Məhkəmə qərarları › İş №2(107)-952/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-952/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-952/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması tələbinə dair mülki iş üzrə (əmlakın ümumi-birgə mülkiyyət hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X8 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3 və iddiaçılar İddiaçı4 və İddiaçı5 nümayəndəsi Nümayəndə2, Cavabdeh vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» almışlar. İddiaçı3 ilə Cavabdeh 14 avqust 2012-ci il tarixdə birgə nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından 02 iyun 2013-cü ildə Günay adlı uşaqları anadan olmuşdur. Lakin onların münasibətləri son vaxtlar pozulduğundan İddiaçı3 nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Göründüyü kimi İddiaçı3 ilə Cavabdeh arasında nikahın pozulması rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq Cavabdeh onların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində yerləşən onların ümumi vəsaitləri hesabına tikilmiş fərdi yaşayış evini tərk etməyərək mülkiyyət hüquqlarını kəskin şəkildə pozur. Bununla bağlı Cavabdeh və onun atası Nümayəndə1 şifahi şəkildə dəfələrlə müraciət etməklərinə baxmayaraq, müraciətləri nəticəsiz qalmışdır. Belə ki, Cavabdeh onların mülkiyyətlərində olan torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış evini qanunsuz və əsassız olaraq tərk etmir. Ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikaha daxil olmamışdan əvvəl tikilmişdir. Bu İddiaçı3 və Cavabdeh toyları zamanı çəkilmiş Video görüntülərlə də sübuta yetirilir. (CD disk iddia ərizəsinə əlavə olunur.) Həmin görüntülərdən göründüyü kimi Tural və Şəhrəbanı birgə nikaha daxil olmamışdan əvvəl hazırki mübahisəli fərdi yaşayış evi mövcud olmuşdur və Cavabdeh həmin evə gəlin köçmüşdür. Yəni sözügedən fərdi yaşayış evi Tural və Şəhrəbanının birgə nikahlarındən əvvəl tikilmişdir. Belə ki, ailə üzvləri ümumi vəsaitləri hesabına həmin fərdi yaşayış evini tikərək bir müddət yaşamaq üçün Tural və Şəhrəbanıya vermişlər. Nəticədə Cavabdeh həmin evə mülkiyyət hüququ əldə etməmişdir. Həmin fərdi yaşayış evi ailənin ümumi vəsaiti hesabına tikilmiş və müvəqqəti yaşamaq üçün İddiaçı3 ilə Cavabdeh verilmişdir. Qeyd edirlər ki, cavabdehin məcburi qaydada çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi ümumi birgə mülkiyyətlərində olan 0,1 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində 5 nəfərin payı var. İddiaçı3 payına düşən hissədə isə ailə üzvlərinin ümumi vəsaiti hesabına fərdi yaşayış evi tikilmişdir ki, həmin evi də cavabdeh əsassız olaraq tərk etmir. Həmin torpaq sahəsində başqa fərdi yaşayış evləri də vardır ki, çətinliklə olaraq hamısı orda yaşamaq məcburiyyətində qalmışlar. Cavabdeh mübahisəli yaşayış sahəsinin hazırkı sahibi olan onların, yəni iddiaçıların ailə üzvləri sırasına daxil deyil və cavabdehin istifadə hüququnun tanınması üçün “mülkiyyətçi” ilə, yəni onlarla yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Onlar ilə Cavabdeh arasında isə belə razılaşma mövcud deyildir. Göründüyü kimi Cavabdeh mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evi tərk etməməsi və orada yaşaması əsassızdır. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh evin gəlini kimi onların ailə üzvləri hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Beləliklə, cavabdehin hər bir halda mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzildə yaşaması və mənzili tərk etməməsi əsassızdır. Yuxarıda sadalanan qanun normalarından göründüyü kimi cavabdehin onların birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış evində yaşaması və oranı tərk etməməsi əsassızdır. xx.xx.2023-cü il tarixdə cavavdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ona qarşı Qəbələ rayon Məhkəməsində "cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması" tələbinə dair iddia qaldırmışlar. O, iddiaçıların iddiasını qəbul etmir, çünki iddia ərizəsində iddiaçıların göstərdikləri həqiqətə uyğun deyildir. Birincisi, onun əşyalarının və özünün evdən çıxarılmağını tələb edən iddiaçıların, yəni, Nümayəndə2, İddiaçı2, İddiaçı4 və X3 həmin evə heç bir aidiyyətləri yoxdur. Çünki, həmin ev onların tərəfindən, yəni Tural və onun tərəfindən nikaha qədər birlikdə inşa etdirmişlər. Hələ bu elçilik zamanı həll olunan məsələdir. Belə ki, Turalın atası elçi gələn zaman atası Nümayəndə1 belə bir şərt qoymuş ki, birlikdə ayrıca ev tikək və Şəhrəbanı həmin evə birbaşa gəlin köçsün. Turalın valideynləri bu şərtlə razılaşdılar. Atası ilə Turalın ailəsi 5 nəfər ailə üzvünə paylı mülkiyyət hüququ əsasında verilmiş 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsində Turalın adına ev inşa etmişlər və o, həmin evə gəlin köçmüşdür. Həmin ev təsərrüfatda ayrı evdir və təsərrüfat Turalın adınadır. Lakin ev Turalın adına olsa da, evin tikintisinə əsas vəsaiti atası qoymuşdur. Bu faktı məhkəməyə dəvət edəcəyi şahidlər də təsdiq edə bilərlər. Bu fakt təqdim edəcəyi sənədlərlə də təsdiq olunur. Həmçinin bu faktı iddiaçılar öz iddia ərizələrində də təsdiq edirlər. Beləki, iddia ərizəsinin 2-ci səhifəsinin birinci abzasında iddiaçılar qeyd edirlər: "məhkəmənin xüsusilə diqqətinə çatdırırıq ki, ümumi birgə mülkiyyətimizdə olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikaha daxil olmamışdan əvvəl tikilmişdir". Bir daha qeyd edir ki, evin tikintisinin əsas xərcini atası Nümayəndə1 çəkmiş, daha doğrusu ev atasının təşəbbüsü ilə tikilmişdir. Bu faktı evi inşa edən usta X5, İddiaçı3 əmiləri X1, X2 və qardaşı İddiaçı5 da təsdiq edə bilərlər. Onlar təsdiq edə bilərlər ki, evin tavanı, döşəməsi, suvağı, kraskası (rənglənməsi və kombi sistemi) atasının vəsaiti ilə başa gəlmişdir. Bir sözlə əsas vəsaiti atası qoymuşdur və o, həmin evdə payçıdır. Evin tikintisində, eləcə də evin məişət şəraitinin yaxşılaşdırılmasında əsas vəsaiti atası qoymuşdur. Belə ki, iddiaçılar atası ilə 2012-ci ildə qohum olmaq istəyəndə mübahisə predmeti olan evin divarları və dam örtüyü var idi. Onlar demişlər ki, onlar toy etmək istəyirlər. Atası Nümayəndə1 təklif etmiş ki, o da kömək etsin və evi hazır edib qurtarsınlar və sonra toy etsinlər. Atası qaynatasının qardaşlarını dəvət etmiş, onlar da təkliflə razılaşmışlar. Atası onlara suvaq üçün əhəng, döşəmə və tavanın taxtasını vermiş, ustasını aparmış, qapı və pəncərələrini düzəltdirmişdir. Ustanın pulunu vermişdir. Evin pilləkənini düzəltdirib vermişdir. Evin emussiyasını vermişdir. Toy olmuş və toydan sonra su çəni dirəklərini, evin istilik sistemini vermişdir.. Tural heç yerdə işləmirmiş. Ona görə də atası təklif etmiş ki, Tural çörək sexi tiksin. Onun köməkliyi ilə çörək sexi tikilmişdir. Çörək sexi işləsin deyə atası onlara 10 torba un alıb vermiş, hətta droj belə alıb vermişdir. Atası Turala xəmir yoğuran maşın alıb vermişdir. Bütün bunlardan sonra Tural işləməyə başlamışdır. O, ancaq onu edə bilər ki, həmin evdən iddiaçı Turalın payına düşən hissəni ona ödəyə bilər. İddiaçıların onu həmin evdən çıxarmaq hüquqları yoxdur. Yuxarıda qeyd etdiyi kimi Turaldan başqa digər iddiaçıların həmin evə heç bir hüquqları yoxdur və onlar həmin iddiada əsl olmayan iddiaçılardır. Qeyd edir ki. yaşadığı və mübahisə premeti olan yaşayış evi təsərrüfatda İddiaçı3 adına olsa da, həmin evə mülkiyyət hüququ əldə edilməmişdir və bu baxımdan həmin evə iddiaçıların eləcə də Turalın sərəncam vermək hüququ yoxdur. Azərbaycan Respublikası MM-nin 139-cu maddəsinə görə daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra yaranır. İddiaçılar isə belə bir hüquq əldə etməmişlər. Bu baxımdan iddiaçıların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarına, eləcədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin normalarına istinad etməsi əsassızdır. Çünki, onun həmin evdə payı vardır. Oraya sahiblik və istifadə edə bilər. Həmçinin iddiaçılar iddia ərizəsində göstərirlər ki, onun atasının Qəbələ şəhərində və Şamılı kəndində yaşayış evi vardır. Atasının yaşayış evlərinin olması onun paylı yaşayış evindən istifadə hüququnu məhdudlaşdıra bilməz. 2012-ci ildə Vəndam qəsəbəsinə gəlin köçmüşdür. O, gəlin köçən zaman onun heç bir şikəstliyi olmamışdır, nə gözlərində, nə də ayağında qüsurlar var idi. Hazırda eynək taxır və ayağı şikəst olub, axsayır. Hal-hazırda gözündən 3-cü qrup əlildir. Ayağı ilə əlaqədar başından sinir xəstəsidir və başında şiş var. Respublika xəstəxanasında stasionar müalicə almış və hazırda da müalicə davam edir. Qızları Günayın isə əqli cəhətdən geriliyi var, ikinci qrup əlildir. 7-8 ay olar ki, qızlarının və onun müalicəsi ilə atası məşğuldur. Yəni müalicə xərclərinin hamısını atası qarşılayır. Hər ikisində sağalmağa doğru irəliləyiş var. O, əsəbiləşən kimi ayağı yığılır. Onlar artıq boşanmışlar, boşanmaqlarının əsas səbəbi İddiaçı3 xəstəyə baxan deyilsən deməsidir. Halbuki, onu bu xəstəliyə Tural döyə-döyə salıb. Qeyd etdiyi kimi qızlarının və onun bütün xərclərini atası qarşılayır. Keçmiş həyat yoldaşı atasından ayrı təsərrüfatdır və onunla evli olan vaxtı başqa bir qadınla əlaqədə imiş. Hal-hazırda həmin qadınla evləniblər. Gələcəkdə onların övladları olub xoşbəxt həyat yaşayacaqlar. O isə bundan sonra evlənməyəcək, öz xoşbəxtliyini qızı ilə birlikdə yaşayıb onunla ömrümü davam edəcəkdir. Hal-hazırda yaşadığı ev atasının köməkliyi və vəsaiti ilə tikilmişdir. Hər bir qız uşağı ata evindən bir dəfə çıxır və ata evinə qonaq gedə bilər. O, ağ gəlinlik paltarında atasının vəsaiti hesabına tikilmiş evə gəlin köçmüş və buradan da kəfənlə çıxacaqdır. Keçmiş həyat yoldaşı Tural boşanma ərizəsi verilən zaman saat 7-8 radələrində qapını açmağı tələb etmiş və onu qorxudan qapını açmadıqda pəncərəni qıraraq qızını pəncərədən çəkib aparmış və ona demiş ki, bu evdən getməsən səni öldürəcəyəm deyərək hədələmişdir. O, atasına zəng edərək bu barədə ona bildirmişdir. Bununla əlaqədar olaraq atası 102 xidmətinə müraciət etmişdir. Atası Vəndam qəsəbəsindən 30-40 km aralıda yaşayır. O gələnə kimi polis işçiləri uşağı qaytarıb ona gətirmişlər. Gəlin köçdüyünün ilk vaxtlarında da qayınatası onu ərinə döydürmüş və əri hər dəfə onun başına-başına vururmuş. Qayınatası deyirmiş ki, “nə qədər ki, mən sağam sənin gözünün yaşını qurumağa qoymayacağam”. Onu da qeyd edir ki, qayınanası onun doğma xalası qızıdır. Hal-hazırda qaynatası ilə qaynanası onun bu evdən getməyini tələb edirlər və onu ölümlə hədələyirlər. O da onlara demişdir ki, o, ölümdən qorxmur. Həmçinin qeyd edir ki, qayınatasının marketi var. Həmin marketin kamerasını o yaşayan evin qapısına yönəltmişlər. O yaşayan evlə onlar yaşayan ev arasında 10 metr məsafə var. Kameradan baxırlar və kim həyətə gəlirsə onlarla dalaşırlar və onlara deyirlər ki, o həyətə getməyin. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq məhkəmədən xahiş edir ki, onun burada yaşamaq hüququ olduğunu nəzərə alaraq iddiaçıların iddiasını təmin etməsin. Gələcəkdə evin bölgüsü aparılarkən Turala nə qədər pay düşərsə atası onun payına düşən hissənin dəyərini ödəmək iqtidarındadır. Həyətləri 0,4 ha torpaq sahəsindən ibarətdir. Həyətə giriş isə 5 metrədən ibarətdir. Keçmiş həyət yoldaşının adına 0,02 ha torpaq sahəsi vardır. Bu həyətdə iki ailənin yaşaması qeyri mümkündür. Qalan 0,02 ha torpaq sahəsini atası mülkiyyətinə sala bilər və ya nəvəsi Günaya bağışlaya bilər. Keçmiş həyat yoldaşı ilə evli olanda onun istədiyi qızın əri ölmüş və o evinə qayıtmışdır və onun mərhum ərindən bir oğlu vardır. O, Turalın evli olduğunu bilə-bilə onu başdan çıxarmış və özünə cəlb etmişdir. Onu boşandırıb onunla evlənmişdir. İndi də onu və qızını evdən çıxartdırmaq istəyir. Onun və qızının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyir. Ancaq başa düşmür ki, yuva yıxanın yuvası olmaz. Onunla nə ədavəti var bilmir. Keçmiş həyat yoldaşı Tural onu və oğlunu gətirib öz yanında saxlayır və hərdən bir də aparır babasının yanına. Keçmiş həyat yoldaşım necə atadır ki, onu və öz doğma qızını evdən çıxarmaq istəyir. O, iddia ərizəsinin surətini aldıqdan sonra bəzi sənədlər toplamaq məcburiyyətində qalmışamdır. Belə ki, İddiaçı3 ayrı təsərrüfatda olmasına, kommunal xərclərinin onun tərəfindən ödənilməsinə "xxxx" MMC-dən 01 mart 2023-cü il tarixdə, onun adına təsərrüfatda fərdi yaşayış evi olmasına dair arayışı Vəndam qəsəbə İƏN-dən 02 mart 2023-cü ildə ala bilmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıların iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddanın təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı3 ilə Cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 14 avqust 2012-ci il tarixdə 40 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 02 iyun 2013-cü il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə Qəbələ Rayon Məhkəməsinin 2(025)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini tərk etməməkdədir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Hazırkı iş üzrə İddiaçı3 ilə Cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 14 avqust 2012-ci il tarixdə 40 nömrə ilə qeydə alındığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən verilmiş 0,1 ha həyətyanı təyinatlı torpaq sahəsində inşa edilmişdir. Mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikahından əvvəl tikilmişdir. Cavabdeh İddiaçı3 evləndikləri zaman birbaşa olaraq hazırkı mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini qəbul etməkdədir. Cavabdeh yalnız həmin fərdi yaşayış evinə onlar tərəfindən xərc çəkildiyini, bu səbəblə evdən istifadə hüququnun olduğunu bildirir. Nəticə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh evlənən zaman tikili vəziyyətdə olmuşdur və sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşməkdədir. Hal-hazırda iddiaçıların mübahisəndirdikləri, cavabdehlərin tərk etmələrini tələb etdikləri fərdi yaşayış evinin İddiaçı3 ilə Cavabdeh birgə nikah dövründən qabaq inşa edilməsi məhkəmədə araşdırılmış sübutlarla (cavabdeh tərəfin etirafları, toyun görüntülərini əks etdirən CD disk) sübuta yetirilməkdədir.Məhkəmə hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə iddiaçıların mülkiyyət hüquqları qorunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsində qeyd edilən fərdi yaşayış evi özbaşına tikilidir və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş, iddiaçıların həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları tanınmamışdır. Hal-hazırda iddiaçıların və cavabdehin istifadəsində 0.10 ha torpaq sahəsi deyil, faktiki olaraq 0.13 ha torpaq sahəsi mövcuddur ki, həmin 0.03 ha torpaq sahəsi də bələdiyyə mülkiyyətinə aiddir. İddiaçılar Nümayəndə2, İddiaçı2,İddiaçı3, İddiaçı4 və İddiaçı5 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində bir neçə fərdi yaşayış evi tikildiyi iddiaçılar tərəfindən bildirilsə də, faktiki olaraq Cavabdeh övladı ilə birlikdə yaşadığı fərdi yaşayış evinin iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində və ya bələdiyyə mülkiyyətində olan 0.03 ha torpaq sahəsində tikildiyi araşdırılmamış və mülki işə müvafiq sahədə mütəxəssis cəlb edilməklə müəyyənləşdirilməmişdir. İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən onu, yəni-Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını tələb etsələr də, özünün əlil olmağı, himayəsində fiziki qüsurlu yetkinlik yaşına çatmayan X4 olduğu və həmin fərdi yaşayış evində onunla birlikdə yaşadığı nəzərə alınmamışdır. Digər tərəfdən hətta xüsusi bilik tələb edən mütəxəssis araşdırması nəticəsində onun və övladının yaşadığı fərdi yaşayış evi bələdiyyə mülkiyyətində deyil, iddiaçılara məxsus 0.10 ha torpaq sahəsində tikildiyi müəyyən edilərsə də, onun gözdən əlilliyi olan şəxs olduğu və himayəsində fiziki qüsurlu yetkinlik yaşına çatmayan X4 olduğu, həmin fərdi yaşayış evinin tikilməsi və təmirinə valideyni tərəfindən vəsait xərcləndiyi, evdə qeydiyyatda olduğu, yaşadığı evdən başqa adında hər hansı fərdi yaşayış evi, mənzilin olmaması nəzərə alınmaqla onun və övladı Günayın həmin fərdi yaşayış evində yaşayış hüququ təmin edilməlidir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3 və iddiaçılar İddiaçı4 və İddiaçı5 nümayəndəsi Nümayəndə2 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü madəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 4 may 2023cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədə müvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası öncə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin dəlilləri, cavabdehin iddiaya etirazının dəlilləri, həmçinin iddiaçıların öz izahatları ilə müəyyən edilir ki, iddiaçılardan Turalın atası cavabdeh Şəhrəbanı üçün elçi gələn zaman sonuncunun atası Nümayəndə1 belə bir şərt qoymuşdur ki, birlikdə ayrıca ev tikilsin və Şəhrəbanı həmin evə birbaşa gəlin köçsün. Turalın valideynləri bu şərtlə razılaşdılar. Atası ilə Turalın ailəsi 5 nəfər ailə üzvünə paylı mülkiyyət hüququ əsasında verilmiş 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsində Turalın adına ev inşa etmişlər və o, həmin evə gəlin köçmüşdür. İşin materiallarında olan Qəbələ rayon Vəndam Bələdiyyəsi tərəfindən Vəkil1 ünvanlanmış 13 mart 2023-cü il tarixli, 26 nömrəli məktubda göstərilmişdir ki, Vəndam qəsəbə sakini İddiaçı3 inşa etdiyi fərdi yaşayış evi atası Nümayəndə2 mülkiyyətinə aid olan 175A kodlu 0,10 ha torpaq sahəsində yerləşir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən Vəkil1 ünvanlanmış 2 mart 2023-cü il tarixli, 5-59-15/2-13/2023 nömrəli məktubda göstərilmişdir ki, Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinin ev təsərrüfatının uçotu kitabında İddiaçı3 və atası Nümayəndə2 ayrı təsərrüfat kimi qeyd olunmuşdur. Nümayəndə2 məxsus həyətyanı torpaq sahəsində oğlu İddiaçı3 məxsus fərdi yaşayış evi vardır. Evin kommunal xərcləri İddiaçı3 tərəfindən ödənilir. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında iddiaçılar göstərmişlər ki, evin tikintisinə cavabdehin atası tərəfindən çəkilmiş xərcin ödənilməsinə etiraz etmirlər. Bütün göstərilənlər onu deməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə cavabdehin nikahından öncə tikilmiş olsa da, həmin fərdi yaşayış evinin tikilməsində cavabdeh tərəfin (cavabdehin atasının) əməyi və xərci olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4 və Ailə Məcəlləsinin 35-ci maddələri ilə qanun belə hallarda nikahda olan tərəflərdən birinin mülkiyyətinə aid olan əmlakın onların ümumi birgə mülkiyyətinə aid edilməsini mümkün sayır. Hazırki halda, mübahisəli evin tikilməsi cavabdehin atasının təkidi ilə baş tutuduğundan, o cümlədən həmin evin tikintisində cavabdehin atasının maddi qatqısı olduğundan həmin evdə cavabdeh tərəfin maddi maraqları vardır. Mübahisəli ev nikaha girəcək olan şəxslərin ailələrinin qarşılıqlı razılığı və əl birliyi ilə evlənəcək tərəflər üçün inşa edilmiş, evli şəxslər evlilikləri müddətində həmin evdə birgə təsərrüfat aparmış və evin kommunal və digər bütün xərcləri onlar tərəfindən ödənilmişdir. Göstərilənlər əsasında kollegiya hesab edir ki, hazırki halda mübahisəli evin tərəflərin ümumi mülkiyyəti hesab olunması qeyd olunan qanun normalarının tələbinə uyğun hesab edilməlidir. Belə olan halda, cavabdehin mübahisəli evdən mülkiyyət payı olduğundan onun həmin evdən çıxarılması qanuna uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” təyinatlıdır. Həmçinin, həmin ev mülkiyyətçilərdən biri olan İddiaçı3 və cavabdeh üçün tikilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi baxımından həmin torpaq üzərində inşa edilmiş fərdi yaşayış evi özbaşına tikinti hesab edilə bilməz. Kollegiya nəzərə alır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin evdən cavabdehin mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdeh da eyni imkana malik olmalıdır. Başqa sözlə, cavabdehin faktiki vəziyyətə uyğun olaraq, evdən iddiaçı ilə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinisipinin pozulmasına səbəb olardı. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar