Məhkəmə qərarları › İş №2(107)-950/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-950/2023

03.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-950/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair mülki işi üzrə Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Zərdab Rayon Məhkəməsinin 2(035)-685/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı X2(iddiaçının mərhum anası) Cavabdeh1(hazırki iş üzrə cavabdeh) qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 X3 məxsus olan Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin evdən çıxarılması qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-174/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı X2(iddiaçının mərhum anası) Cavabdeh2(hazırki iş üzrə cavabdeh) qarşı “azyaşlı uşaqları ilə birlikdə evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 azyaşlı uşaqları- Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə X3 məxsus olan Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi və cavabdehin uşaqları ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, xx.xx.2008-ci ildə vəfat etmiş X4 və xx.xx.2020-ci ildə vəfat etmiş X1 miras qalmış Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən fərdi yaşayış evinin, 0,25 ha torpaq sahəsinin ərizəçi İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,8 kv.m fərdi yaşayış evi iddiaçının adına xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Lakin cavabdehlər həmin evdə yaşayırlar. Dəfələrlə cavabdehlərdən həmin evdən çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(035)-214/2023 nömrəli iş üzrə qəbul etdiyi 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Həsənquliyev) iddia tələbi təmin edilmiş, cavabdehlərin iddiaçıya məxsus Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisələndirilən yaşayış evinin mülkiyyətçisi olduğundan hazırki iddia tələbinin həm qanuni, həm də faktiki əsası olduğundan iddia təmin edilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 78.1, 106.1, 184.2, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Sözügedən evdə mən və ailəm uzun illərdir yaşayırıq. X7 ölənədək anama mən və mənim ailəm qulluq etmiş, vəfat etdikdən sonra isə anamın dəfn və sair işlərinə mən baxmışam.İddiaçı uzun müddət Rusiya federasiyasında yaşadığı üçün sözügedən evdə yaşamamış və həmin miraslarla bağlı konkret olaraq hər hansı iş görməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh1 izahatında yaşamağa başqa yeri olmadığını bildirərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (3cü bənd) Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (2-ci bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı “Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,8 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Cavabdeh apellyasiya şikayətində bu rəsmiləşdirmənin düzgün aparılmadığını, fərdi yaşayış evinin faktiki ona məxsus olduğunu, başqa yaşayış yerinin olmadığını bildirsə də, bu dəlilləri təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,8 kv.m fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış hazırda da qüvvədədir. Mülki qanunvericiliiyin mənasına görə də, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göründüyü kimi, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,8 kv.m fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və cavabdehlərin həmin evə dair hər hansı hüquqları yoxdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar