Məhkəmə qərarları › İş №2(107)-954/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-954/2022

16.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-954/2022 16.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair (əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və cavabdeh Mingəçevir Bələdiyyəsinin nümayəndələri X2 və X3 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(051)-990/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. Mingəçevir Bələdiyyəsi sədrinin 29 noyabr 2001-ci il tarixli 21 №-li əmrindən görünür ki, İddiaçı icra aparatında maliyyə şöbəsinin müdiri vəzifəsinə 3 ay sınaq müddəti ilə təyin edilmişdr.

2. 06 aprel 2015-ci il tarixdə bağlanmış Əmək müqaviləsinin surətindən görünür ki, Mingəçevir bələdiyyəsinin sədri ilə bağlanmış əmək müqaviləsi ilə İddiaçı müddətli əmək müqaviləsi ilə Mingəçevir vergi və ödənişli şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

3. Mingəçevir Bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı bələdiyyənin “maliyyə, vergi və ödənişlər” şöbənin müdiri vəzifəsinə qəbul edilmşdir. İşdə olan Mingəçevir bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi ilə İddiaçı bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

4. Mingəçevir Bələdiyyəsinin sədrinə bələdiyyənin “X10” daimi komissiyasının işçilərin sayının və ya ştatların ixtisarının aparılması ilə əlaqədar arayışda göstərilir ki, bələdiyyədə idaretməni təkmilləşdirək, artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq məqsədilə işçilərin sayının və ştatların ixtisarının aparılmasına ehtiyac var. “Proqnoz və uçot” şöbəsi və şöbə daxilindəki 1 ştat vahidi şöbə müdiri, 1 ştat vahidi kompüter üzrə operator, 1 ştat vahidi kompüter üzrə iş icraçısı ştatlarının ixtisar olunması barədə müvafiq qərar qəbul olunması üçün ilk həmkarlar təşkilatına müraciət olunması məsələsini bələdiyyənin ümumi iclasının gündəliyinə daxil olunması təklif edilir.

5. “Mingəçevir bələdiyyəsində struktur dəyişiklikləri edilməsi haqqında” Mingəçevir bələdiyyəsinin 20/2 №-li 07 noyabr 2021-ci il tarixli qərarında göstərilir ki, bələdiyyənin proqnoz və uçot şöbəsi daxilindəki 1 ştat vahidi şöbə müdiri, 1 ştat vahidi komputer üzrə iş icraçısı və 1 ştat vahidi kompüter üzrə operator ştatlarının ixtisar olunması barədə müvafiq qərar qəbul olunması üçün ilk həmkarlar təşkilatına müraciət olunsun.

6. Mingəçevir Bələdiyyəsinin sədrinin bələdiyyənin ilk həmkarlar təşkilatına göndərdiyi təqdimatda göstərilir ki, Mingəçevi Bələdiyyəsində idarəetməni təkmilləşdirmək, artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq məqsədilə bir şöbənin və şöbə daxilindəki ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisaredilməsi zərurəti yaranmışdır. Odur ki, bələdiyyənin 2/2 saylı 07 oktyabr 2021-ci il tarixli qərarında qeyd olunan ştatlarda çalışan işçilərlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi xahiş olunur.

7. Mingəçevir bələdiyyəsi ilk həmkarlar təşkilatının idarə heyətinin 22 №-li xx.xx.2021ci il tarixli iclas protokolunda göstərilir ki, proqnoz və uçot şöbəsi, şöbə daxilindəki ştat vahidlərinin ixtisar edilməsinə etiraz edilmir.

8. Mingəçevir bələdiyyənin sədrinin 42/k №-li 13 oktyabr 2021-ci il tarixli ştat vahidlərinin ixtisar edilməsi haqqında əmrində göstərilir ki, xx.xx.2022-ci il tarixdən bələdiyyənin yerli struktur tərkibi təsdiq edilsin, bələdiyyənin “proqnoz və uçot” şöbəsində 1 ştat vahidi şöbə müdiri vəzifəsində işləyən İddiaçı, 1 ştat vahidi kompüter üzrə işicrraçısı işləyən X7, 1 ştat vahidi kompüter üzrə operator vəzifəsində işləyən X4 tutduqları ştat vahidləri ixtisar edilsin.

9. Mingəçevir bələdiyyəsinin İddiaçı göndərdiyi 15 oktyabr 2021-ci il tarixli ştatların ixtisar edilməsi barədə xəbərdarlıqda göstərilir ki, Mingəçevir bələdiyyəsinin 42/k №-li xx.xx.2021-c i il tarixli əmri ilə ştatınız ixtisara düşdüyünə görə Sizinlə bağlanmış əmək müsqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir.

10. Mingəçevir bələdiyyəsinin sədrinin 49/k №-li 29 dekabr 2021-ci il tarixli əmrində göstərilir ki, bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin müdiri İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunsun, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ali təhsilli iqtisadçıdır. xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 xidmətinin rəhbəri olmuş, həmin tarixdən sonra da “Proqnoz və uçot” şöbəsinin müdiri işləmişdir. Mingəçevir bələdiyyəsinin 49/k №-li xx.xx.2021-ci il tarixli əmri ilə o və iki nəfər işçiləri ştatların ixtisara salınması adı ilə işdən azad edilmiş və bununla da bələdiyyənin uçot sistemi ləğv olunmuşdur. Mingəçevir Bələdiyyəsinin “Proqnoz və uçot” şöbəsi 30 mindən çox vergi ödəyicisinin uçotunu aparır. Bələdiyyənin fəaliyyətinin əsas hissəsi vergi ödəyicilərinin, vergilərin uçotundan ibarətdir. “Proqnoz və uçot” şöbəsinin fəaliyyətinin əsas hissəsi də vergi ödəyicilərinə kodların verilməsi, bildiriş və məktubların hazırlanması, daxil olmuş vəsaitlərin qeydiyyatı BAMS-a məlumatların işlənməsi və sair ibarətdir. Belə bir şöbəni ləğv etmək qanuna ziddir, yol verilməzdir. Bələdiyyə sədri ixtisar aparmazdan əvəl ixtisaslı və peşəkar kadrlardan ibarət komissiya təşkil etməli idi. Həmin komissiya işdə saxlanmağa üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədi bələdiyyə iclasının müzakirəsinə verməli və bundan sonra qərar verilməli idi. Bundan əlavə ştatların ixtisarı üçün ”X10 daimi komissiyası”nın arayışı, bələdiyyənin həmkarlar ittifaqı təşkilatının protokolu əsas sayıla bilməz. Ona görə ki, “Yeli büdcə məsələləri” daimi komissiyasının bir baza şöbənin ixtisarı məsələsini iclasın gündəliyinə çıxarmağa hüququ yoxdur. Bundan əlavə ştatların ixtisar olunması barədə müvafiq qərar qəbul edilməsi üçün həmkarlar ittifaqı təşkilatına müraciət olunmuşdur. “Bələdiyyələrin vergi xidməti orqanı” haqqında əsasnaməyə görə bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri bələdiyyə sədrinin təqdimatı ilə bələdiyyə iclasında təyin olunur və vəzifədən azad edilir. Bundan əlavə həmkarlar ittifaqı təşkilatının ştatların ixtisar olunması barədə qərar qəbul etmək hüququ yoxdur. Həmkalar ittifaqı təşkilatı öz səlahiyyətləri daxilində ştatların ixtisarı zamanı işçilərin hüquq və mənafeylərini qorumalıdır. Mingəçevir bələdiyyəsinin sədrinin ştatların ixrisarı barədə əmri bələdiyyənin işinin optimallaşdırılması üçün deyil, şəxsən ona qarşı qərəzidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, Mingəçevir Bələdiyyəsinin sədrinin 49/k №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 18 may 2022-ci il tarixli, 2(051)-990/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavadeh iddaiçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini bələdiyyənin özünü idarə orqanı olması, əldə etdiyi gəlirlə həm öz işini qurması, həm də işçi qüvvəsini saxlaması, əlavə xərclərin qarşısının alınması, texnologiyanın inkişafı ilə əlaqədar artıq işçi qüvvəsinin saxlanılmasına zərurət olmaması ilə əsaslandırılmışdır. İş materialları nilə müəyyən edilir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin həmin tələblərinə riayət edilmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl bələdiyyənin həmkarlar təşkilatına yazılı təqdimatla müraciət edərək, ixtisar olunması nəzərdə tutulan ştatların ixtisar edilməsi, işçilərin sayının azaldılmasına razılıq verməsi bildirilmiş, həmkarlar təşkilatı da öz qərarını işəgötürənə, cavabdehə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır.

15. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmamalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “a” və “c” bəndlərinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 3-cü bəndinə , 80-ci maddəsinin 1-ci bəndində, 80-ci maddənin 2-ci bəndinə, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əgər ixtisarların aparılmasına ehtiyac var idisə, bu real olmalı, qanunauyğun aparılmalı idi. AR ƏM-nin 11ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 12-ci maddəsinin 1 -ci hissəsinin “c” bəndinə və 68-ci maddəsinin 1 -ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Lakin Bələdiyyə sədri əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi 1) Bələdiyyə İclasının xx.xx.2021-ci il tarixli 20/2-saylı qərarını, 2) Həmkərlar Təşkilatının xx.xx.2021-ci il tarixli 2 saylı protokolunu və 3) Mingəçevir Bələdiyyəsi sədrinin xx.xx.2021-ci il tarixli 42/K saylı əmrini göstərmişdir ki, Həmkərlar Təşkilatının razılığından başqa,digər 2 sənəd ARƏM-ilə müəyyən edilmiş əsas və qaydalara aid deyil. Əmrin verilməsi üçün əsas sayıla bilməz.

18. Bələdiyyə sədri əmək müqaviləsinə AR ƏM-nin 70 “b” bəndi ilə xitam verərkən, 71.3-cü maddəyə əsasən bunun zəruriliyini əsaslandırmalı olduğu halda belə bir əsaslandırma aparmamışdır.

19. Qanuni əsaslandırma belə olardı ki, 1-ci növbədə ixtisar komisiyası yaradılmalı idi. Həmin komissiya AR ƏM-nin 65.1-maddəsinə əsaslanaraq, işçilərin tutduqları vəzifəyə uyğun olmalarını aşkar etməli və 78-ci maddəyə uyğun olaraq, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli təhlilinin nəticləri barədə rəsmi sənədi Bələdiyyə İclasının müzakirəsinə çıxarmalı idi. O zaman araşdırmalarla müəyyən olardı ki, onun şöbəsindən başqa, Bələdiyyədə bir il əvvəl yaradılmış 3 şöbə var. Bunlardan hansının Bələdiyyə üçün vacib şöbə olduğu təhlil edilməmiş, heç bir müqayisə aparılmamışdır. İşçilərin peşəkarlığı və təhsili nəzərə alınmamışdır. Belə bir müqayisə aparılsaydı məlum olardı ki, o, ali təhsilli iqtisadçıdır. Bələdiyyədən əvvəl, 10 il Dövlət Vergi Xidmətində baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. 3-cü dərəcəli vergi xidməti müşaviridir. 21 il Bələdiyyənin Vergi Xidmətinin rəhbəri olmuşdur. Ondan başqa X1 üzrə mütəxəssis yoxdur. Bələdiyyə kollegial orqan olduğu üçün, şöbələrin yaradılması və ləğv edilməsi eləcə də işçilərin ixtisarı Bələdiyyə iclasının qərarı ilə həyata keçirilir. Ona görə də Bələdiyyə İclası, ARƏM ilə müəyyən edilmiş bu qaydalarla aparılmış müqayisəli təhlilin nəticəsi üzrə ixtisarlara qərar verməli idi. İndiki halda isə heç bir müqayisə aparılmadan Bələdiyyə sədrinin sifarişi yerinə yetirilmişdir. Göründüyü kimi Bələdiyyə Sədri ARƏM ilə müəyyən edilmiş əsas və qaydalara əməl etmədən, qeyri qanuni ixtisarlar aparmışdır. İxtisarların təşəbbüskarı kimi göstərilən “X10” daimi komisiyasının arayışında, ixtisarlara ehtiyac olduğu bildirilir. Bundan sonra “ixtisar komisiyası”yaradılması təklifi verməli olduğu halda iclasa göstəriş verir ki, “Proqnoz və Uçot” şöbəsi ləğv edilsin. Bu da onun səlahiyyətləri xaricindədir. Ümumiyyətlə heç kəsin ixtiyarı yoxdur ki, konkret olaraq, hansısa ştatın ləğvinə göstəriş versin. Hansı şöbənin və neçə nəfərin ixtisar olunacağını “ixtisar komisiyası”-nın təhlili arayışından sonra Bələdiyyə İclası AR ƏM-də göstərilmiş əsas və qaydalarla qərar verə bilər. “X10”daimi komisiyası yox!

20. Bələdiyyə sədri əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas gətirdiyi “Bələdiyyə İclasının xx.xx.2021-ci il tarixli 20/2-saylı qərarı əmrin verilməsinə əsas sayıla bilməz.” Doğrudur Bələdiyyələr kollegial orqan olduğu üçün şöbənin ləğvi və işçilərin ixtisarı zamanı Bələdiyyə İclasının qərarı mütləqdir. Lakin onun ştatının ixtisarına və şöbənin ləğvinə Bələdiyyə İclası belə bir qərar verməmişdir. Bu qərarla ştatların ixtisar olunması barədə müvafiq qərar qəbul olunması üçün Həmkərlar Təşkilatına müraciət olunub. Həmkərlar Təşkilatının isə belə bir hüququ və səlahiyyəti yoxdur. Bələdiyyə qulluğu haqqında AR Q-nun 5-ci maddəsinə uyğun olaraq, Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən Bələdiyyə Sədrini təyin edir. Aydındır ki, onlar işdən Bələdiyyənin İclasının qərarı ilə azad edilir. ARQ-nu ilə təsdiq edilmiş.(xx.xx.2003) Bələdiyyələrin “Vergi xidmət orqanı haqqında” əsasnamənin 4.2 maddəsinə əsasən Bələdiyyənin Vergi Xidmət Orqanın vəzifəli şəxsləri Bələdiyyə sədrinin təqdimatı ilə Bələdiyyə İclası tərəfindən işə təyin edilir və vəzifədən azad olunur. Ona münasibətdə Bələdiyyə sədri tərəfindən belə təqdimat verilməmiş və Bələdiyyə İclası müvafiq qərar qəbul etməmişdir.

21. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-990/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün qənaətə gəlməmiş, işi hərtərəfli araşdırmamışdır. Belə ki, o xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1 xidmətinin rəhbəri vəzifəsində işləmişdir. Bələdiyyə sədri “Proqnoz və Uçot” şöbəsini ixtisara salaraq ləğv etmişdir. İxtisarların məqsədi kimi “Xərclərin azalması”, “Təkmilləşdirmə” və “İşin Optimallaşdırması” göstərilmişdir. İxtisarlardan sonrakı bu ilin 1 -ci rübünün əmək haqqı və digər xərcləri ötən illə müqayisədə 30% artmışdır. Bu da onu göstərir ki, bələdiyyə sədrinin məqsədi xərclərin azadılması deyil, öz əmək haqqısının artırmaq və şəxsiqərəzlik zəminində onu işdən azad etmək olub. Bələdiyyənin fəaliyyətinin əsasını təşkil edən, 21 ildir fəaliyyət göstərərək 30 mindən çox vergi ödəyicisinin uçotunu aparan uçot şöbəsini ləğv etmək nə təkmilləşdirmədir, nə də optimallaşdırma. Bu Bələdiyyənin fəaliyyətinə və mənafeyinə vurulan zərbədir. Bələdiyyə sədri bilməlidir ki, dövlət tərəfindən Bələdiyyənin maliyyələşməsi üçün bir sıra vergi və ödənişlər ayrılmışdır. Dövlət tərəfindən müəyyən edilmiş vergi və ödənişlər yığılırsa, bələdiyyə sədrinin istəyindən asılı olmayaraq, vergi və ödənişlərin qanunla müəyyən edilmiş qaydada uçotuda aparılmalıdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də şikayətinin təmin olunmasını xahiş edir.

24. Məhkəmə iclasında iştirak edən cavabdeh Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi şöbənin ləğvi, işçilərin sayının azaldılmasında hər hansı bir qərəzçilik yoxdur. Məqsəd əlavə xərclərin qarşısını almaqdır. Bələdiyyə özünü idarə orqanıdır. Əldə etdiyi gəlirlə həm öz işini qurur, həm də işçi qüvvəsini saxlayır. Hazırda texnologiyanın inkişafı nəticəsində həmin şöbənin gördüyü işləri bir nəfər işçi görə bilir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi şöbənin ləğvi, işçilərin sayının azaldılmasında hər hansı bir qərəzçilik yoxdur. Mingəçevir Bələdiyyəsində idarəetməni təkmilləşdimək, artıq xərclərin qarşısını almaq, bələdiyyənin iş fəaliyyətini optimallaşdırmaq, bu məqsədlə lazımi islahatlar aparmaq məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurətinin yaranması barədə bələdiyyənin “X10” daimi komissiyası bələdiyyənin 3 ştat vahidindən ibarət “Proqnoz və uçot” şöbəsinin ixtisar olunmasına dair bələdiyyənin ümumi iclasının gündəliyinə daxil edilməsi barədə rəsmi olaraq təklif etmişdir. “X10” daimi komissiyasının təklifinə bələdiyyənin 07 oktyabr 2021-ci il tarixli iclasında baxılaraq, bələdyyə üzvlərinin rəyi nəzərə alınmaqla “Mingəçevir bələdiyyəsində struktur dəyişiklikləri haqqında” qərar qəbul edilmişdir. Bundan sonra Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci və 2-ci hissəsinə müvafiq olaraq bələdiyyənin sədri tərəfindən Mingəçevir Bələdiyyəsi həmkarlar ittifaqı təşkilatına 08 oktyabr 2021-ci il tarixdə təqdimatla müraciət olunmuş, bir neçə işçi ilə yanaşı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Mübahisələndirilən əmr verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin müəyyən edilmiş əsas hüquqları arasında bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququnun olması da göstərilmişdir. 12-ci maddəsi ilə işəgötürənin əsas vəzifələri və məsuliyyəti müəyyən olunmuşdur ki, həmin maddənin “c” bəndinə əsasən Əmək müqavilələrini bu məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsi müəyyən edilmişdir. 42-ci maddəsində göstərilmişdir ki, əmək müqaviləsi sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsazsən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hisssinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdar edilməlidir. 80-ci maddəin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir 294.1-ci maddəsində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini vəşin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(051)-990/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(051)- 990/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddia tələbinin mahiyyətindən görünür ki, tələb üç hissədən ibarət olmaqla, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsindən ibarətdir.

32. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, onun işdən çıxarılması qanunsuzdur. Belə ki, Mingəçevir Bələdiyyəsinin “Proqnoz və uçot” şöbəsi 30 mindən çox vergi ödəyicisinin uçotunu aparır. Belə bir şöbəni ləğv etmək qanuna ziddir, yol verilməzdir. Bələdiyyə sədri ixtisar aparmazdan əvvəl ixtisaslı və peşəkar kadrlardan ibarət komissiya təşkil etməli idi. Həmin komissiya işdə saxlanmağa üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədi bələdiyyə iclasının müzakirəsinə verməli və bundan sonra qərar verilməli idi.

33. Cavabdeh tərəf iddia tələbinə və apellyasiya şikayətinə etirazını iddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini bələdiyyənin özünü idarə orqanı olması, əldə etdiyi gəlirlə həm öz işini qurması, həm də işçi qüvvəsini saxlaması, əlavə xərclərin qarşısının alınması, texnologiyanın inkişafı ilə əlaqədar artıq işçi qüvvəsinin saxlanılmasına zərurət olmaması ilə əsaslandırılmışdır.

34. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, iddiaçı Mingəçevir bələdiyyəsində “Proqnoz və uçot” şöbəsinin müdiri vəzifəsində işləmişdir. Şöbə ləğv edildiyinə, ştatlar ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavadeh iddaiçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini bələdiyyənin özünü idarə orqanı olması, əldə etdiyi gəlirlə həm öz işini qurması, həm də işçi qüvvəsini saxlaması, əlavə xərclərin qarşısının alınması, texnologiyanın inkişafı ilə əlaqədar artıq işçi qüvvəsinin saxlanılmasına zərurət olmaması ilə əsaslandırılmışdır.

35. Yuxarıda sadalanan ( 26-cı bənddə) qanunvericiliyin tələbindən göründüyü kimi, qanunvericilik qeyd olunan əsaslarla işçinin ixtisar edilməsinin qaydalarını müəyyənləşdirmişdir. Belə ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı (70-ci maddənin 3-cü bəndi.), müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı, işçinin peşəkarlıq səviyəsini müəyyənləşdirməli (Maddə 78. 1-ci bənd), işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq etməlidir (Maddə 77.1-ci bənd.).

36. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl bələdiyyənin həmkarlar təşkilatına yazılı təqdimatla müraciət edərək, ixtisar olunması nəzərdə tutulan ştatların ixtisar edilməsi, işçilərin sayının azaldılmasına razılıq verməsi bildirilmiş, həmkarlar təşkilatı da öz qərarını işəgötürənə və cavabdehə təqdim etmişdir.

37. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Mübahisənin konkret halında özünü idarə orqanı olmaqla, əldə etdiyi gəlirlə həm öz işini qurması, həm də işçi qüvvəsini saxlaması, əlavə xərclərin qarşısının alınması, texnologiyanın inkişafı ilə əlaqədar artıq işçi qüvvəsinin saxlanılmasına zərurətin olmaması işəgötürənə verilmiş hüquqdur və özünü müdafiə etmək üçün nəzərdə tutulmuşdur.

38. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir.

39. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(051)-990/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar