Məhkəmə qərarları › İş №2(107)-904/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-904/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-904/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-606/2020 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı səhimdar cəmiyyətə aid olan sənədlərin tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı səhimdar cəmiyyətə aid olan sənədlərin tələb edilməsi tələbinə dair iddia ərizənin qəbul olunmasından imtina edilmişdir. İddiaçı1 və İddiaçı2 qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(051)-606 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-606/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-606/2020 saylı ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı səhimdar cəmiyyətə aid olan sənədlərin tələb edilməsi tələbinə dair iddia Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil. İddia sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Halbuki iş materiallarından görünür ki, iddiaçı Cavabdeh ASC-yə məxsus sənədlərin surətini tələb etmişdir ki, bu da kommerisiya fəaliyyəti ilə bağlı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətində MPM) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən edilmişdir ki, İnzibati mübahisələrdən fərqli olaraq, inzibati-iqtisadi məhkəmələrdə baxılan iqtisadi mübahisələr təbiətinə görə mülki mübahisələrlə yaxındır. Qanunvericilikdə “iqtisadi mübahisə” anlayışı birbaşa göstərilmədiyindən, onun şərh olunması çətinləşir. “İqtisadi mübahisə” ümumiləşdirilmiş anlayışdır. Belə ki, iqtisadi mübahisələrə mülki, inzibati və digər hüquq münasibətlərindən irəli gələn mübahisələr aid edilir. Lakin hansı hüquq münasibəti növünə aid olmasından asılı olmayaraq, iqtisadi mübahisələrin fərqləndirici cəhətləri aşağıdakılardır: • sahibkarlıq və ya digər iqtisadi sahədə yaranırlar; • işlərin görülməsi, istehsal, xidmətlərin göstərilməsində iştirak edən xüsusi sahibkarlıq subyektlərinin fəaliyyətinə aiddirlər; • əmlak xarakterli nəticələr yaradırlar. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən göründüyü kimi bütün fiziki və hüquqi şəxslərin maneəsiz məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır. Hazırki mülki iş üzrə isə birinci instansiya məhkəməsi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq iddia ərizəsini icraata qəbul etməkdən əsassız olaraq imtina etmişdir Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-606/2020 saylı edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikаyəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-606/2020 saylı ləğv edilsin. Mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar