Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-930/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi tələbinə dair Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, 29.01.2016-ci ildə qeydiyyat tarixli çıxarışla X4 mülkiyyətində olan fərdi yaşayış evinə onun və azyaşlı oğlu X2 istifadə hüququnun tanınması və köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2002-ci ilin oktyabr ayının 6-də ailə qurmaqla nikaha girmişlər. O, həmin günü Cavabdeh1 atası X1 olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə gəlin olaraq köçmüşdür. Həmin vaxt mərhum qayınatası ona heç bir müddət vermədən ona məxsus fərdi yaşayış evinə köçürülməyini və əşyalarını həmin mənzilə yerləşdirməyini istəmişdir. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar. X7 2009-cu ildə vəfat etmişdir. Onun üç uşağı həmin fərdi yaşayış evində doğulmuş, orada yaşamış və məktəbə getmişdir. Qayınatası vəfat etdiyi günədək onlar mehriban yaşamışlar. Qayınatasının vəfatından sonra isə 7 il həmin evdə yaşamışdır. Həmin mübahisələndirdiyi fərdi yaşayış evinə mülkiyyət sənədləri 29.01.2016-cı il tarixində alınmış, həmin fərdi yaşayış evinə aid torpaq sahəsi Cavabdeh2, X3, Cavabdeh3 mülkiyyətində olmuşdur. X6 2010-cu il tarixində vəfat etdiyindən, hazırda torpağın mülkiyyətçilləri Cavabdeh2 və Cavabdeh3dır ki, onlar da həmin evdə yaşamaqla, ata və analarına aid olan mirası qəbul etmişlər. Digər Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır. Cavabdehlərin ata və analarına aid olan mirasda yaşamaları həmin mirasın qəbul edilməsidir. O, hazırda da mərhum qayınatasının mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəyir. Mərhum qayınatasının əvvəl sahibliyində olan, ölümündən sonra mülkiyyətinə keçirilmiş qeyd olunan fərdi yaşayış evinə onun daimi qeydiyyatı olmaqla bərabər, mərhum qayınatasının istək və arzusu ilə ora köçərək cehiz əşyalarını bu əmlaka yerləşdirmişdir. Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan, o həmin evdə yaşaya bilmir. Ancaq mərhum qayınatası onu qeyd şərtsiz həmin fərdi yaşayış evinə gəlin olaraq köçürmüş, əşyaları, yəni cehiz əşyalarını bu evə yerləşdirmişdir. Bu günə kimi cehiz əşyaları mübahisələndirdiyi və qeydiyyatda olduğu fərdi yaşayış evindədir. Həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməyini istəyir. Yaşamağa başqa yeri yoxdur. Cavabdehlər evin rəsmi mülkiyyətçisi olmasalar da, həmin əmlaka gözlənilən mülkiyyət hüquqları mövcuddur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2002-ci ilin oktyabr ayının 6-də ailə qurmaqla nikaha girmişlər. O, həmin günü Cavabdeh1 atası X1 olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə gəlin olaraq köçmüşdür. Həmin vaxt mərhum qayınatası ona heç bir müddət vermədən ona məxsus fərdi yaşayış evinə köçürülməyini və əşyalarını həmin mənzilə yerləşdirməyini istəmişdir. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar. X7 2009-cu ildə vəfat etmişdir. Onun üç uşağı həmin fərdi yaşayış evində doğulmuş, orada yaşamış və məktəbə getmişdir. Qayınatası vəfat etdiyi günədək onlar mehriban yaşamışlar. Qayınatasının vəfatından sonra isə 7 il həmin evdə yaşamışdır. Həmin mübahisələndirdiyi fərdi yaşayış evinə mülkiyyət sənədləri 29.01.2016-cı il tarixində alınmış, həmin fərdi yaşayış evinə aid torpaq sahəsi Cavabdeh2, X3, Cavabdeh3 mülkiyyətində olmuşdur. X6 2010-cu il tarixində vəfat etdiyindən, hazırda torpağın mülkiyyətçilləri Cavabdeh2 və Cavabdeh3dır ki, onlar da həmin evdə yaşamaqla, ata və analarına aid olan mirası qəbul etmişlər. Digər Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır. Cavabdehlərin ata və analarına aid olan mirasda yaşamaları həmin mirasın qəbul edilməsidir. O, hazırda da mərhum qayınatasının mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəyir. Mərhum qayınatasının əvvəl sahibliyində olan, ölümündən sonra mülkiyyətinə keçirilmiş qeyd olunan fərdi yaşayış evinə onun daimi qeydiyyatı olmaqla bərabər, mərhum qayınatasının istək və arzusu ilə ora köçərək cehiz əşyalarını bu əmlaka yerləşdirmişdir. Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan, o həmin evdə yaşaya bilmir. Ancaq mərhum qayınatası onu qeyd şərtsiz həmin fərdi yaşayış evinə gəlin olaraq köçürmüş, əşyaları, yəni cehiz əşyalarını bu evə yerləşdirmişdir. Bu günə kimi cehiz əşyaları mübahisələndirdiyi və qeydiyyatda olduğu fərdi yaşayış evindədir. Odur ki, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərdən Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh1 ilə 2002-ci ilin oktyabr ayının 6-da ailə qurmaqla nikaha girmişlər. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar. Onun üç övladı həmin evdə doğulmuş, orda yaşamış və məktəbə getmişlər. Hal hazırda, üç övladından 2-si qarşı tərəfdə digəri isə yanında qalır. 2004-cü ildə qaynatası onu həmin evə qeydiyyata almışdır. X7 2008-ci ildə vəfat etmişdir. Bu günə kimi cehiz əşyaları mübahisələndirdiyi və qeydiyyatda olduğu fərdi yaşayış evindədir. 2017-ci ildən o, atasının evində, qardaşının yanında qalır. Qardaşının uşaqları böyüdükləri üçün o, həmin evdə artıq yaşaya bilmir. Həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməyini istəyir. Odur ki, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnaməsini ləğv edib, iddiamın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, İddiaçı ilə barışmaq məqsədi ilə Mingəçevir şəhərinə getmiş lakin iddiaçı ona şərtlər qoyduğundan barışmamışdır. İddiaçı uşaqlarıda onu sevmədiyindən həmin evə köçürülməyini istəmirlər. Odur ki, apellyasiya şikayətində qeyd edilən halları əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, İddiaçı uşaqları onun həmin evə küçürülməsini narazılıq edirlər .Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Mübahisəli evə dair tərtib olunmuş və 1989-cu ilin mart ayında təsdiq edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan” görünür ki, ev 2 otaqdan ibarətdir, ümumi sahəsi 82,4 m2 -dir; evin sahibi kimi Lətif Tağıyev qeyd edilmişdir. İş üzrə tərəflərin izahatlarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 12 oktyabr 2002-ci il tarixində nikahlarını dövlət qeydiyyatına aldırmışlar. Onların birgə nikahından Elnur, Emil və Elmir adlı uşaqları anadan olmuşdur. Yevlax rayonu Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 299116 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 06.03.2008-ci ildə ildə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin 19.04.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.02.2002-ci il tarixli nikah qeydi pozulmuşdur. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lətif Tağıyevin adına 29.01.2016-cı il tarixdə erilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, çıxarışın verilmə anına, mübahisəli mənzil, dövlət reyestrində xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lətif Tağıyevin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-in 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. MM-in 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 2002-cı ilin oktyabr ayında, yəni 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. MM-in 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı apellyasiya şikayətində evin mülkiyyətçisi olmuş mərhum qaynatasının onun evə köçürülməsinə razılığının olduğunu qeyd etsə də həmin halı sübut edəcək hər hansı sənəd təqdim etməmişdir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. MM-in 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında yuxarıda tədqiq edilmiş sübutların işığında müəyyən olunur ki, İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil mərhum Lətif Tağıyevin mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki həmin vaxt Lətif Tağıyevin mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, Lətif Tağıyev “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-930/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-930/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver