəsinin Qəbələ rayonu Savalan kəndi ərazisində Cavabdeh məxsus diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında quraşdırılmış dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsinə dair Qəbələ rayon Məhkəməsində qaldırılmış iddia tələbinin təmin edilməməsi barədə 02 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnamə qəbul etmişdir. Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarf'nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələr ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Lakin, onlarla heç bir razılaşma olmamışdır. Göründüyü kimi, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərindən 35 metr məsafədə quraşdırılmış dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan yaşayış evinin sökülməsi tələbini rədd etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarını, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun tələblərini kobud şəkildə pozmuş, tikilini təhlükə altında saxlamışdır. Qəbələ Rayon Məhkəməsinin bu iş üzrə qəbul etdiyi 02 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, ona torpaq sahəsi dövlət tərəfindən verilib, həmin torpaq sahəsinin çıxarışı və digər sənədləri vardır. O evi sənədlər əsasında inşa etdirmişdir. Himayəsində 10 yaşlı oğlu və yataq xəstəsi olan yoldaşı vardır. Uzun müddətdir ki, kirayələrdə yaşayır. Əgər o ev sökülərsə harda yaşayacağını bilmir. Odur ki, himayəsində olan azyaşlı övladını və yataq xəstəsi olan yoldaşını nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. MPM-in 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)- 175/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 18 avqust 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə dəmir lövhədən ibarət hasar və mişar daşından fərdi yaşayış evi inşa olunmuş və aktın doğruluğunu Ağdaş XİX-in rəisi Emin Mehdiyev, TİŞ-nin rəisi Anar Rəsulov, Ağdaş XİX-in ustası Fidail Səfərov və xətt baxıcısı Fərhad Babazadə öz imzaları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.07.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»dan müəyyən olunur ki, Cavabdeh mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 17.07.2020-ci il tarixdə həmin torpaq sahəsinə dair AA 525317 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X5 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə ünvanlanan 19.08.2020-ci il tarixli məktubdan görünür ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması üçün müvafiq köməklik göstərilməsi və lazımı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının “Qaz ixrac” idarəsinin rəisi cənab Əkbər Hacıyevə ünvanladığı 01 sentyabr 2020-ci il tarixli məktubla Böyük Əmilli kənd sakini Cavabdeh özbaşına apardığı tikinti işləri barədə məlumatların müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə, rayon polis şöbəsinə və Böyük Əmili kənd inzibati ərazi nümayəndəliyinə göndərildiyi bildirilmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının dəlillərinə aydınlıq gətirmək məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 18 dekabr 2020-ci il tarixli 466 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, iddia predmeti olan torpaq sahəsində yerləşən tikilinin koordinatları və yaxınlığından keçən yüksək təzyiqli Qəbələ QPS qolu 325 mm-lik yeraltı qaz kəmərinin keçdiyi yerin koordinatları müəyyənləşdirilmişdir. Belə ki, Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində, Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin şimal-şərq nöqtəsindən qaz kəmərinin keçdiyi xəttə qədər məsafə 9,6 m, torpaq sahəsinin cənub-şərq nöqtəsindən qaz kəmərinin keçdiyi xəttə qədər məsafə 11 m, torpaq sahəsinin daxilində inşa edilməkdə olan fərdi yaşayış evinin özülündən qaz kəmərinin keçdiyi xəttə qədər məsafə 33,5 metr təşkil etməsi müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sökülməsi iddia edilən tikilinin məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Lakin “xxxx” MMC-nin 18 dekabr 2020-ci il tarixli 466 nömrəli ekspert rəyində inşa edilməkdə olan fərdi yaşayış evinin Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 ha torpaq sahəsində olduğu göstərilmişdir. Ekspert rəyinə əlavə edilən Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisində yerləşən mübahisəli mühafizə sahəsinin ortofotoplanından görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikililər qanuni əsaslarla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.07.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Böyük Əmilli kəndində Cavabdeh mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsində inşa edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. MM-in 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, MM-in 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. MM-in 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ bir çox hallarda insanın uzun illər ərzində əmək fəaliyyəti göstərməsi, vaxt və zəhmət sərf etməsi nəticəsində əldə olunur, mülkiyyətin mövcudluğu insana məxsus bir çox hüquqların həyata keçirilməsi üçün zəmin yaradır. Bu prizmadan yanaşılsa, yaşayış evinə mülkiyyət hüququ xüsusi önəm kəsb edir. Bir çox hallarda insanlar ömrü boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirilməsi üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun müddət və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini –şad, firavan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan yaşayış evi özbaşına tikili hesab olunsa da, evin məhz tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində inşa edilməsi və inşasına hər hansı maneənin, o cümlədən xüsusi fərqləndirici nişanların olmaması Cavabdeh qərəzli olaraq yeraltı magistral qaz kəmərinin mühafizə zonasında tikinti işləri aparmasını yox, ailəsinin mənzil şəraitini yaxşılaşdırmaq niyyəti güdməsini göstərir. Ona görə də məhkəmə həmin ev üzərində cavabdeh Ş.H.Şirinovanın hüquqlarını əmlak hüquqları kimi qiymətləndirib, məsələyə məhz bu konteksdən yanaşmağı əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli Qərarında məsələyə aşağıdakı kimi hüquqi mövqe nümayiş etdirilmişdir: «Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 6.4-cü bəndinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqiiyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cürtikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri hesab edir ki, təlükəli zonada yerləşən torpaq sahəsini almaqda cavabdeh deyil, həmin torpaq sahəsini həyətyanı torpaq sahəsi kimi onun mülkiyyətinə vermiş bələdiyyə və digər aidiyyəti orqanlar məsuliyyət daşımalıdırlar. Çünki, cavabdeh torpaq sahəsinin təhlükəli zonada yerləşdiyini bilə bilməzdi və bilməyə borclu deyildi. Məhkəmə kolegiyası həmçinin qeyd edir ki, cavabdeh öz mülkiyyətində olan həyətyanı torpaq sahəsində yaşayış evi tikmişdir. Sökülməsi tələb olunan fərdi yaşayış evi lazımi sənədlər alınmadan inşa edilsə də, ev xüsusi mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan torpaq sahəsində tikilmişdir və və həmin sahəni o, qanuni əsaslarla əldə etmişdir. Yaşayış evi inşa edilməsinə baxmayaraq, hər hansı dövlət orqanı, o cümlədən qaz xətlərinə nəzarəti həyata keçirən orqan tərəfindən həmin evin inşasının qarşısının alınması istiqamətində heç bir addım atılmamışdır. Cavabdeh sərbəst şəkildə tikdiyi ev üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli Qərarında məsələyə aşağıdakı kimi hüquqi mövqe nümayiş etdirilmişdir: «Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, səlahiyyətli orqan tərəfindən cavabdeh Qəbələ rayon Böyük Əmili kəndinin perespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən Cavabdeh mülkiyətinə verilmiş həyətyanı torpaq sahəsində inşa edilmiş tikili üzərində onun hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində “mülkiyyət” hüququ kimi qorunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd olunmalıdır ki, “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş hallar baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, “mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Göründüyü kimi, iddia tələbinin təmin edilməsi Cavabdeh Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Qəbələ rayonu Böyük Əmili kəndinin ərazisində Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin iddiaçı təşkilat tərəfindən ona hər hansı kompensasiya ödənilmədən sökülməsi yolverilməzdir. MM-in 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. MM-in 18-ci maddəsinə əsasən “mülki hüquqların müdafiəsi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güdməsi şübhəsizdir. Təbii ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, o zaman da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumibəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehə məxsus inşa edilmiş tikilinin əvəzi ödənilmədən sökülməsi qəbul edilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. Məhkəmə kollegiyası işin hallarını qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin nümayəndəsi Xəlil İbrahimov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar