Məhkəmə qərarları › İş №2(107)-908/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-908/2021

20.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-908/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa tələbinə dair Ağsu Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(016)-992/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh 24.09.2020-ci tarixli, 542/20 nömrəli əmrinin ləğv edilməsinə, Cavabdeh Satış Departamentidə satış təmsilçisi vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinin ödəniməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(016)-992/2020 nömrəli (hakim E.Hümbətov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Satış Departamentidə satış təmsilçisi İddiaçı əmək müqaviləsinə 24 sentyabr 2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsinə dair Cavabdeh MMC-nin 24.09.2020-ci il tarixli, 542/20 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Satış Departamentidə satış təmsilçisi vəzifəsinə bərpa edilməsi, 24 sentyabr 2020-ci il tarixindən işə bərpa olunduğu günə qədər İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (X8 Anar Bayramov) ilə əmək müqaviləsi bağlayaraq Cəmiyyətin Satış Departamentidə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Bununla bağlı 03.02.2020-ci il tarixli, 17/20 saylı əmr verilmişdir. Lakin cavabdeh təşkilat 24.09.2020-ci il tarixli, 542/20 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Əmri Cəmiyyətin İnsan Resursları şöbəsinin müdiri İ.Əliyarlı imzalamışdır. Həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, 24.09.2020-ci il tarixli, 542/20 nömrəli əmr ləğv edilməlidir. Belə ki, Cavabdeh İnsan Resursları şöbəsinin müdirinin işçini işdən azad etmək səlahiyyəti yoxdur. Əmək müqaviləsini Cəmiyyətin Sədri ilə bağlamışdır. Cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə ondan təzyiqlər nəticəsində aldığı 07.09.2020-ci il tarixli (iddia ərizəsində səhvən 20.09.2020-ci il kimi qeyd edilmişdir) ərizəsinə əsasən xitam vermişdir. Həmin ərizə iradəsini ifadə etmir.Göstərdiyi kimi cavabdeh təşkilatın Satış Deparatamentinin və İnsan Resursları şöbəsinin rəhbərliyi ona təzyiqlər edərək iradəsinin əleyhinə əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə almışdır. Bundan başqa, həmin ərizədə işdən azad olunmağı barədə konkret tarix göstərməmişdir. Buna baxmayaraq cavabdeh təşkilat onu 24.09.2020-ci il tarixdə işdən azad edib. Qeyd etdiyi kimi cavabdeh təşkilat ondan təzyiqlər nəticəsində əmək müqaviləsinin xitamı barədə ərizə alıb, həmin ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir, belə olan halda cavabdeh bir aylıq xəbərdarlıq müddətini gözləmədən onu işdən azad edib.Halbuki, ərizəsinin etibarsız sayılması və ya onun geri götürülməsi barədə ərizə ilə ona müraciət hüququ vardır.Beləliklə, cavabdeh əmək qanunvericiliyinin tələblərinə zidd formada onun əmək müqaviləsinə xitam vermişdir.Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona əmrin və ərizənin surətini vermir. Məqsədi bir aylıq iddia müddətinin ötməsinə nail olmaqdır. Bu da cavabdehin ona qarşı qanunazidd davranışını təsdiq edən faktlardandır.Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinin ödəniməsinə dair qətnamə qəbul edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İş materiallarından göründüyü kimi, İddiaçı 20 avqust 2020-ci il tarixdə Cavabdeh MMC-nin sabiq idarə X11 Mikayılovun adına işdən azad olunmasına dair ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi üçün ərizəni təqdim etdiyi gün yəni 20.08.2020-ci il tarix müraciətin təqdim edildiyi gün kimi qəbul edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəisinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti( bir ay təqvim günün) bitdikdən sonra qanunla müəyyən edilmiş əsasla əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı ərizəsində cavabdeh tərəfindən ona təzyiqlər edilərək iradəsi əleyhinə ondan əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə alındığını, 24.09.2020-ci il tarixli, 542/20 nömrəli əmrin ləğv olunaraq onun Cavabdeh MMC-nin Satış Departamentinə satış təmsilçisi vəzifəsinə işə bərpa olunmasını və məcburi buraxılmış iş günlərinin ödənilməsinə dair ödəməsinə dair əsassız tələblər irəli sürmüşdür. İddiaçı, öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamış və məhkəmə prosesləri zamanı məhkəməyə təqdim etməmişdir. Əksinə ziddiyyətli izahatlar vermişdir. İddiaçı işdən azda olunmasına dair ərizəni “20.09.2020-ci il tarixdə” yazdığını və Cəmiyyətin İnsan Resusları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlı tərəfindən işdən azad olunmasına dair əmrin imzalanmasını əsas götürərək əsassız iddia tələbi irəli sürmüşdür. Belə ki, İddiaçı işdən azad olunmasına dair ərizəsini 20.08.2020-ci il tarixdə Cəmiyyətin sabiq X9 Vüqar Mikayılovun adına ərizə ilə müraciət etməsi, iddiaçı tərəfindən qeyd olunan “20.09.2020-ci il tarixdə” işdən azad olunmasına dair ərizə ilə müraciət etməsi iddiasının heç bir hüquqi əsası yoxdur. Buna səbəb iddiaçı F. Cəfərovun işdən azad olunmasına dair imzaladığı ərizə 20.08.2020-ci il tarixdə Cəmiyyətin İnsan Resusları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlıya təqdim olunmuşdur və həmin ərizə Cəmiyyətin sabiq İdarə X11 Mikayılov tərəfindən qəbul edilmişdir. İddiaçı işdən azad olunmasına dair əmr 24.09.2020-ci il tarixdə Cavabdeh MMC-nin X12 Şaiq Mirzəyev tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 08.09.2020-ci il tarixdə təsisçi tərəfindən Cavabdeh MMC-nin X12 vəzifəsinə Şaiq Mirzəyev təyin olunmuşdur və iddiaçının irəli sürdüyü iddiada “20.09.2020-ci il tarixdə” yazmış olduğu işdən azad olunma barədə ərizəni Cəmiyyətin sabiq İdarə X11 Mikayılovun adına yazması və öz imzası ilə təsdiq etməsi bir daha həmin iddianın əsassız olmasını təsdiq edən bir faktdır. Çünki, əgər iddaçı qeyd etdiyi tarixdə yəni “20.09.2020-ci il tarixdə” işdən azad olunma barədə ərizə ilə müraciət etsəydi həmin ərizədə Cavabdeh MMC- nin X12 Şaiq Mirzəyevin adma yazılmış olardı. Məhkəmə prosesi zamanı İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 20.09.2020-ci il tarixdə işdən azad olma barədə ərizə yazması və həmçinin mahkəmə prosesi zamanı iddia etdiyi tarixləri dəyişərək ziddiyyətli izahat verməsi, məhkəmə prosesi zamanı məhkəmə tərəfindən iddiaçının bu cür ifadə verməsi şübhəli amil kimi qiymətləndirilməməsi, əksinə onun bu cür ziddiyətli ifadələri tam olaraq məhkəmə iclas protokolunda qeyd olunmaması və daha sonra hakim tərəfindən iddia ərizəsində qeyd olunan tarixin texniki səhv kimi qeyd olunması, ümumiyyətlə məhkəmə prosesi zamanı vermiş olduğu izahatların məhkəmə iclas protokolunda tamlıqla qeyd olunmaması nəticədə iddiaçinin xeyrinə qətnamə qəbul edilmişdir. Məhkəmə prosesi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 16 saylı region üzrə X3 rəisi vəzifəsini müvəqqəti icra edən İkram Rzayevin müraciətinə cavab olaraq 04.11.2020-ci il tarixli 129 saylı cavab məktubu 05.11.2020-ci il tarixdə saat 09:52-də İkram Razyevin rəsmi elektron poçtuna Çdemx Z16@,mlspp.gov.az) zəruri sənədlərlə birlikdə göndərilmişdir. Həmin sənədlərin göndərilməsi bardə elektron poçt göstəricilərini məhkəmə prosesi zamanı məhkəməyə göstərilsədə məhkəmə iclas protokolunda bununla bağlı heç bir qeyd aparılmadan qətnamədə müraciətə Cavabdeh MMC tərəfindən cavalandırılmadığı qeyd olunmuşdur. Odur ki, Ağsu Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(016)-992/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, İddiaçı 20.08.2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad edildikdən sonra bir ay müddətinə satış obyektlərini təhvil təslim etmişdir. 24.09.2020-ci ildə iddiaçı imza edərək əmək kitabçasını təhvil almışdır. İddiaçı birinci instansiya məhkəməsində işdən çıxma tarixini ayrı ayrılıqda 3 tarixdə qeyd etsədə, məhkəmə buna obyektiv yanaşmamışdır. Belə ki, İddiaçı işdən azad olunmasına dair ərizəsini 20.08.2020-ci il tarixdə Cəmiyyətin sabiq X10 Vüqar Mikayılovun adına ərizə ilə müraciət etməsi, iddiaçı tərəfindən qeyd olunan “20.09.2020-ci il tarixdə” işdən azad olunmasına dair ərizə ilə müraciət etməsi iddiasının heç bir hüquqi əsası yoxdur. Buna səbəb iddiaçı F. Cəfərovun işdən azad olunmasına dair imzaladığı ərizə 20.08.2020-ci il tarixdə Cəmiyyətin İnsan Resusları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlıya təqdim olunmuşdur və həmin ərizə Cəmiyyətin sabiq İdarə X11 Mikayılov tərəfindən qəbul edilmişdir. İddiaçı işdən azad olunmasına dair əmr 24.09.2020-ci il tarixdə Cavabdeh MMC-nin X12 Şaiq Mirzəyev tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Həmçinin məhkəmə prosesi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 16 saylı region üzrə X3 rəisi vəzifəsini müvəqqəti icra edən İkram Rzayevin müraciətinə cavab olaraq 04.11.2020-ci il tarixli 129 saylı cavab məktubu 05.11.2020-ci il tarixdə saat 09:52-də İkram Razyevin rəsmi elektron poçtuna zəruri sənədlərlə birlikdə göndərilmişdir. Həmin sənədlərin göndərilməsi bardə elektron poçt göstəricilərini məhkəmə prosesi zamanı məhkəməyə göstərilsədə məhkəmə iclas protokolunda bununla bağlı heç bir qeyd aparılmadan qətnamədə müraciətə Cavabdeh MMC tərəfindən cavalandırılmadığı qeyd olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 07.09.2020-ci il tarixdə İnsan Resusları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlı və marketinq müdürü Gəlal adlı şəxs onu çağıraraq onun sürücüsü ərazidə olan malları götürdüyünü və bununla bağlı o da məsuliyyət daşıdığını və cinayət məsuliyyətinə cəlb olunacağını və bu da onun gələcək karyerasına ziyan olacağını bildirmişdilər. Sonra o onların dediyi ərizəni yazdıqdan sonra oranı tərk etdikdən 1-2 saat sonra yenidən Şəhriyar Əliyarlının yanına gedərək ərizənin geri götürməsini istədikdə, onlar ərizəni geri qaytaracağını bildirmişdilər. Dəfələrlə o Şəhriyar Əliyarlının qəbulunda olmuşdur. Şəhriyar Əliyarlı onu Cavabdeh MMC-nin X12 Şaiq Mirzəyevin qəbuluna aparıb və Şəhriyar Əliyarlı qəbuldan çıxdıqdan sonra ona işdən azad olunduğunu bildirmişdir. İşdən çıxdıqdan sonra “Mətanət A” şirkətinə daxil olmaq istərkən ona Cavabdeh MMC-də problemi olduğu üçün işə qəbul etməmişlər. İşlədiyi dövrdə heç bir nöqsana yol verməmişdir. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(016)-992/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 03 fevral 2020-ci il tarixində Cavabdeh MMC-nin Satış Departamentində satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, cəmiyyətin 24.09.2020-ci il tarixli 542/20 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarına əlavə olunan tərəflər arasında 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 03.02.2020-ci il tarixində Cavabdeh MMC-nin Satış Departamentində satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına cavabdeh tərəfindən əlavə edilən işdən azad olmaq üçün ərizə formasının surətindən görünür ki, satış təmsilçisi İddiaçı “xxxx” MMC-nin X8 Vüqar Mikayılova ünvanlanmış ərizəsində öz təşəbbüsüilə tutduğu vəzifəsindən (tarix qeyd edilməmişdir) azad edilməsini, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ərizəyə 20.08.2020-ci il tarixdə dərkənar qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 24.09.2020-ci il tarixli, 542/20 saylı əmrindən görünür ki, cəmiyyətin satış təmsilçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən 24.09.2020-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzi tərəfindən qeydə alınmış müraciət vərəqəsindən görünür ki, İddiaçı 22.09.2020-ci il tarixdə işdən azad edildiyi, lakin 30 gün keçmədən ərizəni geri almaq istəsədə xitam verildiyini, e-sosial.az portalında əmək müqaviləsinin aktiv olmasını və bununla bağlı məsələnin araşdırılması barədə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 16 saylı region üzrə X6 tərəfindən Cavabdeh MMC-nin X8nə ünvanlanmış 02.10.2020-ci il tarixli məktubla İddiaçı “142 çağrı mərkəzi”nə ünvanlanmış 22.09.2020-ci il tarixli müraciəti tərəflərindən araşdırıldığından onun işə qəbulu və digər sənədlərin şöbəyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 16 saylı region üzrə X6 tərəfindən 03.12.2020-ci il tarixdə verilən məktubla İddiaçı müraciəti ilə bağlı Cavabdeh MMC-yə məlumatın alınması barədə sorğuya cavab verilmədiyindən araşdırmanın nəticələnmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaya etirazını, iddiaçının 20.08.2020-ci il tarixdə cavabdehin o vaxt kı işəgötürəni Vüqar Mikayılovun adına işdən azad olunmasına dair könüllü şəkildə ərizə ilə müraciət etməsi, ərizənin 20.08.2020-ci il tarixdə cavabdehin İnsan Resusları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlıya təqdim olunması ilə əsaslandırmış, həmin halın təsdiqi üçün iddiaçının ərizəsini təqdim etmişdir. Həmin ərizədən görünür ki, ərizə cavabdeh təşkilatda qanunvericiliyin tələbinə uyğun qəbul edilməmiş, ona qəbul nömrəsi qoyulmamış, verildiyi tarixin əks olunduğu qeydiyyat kitabı, eləcədə İnsan Resusları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlının kargüzarlıq üçün məsul olan əməkdaş olması barədə sübut isə təqdim edilməmişdir. Məhkəmə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş ərizəsində yazıldığı tarixin göstərilmədiyini, eləcədə cavabdehin bu ərizənin 20.08.2020-ci il tarixdə təqdim olunması barədə sübutu təqdim edə bilmədiyini nəzərə alaraq, əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş ərizəsinin 07.09.2020-ci il tarixdə verildiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Digər tərəfdən müəyyən olundu ki, iddiaçı hətta 22.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə müraciət etmiş, həmin müraciətdə İddiaçı bildirmişdir ki, işdən azad olmaq üçün verdiyi ərizəni 30 gün keçmədən geri götürmək istəsədə müqavələyə xitam verildiyi qeyd edilmış, lakin e-sosial.az portalında əmək müqaviləsi aktiv olduğu, araşdırılmasını qanuna uyğun həll edilməsini xahiş etmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 16 saylı region üzrə X6 tərəfindən araşdırmaya başlanılmış lakin, İddiaçı müraciəti ilə bağlı Cavabdeh MMC-yə məlumatın alınması barədə sorğuya cavab verilmədiyindən X4 araşdırma nəticələnməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildiki, iddiaçı 07.09.2020-ci il tarixdə cavabdehin o vaxtkı işəgötürəninə müraciət edərək Satış Departamentində satış təmsilçisi vəzifəsindən azad edilməsini və əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir. Cavabdeh isə əmək qanunvericiliyinin əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin xəbərdarlıq müddəti bitənədək yol verilməz olması barədə tələbini pozaraq, bir aylıq xəbərdarlıq müddəti bitmədən onunla bağlanmış əmək müqaviləsinə 24.09.2020-ci il tarixli 542/20 saylı əmrlə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin 24.09.2020-ci il tarixli, 542/20 saylı əmri qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən ləğv edilərək, 24.09.2020-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh MMC-də tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, hazırkı işdə əsas mübahisəli məqam işçinin işdən azad olunması barədə ərizənin cavavdehin iddia etdiyi kimi 20 avqust 2020-ci ildə və yaxud iddiaçının iddia etdiyi kimi 07 sentyabr 2020-ci il tarixdə yazılmasıdır. Çünki, Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 20 avqust 2020-ci il tarixdə Cavabdeh MMC-nin sabiq idarə X11 Mikayılovun adına işdən azad olunmasına dair ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi üçün ərizəni təqdim etdiyi gün, yəni 20.08.2020-ci il tarix müraciətin təqdim edildiyi gün kimi qəbul edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəisinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti ( bir ay təqvim günün) bitdikdən sonra qanunla müəyyən edilmiş əsasla əmək müqaviləsi ləğv edilmişdir. Lakin, məhkəmə kollegiyası cavabdehin işdən azad edilmə barədə ərizənin cavabdehin qeyd etdiyi kimi 20 avqust 2020-ci ildə yazılması ilə bağlı dəlillərini mötəbər və inandırıcı qəbul etmir və məhkəmə kollegiyasında bi qənaəti aşağıda sadalanan hallar formalaşdır. Birinci sözügedən ərizənin məzmununa nəzər yetirdikdə aydın olur ki, bu ərizədə işçinin hansı tarixdən və hansı əmək müqaviləsinə xitam vermək arzusunda olduğu qeyd edilmir. Hansı ki, görünən odur ki, işdən azad edilmə üçün qabaqcadan hazırlanmış forma işəgötürən tərəfindən hazırlanmış və nədənsə həmin formada işçinin hansı tarixdən, hansı əmək müqaviləsinə xitam verməsi və həmin ərizənin tərtib edildiyi tarix bardə olan sütünlar boş saxlanılmışdır. İkincisi iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 07 sentyabr 2020ci il tarixli aktdan aydın olur ki, həmin akt 07 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş və burada iddiaçının vəzifəsi həmin şöbənin satış təmsilçisi kimi göstərilmişdir. Üçüncüsü iddiaçı 22.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə müraciət etmiş, həmin müraciətdə İddiaçı bildirmişdir ki, işdən azad olmaq üçün verdiyi ərizəni 30 gün keçmədən geri götürmək istəsə də müqavələyə xitam verildiyi qeyd edilmış, lakin esosial.az portalında əmək müqaviləsi aktiv olduğu, araşdırılmasını qanuna uyğun həll edilməsini xahiş etmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 16 saylı region üzrə X6 tərəfindən araşdırmaya başlanılmış lakin, İddiaçı müraciəti ilə bağlı Cavabdeh MMC-yə məlumatın alınması barədə sorğuya cavab verilmədiyindən X4 araşdırma nəticələnməmişdir. Dördüncüsü öyrənilən işdən bəlli olur ki, iddiaçı ailəlidir, himayəsində həyat yoldaşı və onun qayğısına möhtac olan az yaşlı uşaqları vardır. Həmçinin, iddiaçı işlədiyi yerdə kifayət qədər yüksək əmək haqı alır və onun ikinsi iş yeri və yaxud ailəsində ondan başqa qazanc gətirən şəxsin olmadığı halda, birdən-birə könüllü olaraq işdən azad edilməsi barədə əriziə yazması bir o qədər də inandırıcı görünmür. Məhkəmə kollegiyası gəldiyi qənaətdə həm də ona görə israrlıdır ki, əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Beləliklə tədqiq edilən sübutlarla müəyyən edilr ki, iddiaçı 07.09.2020-ci il tarixdə cavabdehin o vaxtkı işəgötürəninə müraciət edərək Satış Departamentində satış təmsilçisi vəzifəsindən azad edilməsini və əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin əmək münasibətlərini dayandırmaq istədiyi günü, eləcədə ərizənin icra edildiyi günü göstərməmiş, öz növbəsində cavabdeh də əmək qanunvericiliyinin əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin xəbərdarlıq müddəti bitənədək yol verilməz olması barədə tələbini pozaraq, bir aylıq xəbərdarlıq müddəti bitmədən işçi ilə bağlanmış əmək müqaviləsinə 24.09.2020-ci il tarixli 542/20 saylı əmrlə xitam vermişdir. Həmçinin cavabdeh işçi tərəfindən müvafiq ərizənin 20 avqust 2020-ci ildə yazıldığını bildirsədə, kollegiya cavabdehin bununla bağlı gətirdiyi dəlilləri mötəbər və inandırıcı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasından bəhs edən ƏM-in 69-cu maddəsinə görə;

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bundan əlavə ƏM-in əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edən 84-cü maddəsinin 1-ci bəndinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Ancaq “xxxx”MMC-nin 24.09. 2020-ci il tarixli 542/20 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası qeyd edilsədə, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilmişdir. İşəgötürənin əsas vəzifələri və məsuliyyətindən bəhs edən ƏM-in 12-ci maddəsinin b bəndinə görə bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, ƏM-in giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. ƏM-in 2-ci mаddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. ƏM-in 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində; qanununverciliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işə götürənlərin hüquqlarının pozulmasının qarçısının alınmasını, işçilərin və işəgötürünlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları pronsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin edilməlidilər. ƏM-in 68-ci mаddəsinin İ hissəsinə əsаsən əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. ƏM-in əmək müqavilələrinə xitam verilməsinin əsasları 68-ci maddədə tənzimlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda; ƏM-in 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrindən bəhs edən ƏM-in 300-cü maddəsində göstərəilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin: 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan da məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələlərlə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Öz növbəsində iddiaçı da iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cavabdeh tərəf işdən azad olunma, müqavilənin ləğvi barədə əmr verərkən əmək funksiyasının və vəzifə təlimtalarının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(016)-992/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar