Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-930/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasi Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasi Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2nən, ailə üzvlərinin və qeyrilərinin əşyaları ilə birlikdə Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılması və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası’ təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər verilmiş mənzillərdə yaşamır, mənzilləri qeyri- qanuni dəyişir və ya zəbt edir. Belə ki, Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzil Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı kimi ayrılmış və orada çalışan işçilər tərəfindən xidməti iş otağı kimi istifadə edilmişdir. 2018-ci ildə Cavabdeh1 Qəbələ rayon Mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsində işlədiyi müddətdə 64 nömrəli xidməti mənzili qeyri-qanuni zəbt edib, ailə üzvləri ilə birlikdə həmin mənzili yaşayış sahəsi kimi istifadə edib yaşamağa başlamışlar. Komitə tərəfindən məcburi köçkün kimi Cavabdeh1 və ailə üzvilərinə həmin qəsəbədə olan bina 2-də verilmiş və 4 nömrəli 1 otaqlı mənzili isə qeyri qanuni olaraq Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı etmişlər. Sonradan Cavabdeh1 işində yol verdiyi nöqsanlara görə işindən azad edilmişdir. Sahə rəisi tərəfindən cavabdehlərə zəbt etdikləri 64 nömrəli xidməti mənzili könüllü təhvil verib Komitə tərəfindən onlara kirayə müqaviləsi əsasında verilmiş 4 nömrəli mənzilə köçmələri barədə dəfələrlə söhbət aparılıb xəbərdar edilmələrinə baxmayaraq, bu günə kimi nəticəsi olmamış, zəbt etdikləri ximəti mənzili təhvil verməmişlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 8 may 2023-cü il tarixli, 2(025)- 270/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri və əşyaları ilə birlikdə Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılmaları və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, cabadehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili tərk etmələri bildirilmiş, lakin cavabdehlər tərəfindən mənzil boşaldılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir. Mübahisəli mənzil Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzil Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı kimi ayrılmış və orada çalışan işçilər tərəfindən xidməti iş otağı kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ rayonu Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 saylı mənzilini zəbt etmişlər. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşın 2 saylı binanın 64 saylı mənzilini özbaşına zəbt etmişdir və hazırda həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri və əşyaları ilə birlikdə Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılmalı və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinin, Mənzil Məcəlləsinin 7.1, 8, 17, 91, 92, 98, 99, 103, 103.2.1-ci maddələri, «Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 86 nömrəli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 106.1, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(025)-270/2023 nömrəli qətnaməsi ilə razı deyil, hesab edir ki, qətnamə qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Əvvəllər, o və ailəsinin yaşadığı Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 4 nömrəli 1 otaqlı mənzil darısqal olduğundan, yaşamaq mümkün olmadığından həmin dövrdə rəhbərlik ilə razılaşdırılmaqla Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilə köçmüş, bina 2-də yerləşən 4 nömrəli 1 otaqlı mənzili isə Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı kimi müəyyən edilmişdir. Lakin rəsmiləşdirilmə işləri aparılmamışdır. Ona görə də o və ailəsi bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzildə qeyri-qanuni deyil, xx.xx.2015-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən razılaşdırılmış qaydada məskunlaşmışlar. Ona görə də hesab edir ki, məhkəmə qətnamə çıxararkən qeyd etdiyi faktiki halları nəzərə almamışdır. Ona görə də hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Göründüyü kimi, o, ailəli olduğundan və ailə üzvlərinin sayı 3 nəfərdən çox olduğu üçün ona yaşamaq üçün 3 otaqlı mənzil verilməli idi. O da bu vəziyyəti yuxarı əlaqədar təşkilata bildirdikdən sonra razılıq əsasında hazırkı mübahisəli mənzilə ailəsi ilə birlikdə köçərək yaşamışlar. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)- 270/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7.1-ci maddəsinə əssən, mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Həmin Məcəllənin 8-ci maddəsinə əssən Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. Həmin Məcəllənin 17-ci maddəsinə əssən Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir. Həmin Məcəllənin 91-ci maddəsinə əssən Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 92-ci maddəsinə əssən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98-ci maddəsinə əssən Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99-cu maddəsinə əssən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 103-cü maddəsinə əssən Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və dövlət mənzil fonduna münasibətdə həmin vətəndaşların kateqoriyaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə «Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli Fərmanı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə «Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli Fərmanı ilə müəyyən olunmuşdur ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir: 1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə; 1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına; 1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə; 1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cabadehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili tərk etmələri bildirilmiş, lakin cavabdehlər tərəfindən mənzil boşaldılmamışdır. Şikayətin dəlili ondan ibarətdir ki, o, ailəsi ilə birlikdə bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzildə qeyri-qanuni deyil, xx.xx.2015-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsinə əsasən razılaşdırılmış qaydada məskunlaşmışlar. Kollegiya şikayətin həmin dəlilini əsassız sayır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş 06 iyul 2015-ci il tarixli 4 saylı Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”-nin surətindən görünür ki, Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Cavabdeh1 Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2, mənzil 4 ünvanında yerləşən 1 otaqlı yaşayış evini aralarında razılaşdırılmış şərtlərə əsasən kirayə vermişdir. Göründüyü kimi Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Cavabdeh1 Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2, mənzil 4 ünvanında yerləşən 1 otaqlı yaşayış evi kirayəyə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli yaşayış evinə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzil Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı kimi ayrılmış və orada çalışan işçilər tərəfindən xidməti iş otağı kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ rayonu Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 saylı mənzilini zəbt etmişlər. Cavabdeh1 ailəli olduğundan və ailə üzvlərinin sayı 3 nəfərdən çox olduğu üçün ona yaşamaq üçün 3 otaqlı mənzil verilməli olması barədə şikayətin dəlillərini də kollegiya əsassız sayır. Belə ki, cavabdeh tərəf ümumi qaydada ailə üzvlərinin çoxluğu ilə bağlı Azərbaycan Respublikasi Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinə müraciət edərək 3 otaqlı mənzillə təmin edilməsini xahiş edə bilərdi. Hazırkı halda isə ailə üzvlərinin sayı 3 nəfərdən çox olduğu üçün qanunsuz olaraq heç bir icazə almadan, icarə müqaviləsi bağlamadan, eyni zamanda xidməti otaq kimi nəzərdə tutulmuş mənzili zəbt etmək yolverilməzdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-930/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-930/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver