Məhkəmə qərarları › İş №2(107)-951/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-951/2023

10.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-951/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilə köçürülmə, maneənin aradan qaldırılması) X5 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-903/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №li evin 44 №li mənzilinə köçürülməsi və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzili 1/3 hissədə iddiaçıya məxsusdur. Mənzil iddaçı ilə cavabdehin birgə nikah dövründə əldə olunmuş və payları müəyyən olunmuşdur. Hazırda mənzilə iddiaçının mülkiyyət hüquqları olsa da həmin mənzildən istifadə edə bilmir. İddiaçının mənzilə köçməyində və həmin mənzilə münasibətdə cavabdeh tərəfindən maneələr var və qətnamə olmadan mənzilə köçürülməyi mümkün deyil. İddiaçı cavabdehlə əvvəllər ailəli olsa da aralarında olan münasibətlər pozulmuş və onlar ayrılmışlar. Həmin mənzil tərəflər arasında paylara ayrılmış və hər ikisi paylı mülkiyyətçidirlər. İddiaçının hazırda yaşamaq üçün başqa yaşayış yeri yoxdur və mülkiyyətində olan mənzilində yaşamaq istəyir. Lakin cavabdeh tərəfindən iddiaçıya maneələr yaradılır və mənzilə köçə bilmir. Ona görə iddiaçının paylı mülkiyyətində olduğu Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzilinə köçürülməsi və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür.

5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-903/2023 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzilinə köçürülməsi, köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Mingəçevir şəhər M.Maqomayev prospekti, 81 №-li evin 44 №-li mənzili paylı mülkiyyətdə olmaqla 1/3 hissə iddiaçının 2/3 hissə cavabdehin mülkiyyətindədir. Lakin cavabdeh iddiaçıya paylı mülkiyyətdə olan həmin mənzilə köçüb yaşamağa imkan vermir. Ona görə də iddiaçı paylı mülkiyyətdə olan mübahisəli mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sadalanan normalara əsasən və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır, ona görə də iddia təmin olunmalı, paylı mülkiyyətdə olan Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzilinə köçürülməli, köçürülmə ilə bağlı maneələr aradan qaldırılmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.3, 215.1-ci maddələri, “İnsan Hüquqlarının və Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 214.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı həmin əmlakı bütöv şəkildə girov qoyaraq bankdan 35000 manat kredit götürmüş və hazırki müddətə qədər həmin vəsaiti qaytarmamışdır, Halbuki, həmin vaxt həmin əmlakın 2/3 hissəsinin ona məxsus olmasını bilmişdir. Hazırda həmin əmlak payı, yəni istinad etdiyi 1/3 hissədə olan əmlak payı bankda girovdadır. O, həm bankla həm də onunla mübahisə etmək istəmir. İddiaçının həmin əmlak payı bankda girovda olduğundan iddia tələbi əsassızdır. Məhkəməyə təqdim edilmiş Çıxarışdan da görünür ki, həmin mənzilin 1/3 hissədə İddiaçı aid hissəsi bankda yüklüdür. Hesab edir ki, məhkəmə sübutları tam araşdırmamışdır. Məhkəmə ancaq formal mülahizə yürüdərək iddianı təmin etmişdir. Halbuki, işdəki sənədləri çəkişmə prinsipinə əsasən təhlil etməklə qiymətləndirmək məhkəmənin vəzifəsidir. Birgə yaranmış borcların bölünməməsi onun mülkiyyət hüquqlarını pozur.

11. Odur ki, Mingəçevir şəhər məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(051)- 903/2023 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər və onların vəkilləri səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-903/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

17. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(051)-903/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini mübahisə ilə bağlı işin faktiki halları ilə birlikdə araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti, 81 №-li evin 44 №-li mənzili daşınmaz əmlakın dövlət reyestrindən 08 fevral 2018-ci il tarixdə verilən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olmaqla 1/3 hissə iddiaçının 2/3 hissə cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı X4 cavabdeh İddiaçı qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən mənzilin hərraca çıxarılaraq satılması və satış məbləğinin paylarına uyğun bölünməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-80/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 2/3 hissəsi X2, 1/3 hissəsi İddiaçı paylı mülkiyyətində olan, həmçinin İddiaçı 1/3 hissəsi “Bank Respublika" ASC-nin Bərdə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 81 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 103.19 kv.m ümumi sahədən ibarət 44 nömrəli mənzilin ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat məbləğində müəyyən edilməsi, açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin 2/3 hissəsinin X3 ödənilməsi, vəsaitin qalan 1/3- hissəsi İddiaçı adına depozitə qoyulmaqla, girov kimi “BankRespublika’: ASC-nin xeyrinə yüklü edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi 29 avqust 2022-ci il tarixdən qanuni qüvvəsini almışdır.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamaqla iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir.

23. Belə ki, məhkəmə kollegiyasının sorğusu ilə əldə edilərək mülki iş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(051)-80/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən mənzilin hərraca çıxarılaraq satılması və satış məbləğinin paylarına uyğun bölünməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-80/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********84-05101-093008 nömrəli reyestrdə ********** nömrə ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli X1 haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın əsasında 2/3 hissəsi X2, 1/3 hissəsi İddiaçı paylı mülkiyyətində olan, həmçinin İddiaçı 1/3 hissəsi “Bank Respublika" ASC-nin Bərdə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 81 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 103.19 kv.m ümumi sahədən ibarət 44 nömrəli mənzilin ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat məbləğində müəyyən edilməsi, açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin 2/3 hissəsinin X3 ödənilməsi, vəsaitin qalan 1/3- hissəsi İddiaçı adına depozitə qoyulmaqla, girov kimi “BankRespublika’: ASC-nin xeyrinə yüklü edilməsi qət edilmişdir. Beləliklə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən və birinci instansiya məhkəməsi onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edərkən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(051)-80/2022 nömrəli qətnaməsi qüvvədə olmuşdur.

24. Bundan sonra məhkəmə kollegiyasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğusu əsasında əldə edilib, mülki iş materiaqllarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 24 iyun 2023-cü il tarixli müqavilə, hərracın yekunları barədə 24 iyun 2023-cü il tarixli, 102 nömrəli protokol və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 14 iyul 2023-cü il qeydiyyat tarixli, ********** qeyydiyyat nömrəli çıxarışa əsasən müəyyən edilir ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 81 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 103.19 kv.m ümumi sahədən ibarət 44 nömrəli mənzil Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-80/2022 nömrəli qətnaməsinin icrası üzrə açıq hərracda 57000 manata satılmış, həmin mənzil tam mülkiyyət hüququ üzrə alıcı X2 adına daşınmaz əmlakın dövlət reyestrində X2 adına rəsmi qeydə alınmışdır.

25. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №li evin 44 №li mənzilinə köçürülməsi və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etməkdə haqlı deyildir. Belə ki, iddiaçının iddia tələbində köçürülməsini tələb etdiyi Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №li evin 44 №li mənzili Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-80/2022 nömrəli qətnaməsinə əsasən hərraca çıxarılmış, həmin mənzil hərracda X4 tərəfindən alınmış, bununla da hazırkı iş üzrə İddiaçı mübahisəli mənzilə olan 1/3 hissədə mülkiyyət hüququna xitam verilmişdir. Əmlakın satılması ilə iddiaçının mübahisəli mənzilə paylı mülkiyyət hüququna xitam verildiyindən, onun mübahisəli mənzilə köçürülməsi, cavabdeh tərəfindən həmin mənzilə köçürülməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılmasına dair iddia tələbi əsassızdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

27. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-903/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.

28. İddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-903/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar