Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-895/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ilə, İddiaçı(bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin” naturada ayrılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla müəyyən olunur ki, Şəki şəhəri, X3 prospekti, ev 703 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178,1 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin mülkiyyət hüququ 28 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsindən ona məxsus 1/2 hissə payın naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 1/2 hissəsi onun, 1/2 hissəsi isə qardaşı Cavabdeh paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 28 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli çıxarış və **********62- 10301 reyestr nömrəli texniki pasport verilmişdir. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsi onun mülkiyyətində olduğundan və evin hansı hissəsinin onun mülkiyyətinə düşdüyü müəyyən edilmədiyindən fərdi yaşayış evini təmir etdirə bilmir. Paylı mülkiyyətçilər arasında müəyyən problemlər yaranır. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən payının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 10/4587 nömrəli ekspert rəyində qeyd olunur ki, Şəki şəhəri, X3 prospekti, ev 703 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıya aid 1/2 hissə payın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89" un 1.1, 2.2, 2.4.bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünün 1/2 hissə paydan kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4.bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunmuşdur. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)- 41/2024 nömrəli iş üzrə qəbul etdiyi 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Vəliyev) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 21 noyabr 2023-cü il tarixli, 10/4587 nömrəli rəyindən görünür ki, Şəki şəhəri, X3 prospekti, ev 703 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıya aid 1/2 hissə payın naturada ayrılması texniki cəhətdən mümkün deyil. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 213.1, 213.2, 213.3, 213.5, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 223.2, 223.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı və cavabdehin torpaqları özlərində olduğu üçün torpaq və evin bölgüsü mümkündür. Məhkəmə işə həmin mübahisəli ev və torpağa baxış keçirmədən qanunsuz və əsassız qətnamə qəbul etməklə, iddiaçının hüququnu pozmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4587 saylı ekspert rəyi tamamilə ziddiyyətlidir. Ekspertin rəyinə görə evə görə bölgü mümkün deyil, həyətyanı torpaq sahəsi üzrə isə uyğun olduğu müəyyən olunur. Ekspertin rəyi ziddiyyətli və mübahisəli olduğuna görə, habelə məhkəmə həyətə baxış keçirmədiyinə görə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ləğv edilməklə yanaşı, təkrar ekspertiza keçirilməsi lazımdır. Belə olan halda təkrar ekspertiza keçirilməklə, işin həllinə düzgün nail olmaq olar və məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki hallar aydınlaşdırılmaqla, əsaslı, qanuni və ədalətli qətnamə çıxara bilər. Həm iddiaçının, həm cavabdehin həyətinə giriş üçün yol və darvaza mövcuddur. Fərdi yaşayış evinin 1/2 hissəsinə cavabdeh, 1/2 hissəsinə isə iddiaçı sahiblik edir. Torpaq sahəsinə gəlincə isə hər iki tərəf payına düşən torpaq sahəsindən maneəsiz istifadə edir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, mübahisəli ev və torpaq sahəsi atasına məxsusdur və həmin əmlakların bölünməsinə etiraz edir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh tərəfindən şikayətində qətnamənin tam ləğvi xahiş edildiyindən Məhkəmə qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Şəki şəhəri, X3 prospekti, ev 703 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178,1 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 10/4587 nömrəli rəyi ilə isə qeyd olunanan torpaq sahəsinin və fərdi yaşayış evinin paylara uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, naturada ayrılmanın 1/2 hissə paydan kənara çıxılmaqla mümkün olduğu müəyyən olunur. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin ziddiyətli, mübahisəli olduğunu bildirsə də, bu dəlilləri təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən 1/2 hissə paylarının ayrılması mümkün deyil. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-895/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-895/2024
30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver