Məhkəmə qərarları › İş №2(107)-94/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-94/2022

07.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-94/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma, həmin torpaq sahəsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən DƏDRX-in verdiyi RX seriyalı ******* və ******* saylı Çıxarışlarda qeyd olunmuş 0.2202 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0,3684 ha torpaq sahəsi və 0.2202 ha həyətyanı sahəsi olan fərdi yaşayış evi vardır. Həmin əmlaklar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq Dövlət reyestrindən Çıxarışlar verilmişdir. Hazırda cavabdeh həmin torpaq sahələrini və fərdi yaşayış evini qanunsuz olaraq zəbt etmiş və onun mülkiyyətindən sərbəst istifadə etməyə qoymur. O, cavabdehdən ona məxsus torpaq sahələrindən və fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(033)-8/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan və 27 noyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** Dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahələri və fərdi yaşayış evinə köçürülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq Az.MEM, VÖİN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda mübahisə predmeti torpaq sahələri və fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahələri və fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahələri və fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahələri və fərdi yaşayış evində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahələri və fərdi yaşayış evi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Mülkiyyət hüququnun ehtiva etdiyi bu üç komponent məcmu halında müstəsna dərəcədə mülkiyyətçiyə aid olan dəyərlərdir və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, o cümlədən MM-in 157-ci maddəsi bu komponentlərdən hər-hansı birinin kənar şəxslər tərəfindən pozulmasını qadağan edir və bütövlükdə mülkiyyət hüququnun dövlət tərəfindən qorunduğunu ən yüksək səviyyədə bəyan edir. Hazırki mübahisənin mahiyyətindən isə görünür ki, iddiaçının torpaq sahələri və fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, o həmin torpaq sahələri və fərdi yaşayış evinə sahiblikdən məhrum edilmişdir. Bu işdə də iddiaçı həmin maddənin verdiyi hüquqdan istifadə edərək öz əmlakının qaytarılmasını cavabdehdən tələb edir və onun bu tələbi əsaslıdır. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarına belə müdaxiləni İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslı hesab etmək mümkün deyildir. Belə ki, 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş normalara görə mülkiyyət hüququna müdaxilə aşağıdakı üç halın mövcudluğu şərti ilə əsaslı sayıla bilər: -müdaxilə qanuni olmalıdır; -müdaxilə ictimai maraqlar naminə edilməlidir; -müdaxilə ictimai maraqlarla, mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında ədalətli tarazlıq yaratmalıdır. Birinci şərtlə bağlı qeyd olunmalıdır ki, artıq bəhs edildiyi kimi mülkiyyət hüquqlarına hazırki işdə olduğu kimi müdaxiləni qanun yolverilməz hesab edir. İkinci və üçüncü şərtlərlə bağlı isə qeyd edilməlidir ki, konkret fərdin müstəsna dərəcədə öz maraqları naminə başqasının mülkiyyət hüququna müdaxiləsinin ictimai maraqlarla heç bir əlaqəsi ola bilməz və bu səbəbdən də belə müdaxilə zamanı ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıqdan danışmaq belə mümkün deyil. Avropa Məhkəməsi «İatridis Yunanıstana qarşı» iş üzrə 1999-cu ildə qəbul etdiyi qərarda göstərdi ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın» Göstərilən presedentin mahiyyəti onu deməyə əsas verir ki, cavabdehin iddiaçının mülkiyyət hüququna müdaxiləsi ilə ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıq mülkiyyətçinin maraqlarının ziyanına pozulmuşdur. Ona görə də məhkəmə şərh olunanların yekunu kimi belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan və 27 noyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** Dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalı, iddiaçı həmin torpaq sahələri və fərdi yaşayış evinə köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini, «İatridis Yunanıstana qarşı» iş üzrə 1999-cu ildə qəbul etdiyi Avropa Məhkəməsinin qərarı, «İnsan hüquqları Bəyannaməsi»nin 18-ci maddəsi, İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 saylı qərardadı ilə iddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.2202 ha həyətyanı torpaq sahəsindən, həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0.3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair hazırki iş üzrə icraat Zaqatala Rayon Məhkəməsində Cavabdeh iddiası üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Göründüyü kimi işə baxan hakim Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsində onun Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qətnaməsi çıxarılmadan, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan iddiaçı X3 ona qarşı torpaq sahəsindən və evdən çıxarılma, həmin torpaq sahəsi və evə köçürülməsinə dair iddia tələbinə baxaraq qətnamə çıxarmışdır. Bundan başqa məhkəmə prosesi ona məlumat verilmədən keçirilmişdir. Məhkəmə baxışı iclasının təyin olunma vaxtından xəbərsiz olmuşdur. Məhkəmə iclasının təyin olunması barədə ona məhkəmədən bildiriş göndərilməyib. Əgər belə olsaydı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 saylı qərardadının mahiyyətini məhkəmədən soruşardı. Bununla da işə baxan hakim prosessual hüquq normalarının tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(0331-389/2021 saylı qərardadı ilə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmişdir. Həmin mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərkən 16 fevral 1982-ci il tarixli vəsiyyətnamədə olan vəsiyyətçi sözündən sonra “Musayev Y" sözlərinin qarşısındakı imzanın Zaqatala Rayon Dövlət Arxivində saxlanılan təsərrüfatbaşına kitablarında babası X4 şəxsən özü tərəfindən imzalanmış sənədlərdə olan imzalarla fərqli olduğunu görmüşdür. Ona görə də məhkəmənin 16 fevral 1982-ci il tarixli vəsiyyətnamənin etibarlı olub-olmadığını müəyyən etmədən İddiaçı və mərhum əri X2 ləyaqətli vərəsə olmaları şübhəlidir. Torpaq islahatı haqqında qanuna əsasən isə 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpaq payı vətəndaşlara həmin ünvandan verilməli idi. İslahatdan əvvəl babası X6 1987-ci ildə vəfat etdiyinə görə torpaq sahəsi babasının adına işlənə bilməzdi. Ona görə ki, həmin dövrdə torpaq sahələri Dövlətin müstəsna mülkiyyəti olmuşdur. Həmin yurdda o yaşamışam, babasının yanında o olmuşdur. Hələ babası sağlığında 60-cı ildə X5 şəhərdə mənzil alaraq öz ata payını ona vermişdir. Mübahisəli daşınmaz əmlaklara dair adına xx.xx.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilsə də iddiaçı saxta yolla miras əmlakları ələ keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin 24 may 2021ci il tarixli 2(033)-8/2021 saylı qətnaməsini ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-8/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(033)-8/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti torpaq sahələri və fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahələri və fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahələri və fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahələri və fərdi yaşayış evində mülkiyyət hüququ cavabdeh (iddiaçının ərinin qardaşı oğlu) Cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahələri və fərdi yaşayış evi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. İlk dəlil ondan ibarətdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı olmamışdır. Kollegiya şikayətin həmin dəlilini əsassız sayır. Belə ki, iş materiallarının 140-cı səhifəsində olan xəbərnamədən görünür ki, apellyator məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Ona görə də şikayət bu hissədə əsassızdır. Apellyatorun ikinci dəlili Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)- 8/2021 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsində onun Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qətnaməsi çıxarılmadan, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan iddiaçı X3 ona qarşı torpaq sahəsindən və evdən çıxarılma, həmin torpaq sahəsi və evə köçürülməsinə dair iddia tələbinə baxaraq qətnamə çıxarmışdır. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır. Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, mübahisəli daşınmaz əmlaklara dair qeydiyyat vəsiqəsi verilsə də iddiaçı saxta yolla miras əmlakları ələ keçirmişdir. Kollegiya şikayətin həmin dəlilini də əsassız sayır. Belə ki, şikayətin bu dəlili yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təkzib olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi şikayətin dəlilləri iş materialları ilə təkzib edilir. Ona görə şikayətin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar