Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-951/2025 24.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi barədə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(035)-254/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət X5 direktoru tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli № 3-22-3-63/3-1- 38/2024 nömrəli əmrin ləğv olunaraq əvvəlki iş yeri və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(035)-254/2025 nömrəli qətnaməsi (hakim: İ.Həsənquliyev) ilə, iddia tələbi təmin edilərək, Cavabdeh direktoru Nazim Hüseynov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli № 3-22-3-63/3-1- 38/2024 nömrəli əmrin ləğv olunması, İddiaçı Cavabdeh Maliyyə-təsərrüfat sektorunun baş mütəxəssiz sürücüsü vəzifəsinə bərpa olunması və Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödəniməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, dövlət qulluqçusu vəzifəsində işləmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kоllegiyаsı işdə olan sənədlərə məcmu halında hüquqi qiymət verərək hesаb edir ki, Zərdab Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(035)-254/2025 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiyası məhkəməsi yuxarıda qeyd edilən tələb üzrə icraata xitam verilməli olduğu halda işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası baxılan iş üzrə qəbul ediləcək qərardadın məhkəməyə müraciət etmə hüququ ilə bağlılığını nəzərə alıb, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Kollegiya bildirir ki, bu cür prosessual şərtlərdən bəziləri Mülki Prosessual Məcəllənin 261-ci maddəsində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. İş materisllarına əlavə edilmiş İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə baş-mütəxəssis-sürücü vəzifəsinə təyin edilmiş və ona dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmişdir. Həmin əmək kitabçasından daha sonra görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə dövlət qulluğunun 3-cü dərəcə referent ixtisas dərəcəsi verilmişdir. Eyni zamanda, İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə cavabdeh Zərdab DAİM arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdehndə baş-mütəxəssis-sürücü vəzifəsində (yardımçı dövlət qulluğu vəzifəsi) işləmiş və ona dövlət qulluğunun 3-cü dərəcə referent ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 8.1-ci maddəsində isə qeyd edilmişdir ki, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildi. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, MPM-nin müvafiq olaraq 387.2.8-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmamasının yoxlanılması apelyasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, izah edilsin ki, iddiaçı yuxarıda qeyd edilmiş tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 261, 263-264, 361-364, 400, 402, 403, 405 və 406-cı maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(035)-254/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiaçı yuxarıda qeyd edilmiş tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-951/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-951/2025
24.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver