Məhkəmə qərarları › İş №2(107)-897/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-897/2025

10.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-897/2025 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi ” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(025)- 240/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən İddiaçı, X8, X15, X12 və X10 1.3 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı ona Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN-502A, kod ********) verilmişdir. Hal-hazırda o və digər mülkiyyətçilər qeyd olunan torpaqdan istifadə edə bilmir. İddiaçı və ailə üzvlərim qeyd olunan torpaq sahəsinin abadlaşdırılması istiqamətində xeyli işlər gördükdən sonra həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Belə ki, artıq xeyli zamandır ki, cavabdeh onlara məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh onlara məxsus torpaqdan qanunsuz istifadə etməklə onların öz mülkiyyətlərindən istifadə etmələrinə imkan vermir. Sözügedən hadisə nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdehin sözügedən torpaq ilə əlaqədar heç bir hüquqları yoxdur. O, onlara bu və ya digər formada maneələr yaratmaqla mülkiyyətlərindən lazımi qaydada istifadə etməyə imkan vermir. Cavabdeh iddiaçıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, islahat nəticəsində İddiaçı beş nəfərdən ibarət ailə üzvlərinin (İddiaçı, X8, X15, X13 və X16) ümumi mülkiyyətinə Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində 1,30 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan plan əsasında təhkim edilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar torpaq sahəsi son vaxtlarda istifadəsiz qalmış və ərazi Cavabdeh tərəfindən özbaşınalıq yolu ilə zəbt edilərək otlaq sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh ərazidə yerquruluşu işləri aparılmasına imkan vermədiyindən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də, İddiaçı ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə iddia qaldırmışdır.

4. Cavabdeh izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır və şəxsi təsərrüfatında mal-qara saxlamaqla əldə etdiyi gəlirlə dolanır. Qəbələ rayonu Nohurqışlaq kəndi ərazidə Vəndam çayının mühafizə zolağında yerləşən cəmi 3,0 ha torpaq sahəsi islahata getməyərək xüsusi və bələdiyyə mülkiyyətinə verilməmiş, həmin torpaq sahəsinin 1,50 ha hissəsi 1985-ci ildən onun valideynlərinin istifadəsində olmuş və islahatdan sonra onun tərəfindən çaylaq daşlardan təmizlənərək otlaq sahəsi kimi istifadə olunmuşdur. İddiaçı məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.

6. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(025)-240/2025 nömrəli, qətnaməsi ilə (hakim Ülvi Qənbərov), iddianın təmin edilməsi, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda ölçüləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsindən (AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2106/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 saylı Planda göstərilmiş 1;2;3;4;5;6;7 döngə nöqtələrinin koordinatlarını əhatə edən ərazidən) Cavabdeh çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı, X8, X15, X13 və X9 ümumi birgə mülkiyyətində olan JN – 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsinə Cavabdeh heç bir əsası olmadan yiyələnmişdir və ərazidən faktiki surətdə istifadə edir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda ölçüləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsi (AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2106/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 saylı Planda göstərilmiş 1;2;3;4;5;6;7 döngə nöqtələrinin koordinatlarını əhatə edən ərazi) Cavabdeh qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 157.2, 213.6-cı maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini ədalətsiz və tam olmayan qətnamə kimi qəbul etmir. Qətnamə tərəfindən məhkəməyə həm sənəd formasında və həm də şifahi formada təqdim etdiyi subutları və faktları araşdırmadan və hüquqi qiymət vermədən çıxarılmış qətnamədir.

12. Bildirir ki, qeyd olunan torpaq sahəsi 1985 - ci il tarixdən valideyinlərinin istifadəsində olub.

13. Qeyd olunan mübahisəli torpaq sahəsi Vəndam çayının mühafizə zolağında yerləşir. Həmin ərazidə 1.30 ha torpaq sahəsi islahata getməmişdir, nə xüsusi, nə də bələdiyyə mülkiyyətinə verilməmişdir.

14. İşdə olan ARİN ƏMDX - nin DƏDKRPHS-nin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025 - ci il tarixli 3 - 21 - 3 - 42/2 - 2106/2025 saylı mütəxəssis rəyində göstərilir ki, iddiaçının iddia etdiyi, Cavabdeh istifadəsində olan torpaq sahəsi Qəbələ rayonu Nohurqışlaq kənd ərazisində aparılmış torpaq islahatına dair yer quruluşu xəritəsinə (DWC) əsasən Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqla, uqodiyası ictimai tikililər (süd əmtəə ferması) olmaqla Nohurqışlaq bələdiyyəsinin mülkiyyətinə aiddir. Necə ola bilər ki, ictimai tikinti altıda olan bələdiyyə mülkiyyətinə verilmiş 1.94 ha torpaq sahəsinin 1.37 ha iddiaçıya 5 nəfər ailə üzvü ilə birlikdə həyətyanı sahə kimi verilib. Bu fakt məhkəmə tərəfindən araşdırılmamışdır. Əgər həmin rəy əsasında ətraflı araşdırılma aparılsaydı onun iddiaçının mülkiyyətini zəbt etmədiyi öz təsdiqini tapardı.

15. X3 X7 əsasən (TEKUİS) mübahisəli torpaq sahəsi Nohurqışlaq kənd İnzibati Ərazi dairəsinin sərhəddləri daxilindədir. Kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, ugodiyası çoxillik əkmələr, islahat ugodiyası ictimai tikinti altında olan torpaqlardır. Necə ola bilər ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həyətyanı torpaq sahəsi kimi xüsusi mülkiyyətə verilib. Movcud qanunvericiliyin tələbinə görə torpaq sahələrinin təyinatını ancaq Nazirlər kabinetinin qərarı əsasında dəyişdirə bilər. Qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən hazırki qətnamə qəbul edilmiş və son nəticədə bələdiyyə mülkiyyətində olub tam razılıqla hamı tərəfindən qəbul edilmiş istifadəçisi olduğu torpaq sahəsi, qanunsuz yollarla əldə olunmuş 506 C saylı şəhadətnamə əsasında əlindən alınmaqla 1 - ci Qarabağ müharibəsi veteranının mal-qarasının otlaq yerindən məhrum edirlər.

16. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsi xx.xx.2025 - ci il tarixli, e -2(025) - 240/2025 saylı qətnaməni qəbul edərkən sənədlər üzrə araşdırmanı hərtərəfli və obyektiv aparmamış, nəticədə iddiaçının haqsız tələbini təmin edən qətnamə çıxarmışdır.

17. Hesab edir ki, məhkəmə kənd təsərrüfatlı təyinatlı ictimai tikinti altında olan torpaq sahəsini hansı qayda həyətyanı torpaq sahəsi, iddiaçıya və onu üzvülərinin mülkiyyətinə verildiyini araşdırmamışdır.

18. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)- 240/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-240/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-240/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisi X19 izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri vəzifəsində işləyir. Məhkəmənin qərardadına əsasən mübahisəli torpaq sahəsinə tərəflərindən baxış keçirilmişdir. İddiaçı iddia etdiyi, Cavabdeh istifadəsində olan faktiki naturada ölçülmüş 1,94 ha torpaq sahəsi Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Nohurqışlaq kənd inzibatı Ərazi Dairəsinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası ictimai tikililər (süd əmtəə ferması) olmaqla Nohurqışlaq bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 1.94 hektar torpaq sahəsinin 1.37 hektar hissəsi X3 X7 (TEKUİS) əsasən Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyat növü 502 A nömrəli şəhadatnaməyə əsasən xüsusi mülkiyyət, (yəni iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyəti), 0,57 hektar hissəsi isə X3 X7 (TEKUİS) əsasən Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar uqodiyası çoxillik əkmələr, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat rabitə, digər sosial və ictimai tikinti altında olan torpaqlar mülkiyyət növu 506 G nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. X3 X4 (TEKUİS) 502 A nömrəl şəhadətnaməyə əsasən 1.47 hektar torpaq sahəsi göstərilmişdir. Göstərilmiş 1,47 hektar torpaq sahəsinin 1,37 hektar hissəsi cavabdeh X2 istifadəsində olan 1,94 hektar torpaq sahəsi ilə üstüstə düşür və halhazırda cavabdeh tərəfindən istifadə olunur.

23. X1 həmçinin sualları cavablandırarkən qeyd etmişdir ki, X3 X11 (TEKUİS) işlənərkən vətəndaşlara məxsus sənədlərə uyğun istifadəsində olan torpaq sahələri işlənirdi. Mübahisəli torpaq sahəsi X3 X4 (TEKUİS) idddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 502 A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyət kimi işlənmişdir. Hal-hazırda X3 X4 (TEKUİS) məlumatlarına əsasən mübahisəli torpağın mülkiyyətçisi 502 A nömrəli şəhadətnamədə adları göstərilən şəxslərdir, lakin faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur.

24. İddiaçı məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(025)- 240/2025 nömrəli nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı üzrə Torpağın mülkiyyətə verilməsinə dair JN 502A KOD 40616028 nömrəli şəhadətnaməyə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 1.30 ha torpaq sahəsi İddiaçı, X8, X15, X13 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan 1.30 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin Vəndam çayının mühafizə zolağında yerləşməsi, həmin ərazidə 1.30 ha torpaq sahəsinin islahata getməməsi, nə xüsusi, nə də bələdiyyə mülkiyyətinə verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsini qanuni əsaslarla istifadə etməsinə dair nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Əksinə işdə olan Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı üzrə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 502A KOD 40616028 nömrəli şəhadətnaməyə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 1.30 ha torpaq sahəsi İddiaçı, X8, X15, X13 və X9 ümumi birgə mülkiyyətlərindədir.

38. Həmçinin iş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadları əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2025-ci il tarixli və 18 noyabr 2025-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, İddiaçı iddia etdiyi, Cavabdeh istifadəsində olan faktiki naturada ölçülmüş 1,94 ha torpaq sahəsi Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Nohurqışlaq kənd inzibatı Ərazi Dairəsinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası ictimai tikililər (süd əmtəə ferması) olmaqla Nohurqışlaq bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 1.94 hektar torpaq sahəsinin 1.37 hektar hissəsi X3 X7 (TEKUİS) əsasən Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyat növü 502 A nömrəli şəhadatnaməyə əsasən xüsusi mülkiyyət, 0,57 hektar hissəsi isə X3 X7 (TEKUİS) əsasən Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar uqodiyası çoxillik əkmələr, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat rabitə, digər sosial və ictimai tikinti altında olan torpaqlar mülkiyyət növu 506 G nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. X3 X4 (TEKUİS) 502 A nömrəl şəhadətnaməyə əsasən 1.47 hektar torpaq sahəsi göstərilmişdir. Göstərilmiş 1,47 hektar torpaq sahəsinin 1,37 hektar hissəsi cavabdeh X2 istifadəsində olan 1,94 hektar torpaq sahəsi ilə üstüstə düşür və hal-hazırda cavabdeh tərəfindən istifadə olunur.

39. Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəylərinə aydınlıq gətirilməsi üçün X1 məhkəmə kollegiyasının iclasına dəvət edilərək izahatı alınmışdır. Qeyd olunan mütəxəssis rəyləri və mütəxəssisin izahatı ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı üzrə Torpağın mülkiyyətə verilməsinə dair JN 502A KOD 40616028 nömrəli şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan 1.30 ha torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən məhkəməyə mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

41. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

43. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan torpaq sahəsinin 1985-ci ildən valideyinlərinin istifadəsində olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin özgə torpaq sahəsinin 1.30 ha hissəsindən faktiki olaraq istifadə etməsi, iddiaçının uzun müddət sonra olsa belə öz mülkiyyətində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək imkanını aradan qaldırmır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli və obyektiv araşdırma aparmaması, nəticədə iddiaçının haqsız tələbini təmin edən qətnamə çıxarmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(025)-240/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar