Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-96/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(051)-1488/2022 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzili 30 iyul 1996-cı ildə X7 adına qeydə alınmışdır. İddiaçı2 X3 Yusif Akif oğlu ilə 12 iyun 2001-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Toyları olan gündən Akif Məmmədova məxsus Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə köçmüş və cehiz əşyaları da həmin evə yığılmışdır. Mənzilin mülkiyyətçisi olan Akif Məmmədov 29 yanvar 2017-ci ildə vəfat etmişdir. İddiaçılar 3 il bundan əvvəl başqa yerdə kirayə ev tutub müvəqqəti orada yaşayırlar. Cavabdeh onları mənzilə buraxmır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
3. Məhkəmə iclasında iddiaçı, eləcə də digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzili mərhum qayınatası X11 1996-cı ildə alğı-satqı yolu ilə almışdır və xüsusi mülkiyyət hüququ ilə qayınatasına məxsus olmuşdur. X3 Yusif Akif oğlu ilə 12 iyun 2001-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Toyları olan gündən qayınatasına məxsus Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə köçmüş və cehiz əşyaları da həmin evə yığılmışdır. Birgə nikahlarından xx xxxx 2002-ci il tarixdə Asif adlı uşaqları anadan olmuşdur. Uzun müddət ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Sonradan əri Yusif Məmmədov işləmək üçün Rusiya Federasiyasına getmiş, onlar isə həmin mənzildə yaşamışlar. Mənzilin mülkiyyətçisi olan qayınatası Akif Məmmədov 29 yanvar 2017-ci ildə vəfat etmişdir. Qayınatasının ölümündən sonra mənzilin bütün işlərini qayınanası ilə birgə idarə etmişlər. Cavabdeh, mərhum Akif Məmmədovun oğlu, onun qaynıdır. Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamışdır və oranın vətəndaşıdır. Cavabdeh hətta atasının yas mərasimində iştirak etməmiş, mənzilin idarəçiliyində heç bir iştirakı olmamışdır. Atasının ölümündən xeyli müddət, yəni 2 il keçəndən sonra Mingəçevir şəhərinə gəlmişdir. Cavabdeh Mingəçevir şəhərinə gələndən sonra həmin mənzildə yaşamışdır. Son vaxtlar qayınanası ilə münasibətləri pisləşmişdir. Bu səbəbdən də məcburən 3 il bundan əvvəl oğlu Asif ilə başqa yerdə kirayə ev tutub müvəqqəti orada yaşayırlar. Lakin cehiz əşyalarının çox hissəsi mübahisəli mənzildədir. X1 11 may 2021-ci ildə vəfat etmişdir. Yaşamaq üçün həmin mənzilə qayıtmaq istəyirlər, mənzildə yalnız onun və ailə üzvlərinin qeydiyyatda olmasına, lakin cavabdehin həmin mənzildə qeydiyyatda olmamasına baxmayaraq Cavabdeh onları mənzilə buraxmır. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə oğlu, digər İddiaçı1 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir
4. İddiaçıların vəkili Vəkil1 da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı2 onun qardaşı Yusif Məmmədovla 2001-ci ildə ailə quraraq onların yaşadıqları, atası Akif Məmmədovun mülkiyyətində olan Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə köçmüşdür. Atası 2017- ci ilin yanvar ayında vəfat etmişdir. Atasının ölümündən sonra iddiaçı ilə anasının arasındakı münasibətləri pisləşmiş, iddiaçı oğlu, digər İddiaçı1la 2018-ci ildə həmin mənzildən çıxmışdır. Anası 2021-ci ilin may ayında vəfat etmişdir. Anasının ölümündən sonra iddiaçılar yenidən qayıdıb həmin mənzildə yaşamaq istədilər. Lakin o, razılıq vermədi. Hesab edir ki, iddiaçıların tələbi əsassızdır. Belə ki, iddiaçının onun valideynləri ilə münasibətləri normal olmamışdır. Atasının razılığı, məlumatı olmadan iddiaçılar həmin mənzilə qeydiyyata alınmışlar. O və qardaşı Yusif uzun müddət Rusiya Federasiyasında yaşadıqlarına görə atasında qalmış mirası qəbul edərək öz adlarına sənədləşdirə bilməmişlər. O, vərəslik hüququ ilə mənzili sənədləşdirmək üçün notariat ofisinə müraciət edibdir. Qardaşı Yusif də mənzilin onun adına sənədləşməsinə etiraz etmir. İddiaçılarla onlar arasındakı münasibətlər normal olmadığına görə bir mənzildə yaşamaqları mümkün deyil. Həmçinin hesab edir ki, iddiaçıların həmin mənzilə heç bir hüququ yoxdur. İddianın təmin olunmamasını xahiş edir.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia tələbində İddiaçı2 2001-ci ilin iyun ayında Yusif Məmmədovla rəsmi nikah qeyd etdirməklə sonuncunun atası Akif Məmmədovun mülkiyyətində olan Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə köçüb birlikdə yaşamaları, sonra onun və digər İddiaçı1 mülkiyyətçinin razılığı ilə həmin mənzilə qeydiyyata alınmaları, yaranmış mübahisə ilə əlaqədar 2018-ci ildə mənzildən çıxıb kirayə mənzildə yaşamaları, hazırda yenidən qayıdıb mübahisələndirilən mənzildə yaşamaq istəmələri, qeyd edilən mənzildə istifadə hüquqları olmasına baxmayaraq cavabdehin onlara həmin mənzilə köçüb yaşamaqlarına imkan vermədiyini bildirərək mənzilə istifadə hüquqlarının tanınması və köçürülmələri barədə qətnamə çıxarılması göstərilmişdir.
8. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasında münasibətlər 2001-ci ildən yaranmışdır, ona görə də mübahisəli mənzilə iddia tələbi Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun həll olunmalıdır.
9. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.
10. Lakin iş materialları ilə mübahisələndirilən mənzilə istifadə hüququ ilə əlaqədar iddiaçılarla mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olması, istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilmədi.
11. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2- ci maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddia təmin olunmamalıdır.
12. Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(051)- 1488/2022 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia təmin olunmamış, iddiaçılar İddiaçı2 və İddiaçı1 Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
14. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı2 arasında 12 iyun 2001-ci ildə Mingəçevir şəhər Nikah evində 98 № ilə nikah qeydə alınmışdır.
15. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2002ci il təvəllüdlü İddiaçı1 atası X10, anası İddiaçı2dır.
16. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı2, X10, Məmmədov X8 şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilində qeydiyyatdadırlar. İddiaçı2 23 noyabr 2012-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır.
17. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q-986/69 №li arayışdan görünür ki, X5 11 may 2021-ci ildə vəfat etmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 21 oktyabr 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzili xx.xx.1996-cı il tarixli, 3M-2-49 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Qeyd edilən alğı-satqı müqaviləsi 621/92B №-li qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənəd kimi reyestr kitabında qeyd edilmişdir. (Qeydiyyat vəsiqəsinin İİ nüsxəsi və alğı-satqı müqaviləsi arxivdə mövcud deyildir).
19. İşə əlavə olunmuş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzili 30 iyul 1996-cı ildə X7 adına qeydə alınmışdır.
20. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan və 5 №-li MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 407 №-li arayışdan görünür ki, Məmmədova X6 şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilində qeydiyyatdadır, həmin mənzildə yaşamır.
21. Qətnаmədən nаrаzı qаlаn İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o ailə qurduqdan sonra qaynatası özü onu polis şöbəsinə gətirərək öz razılığı ilə qeydiyyata saldırmışdır. Polis şöbəsinin işdə olan xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, DİN-nin müvafiq əmrinə əsasən müddətin bitməsi ilə əlaqədar sənədlər məhv edildiyindən əsas olan sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi sənədlər məhv edilmişdir və bu səbəbdən də qeydiyyata düşərkən mülkiyyətçinin razılıq ərizəsini əldə etmək mümkün olmamışdır. Bu da təbiidir ki, onun təqsiri deyildir. Digər tərəfdən bunun sübuta ehtiyacı yoxdur. Belə ki, o gəlin köçəndən orada yaşamış və qeydiyyatda olmuşdur. Mülkiyyətçinin razılığı olmasa idi onu və oğlunu heç kim qeydiyyata salmazdı.
23. O və oğlu 20 ilə yaxın həmin evdə yaşamışlar. Cavabdeh isə daima Rusiya Federasiyasında yaşamış və yalnız son vaxtlar gəlib evdə yaşamağa başlamışdır. Halhazırda da evi qeyri-rəsmi olaraq başqasına satmış və həmin şəxs hazırda ailəsi ilə orada yaşayır. Ədalət baxımından buna nə ad vermək olar?
24. Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə istinad edərək qeyd edir ki, mülkiyyətçi Akif Məmmədov onu ailə üzvü kimi öz evinə köçürmüş, buna razılıq verdiyinə görə o və oğlu qeydiyyata alınmışlar. Qanunun bu normasını məhkəmə nəzərə almamışdır.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (keçmiş) 123, 53-cü maddəsinə istinad edərək qeyd edir ki, o “digər qohumlar” kateqoriyasına daxil olmağına baxmayaraq Qanunun bu norması məhkəmə tərəfindən nəzərə alınmamışdır.
26. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(051)- 1488/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı2 əlavə olaraq bildirdi ki, qaynatası Akif Məmmədov 29 yanvar 2017-ci ildə vəfat etdikdən sonra həmin mənzildə xalası, eyni zamanda qaynanası olan X5 ilə birlikdə yaşamışdır. 2018-ci ildə hazırki iş üzrə digər iddiaçı olan oğlu Asif ilə qaynanası Svetlananın münasibətləri pisləşdiyindən özləri könüllü olaraq həmin mənzili tərk etmişlər. Onlar mənzili tərk etdikdən sonra hazırki iş üzrə cavabdeh olan qaynı Rauf həmin mənzilə gələrək anası Svetlana ilə birlikdə yaşamışdır. İddiaçı olaraq onlar Svetlananın ölümündən sonra həmin mənzilə köçmək istəyərkən cavabdeh onları mənzilə buraxmamışdır.
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(051)-1488/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Plenum Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, MM-in 228.5-ci maddəsində əks olunan bu müddəanın, yəni «mülkiyyətçinin razılığı»nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir. ... Bu baxımdan vurğulanmalıdır ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin ziddinə təfsiri Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi) və 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin müddəaları ilə uyğunsuzluğa gətirib çıxara bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum Qərarından göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda müvafiq kompensasiya ödənilmədən xitam verilməsi mümkündür.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(051)- 1488/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 22-24-cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 30-cu bəndində qeyd olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci bəndinin tələbinə əsasən istifadə hüququnun verilməsi üçün mülkiyyətçinin notariat qaydada təsdiq olunmuş razılığı tələb olunur. Yenə bu qətnamənin 31-ci bəndində qeyd olunmuş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Plenum Qərarında göstərilir ki, MM-in 228.5-ci maddəsində əks olunan bu müddəanın, yəni «mülkiyyətçinin razılığı»nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Göründüyü kimi, mülkiyyətçinin öz razılığı ilə iddiaçını evinə qeydiyyata salması onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbi baxımından razılığı kimi qiymətləndirilə bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununda, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun həmin yaşayış yerinə məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 25-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 31-ci bəndində qeyd olunmuş “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Göründüyü kimi, Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri hazırki işə tətbiq edilə bilməz. İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya baxışı zamanı verdiyi izahatından bəlli olmuşdur ki, iddiaçılar hal-hazırda köçmək istədikləri mənzili daimi yaşamaq üçün könüllü olaraq tərk etmişlər. Daha öncə isə onlar köçmək istədikləri mənzildə həmin mənzilin mülkiyyətçisi Akif Məmmədov ilə birlikdə 29 yanvar 2017-ci ilədək yaşasalar da, sonuncu öldükdən sonra iddiaçılar mülkiyyətçinin arvadı Svetlana ilə birlikdə qısa müddətdə həmin mənzildə yaşamışlar. Mülkiyyətçinin vərəsəsi olan arvadı öldükdən sonra isə həmin mənzildə mülkiyyətçinin və onun arvadının vərəsəsi olan hazırki cavabdeh Rauf yaşamışdır. İddiaçı1 atası Yusif Məmmədov nə mülkiyyətçi öldükdən sonra, nə də mülkiyyətçinin vərəsəsi olan arvadı Svetlana öldükdən sonra həmin mənzillə bağlı hər hansı bir hərəkət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum Qərarından göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda müvafiq kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Göründüyü kimi, İddiaçı1 hal-hazırda köçmək istədiyi mənzilə olan ehtiyacı hər iki iddiaçı həmin mənzili 2018-ci ildə könüllü olaraq tərk edərkən aradan qalxmışdır.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(051)-1488/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(051)- 1488/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev