Məhkəmə qərarları › İş №2(107)-933/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-933/2021

25.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-933/2021 25.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və Cavabdeh iştirakı ilə İddiaçı4,İddiaçı3,İddiaçı1,İddiaçı5 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında iddiasına, iddiaçı Cavabdehlər İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında qarşılıqlı iddiasına dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(014)-57/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağdaş rayonu, Qoşaqovaq kəndində qanunsuz zəbt etdiyi ümumi mülkiyyətlərində olan 4,80 ha torpaq sahəsinin 1,17 ha hissəsindən çıxarılması və torpaq sahəsinin onlara qaytarlması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Cavabdehlər İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək Ağdaş rayon AİK-nın 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında 10 mart 1999-cu il tarixdə 3377 sayı ilə qeydiyyata alınmış JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən qarşılıqlı iddia üzrə İddiaçı4, İddiaçı3 X4, İddiaçı1, İddiaçı5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində verilmiş 4.80 hektar torpaq sahəsinin 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(014)-57/2021 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 Cavabdeh və 3cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Ağdaş rayon AİK-in 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında 10 mart 1999-cu il tarixdə 3377 sayı ilə qeydiyyata alınmış JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına(kod ********) əsasən İddiaçı4,İddiaçı3,X4, İddiaçı1,İddiaçı5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Qoşaqovaq kənd ərazisində verilmiş 4,80 hektar torpaq sahəsinin 2,17 hektar hissəsinə dair İddiaçı4 və İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı barədə əqdin etibarlı hesab edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat İddiaçı4 və İddiaçı3 müştərək qaydada tutularaq Büdcə təsnifatının kodu, 142593. Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************. hesabına köçürülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İlk iddia tələbi onunla əsaslandırmışdır ki, 1998-ci ildə Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvləri İddiaçı3, X4, İddiaçı1, İddiaçı5 və İddiaçı2 yaşadığı Ağdaş rayonunun Qoşaqovaq kəndinin ərazisindən ümumilikdə 4.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2004-cü ildə həmin torpaq sahəsinin 2.17 ha hissəsini Cavabdeh istifadə etmək üçün vermişlər. Bu minvalla cavabdeh onlara məxsus torpaq sahəsini 16 ildir ki, istifadə edir. Hazırda torpaq sahəsini geri istəyirlər, lakin cavabdeh qaytarmaq istəmir. Dəfələrlə ona bu barədə xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh ona istifadə etmək üçün verdiyi torpaq sahəsinin cəmi 1 ha hissəsini geri qaytarmışdır, qalan hissəsini isə geri qaytarmaq istəmir. Qarşılqlı iddia onunla əsaslandırılmışdır ki, Ağdaş rayon AİK-nın 14 avqust 1998- ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında 10 mart 1999-cu il tarixdə 3377 sayı ilə qeydiyyata alınmış JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən qarşılıqlı iddia üzrə İddiaçı4, İddiaçı3, X4, İddiaçı1, İddiaçı5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Qoşaqovaq kəndi 2.17 hektar və 2.62 hektar olmaqla iki müxtəlif ərazidən ümumilikdə 4.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçiləri ilə 14 sentyabr 2004-cü ilin yanvar ayında aralarında olan qarşılıqlı razılaşma əsasında cavabdehlərə məxsus 4.80 hektar torpaq sahəsinin 2.17 hektarını alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni köhnə azərbaycan manatı ilə 1 milyon altı yüz min manat dəyərində bir baş yanı balalı inək malına əvəz (haqq) ödəməklə onlardan almışdır. Bu barədə Ağdaş RİHB-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəbrayıl Həşimovun, cavabdehlər İddiaçı4, İddiaçı3 onun və arvadı X1 iştirakı ilə akt tərtib olunmuş və tərəfindən imzalanaraq nümayəndəliyin möhrü ilə təsdiq olunmuşdur. Digər cavabdehlər azyaşlı olduqlarına görə onlar aktın tərtib olunmasında iştirak etməmişlər. Bundan sonra cavabdehlər torpağa mülkiyyət hüququna dair dövlət aktını və həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona tanıdaraq təhvil vermişlər. Həmin vaxtdan o, faktiki olaraq cavabdehlərdən aldığı həmin torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Qarşılıqlı iddia üzrə cavabdehlər yaxın vaxtlarda alqı-satqını rəsmiləşdirmək üçün sənədlərini qaydaya saldıqdan sonra Notariat ofisinə gələcəklərini bildirmişlər. Torpaq mülkiyyətçilərindən X4 vəfat etdiyinə görə ondan miras qalmış torpaq hissəsinə vərəsəliyin açılması ilə və həmin 2.17 hektar torpaq sahəsini ona satmaları ilə əlaqədar cavabdeh İddiaçı4 Ağdaş RİHB Aparatının hüquq şöbəsindən (Qəyyumluq və himayəçilik orqanı) azyaşlı uşaqları olan 12 avqust 1991-ci il təvəllüdlü İddiaçı1, xx xxxxxxxx 1992-ci il təvəllüdlü İddiaçı5, xx xxxx 1994-cü il təvəllüdlü İddiaçı2 və digər üç nəfər övladlarına 10 mart 1999-cu il tarixli JN-271 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair tövlət aktı əsasında verilmiş torpaq paylarının satılmasına etiraz etməmələri barədə 234 nömrəli 21 dekabr 2005-ci il tarixli məktubunu da almışdır. Lakin ona məlum olmayan səbəblərdən cavabdehlər ailə münasibətləri ilə bağlı vərəsəlik işini həll etmədilər və torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməkdən dolayısı ilə yayınmağa başladılar. Qarşılıqlı iddia üzrə cavabdehlərə dəfələrlə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməyi təklif etsə də, onlar dolayısı ilə notariat kantoruna gəlməkdən boyun qaçırdıqları üçün aralarında olan alqısatqını notariat kontorunda rəsmiləşdirmək mümkün olmamışdır.Torpaq sahəsinin alqısatqısı ilə əlaqədar qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında yaranmış mübahisəli hüquq münasibətləri 2005-ci ildən əvvəl yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Göründüyü kimi mən vicdanlı alıcı kimi torpaq sahəsini razılaşmaya uyğun olaraq haqqını ödəməklə notariat qaydasında tələb olunan əqdi tamamilə icra etsə də, qarşılıqlı iddia üzrə cavabdehlər bu gün də aralarında olan alqısatqını notariat qaydada təsdiqlənməsindən qəsdən boyun qaçırmaqla ona qarşı məlum iddia tələbi ilə məhkəməyə müraciət edərək onu həmin torpaq sahəsindən çıxarmaq istəyirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutları düzgün və ədalətli qiymətləndirməmişdir. Qətnamədə iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə digər sübutlarla əlaqəli şəkildə qiymət verilməmişdir. 14 sentyabr 2004-cü il tarixli akt ilk iddiaçılar tərəfindən imzalanması mötəbər sübutlarla təsdiq edilmir. Belə bir akt imzalanmamışdır. Ağdaş rayon İcra Hakimiyyətinin 21 dekabr 2005-ci il tarixli məktubunun alınması üçün ilk iddiaçıların Ağdaş rayon İcra Hakimiyyətinə müraciət ərizəsi olmamışdır. Bu barədə məhkəmə tərəfindən təmin ediləmiş vəsatət də olmuşdur. Məhkmə qətnaməsini əsaslandırarkən istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Ağdaş rayon məhkəməsinin 2(014)-57/2021 saylı, 15.02.2021 -ci il tarixli qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o mübahisəli torpaq sahəsini cavabdehə 10 il müddətinə icarəyə vermişdir. Lakin cavabdeh həmin müddət bitməsinə baxmayaraq torpaq sahəsindən çıxmaq istəmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehə 10 il müddətinə icarəyə verməsinə baxmayaraq, bugünə kimi cavabdeh həmin torpaq sahəsindən çıxmamış, əkibbecərməkdə davam edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. Həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilən vaxt o və bacıları azyaşlı olmuş, bununla bağlı İH-nin Qəyyumluq və Himayəçilik orqanının razılığı alınmamışdır. O, bir mülkiyyətçi kimi torpağını tələb edir. Birinci instansiya məhkəməsi isə bütün bunları araşdırmadan qeyri-obyektiv qətnamə qəbul etmişdir. Odur ki, birinci məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o həmin torpaq sahəsini 2004-cü il tarixdə iddiaçılardan almış, əvəzində də bir inək vermişdir. Bu barədə “AKT” da tərtib olunub. Lakin son vaxtlar iddiaçılar həmin torpaqdan istifadəyə maneçilk törədir və torpağı onun əlindən almaq istəyirlər. Hansıki bu müddət ərzində həmin torpağa aqrotexniki qulluq üçün xeyli məbləğdə xərc çəkib. Odur ki, birinci instansiya məhkənməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnmamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən; Torpağa mülkiyyət hüququna dair JN 271, KOD 90310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu,Qoşaqovaq kəndində yerləşən 4,80 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı4,İddiaçı3,X4,İddiaçı1,İddiaçı5 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. Ağdaş rayonu,İHB-in Qoşaqovaq kənd İƏD üzrə nümayəndəsi Cəbrail Həşimovun,İddiaçı4, İddiaçı3,Cavabdeh və X1 iştirakı ilə tərtib olunmuş 14 sentyabr 2004-cü il tarixli aktdan görünür ki, Qoşaqovaq kənd sakini İddiaçı4 məxsus 4,80 ha pay torpaq sahəsinin 2,20 hektar torpaq sahəsini Qoşaqovaq kənd sakini Cavabdeh ******* manat dəyərində bir baş ana inək və yanında körpə balası olan heyvanlarla dəyişmişdir.Torpaq sahəsini İddiaçı4 Cavabdeh birdəfəlik olaraq ömrlük satmışdır.Tərəflər arasında heç bir anlaşılmazlıq və narazılıq yoxdur. İddiaçı4 Cavabdeh satmış olduğu 2,20 ha torpaq sahəsinin notariat qaydasında Cavabdeh adına keçənədək etibarlıdır. Ağdaş rayon İcra Hakimiyyətinin 21 dekabr 2005-ci il tarixli İddiaçı4 ünvanladığı məktubdan görünür ki, İddiaçı4 azyaşlı uşaqları olan 12 avqust 1991-ci il təvəllüdlü İddiaçı1, xx xxxxxxxx 1992ci il təvəllüdlü İddiaçı5, xx xxxx 1994-cü il təvəllüdlü İddiaçı2 və digər üç nəfər övladlarına 10 mart 1999-cu il tarixli JN-271 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş torpaq paylarının satılmasına etiraz etmirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin X2 ünvanladığı 31 avqust 2020-ci il tarixli məktubdan görünür ki, JN-271 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı4,İddiaçı3,X4,İddiaçı1,İddiaçı5 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş 2,1745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqədar notariat kontorunda özgəninkiləşdirilmə əməliyyatı aparılması üçün F-1 arayışı verilmişdir. Həmin torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə ərazi idarəsində məlumat yoxdur. 11 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş mülk işin 42-ci vərəqində olan 14 sentyabr 2004-cu il tarixli 01 nömrəli aktda “Qarayev V” soyadı önündəki imzanın-İddiaçı4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 2. Ekspertizaya təqdim edilmiş mülk işin 42-ci vərəqində olan 14 sentyabr 2004-cu il tarixli 01 nömrəli aktda “Qarayev X” soyadı önündəki imzanın-İddiaçı3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3.Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “2(014)-1450/2020 saylı mülki işə əlavə edilmiş olan 14 sentyabr 2004-cü il tarixli aktın tərtibat tarixi 2004-cü ilə uyğun ola bilərmi” sualı üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə kollegiyası nəzərə alır ki, qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci maddəsinə (halbuki bu maddə 24.06.2005-ci il tarixli qanunla çıxarılmışdır) istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehlər (ilkin iddiaçı) tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair “aktı” (i/m səh.42) alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdehla qarşılıqlı iddia üzrə cavabdehlərdən (o cümlədən digər cavabdehlərin valideynləri) İddiaçı4 və İddiaçı2 tərəfindən imzalanmış “AKT” daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş materiallrında olan JN-271 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktıın surətindən görünür ki, tərəflər arasındakı mübahisəli torpaq sahəsi yalnız V. Qarayev və İddiaçı2 deyil ümumi birgə mülkiyyət hüququ əsasında 5 nəfərə (İddiaçı4, İddiaçı2, Ə.Qarayevə, İddiaçı1 və İddiaçı2) məxsusdur. AKT-da isə mülkiyyətçilərdən yalnız V. Qarayev və İddiaçı2 imza etmişdir. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır….Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddiаçıların аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsaslıdır. Birincisi оnа görə ki, qarşılıqlı tələb üzrə iddiаçı Cavabdeh аlqı-sаtqı müqаviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsini cаvаbdeh tərəfin təqsiri ucbatından baş verməsini sübut edə bilməmiş, bunu yalnız həmin dövrdə torpağın sənədlərinin qaydasında olmaması ilə əlaqələndirmişdir. İkincisi əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı оlduğu hаldа qarşılıqlı iddiаçı (cavabdeh) nоtаriаl qаydаdа təsdiq оlunmаsа dа tərəflərin irаdə ifаdəsini əks etdirən, əslində hər ikisinin rаzılığа gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəfin imzаlаmаlı оlduğu yаzılı müqаviləni deyil, yаlnız İddiaçı4 və İddiaçı2 tərəfindən əlyаzmа üsülü ilə yаzıldığını bildirən “akt”ı (izahatı) sübut kimi təqdim etmişdir ki, bunu dа əqd hesаb etmək оlmаz. Üçüncüsü, qanuna riаyət edilmədən mübahisəli torpaq sahəsinin cavabdehə (qarşılqlılı iddiaçıya) verilməsi sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququnun yаrаnmаsı üçün əsаs оlа bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranа bilər. Cavabdeh torpaq sahəsinə qanunun tələblərinə əməl olunmadan fаktiki sahibliyinin yaranmаsı isə özü-özlüyündə hаzırki iddiаnın təmin оlunmаsı üçün əsas deyil. Dördüncüsü, həm tərəflərin izahatından, həm də iş materiallarından müəyyən edilir ki, ümumiyyətlə sözügedən 14.09.2004-cü il tarixli “akt” barədə razılığa gəlinərkən və imzalanarkən mülkiyyətçilərdən Əzizxan, Süleyman, Sevinc və Xatirə Qarayevlərin mövqeləri nəzərə alınmamışdır. Hansıki, həmin vaxt mülkiyyətçilərdən Əzizxan Qarayev 1999-cu ildə ölmüş (i/m. səh. 10), digər mülkiyyətçilər (qarşılqılı iddia üzrə cavabdehlər) Süleyman, Sevinc və Xatirə Qarayevlər isə yetkinlik yaşına çatmamışlar (i/m. səh. 5-7). Kollegiya mübahisənin bu halı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mərhum Ə. Qarayevaya münasibətdə qanunvericiliyin vərəsəlik hüquq münasibətindən, digərlərinə münasibətdə isə yetkinlik yaşına çatmayanlarla bağlı əqdin bağlanmasının prosedur qaydalarına (Mülki Məcəllənin 36-cı maddəsi) riayət olunmalı idi. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi mövqeyi ilə də razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Mülki Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, ilk iddiaçılar apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir cavabdehin istifadə etdiyini bildirməklə, öz mülkiyyət hüquqlarının müdfiəsini tələb edirlər. İş materiallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan mülkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir və onunla razılaşmır. Çünki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(014)-57/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edillməklə, ilk iddia tələbi təmin edilsin. Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 4,80 ha torpaq sahəsinin 1,17 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçılara qaytarılsın. İddiaçı Cavabdehlər İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 qarşı “əqdin etibarlı hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar