Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-900/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-360/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-360/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 162 baş qoyun-quzunun naturada özünün, yaxud hər bir qoyunun 1 ədəd qiyməti 200 manat olmaqla onun dəyərinin, habelə alınmış 1750 manat məbləğində pulunun, həmçinin 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 162 baş qoyun-quzunun naturada özünün, yaxud hər bir qoyunun 1 ədəd qiyməti 200 manat olmaqla onun dəyərinin, habelə alınmış 1,750 manat məbləğində pulunun, həmçinin 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiа ərizəsini оnunlа əsаslаndırmışdır ki, o, cavabdeh şəxsə 2011-ci il tarixində 18 baş, 2017-ci il tarixində 14 baş ana qoyun, 4 baş erkək qoç, bu proseslərdən 2 ay sonra isə 13 baş ana, 13 baş balası olan qoyunu alaraq vermişdir. Ümumilikdə 62 baş qoyun-quzu onun tərəfindən alınmışdır. Qarşılıqlı razılaşma ondan ibarət idi kı, qoyunlar ona məxsus olmaqla, onların hər il doğduğu balalarının yarısı onun, yarısı cavabdehin olmalı idi. Hər dəfə ondan soruşanda quzularına toxunmadığını, ancaq bölgüyə əsasən ona aid olan quzuları satdığını bildirirdi. Təxminən 2017, 2018, 2019 və 2020-ci il ərzində ona məxsus olan 62 baş qoyundan hər il üçün bu şəxs 100 baş bala götürüb. 50-si onun, 50-si isə özünün olduğunu bildirib. 2017-ci il nəzərə almadan 2018- 2020-ci il tarixində 3 il ərzində cavabdehin hər il üçün 100 bala almaqla 300 baş quzu əldə etdiyini, həmin quzunun 150 başının onun olduğunu, 150 başın isə onun olduğunun nəzərə alaraq, 3 il üçün ona çatacaq 150 baş quzudan, 50 baş quzunun cavabdehin hazırkı təsərrüfat üzrə qoyunquzuların dava-dərmana, otuna, çəkilən xərclərə çıxaraq, 100 baş quzunun, 62 baş isə ana qoyununu ondan istəyir. Həmin cavabdehdə olan ümumi sayı 162 baş qoyun-quşunu ondan tələb edir. Bu səbəbdən də cavabdeh hazırda həmin qoyunlarını Yevlax rayonu Hacımahmudlu kəndində fermada saxlayır, orada onun ferması var. Onun qoyun-quzusu ilə cavabdeh özünə 30.000 manata ev alıb, torpaq alıb. Bundan başqa iddianın digər hissəsini 1,750 manat pul tələbi təşkil edir ki, tərəfindən torpaq sahəsi alınması üçün o, bu şəxsə pul vermişdir. Həmin pulu nağd olaraq ona vermişdir, yəni torpaq almaq üçün 2,700 manat pulu vermiş, həmin puldan 1,000 manat cavabdeh 7-8 həftə öncə ona verib. Hətta heyvanlarından qaytaracağını, yerdə qalan borcunu da qaytaracağını bildirmişdir. Ancaq bu məsələ artıq böyüyərək şəxsin ona qarşı zorakılığına gətirib çıxarmış, pulunu və malını ona qaytarmamaq üçün hətta onu döymüş, öldürməklə hədələmişdir. Bu barədə istintaq orqanlarına müraciət etmişdir. Həmin orqanlardan kömək istəmişdir. Nəzərə alınsa ki, 162 baş qoyun-quzu hal-hazırda ondadır. 1 baş ana qoyunun orta bazar qiyməti 200 manatdır. 162 baş ana qoyun 200 manatdan, cəmi 32,400 manat edir. O, qoyun-quzunun naturada özünü, yaxud dəyərini istəyir. Bu barədə kifayət qədər sübutları var. Şəxsin səs yazısı və digər qanunla müəyyən olunmuş sübutları məhkəmə prosesində tələbi sübut etmək üçün nə mümkündürsə edəcək. O, haqlıdır. Bu səbəbdən də iddian müdafiə edir. Birinci instansiya məhkəməsinin iclasında iddiаçı İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2010-cu ildən 2020-ci ilədək cavabdehlə faktiki nikah münasibətlərində olmuşlar. Bu müddətdə cavabdehə qoyun-quzu almaq üçün bir neçə dəfə pul vermişdir. Cavabdeh artan qoyunlardan yarısını ona verəcəyini vəd etmişdir. Həmin dövrdə cavabdeh ondan torpaq almaq üçün pul da götürmüşdür. Həmin puldan ona cavabdehin 1700 manat borcu qalmışdır. Polisə yalnız döyülməsi ilə bağlı müraciət etmişdir, pul tələbi ilə bağlı deyil. İddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə tanış olsa da, faktiki nikah münasibətlərində olmamışlar. Belə ki, ara-sıra göruşləri olmuşdur. Qoyun saxlamaq və artırmaqla bağlı aralarında heç bir razılaşma olmamışdır. Bu müddət ərzində bir neçə dəfə iddiaçı ona pul vermiş, lakin bu pulun verilməsi nə qoyun almaqla, nə də torpaq almaqla bağlı olmamışdır. İddiaçı pulu xərcləmək üçün ona vermişdir. Verilən pullar da bildirdiyi miqdarda olmamışdır. Lakin son zamanlar iddiaçı ondan kəbin kəsdirməyi tələb etmişdir. Buna cavab olaraq bildirmişdir ki, ailəsi var, ona görə də kəbin kəsdirə bilməz. İddiaçı bundan əsəbiləşərək ona problemlər yaradacağını bildirmişdir. Bu zəmində aralarında mübahisə olmuş və mübahisə zamanı iddiaçını sillə ilə vurmuşdur. Bu hadisə polis orqanları tərəfindən araşdırılmış və ona hüquqi qiymət verilmişdir. İddiaçının təqdim etdiyi audio yazı isə onun razılığı olmadan aparılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-360/2021 nömrəli qətnaməsindən narazı qalan İddiaçı apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə iddiaya münasibətdə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmişdir. Onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Odur ki, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-360/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı ilə arasıra göruşləri olmuş və ər-arvad kimi yaşamışlar. Qoyun saxlamaq və artırmaqla bağlı aralarında heç bir razılaşma olmamışdır. Bu müddət ərzində bir neçə dəfə iddiaçı ona pul vermiş, lakin bu pulun verilməsi nə qoyun almaqla, nə də torpaq almaqla bağlı olmamışdır. İddiaçı pulu xərcləmək üçün ona vermişdir. Verilən pullar da iddiaçının bildirdiyi miqdarda olmamışdır. Lakin son zamanlar iddiaçı ondan kəbin kəsdirməyi tələb etmişdir. Buna cavab olaraq bildirmişdir ki, ailəsi var, ona görə də kəbin kəsdirə bilməz. İddiaçı bundan əsəbiləşərək ona problemlər yaradacağını bildirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları əsasında araşdıraraq belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən göstərmişdir ki, cavabdehlə əldə etdiyi razılıq əsasında sonuncuya xırda buynuzlu heyvan alıb artırılıb bəhrə əldə etmək məqsədi ilə, habelə torpaq almaq məqsədi ilə pul verdiyini bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmiş, cavabdeh isə belə bir razılaşmanın olduğunu etiraf etməmişdir. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi bu hüquqi mövqe ilə razılaşır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-360/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Oxşar münasibətləri tənzimləyən “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neqanti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir- birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Hazırda öyrənilən işdən bəlli olur ki, iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş və və belə bir sübut məhkəmə kollegiyasının iclasında təqdim edilməmişdir. Belə olan halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşır. Məhkəmə kollegiyası, həmçinin iddiaçının apellyasiya şikayətində qeyd etdiyi “işə baxılarkən onun şahidləri dindirilməmişdir” kimi dəlili ilə də razılaşmır. Çünki, həmin şəxslər iddiaçının vəsatəti əsasında şahid qismində dindirlə bilməli olmasına baxmayarq, öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsində iddiaçının belə bir vəsatəti olmamışdır (bax birinci instansiya məhkəməsinin iclas protokolu). Bu şəxslərin hazırkı məhkəmə kollegiyasının iclasında şahid kimi dindirilməsi məsələsinə gəldikdə isə, kollegiya bunu prosessual qanunvericiliyin tələbinə görə mümkün saymır. Çünki, MPM-in 380.1-ci maddəsinin tələbinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Ancaq hazırkı işdə sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırılmayıb. Bununla da, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd edilən maddi hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır. Apellyasiya şikayətində şərh olunan hallar qətnamənin ləğvi üçün əsas deyildir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-360/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384, 392, 403- 405-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-360/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-900/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-900/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver