Məhkəmə qərarları › İş №2(107)-962/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-962/2023

05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-962/2023 05.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı "torpaq sahəsindən qeyriqanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən qeyriqanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı "torpaq sahəsindən qeyriqanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsindən qeyriqanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il 25 saylı qərarı ilə ona və ailə üzvülərinə verilən 0,18 ha pay torpaq sahəsinə aid Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN- 231A, KOD-40614018 saylı Şəhadətnamə və JN-0161, KOD-40614018 Dövlət Aktı ilə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 0,13 ha sahəsini zəbt edərək, qeyriqanuni istifadə edən Cavabdeh1 həmin torpaq sahəsindən qeyri-qanuni istifadəsinin qadağan olunması və həmin şəxsə ona məxsus toıpaq sahəsinin istifadə olunmasına maneə yaradılmasına qadağan olunması, 2. Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il 25 saylı qərarı ilə ona və ailə üzvülərinə verilən 0,18 ha pay torpaq sahəsinə aid Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN- 231A, KOD-40614018 saylı Şəhadətnamə və JN-0161, KOD-40614018 Dövlət Aktı ilə ona və ailə üzvülərinə məxsus olan 0,13 ha sahəsinə Cavabdeh2 Qəhrəman qızı tərəfindən bağlanmış yolun açılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il 25 saylı qərarı ilə ona və ailə üzvlərinə verilən 0,18 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsi Azərbaycan Respublikası (AR) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə: JN-231A, KOD-40614018 və Dövlət Aktı:JN-0161, KOD- 40614018 ilə öz təsdiqini tapır. Həmin torpaq sahəsinin 0,13 ha sahəsi Cavabdeh1 zəbt etdiyi “fındıq bağının ərazisində yerləşir. Həmin sahəyə yol isə cavabdeh X2 qardaşı arvadı Cavabdeh2 Qəhrəman qızı tərəfindən zəbt edilmişdir. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin tanınması və zəbt edilmiş yol sahəsinin açılması ilə əlaqədar Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli 13 saylı cavab göndərilmişdir. Cavabda 0,18 ha pay torpaq sahəsinin harada yerləşdiyinin müəyyən edilməsi üçün aidiyyatı üzrə ünvan kadastrı idarəsinə və məhkəməyə müraciət etmək məsləhət bilinmişdir (cavabın əsli ərizəyə əlavə edilmişdir). Göstərilən səbəbdən, hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini artıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızının ona qarşı təxribat və təhqir tərkibli hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnəmə qəbul edilməsi, iş üzrə məhkəmə qərarı ilə, ona məxsus torpaq sahəsində, Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsin xidmət əməkdaşları tərəfindən keçirilmiş torpaq sahəsinin ölçü işlərinin aparılması və müvafiq rəyin məhkəməyə təqdim edilməsi üçün, Daşınmaz Əmlakın Dövlət Kadstr və Reyestri publik hüquqi şəxsinin hesabına ödədiyi 95 (doxsan beş) manat rüsumun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızından müştərək qaydada tutularaq, ona verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə və həmin hərəkətlərin müstəqil nəticəsi olaraq, ona dəymiş mənəvi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. 05 may 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsi iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı, qətnaməsi (hakim E.İsayev) ilə iddia ərizəsi qismən təmin edilmiş, JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulması, İddiaçı yol yeri kimi istifadə etmək istədiyi Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətinə aid ərazi Cavabdeh2 tərəfindən açılması, ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat və mütəxəssis rəyin verilməsi üçün 95 (doxsan beş) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; JN-231A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.08 ha torpaq sahəsi və JN-0161 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.03 ha torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızna, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ Rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı "torpaq sahəsindən qeyri-qanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, JN-231A, KOD- 40614018 saylı Şəhadətnamə və JN0161, KOD-40614018 Dövlət Aktı ilə ona və ailə üzvülərinə məxsus olan torpaq sahəsinin 0,13 ha sahəsini zəbt edərək, qeyri-qanuni istifadə edən Cavabdeh1 həmin torpaq sahəsindən qeyri-qanuni istifadəsinin qadağan olunması və həmin şəxsə ona məxsus toıpaq sahəsinin istifadə olunmasına maneə yaradılmasının qadağan olunması və JN-231A, KOD40614018 saylı Şəhadətnamə və JN-0161, KOD-40614018 Dövlət Aktı ilə ona və ailə üzvlərinə məxsus olan 0,13 ha torpaq sahəsinə Cavabdeh2 Qəhrəman qızı tərəfindən bağlanmış yolun açılmasını tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmiş, maraqlı şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri Nümayəndə mübahisəli torpaq sahəsinin Qəbələ Rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətinə məxsus olan gediş-gəliş yolu cavabdehlər tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edir ki, iddiaçı onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan JN231A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi və JN-0161 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 1.03 ha torpaq sahəsi sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması və torpaq sahəsindən qeyri-qanuni istifadənin qadağan olunması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılarkən JN- 0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsi Cavabdeh1 istifadəsində olduğunu, Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsində iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulduğunu, həmin yol yeri Cavabdeh2 Qəhrəman qızının istifadəsində olduğunu, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə (gediş-gəliş yerləri) olan ərazi olması müəyyən edilmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə və həmin hərəkətlərin müstəqil nəticəsi olaraq, ona dəymiş mənəvi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini” xahiş etsə də, tələblərini həmin hissədə əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulmalı, İddiaçı yol yeri kimi istifadə etmək istədiyi Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətinə aid ərazi Cavabdeh2 tərəfindən açılmalı, odənilmiş dövlət rüsumu 100 (bir yüz) manat və mütəxəssis rəyin verilməsi üçün 95 (doxsan beş) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 156.1, 157-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 119.1 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 nömrəli qətnaməsi ilə razı deyildir. Mübahisəli torpaq sahəsi uzun müddətdir onun ailəsinin istifadəsindədir və iddiaçının torpaq sənədində qeyd edilən 1.03 ha torpaq sahəsinə aid deyil və həmin qeyd edilən 1.03 ha torpaq sahəsi əksik deyil, əksinə həmin sahədən artıqdır, əlavə olaraq zəbt etdiyi torpaq sahəsi də vardır. Lakin çöl ölçmə işləri aparılarkən qeyd olunan fakt nəzərə alınmamışdır. İddiaçı Müsəllim torpaq islahatı zamanı ona məlum olmayan qanunsuz yollarla evinin arxa tərəfində eni 20 metr, uzunluğu 56 metr olmaqla torpaq sahəsini ölçülməsini gizlətmişdir. Bu da orta hesabla 20x56=0.11 ha torpaq sahəsi edir. Ekspertiza təyin olunarkən onun irəli sürdüyü məsələyə toxunulmamış, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ölçülməmişdir. Belə ki, iddiaçıya başqa ərazidən torpaq sahəsi düşüb-düşmədiyi, onların torpq sahəsinin sənədlə müəyyən edilmiş ölçüdə olubolmaması müəyyən olunsun. Mütəxəssilər özləri də demişlər ki, Müsəllimin özünün də torpaq sahəsi ölçülüb işə əlavə olunacaqdır. Onlar dediklərini etməmişlər. Ona görə də ekspertiza rəyi verilərkən sadəcə olaraq mütəxəssis rəyini köçürməklə kifayətləndiyindən yenidən obyektiv araşdırılma aparılaraq yerində baxış keçirilməsi zərurəti vardır. Bildirir ki, kənddə torpaq islahatı bir neçə dəfə aparılmış, hesab edir ki, iddiaçının onun istifadəsində hər hansı torpaq səhəsi yoxdur və keçirilmiş ekspertiza zamanı suallara tam aydınlıq gətirilməmişdir. Ona görə də təkrar məhkəmə tikinti-mühəndis ekspertizası keçirilməsi zərurəti vardır. Hesab edir ki, mütəxəssis rəyi və ekspert rəyi tərtib olunarkən iddiaçının torpaq sahəsi də ölçülməli olduğu halda ölçülməmiş, torpaq sahəsinin həqiqətən əksik olub-olmadığı aydınlaşdırılmamışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 sayı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətin təmin edilməməsini Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 sayı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin nümayəndəsi Nümayəndə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxs DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbli barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər üçüncü şəxs DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyatorlar apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir onun ailəsinin istifadəsindədir və iddiaçının torpaq sənədində qeyd edilən 1.03 ha torpaq sahəsinə aid deyil və həmin qeyd edilən 1.03 ha torpaq sahəsi əksik deyil, əksinə həmin sahədən artıqdır, əlavə olaraq zəbt torpaq sahəsi də vardır. İddiaçı Müsəllim torpaq islahatı zamanı ona məlum olmayan qanunsuz yollarla evinin arxa tərəfində eni 20 metr, uzunu 56 metr olmaqla torpaq sahəsini ölçülməsini gizlətmişdir. Bu da orta hesabla 20x56=0.11 ha torpaq sahəsi edir. Ekspertiza təyin olunarkən onun irəli sürdüyü məsələyə toxunulmamış, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ölçülməmişdir. Bildirir ki, kənddə torpaq islahatı bir neçə dəfə aparılmış, hesab edir ki, iddiaçının onun istifadəsində hər hansı torpaq səhəsi yoxdur və keçirilmiş ekspertiza zamanı suallara tam aydınlıq gətirilməmişdir. Ona görə də təkrar məhkəmə tikinti-mühəndis ekspertizası keçirilməsi zərurəti vardır. Hesab edir ki, mütəxəssis rəyi və ekspert rəyi tərtib olunarkən iddiaçının torpaq sahəsi də ölçülməli olduğu halda ölçülməmiş, torpaq sahəsinin həqiqətən əksik olub-olmadığı aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, ekspert və mütəxəssis rəyləri alınmış, eyni zamanda mdaddi, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi ekspert rəyinə əsaslanaraq haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8113 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-231A nömrəli (kod:4********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,08 ha torpaq sahəsi mübahisə predmeti olmadığına görə ölçülmədi. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin hüdudları müəyyən edilmişdir. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Sözügedən 0,13 hektar torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsində iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin yol yeri Cavabdeh2 Qəhrəman qızının istifadəsindədir. İddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə (gediş-gəliş yerləri) olan ərazidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi ilə razılaşır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda kollegiya qeyd edir ki, apelyator əlavə ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin əlavə ekspertiza keçirməməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası şikayətin iddiaçının torpaq islahatı zamanı ona məlum olmayan qanunsuz yollarla evinin arxa tərəfində eni 20 metr, uzunu 56 metr olmaqla torpaq sahəsini ölçülməsini gizlətməsinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlilləri əsassızdır. İş materiallarına əlavə edilmiş JN-231A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0161 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.03 ha torpaq sahəsi verilmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan və özü tərəfindən istifadə etdiyi 0.13 ha torpaq sahəsini zəbt etmişdir. Həmin zəbt etdiyi torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən hər hansı bir rəsmi sənədi yoxdur. Göründüyü kimi cavabdeh həqiqətən iddiaçıya məxsus 0.13 ha torpaq sahəsini zəbt etmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə, yəni iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(025)-6/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar