Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-93/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-470/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-470/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, Cavabdeh “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 0,34 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, onların mülkiyyətində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən aqrar islahat komissiyası tərəfindən verilən 0,34 ha torpaq sahəsi vardır. Bu torpaq onlara Zaqatala rayon Aqrar İslahat komissiyasının 113 saylı, 22 may 2004-cü il tarixli qərarı ilə verilmişdir. Qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsi onların mülkiyyətində olsa da, onlar, torpaq sahəsindən istifadə edə bilmir. İddiaçı, 2005-ci ildə, yəni 15 il əvvəl cavabdehin atası Xudaverdi Məmmədova 1500 ABŞ dolları borcun əvəzinə həmin fındıq bağından fındıq məhsulunu yığmağa imkan vermişdir. Həmin borc artıq ödənilmişdir. Xudaverdi Məmmədov vəfat etmişdir. Onun oğlu olan cavabdeh onlara məxsus olan torpaq sahəsini zəbt etmişdir. Cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmaq istəmir. Cavabdehə dəfələrlə həmin torpaq sahəsindən çıxmasını xahiş etsə də, torpaq sahəsindən çıxmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı tərəf mübahisələndirilən torpaq sahəsini onlara satmışdır. Lakin, həmin vaxt torpağın sənədləri olmadığı üçün rəsmi olaraq alqısatqı müqaviləsi bağlanmamışdır. Sonradan isə iddiaçı tərəf həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişlər. Bundan sonra isə iddiaçı tərəf həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsindən imtina etmişdir. Həmin torpaq sahəsinə hazırki vəziyyət gətirilməsinə onun tərəfindən xərclər çəkilmişdir. Həmin çəkdiyi xərclər ödənildikdən sonra, o torpaq sahəsindən çıxacaqdır. Qanuni qərar qəbul edilməsini xahiş edir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Əliabad qəsəbə sakini X1 2005-ci ilin yaz aylarında özünə və ailəsinə məxsus 0,34 ha torpaq sahəsini və orda yerləşən fındıq bağını 1500 (bir min beş yüz) ABŞ dollarına ona satmışdır. Həmin torpaq sahəsini ona satdığına dair aralarında şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Həmin dövrdə İddiaçı həbsdə olduğundan və torpaq sahəsinin hüquq müəyyənedici (mülkiyyət) sənədləri olmadığından alqı-satqını notariusda rəsmiləşdirmək mümkün olmamışdır. Həmin torpaq sahəsi və fındıq bağı 2005-ci ilin yaz aylarından bu günədək onun istifadsinmdə olmuşdur. Həmin bağın fındığının məhsulunu bu günədək o yığmışdır, torpağın vergisini o ödəmişdir, hər il əlavə xərclər çəkərək bağa qulluq etmişdir. O, hər il 300 manat məbləğində fındıq bağına əlavə xərc çəkmişdir. Xərclərə daxildir: bağa olunan qulluq, bağa verilmiş gübrələr, bağın arıtlanması və s. 2005-ci ildən 2020-ci il də daxil olmaqla o 300 manat x 15 il =4500 manat məbləğində əlavə xərc çəkmişdir. 2005-ci ildə 1500 ABŞ dollara aldığı torpaq sahəsinin hal-hazırda 5000 ABŞ dollar qiyməti var. O, hal-hazırda 1500 ABŞ dollarına illərlə qulluq edilmiş hazır fındıq bağı ala bilməz. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddianın baxılması hal-hazırda Zaqatala rayon məhkəmənin icraatındadır. Zaqatala rayon Məhkəməsinin icraatında olan, onunla cavabdehlər arasında 0,34 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair mülki işə baxılıb qurtaranadək apelyasiya şikayətinə baxılmasının icraatının dayandırılmasını xahiş edir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)- 470/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-470/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən 03 aprel 2019-cu il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyəti kimi adlarına texniki pasport işlənilməklə daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29-cu maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsi “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyəti kimi adlarına 03 aprel 2019-cu il tarixdə qeydə alınmışdır. Hazırda torpaq sahəsindən Cavabdeh istifadə edir. İddiaçı Cavabdeh mülkiyyətlərində olan Zaqatala rayonu qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə iddianı qismən qəbul edir. İddiaçı və ailə üzvləri Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmişdir. Onun həmin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Mübahisə predmeti olan 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 20 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna Zaqatala rayon Məhkəməsinin hakimi Tural Həsənovun verdiyi cavab məktubuna əlavə edilmiş 17 may 2021-ci il tarixli 2(033)- 46/2021 nömrəli qüvvədə olan qərardadından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X1, X5, X6 və X4 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin mülkiyyətə verilməsi və yə pulun qaytarılması tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X1 və X3 qarşılıqlı iddia üzrə Cavabdeh qarşı maddi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-470/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-470/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-93/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-93/2021
14.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver