Məhkəmə qərarları › İş №2(107)-901/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-901/2022

15.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-901/2022 15.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və üçünçü şəxs Cavabdeh6 qarşı kredit borcunun ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, mənzildən çıxarma) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 və 3-cü şəxs Cavabdeh6 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və üçünçü şəxs Cavabdeh6 qarşı kredit borcun ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(051)-41/2022 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" Bank ASC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, **********28013 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 48 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verməyi, üçüncü şəxs isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər.

2. X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 ilə bağlanmış Kredit müqaviləsinin təminatı kimi X2 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsində 12 nömrəli, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 59.96 kv.m olan mənzili ipotekaya qoyulmuşdur. İpoteka predmetinin bazar dəyəri 25000 manat, likvid dəyəri isə 22000 manat məbləğində qiymətləndirilmişdir.

3. Ölüm haqqında şəhadətnamədən görünür ki, ipoteka qoyan X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür.

4. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14 noyabr 2019cu il tarixli məktubundan görünür ki, mərhum X2 məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil miras kimi xx.xx.2017-ci il tarixdə ünvan 2 notariat ofisində rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hər birinə ¼ pay olmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına keçmişdir.

5. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4620 №li, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 xx.xx.2017-ci il tarixə "xxxx" ASC-nə olan borcu, əsas borc 7772.28 manat və 690.96 manat faiz borcu olmaqla cəmi 8463.24 manat məbləğində müəyyən edilir. Cavabdeh6 xx.xx.2020-ci il tarixə illik 5% dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1065.45 manat məbləğində müəyyən edilir.

6. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/1589 №li xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 xx.xx.2017-ci il tarixə "xxxx" ASC-nə olan borcu, əsas borc 7772.20 manat və 690.95 manat faiz borcu olmaqla cəmi 8463.15 manat məbləğində müəyyən edilir. Cavabdeh6 müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1065.44 manat məbləğində müəyyən edilir.

7. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/5201 №li xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 xx.xx.2017-ci il tarixə "xxxx" ASC-nə olan borcu, əsas borc 7772.28 manat və 690.96 manat faiz borcu olmaqla cəmi 8463.24 manat məbləğində müəyyən edilir. Cavabdeh6 xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1424.92 manat məbləğində müəyyən edilir.

8. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/8756 №li xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 xx.xx.2017-ci il tarixə "xxxx" ASC-yə olan borcu, əsas borc 7772.28 manat və 690.96 manat faiz borcu olmaqla cəmi 8463.24 manat məbləğində müəyyən edilir. Cavabdeh6 xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1520.64 manat məbləğində müəyyən edilir. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir.

9. Apellyasiya Məhkəməsinin icraatı zamanı əldə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli 28 saylı rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara uyğun olaraq X2 məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 saylı evin 13 saylı mənzilinin 26 sentyabr 2022-ci il tarixinə dəyəri: Likvid dəyəri: 53 000 (əlli üç min) manat təşkil edir.

10. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(107)-901/2022 nəmrəli qərardadı ilə iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(051)- 41/2022 nömrəli qətnaməsi qismən-iddianın təmin olunmayan “onların ailə üzvləri və digər şəxslərin mənzili bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin mənzildən məcburi çıxarılmaları” hissəsində ləğv edilərək, iddia tələbinin bu hissədə baxılmamış saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək; -03 10.2013-cü il tarixli **********28013/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və ümumi paylı mülkiyyət hüququ əsasında cavabdehlər Cavabdeh3 (1/4 hissə), Cavabdeh1 (1/4 hissə), Cavabdeh2 (1/4 hissə), Cavabdeh4 (1/4 hissə) məxsus Mingəçevir şəhəri. N.Nərimanov küçəsində yerləşən 12 nömrəli 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə tutma yönəldilmsəini; -ipoteka predmetinin açıq hərracda satılmasını və xx.xx.2013-cü il tarixli **********28013 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh6 iddiaçı ASC -"xxxx" Bankı qarşısındakı 8935.91 (səkkiz, min doqquz yüz otuz beş manat 91 qəpik) manat vaxtı keçmiş əsas borcu, xx.xx.2017 ci il tarixinədək kreditdən istifadəyə görə illik 22% (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 928,2 (doqquz yüz iyirmi səkkiz manat 21 qəpik) manat məbləğində adi faizlər üzrə borc 3.10.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 4164,88 (dörd min bir yüz altmış dörd manat 88 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 3 842,13 (üç min səkkiz yüz qırx iki manat 13 qəpik) manat məbləğində penya, cəmi 17871,13 (on yeddi min səkkiz yüz yetmiş bir manat 13 qəpik) manat və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17% (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını; -İddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını; - İpoteka predmetinin ilkin satış qiymətinin İpoteka müqaviləsinin 3.3-ci bəndində qeyd olunmuş dəyəri 22 000 (iyirmi iki min) manat məbləğində təyin edilməsini; . -Mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və onların ailə üzvləri və digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk elmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmasını xahiş etmişlər.

12. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək - xx.xx.2013-cü il tarixli **********28013/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və ümumi paylı mülkiyyət hüququ əsasında cavabdehlər Cavabdeh3 (1/4 hissə), Cavabdeh1 (1/4 hissə), Cavabdeh2 (1/4 hissə), Cavabdeh4 (1/4 hissə) məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə tutma yönəldilsin, ipoteka predmetinin açıq hərracda satılmasını; - xx.xx.2013-cü il tarixli **********28013 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh6 iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 8935,91 (səkkiz min doqquz yüz otuz beş manat 91 qəpik) manat vaxtı keçmiş əsas borcu, xx.xx.2017-ci il tarixinədək kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 928,21 (doqquz yüz iyirmi səkkiz manat 21 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17% (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 6743,14 (altı min yeddi yüz qırx üç manat 14 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4087,87 (dörd min səksən yeddi manat 87 qəpik) manat məbləğində penya, cəmi 20695,12 (iyirmi min altı yüz doxsan beş manat 12 qəpik) manat və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17% (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" bankın xeyrinə tutulmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə üçünçü şəxs X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********128013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh6 48 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 15000 manat kredit verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh X7 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 12 №li evi 13 №li mənzil ipoteka ilə yüklü edilmişdir. Daha sonra ipoteka qoyan X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. Bundan sonra X1 qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X8 tərəfindən Migəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna müraciət edilmiş, müvafiq olaraq həmin notariat kontoru tərəfindən onlara xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-269, 2V-270, 2V-271 və 2V-272 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bununla da həmin şəxslərin hər biri müvafiq olaraq Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 12 №li evin 13 №li mənzildən 1/4 hissədə pay əldə etmişlər. Lakin üçüncü şəxs Cavabdeh6 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 8935.91 (səkkiz min doqquz yüz otuz beş manat doxsan bir qəpik) manat əsas kredit borcu, 928.21 (doqquz yüz iyirmi səkkiz manat iyirmi bir qəpik) manat faiz borcu, 6743.14 (altı min yeddi yüz qırx üç manat on dörd qəpik) manat əldən çıxsmış fayda, 4087.87 (dörd min səksən yeddi manat səksən yeddi qəpik) manat cərimə borcu, cəmi 20695.12 (iyirmi min altı yüz doxsan beş manat on iki qəpik) manat kredit borcu yaranmışdır

14. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 15 mart 2022-ci il tarixli, 2(051)-41/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdehlər Cavabdeh3 (1/4 hissə), Cavabdeh1 (1/4 hissə), Cavabdeh2 (1/4 hissə), Cavabdeh4 (1/4 hissə) məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzil hərracdan satışa çıxarılması; - satışdan əldə edilən vəsaitdən 7772.28 (yeddi min yeddi yüz yetmiş iki manat iyirmi səkkiz qəpik) manat əsas kredit borcu, 690.96 (altı yüz doxsan manat doxsan altı qəpik) manat faiz borcu, 1520.64 (bir min beş yüz iyirmi manat altmış dörd qəpik) manat əldən çıxmış fayda və 450 (dörd yüz əlli) manat penya, cəmi 10433.88 (on min dörd yüz otuz üç manat səksən səkkiz qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənlmiş 30 (otuz) manat, sənədlərin notariat qaydada təsdiqlənməsi üçün ödənilmiş 17 manat tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi; - borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pul cavabdehlərə qaytarılması; - iddianın, ipoteka qoyulmuş mənzilin açıq hərracda satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmasına dair hissədə və iddia tələbi ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixə qədər əsas borc məbləğinə illik 17 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri tutulması hissəsində təmin olunmaması; - iş üzrə 9/4620 №li, xx.xx.2020-ci il il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 150 manat, 9/5201 №li, xx.xx.2021-ci il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 145 manat iddiaçı "xxxx" ASC-dən, 9/8756 №li, xx.xx.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 145 manat, 9/1589 №li, xx.xx.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 150 manat üçüncü şəxs Cavabdeh6 tutulub aşağıdakı rekvizitlər üzrə, büdcə təsnifatının kodu: 142319; 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı, X12 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE**********00088501 dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar.

16. Bundan əlavə məhkəmə hesab etmişdir ki, ipoteka qoyulmuş mənzil açıq hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin evlə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ipoteka ilə yüklü edilmiş mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması barədə olan hissədə təmin edilməməlidir.

17. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı üçüncü şəxsə 4087.87 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab etmişdir ki, üçüncü şəxsə hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına, Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.3, 319.6, 385, 389.1, 390.1, 442, 443.1, 463.2, 462.1, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.6, 4, 34.1.1, 34.1.2, 36.1, 47, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 58.1, 58.2, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin dəyərini müəyyən edərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq xx.xx.2013-cü il tarixli **********28013/1 №-li İpoteka müqaviləsinin (bundan sonra “İpoteka müqaviləsi” adlandırılacaq) 3.5-ci bəndində qeyd olunmuş 25000 (iyirmi beş min) manat bazar dəyərini ipoteka predmetinin ilkin satış qiymət kimi müəyyən etmişdir.

21. Halbuki, İpoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 22000 (iyirmi iki min) manat məbləğindədir. Hesab edirlər ki, ipoteka predmetinin İpoteka müqaviləsində qeyd edilmiş bazar qiymətinin ilkin satış qiyməti kimi qətnamədə təyin olunması “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin tələbinə ziddir. Belə ki, həmin normaya əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

22. Həmçinin qeyd etmək istəyirlər ki, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmeti olan əmlakın likvid qiyməti məbləğində, onların 22000 (iyirmi iki min) manat müəyyən olunması ilə bağlı mövqeyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li qərardadına əsalanır. Həmin Qərardadda qeyd edilən hüquqi mövqeyə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin bazar qiyməti məbləğində deyil, likvid qiyməti məbləğində müəyyən edilməlidir.

23. İddiaçının “mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlərin, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda məcburi qaydada çıxarılmasına” dair tələbinin təmin edilməli olmadığı barədə məhkəmənin gəldiyi nəticə “İpoteka haqqında” qanununun müvafiq maddələrinin tələblərinə uyğun deyil. Məlum olduğu kimi, “İpoteka haqqında” qanunun (bundan sonra – Qanun) 59.3-cü maddəsi ilə 59.3.1.- ci və 59.3.2.-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin üzərinə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmək vəzifəsi qoyulur.

24. Bu vəzifənin qeyd edilmiş şəxslər tərəfindən icra edilməməsinin hüquqi nəticələrini isə həmin Qanunun 59.4-cü maddəsi müəyyən edir. Həmin maddəyə görə Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda həmin şəxslər evdən (mənzildən) yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

25. Məhkəmə Bankın iddiatələblərini xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17% (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 6743,14 (altı min yeddi yüz qırx üç manat 14 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində qismən, yəni Ekspert rəyində göstərilən illik 5% (beş faiz) dərəcəsi hesablanmış 1520,64 manat həddində təmin etmiş və bu barədə öz mövqeyini əsaslandırmamışdır.

26. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilmiş mövqeyi ilə əlaqədar bildirmək istəyir ki, Bankın xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17% dərəcəsi ilə hesablanmış 6743,14 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlandırılcaq) 21-ci və 443-cü maddələrindən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən və Kredit müqaviləsinin 6.1-ci bəndindən irəli gəlir.

27. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında verilmiş şərh Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.7-ci maddəsinə uyğun olaraq məhkəmələr üçün məcburidir və qətnamə çıxarılarakən həmin şərhə məhkəmə tərəfindən mütləq qaydada riayət olunmaqla Bankın təqdim etdiyi kifayətedici sübut əsasında iddia tələbi müvafiq hissədə tam təmin edilməli idi.

28. Məhkəmə iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq əldən çıxmış faydanın əvəzinin və penyanın ipoteka predmetinin dəyərindən tutulması barədə Bankın tələbini təmin etməməklə AR MM-in 449.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, AR MM-in 449.4-cümaddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

29. Həmçinin qeyd etmək istəyirlər ki, iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq əldən çıxmış faydanın ipoteka predmetinin dəyərindən tutulması barədə Bankın tələbi Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına əsaslanır.

30. Göründüyü kimi, birinci instansiya məhkəməsi Bankın iddiasını xx.xx.2022-ci ildən başlayaraq iddia tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması hissəsində təmin etməməkdə haqlı olmamış, AR MMin 449.4-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini pozmuşdur.

31. Hesab edirlər ki, birinci instansiya məhkəməsi Ekspert rəyində göstərilən əldən çıxmış faydanın əvvəlki, yəni xx.xx.2021-ci il tarixə hesablandığını nəzərə alaraq, ya Bank tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli, ya da ki, iddia ərizəsinə tələb həcminin artırılması barədə dəyişiklik nəzərə alınmaqla borcun yenidən hesablanması üçün məhkəmə- mühasibatlıq ekspertizası təyin etməli idi.

32. Birinci instansiya məhkəməsi Qətnamədə hər-hansı əsas göstərmədən, illik 15% dərəcəsi ilə hesablanmış 4 087,87 (dörd min səksən yeddi manat 87 qəpik) manat məbləğində penyanı təqribən 10 (on) dəfə azaltmaqla 450 (dörd yüz əlli) manat məbləğində müəyyən etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istəyirlər ki, Cavabdeh6 ilə ASC "xxxx"Bankı arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Başqa sözlə müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2022-ci il tarixinə bu məbləğin məhz 4087,87 (dörd min səksən yeddi manat 87 qəpik) manat olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər-hansı əsas göstərmədən həmin məbləği azaltmışdır.

34. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 450 manat məbləğində penya isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək (təqribən 10 dəfə (4087,87 ÷ 450 = 9,08)) dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının birinci instansiya məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir.

35. Qeyd etmək istəyirlər ki, qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi.

36. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(051)-41/2022 nömrəli qətnaməsi qismən qismən ləğv edilməsini və Bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X11 verilmiş apellyasiya şikayətini müdafiə edərək sonda şikayətin təmin olunmasını xahiş etmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh6 vəkili Vəkil apellyasiya şikayətində qeyd olunanları qəbul etməyərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

40. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

42. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinin tələbinə görə iİpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1 və 385.1.2-ci maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsini, o cümlədən də ipoteka predmetinin likvid dəyərinin 22000 manat məbləğində müəyyən olunmasını mübahisələndirmişdir.

45. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(051)-41/2022 nömrəli qətnaməsi qismən, yəni “adları məlum cavabdehlərin mənzildən çıxarılmalarının” təmin edilməməsi hissəsində ləğv edilməlidir.

47. Hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarət olub, mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun, əldən çıxmış faydanın) cavabdehdən alınması; -tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, -həmin əmlakın açıq hərracda satılması, -ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehlərin evdən çıxarılması barədədir.

48. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" Bank ASC ilə Cavabdeh6 arasında xx.xx.2013-cü il tarixli, **********28013 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verməyi, borcalan isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. Kreditin təyinatı mənzil təmiri məqsədilə verilmişdir.

49. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi X2 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsində 12 nömrəli, 3 mərtəbəli binanın 2ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 59.96 kv.m olan mənzili ipotekaya qoyulmuşdur. Müqavilə rəsmiləşdirilən zaman ipoteka predmetinin bazar dəyəri 25000 manat, likvid dəyəri isə 22000 manat məbləğində qiymətləndirilmişdir.

50. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəf müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür.

51. Öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, iddiaçı tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdeh tərəfə vermiş, lakin cavabdeh sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir.

52. İş materialları ilə təsdiq olunur ki, iddiaçı həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, müvafiq bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və mövcud borcun Banka qaytarılmasından yayınmışlar. Odur ki, cavabdeh tərəfin iddiaçı qarşısında icra edilməmiş pul öhdəlikləri vardır

53. Mübahisəli kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.

54. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

55. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır.

56. Kredit borcunun kredit müqaviləsi və ona əlavə sazişə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.

57. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin apellyasiya şikayətində mübahisələndirilən dəlillər qismən əsaslı olduğundan təmin olunmalıdır.

58. Belə ki, X13 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

59. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

60. Mülki işə əlavə olunmuş ərizələrin (səhifə 52-54) surətindən görünür ki, Cavabdeh3, Cavabdeh2 ipoteka predmeti olan evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin evin qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürüblər. Elvin, İsa Rəşad və Bikə Allahverdiyevlər də bir ailə üzvü olmaqla hazırda həmin mənzildə yaşayırlar.

61. Ona görə də kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini adı yuxarıda qeyd olunan cavabdehlərin mənzildən çıxarlılma hissəsində təmin etməməklə düzgün nəticəyə gəlməmiş, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün hüquqi qiymət verməməklə, maddi hüquq pozuntusuna yol vermişdir.

62. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya hesab edir ki, şikayət ipoteka predmetinin likvid dəyərinin 22000 manat məbləğində müəyyən edilməsi hissəsində təmin edilməməlidir.

63. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə ipoteka predmeti olan əmlak açıq hərracda satışa çıxarılarkən həmin əmlakın likvid dədyəri müəyyən edilməlidir.

64. Birinci instansiya məhkəməsi də bu baxımdan qiymətləndirmə təyin etməli və əmlakın son likvid dəyərini müəyyən etməli idi. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu tələblərə riayət etməyərək, ipotekanın ilkin satış qiyməti kimi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin 3.5-ci bəndindəki bazar qiymətini, yəni 25000 manatı əsas götürmüş, iddiaçı tərəf də həmin qiymətdən narazı qalaraq apellyasiya şikayəti vermiş, cavabdeh tərəf isə həmin hissə ilə bağlı qətnaməni mübahisələndirməmişdir.

65. Qeyd olunan bu qeyri-müəyyənliyə aydınlıq gətirmək məqəsədilə apellyasiya icraatı zamanı mübahisəli əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün əmlak qiymətləndirmə ekspertizası təyin edilmiş və verilmiş rəyə görə mübahisəli əmlakın 26 sentyabr 2022-ci il tarixə likvid dəyəri- 53 000 (əlli üç min) manat təşkil etmişdir.

66. Kollegiya qeyd edir ki, nə qədər ki, cavabdeh tərəf bu hissə üzrə qətnaməni mübahisələndirməyib, onda apellyasiya icraatı zamanı əmlakın likvid dəyərinin 53000 manat götürülməsi mümkün olan hal deyil, çünki apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunduğu kimi yalnız apellyasiya həddində işə baxır.

67. Ona görə də kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən ilkin satış qiyməti kimi müəyyən edilmiş 25000 manat, likvid dəyər kimi qiymətləndirilməli və apellyasiya şikayəti bu hissədə təmin edilməməlidir.

68. Apellyasiya şikayətinin digər dəlillərinə gəlincə kollegiya həmin dəlillərin əsaslandırılması ilə də razılaşmır. Çünki tələb bu hissədə konkret olmamaqla yanaşı, mülahizələrə istinadən əsaslandırılmışdır.

69. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrına əsasən belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən-yəni iddianın təmin olunmayan “ipoteka predmeti olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 həmin əmlakdan məcburi qaydada çıxarılmaları hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(051)-41/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - yəni “ipoteka predmeti olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 həmin əmlakdan məcburi qaydada çıxarılmalarının” təmin edilməməsi hissəsində ləğv edilsin. Ləğv edilmiş hissəyə dair yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilsin. Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 Elmabn oğlu, X5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 bir ay ərzində mənzili tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılsınlar. Qətnamə mübahisələndirilən qalna hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər(elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar