Məhkəmə qərarları › İş №2(107)-905/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-905/2022

25.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-905/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X3, Cavabdeh, onun vəkili X1 istirakları ilə, Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(039)-726/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılmasına dair qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış mənzili onun xüsusi mülkiyyətinə daxildir. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə Dövlət reyestrində qeydiyyatdan keçmişdir (Seriya MA, ******* nömrəli Çıxarışa əsasən). Cavabdeh onun sabiq həyat yoldaşıdır. Cavabdeh ilə 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ər-arvad olmuş və birgə nikahdan iki övladları olmuşdur. X4 16 iyun 2014-cü il təvəllüdlü və X5 05 fevral 2016-cı il təvəllüdlü. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-2018/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan olan övladları Cavabdeh himayəsində saxlanmışdır. Hazırkı iddia tələbi, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilindən Cavabdeh çıxarılması ilə bağlıdır. Belə ki, həmin mənzil cavabdehlə onun birgə nikah müddətində əldə etdikləri əmlak deyildir, həmin əmlak onun ayrıca mülkiyyətindədir və hazırda cavabdehlə rəsmi olaraq ayrıldığından ailə bağlılığı yoxdur və ailə münasibətləri pozulduğundan artıq eyni ünvanda yaşamaları mümkünsüzdür. Odur ki, Cavabdeh qeydşərtsiz olaraq mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli, 2(039)-726/2022 saylı qətnaməsi ilə (hakim T.Əliyev) iddia təmin edilmiş, Cavabdeh Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzilindən çıxarılması, qətnamənin 01 oktyabr 2022-ci il tarixdən sonra icra olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzili 14 yanvar 2010-cu il tarixdə, iş üzrə tərəflər nikaha daxil olananadək daşınmaz əmlakın dövlət reyestrində tam olaraq İddiaçı adına qeydə alınmışdır. Tərəflərin nikahı 18 sentyabr 2013-cü il tarixdə rəsmi olaraq qeydə alındıqdan sonra Cavabdeh həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşamaqdadır. 25 oktyabr 2021-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuş və bununla da tərəflərin ailə münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mənzil qanunvericiliyin normalarının tələblərinə görə Cavabdeh iddiaçı, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzilinin mülkiyyətçisi olan İddiaçılə ailə münasibətlərinə xitam verildiyindən onun həmin mənzildən istifadə hüququ da saxlanmır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdehin maddi vəziyyəti, adına başqa yaşayış yerinin mövcud olmasına, onun hazırda özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmasına dair sübutların olmaması, eləcə də, yay aylarının olması nəzərə alınmalı, onun həmin mənzildən istifadə hüququ 01 oktyabr 2022-ci il tarixədək saxlanılmalı, həmin tarixdən sonra o, həmin mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onu mənzildən çıxararkən maddi hüquq normalarını pozmuşdur. Onun himayəsində 2 azyaşlı uşağı var. Həmin mülkiyyət iddiaçınındır yəni, onun keçmiş həyat yoldaşınındır, iki azyaşlı uşaqlarının atasının əmlakıdır. Onu evdən çıxarması qanuni və ədalətli deyildir. Yaşadığı ev xüsusi mülkiyyətdə olmaqla xx.xx.2010 cu il tarixdə dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Onlar 18 sentyabr tarixində rəsmi nikah qeydiyyatından keçmişlər. 2013-cü il tarixindən hal-hazıradək bu mübahisəli evdə yaşayırlar. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestir xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestirinin Seriya MA 0028231№-li çıxarışına əsasən Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzili 14 yanvar 2010-cu il tarixdə ********** № ilə tam olaraq İddiaçı adına qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçılə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 18 sentyabr 2013-cü il tarixli nikah qeydi pozulmuş və birgə nigahdan olan iki övladları Cavabdeh himayəsində saxlanılmışdır. O, başa düşə bilmir ki məhkəmə bu qərarı qəbul edərkən, onu mənzildən çıxararkən hansı səbəbdən onların mənzilə olan istifadə hüququnu nəzərə almamışdır. Məhkəmə bununla da Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən yaşayış binasının mülkiyyətsinin onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla birgə istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarının həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin ərin(arvadı) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsinə istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi onların həmin mənzildə yaşamaq hüquqları qanunla qorunur. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onların mövqeyi tam və hərtəfli araşdırılmadı. Nəticədə prosessual hüquq normaları onlara münasibətdə pozuldu. Onlar öz mövqelərini ortaya qoymağa çalışsalar da hazırki ədalətsizliklə qarşılaşmalı olmuşlar. Məhkəmə onun və uşaqlarının həmin mənzildə 9 il yaşamaqlarının, uşaqlarının mülkiyyətçinin ailə üzvləri olduğunu həmin mülkiyyətin keçmiş həyat yoldaşının olmasını nəzərə almamışdır. Nəticədə onun qeyd etdiyi prosessual hüquq normaları açıq şəkildə pozulmuşdur. Halbuki hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Azərbaycan Respublikası MənzilMəcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından bu məsələyə aydınlıq gətirirək göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümələsinin “Digər qohumlar”ifadəsi Azərbaycan Respublikası Ailə Məcələsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Bu qanun normasından da aydın olur ki, o və iki uşağı mülkiyyətçinin yaxın qohumlarıdır. Onlar xüsusən uşaqları həmin evdə doğulmuşlar. Onların hazırki tələblə bağlı mövqeləri Mülki Məcəllənin 228.5-ci maddəsi ilə nizamlanmalıdır. Onlar həmin evə köçərkən və yaşayarkən mülkiyyətçinin razılığı ilə yaşamışlar. Aralarında notarial qaydada yazılı razılaşma olmasa da AR MM-nın 228.5-ci maddəsinə uyğun olaraq mübahisələri həll edilməli idi. Qeyd edilənləri nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-726/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsinin qəbul edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh, onun vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-726/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsinin qəbul edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 726/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli, 2(039)-726/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzili 14 yanvar 2010-cu il tarixdə, iş üzrə tərəflər nikaha daxil olananadək daşınmaz əmlakın dövlət reyestrində tam olaraq İddiaçı adına qeydə alınmışdır. Tərəflərin nikahı 18 sentyabr 2013-cü il tarixdə rəsmi olaraq qeydə alındıqdan sonra Cavabdeh həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşamaqdadır. 25 oktyabr 2021-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuş və bununla da tərəflərin ailə münasibətlərinə xitam verilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində mübahisəli evin mülkiyyətçisi iddiaçıdır yəni, onun keçmiş həyat yoldaşınındır, iki azyaşlı uşaqlarının atasının əmlakıdır. Onu evdən çıxarması qanuni və ədalətli deyildir. Yaşadığı ev xüsusi mülkiyyətdə olmaqla xx.xx.2010 cu il tarixdə dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Onlar 18 sentyabr tarixində rəsmi nikah qeydiyyatından keçmişlər. 2013-cü il tarixindən hal-hazıradək bu mübahisəli evdə yaşayırlar. Məhkəmə onun və uşaqlarının həmin mənzildə 9 il yaşamaqlarının, uşaqlarının mülkiyyətçinin ailə üzvləri olduğunu həmin mülkiyyətin keçmiş həyat yoldaşının olmasını nəzərə almamışdır. Nəticədə onun qeyd etdiyi prosessual hüquq normaları açıq şəkildə pozulmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqları vaxtdan onlar hazırki mübahisəli mənzildə yaşamışlar. Onların nikahları pozulmuşdur. Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzil iddiaçının mülkiyyətdədir. Məhkəmə kollegiyası Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü övladı ilə birlikdə cavabdehlərin mülkiyyətində olan, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 saylı mənzilindən çıxarılması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2013-cü ilin sentyabr ayında, yəni cavabdehin iddiaçının evinə gəlin köçdüyü vaxtdan yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, qanunvericiliyə görə cavabdeh iddiaçının keçmiş ailə üzvü olmuşdur. Qanunvericiliyə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsi bunu nəzərə almadan iddia tələbini təmin etmişdir. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ 3 il müddətə saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli, 2(039)-726/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 3 il müddətinə möhlət verilməklə, Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 saylı mənzilindən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli, 2(039)-726/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 saylı mənzilində istifadə hüququ 3 il müddətində saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar