Məhkəmə qərarları › İş №2(107)-894/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-894/2023

24.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-894/2023 24.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İş üzrə icraatın dayandırılması barədə Zaqatala Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(033)-400/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar X4 və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış mənzilində istifadə hüquqlarının tanınması və həmin evə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Sülh küçəsi bina 3, mənzil 37-də yerləşən mərhum anaları X1 icarəçisi olduğu yaşayış mənzilindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 vəkili Vəkil məhkəmə iclasında şifahi vəsatət verərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri Sülh küçəsi bina 3-də yerləşən 4 otaqlı 59.9 kvm olan 37 nömrəli mənzil üzərində mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X3 məxsus olması barədə qeydiyyatın aparılması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli 2-1(107)- 196/2023 saylı qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Hesab edir ki, Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(102)-1538/2023 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilib, qanuni qüvvəsini alanadək Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-400/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmalıdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)- 400/2023 nömrəli mülki iş üzrə icraatın, Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(102)-1538/2023 saylı iş üzrə yekun qərar qəbul edilənə və qanuni qüvvəsini alanadək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(033)-400/2023 saylı qərardadı ilə mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(033)-400/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X9 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi onunla əsaslandırılmışdır ki, anaları X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli 134 nömrəli sərəncamı əsasında Zaqatala şəhəri, Sülh küçəsi bina 3-də yerləşən 4 otaqlı 59.9 kv.m 37 nömrəli mənzilin icarəçisi X5 hesab edilmişdir. Hazırda onları Zaqatala şəhəri, Sülh küçəsi bina 3, mənzil 37-də yerləşən yaşayış mənzilindən cavabdehlər gəlinləri Cavabdeh1 və mərhum qardaşlarının (X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir) oğlu Cavabdeh2 istifadə etməyə qoymurlar. Hazırda cavabdehlər onları yaşayış mənzilində yaşamalarına maneçilik törədirlər. Onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarından görünür ki, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında 27 aprel 2004-cü il tarixli birtipli müqaviləyə əsasən iddiaçıların anası X5, həmçinin hazırki iş üzrə cavabdehlər mübahisəli mənzilin kirayəçiləridirlər. 2-1(116)-2244/2022 saylı işdə isə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri Sülh küçəsi bina 3-də yerləşən 4 otaqlı 59.9 kvm olan 37 nömrəli mənzil üzərində mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X3 məxsus olması barədə qeydiyyatın aparılması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə iddia qaldırmışdır. Kollegiya hesab edir ki, qanunvericilik baxımından mübahisəli mənzilin iddiaçıların anası X1 mülkiyyətində olması və ya sonuncunun həmin mənzilin müqavilə üzrə kirayəçisi olması iddiaçıların həmin mənzildən istifadə hüquqlarının olub-olmaması baxımından heç bir fərqi yoxdur. İddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının tanınıbtanınmamasından asılı olmayaraq iddiaçıların anası X1 mənzilə mülkiyyət hüququnun hazırki mənzili sonuncunun miras kütləsinə daxil edəcəkdir ki, bu hal da hazırki iddiaçıların həmin mənzilə istifadə hüquqları baxımından heç bir fərq yaratmayacaqdır. Göründüyü kimi, hazırki iddiaya baxılaraq qərar qəbul edilməsi 2-1(116)-2244/2022 saylı iş üzrə qəbul ediləcək qərardan asılı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(033)-400/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar vardır. Ona görə də, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(033)-400/2023 saylı qərardadı ləğv edilməli, mülki işin materialları işə baxılmasının davam etdirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(033)-400/2023 saylı qərardadı ləğv edilsin. Mülki işin materialları işə baxılmasının davam etdirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar