Məhkəmə qərarları › İş №2(107)-958/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-958/2022

13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-958/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə iddiası üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası İşin halları

1. Ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) 05 oktyabr 2021ci il tarixli, 2(004)-5865/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli,10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəmələrində icraat a) Bakı şəhəri Yasamal Rayon Məhkəməsində icraat

3. Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2003-cü il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyət payı kimi ayrılmış 0,61 h (JN №-0029L sənədi üzrə 0,5529 h və JN №-0029Z sənədi üzrə 0,0535 h) kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mərhum anası X2 payına münasibətdə mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 31 may 2022-ci il tarixli, 2(004)-2375/2022 nömrəli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş ərazi aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində 25 aprel 2003-cü il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyət payı kimi ayrılmış 0.61 h (JN № -0029L sənədi üzrə 0.5529 h və JN № -0029Z sənədi üzrə 0.0535 h) kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mərhum anası X2 payına münasibətdə mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə hesab etmişdir ki, ərizəçi daşınmaz əmlaka sahiblik faktının müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, daşınmaz əmlak Qəbələ rayonu ərazisində yerləşdiyindən mülki iş aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37 və 45.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Qəbələ Rayon Məhkəməsində icraat

8. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 30 iyun 2022-ci il tarixli, 2(025)- 970/2022 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır.

10. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi sözügedən işi ərazi aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə göndərərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 37-ci maddəsinə istinad etmişdir.

11. Bununla bağlı məhkəmə qeyd edir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir.

12. Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan normalarından göründüyü kimi qanunverici orqan “daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” ilə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işlərini ayırmış və həmin işlər eyni maddənin başqa bəndləri ilə tənzimlənmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 37-ci maddəsində göstərilmiş “tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsi” faktının müəyyən edilməsi dedikdə, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işləri başa düşülməməlidir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin qərarın 10-cu bəndində isə göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.

13. Beləliklə, Qəbələ Rayon Məhkəməsi hesab etmişdir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işləri Mülki Prosessual Məcəllənin 37-ci maddəsi ilə əhatə olunmadığından hazırki mülki işin Qəbələ Rayon Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçinin Qəbələ rayonunda yaşaması və qeydiyyatda olması iş materialları ilə sübut olunmur.

14. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.

15. Qəbələ Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 37, 40.1, 45.4 307.2.6, 307.2.9, 309.1 və 309.2-cu maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Apellyasiya instansiya məhkəməsi məhkəmələr arasında yaranmış fikir ayrılığına tərəflər iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin;

4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 37-ci maddəsinə əsasən Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə hesab edir ki, Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması daha düzgün olardı.

21. Belə ki, ərizənin mahiyyətindən və ifadə tərzindən göründüyü kimi ərizəçinin tələbi mərhum anasından miras qalmış əmlakın faktiki qəbul edilməsi barədədir.

22. İş materiallarında olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır.

23. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.

24. Həmin qərarın 10-cu bəndində isə göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.

25. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, “daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” ilə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işlərini ayrılmış, onların eyni növlü işlər olmaması müəyyən edilmişdir.

26. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işləri Mülki Prosessual Məcəllənin 37-ci maddəsi ilə əhatə olunmadığından hazırki mülki işin Qəbələ Rayon Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi əsassızdır.

27. Belə ki, MPM-in 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

28. Maddənin məzmunundan göründüyü kimi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün ərazi aidiyyəti nəzərdə tutulmuşdur, belə ki, bu kateqoriya işlərə ərizəçinin yaşadığı yerin məhkəməsində baxılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, miras əmlak Qəbələ rayonunda yerləşsə də, həmin torpaqla bağlı yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması və s. bu kimi prosessual hərəkətlərin yerinə yetirilməsinə ehtiyac olmadığından işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, işin hərtərəfli və obyektiv həll edilməsi üçün ərizəyə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(004)-2375/2022 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar