Məhkəmə qərarları › İş №2(107)-965/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-965/2023

19.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-965/2023 19.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 56542 manat borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat pulun, 50 manat mediasiya xərci və 260 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim etmiş, izahat verərək bildirmişdir ki, fərdi sahibkardır, Oğuz rayon Kərimli kəndi ərazisinda yerləşən tikinti materialları mağazasında tikinti materiallarının ticarəti ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2016-ci il tarixli rəsmi əmək müqaviləsinə əsasən onu həmin tarixdən sahibi olduğu mağazaya müddətsiz satıcı vəzifəsinə işə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 02/K saylı əmrlə onunla əmək münasibətlərinə xitam verilmişdir. Əmək müqaviləsi bağlanarkən hər ay əmək haqqı qismində Cavabdeh 250 manat məbləğində əmək haqqı ödəməklə bağlı razılaşmışlar. İşlədiyi müddətdə mağazada və nisyədə olan bütün mal və ya digər vəsaitlər üçün satıcı Cavabdeh məsuliyyət daşımışdır. Sərbəst audit X3 tərəfindən 01 yanvar 2018-ci il tarixdən 03 yanvar 2018-ci il tarixədək olan müddətdə mağazada audit yoxlaması aparılmış və 45.257 manat kəsir məbləğ aşkar edilmişdir. Yoxlama zamanı mağazada satılmış mala görə 38.108 manat məbləğində nisyə olduğu da aşkar edilmiş, əskik və nisyədəki malın məbləği ilə bağlı akt tərtib edilmiş, akt onun, Cavabdeh və X2 imzaları ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən Cavabdeh öz ehtiyacı üçün mağazadan 427 manat məbləğində mal götürdüyü də təsdiq ediilmişdir. Akta görə cavabdeh 427 manat məbləği xx.xx.2019-cu il tarixədək ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öz şəxsi avtomobilini sataraq əldə etdiyi 9.000 manatı və nisyədə olan maldan 5000 manatı yığaraq kəsir məbləğin əvəzinə mağazaya vermişdir. Bundan əlavə Cavabdeh audit aparıldıqdan sonra mağazada öz razılığı ilə 4 il 5 ay, yəni 53 ay əmək haqqı almadan işləmiş, almalı olduğu əmək haqqı məbləği olan 13.250 manat (53 x 250) onun mağazaya olan borcundan silinmişdir. Hazırda Cavabdeh mağazaya 56.542 (45.257+38.108+427-9.000-13.250-5.000) manat borcu qalmışdır. Dəfələrlə Cavabdeh şəxsən müraciət edərək 56.542 manat pulu ödəməsini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu məbləği ödəməkdən imtina etmişdir. Cavabdehə ilkin mediasiya prosesində iştirak etməklə bağlı təklif göndərmiş, cavabdeh isə ilkin mediasiya iclasında iştirak etmədiyindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 dekabr 2022-ci il tarixli, MMS/1/02229 saylı arayış verilmişdir. Məhkəmə iclasları arasında onun təklifinə uyğun olaraq cavabdeh nisyə mal verdiyi şəxslərin bir qismini müəyyən etdiyindən borc məbləğindən cəmi 2080 manat pulu heç bir araşdırma aparmadan çıxmışdır, yəni bu məsələdə ümumi razılığa gəlmişlər. Beləliklə, hazırda həmin məbləğ çıxıldıqdan sonra cavabdehin ona cəmi borcu 54462 manat təşkil edir. İddia tələbinin həmin məbləğdə təmin edilməsi, bundan əlavə hüquqi yardım üçün vəkilə ödənilmiş 250 manat, 50 manat mediasiya xərci və 260 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin (hakim S.Zeynalova) 11 may 2023-cü il tarixli, 2(054)- 158/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 54462 (əlli dörd min dörd yüz altmış iki) manat əsas borcunun, vəkilə hüquqi yardım üçün 150 (bir yüz əlli) manatın, 50 (əlli) manat mediasiya xərcinin və 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddia tələbi 100 manat hüquqi yardım, 6,61 manat dövlət rüsumu tələbinin hissəsində təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya məxsus tikinti materialları mağazasında satıcı işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci il tarixədək aparılmış audit yoxlaması nəticəsində sözügedən mağazada 45257 manat kəsir məbləğ, 38108 manat nisyənin olduğu müəyyən edilmiş, tərtib edilmiş akt iddiaçı, cavabdeh və sərbəst auditor tərəfindən imzalanmışdır. Bundan əlavə 2019-cu ilin iyun ayında tərtib edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 427 manat borcunun olduğu da müəyyən edilmiş, həmin fakt da mübahisə obyekti olmamışdır. Cavabdeh qeyd edilənlərə əsasən şəxsi avtomobilini sataraq əldə etdiyi 9.000 manat və nisyədə olan maldan 5000 manat yığaraq mağazaya ödəmişdir. Bundan əlavə audit yoxlama aparıldıqdan sonra müəyyən edilmiş kəsirin ödənilməsi üçün mağazada öz razılığı ilə 4 il 5 ay, yəni 53 ay əmək haqqı almadan işləmiş, almalı olduğu əmək haqqı məbləği olan 13250 manat (250x53) onun mağazaya olan borcundan silinmişdir. Beləliklə, iddiaçı tərəfin hesablamasına əsasən cavabdehin iddiaçıya 56542 (45257+38108+427-9000-13250-5000) manat borcu qalmışdır. Məhkəmə icraatı gedişində tərəflər öz aralarında borcun 2080 manat hissəsinə dair ümumi razılıq əldə etdiyindən iddiaçı iddia həcmini azaldaraq cavabdehdən 54462 manat əsas borcun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında cavabdeh kəsir məbləği və bununla bağlı ödənilmiş məbləğləri mübahisələndirməsə də, iddiaçıya təxminən 9000 manat borcunun olduğunu bildirmiş, qalan məbləğin ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdeh 38108 manat nisyə məbləğinin ondan tutulmasına etirazını bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, o maddi-məsul şəxs olaraq malın nisyə verilməsinə məsuliyyət daşısa da, nisyə verilmiş mallarla bağlı heç bir uçot aparmamış, yaxud təqdim etməmiş, iddiaçı tərəfin təkidi ilə 2080 manat nisyə ilə bağlı təsdiq edilməmiş sənədləri təqdim etmiş, iddiaçı heç bir araşdırma aparmadan həmin məbləği iddia tələbindən çıxarmışdır. Qeyd edilənləri bir-biri ilə əlaqəli şəkildə araşdıraraq məhkəmə belə qərara gəlir ki, iddia tələbi 54462 manat məbləğin cavabdehdən tutulmasına dair hissədə təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 250 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. "xxxx" ASC-nin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi İddiaçı tərəfindən Vəkil ******************** saylı hesabına 250 manat pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş məbləğ 150 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 121.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində onun nisyələrin hesabatını aparmadığını iddia etdikləri halda digər təfdən də nisyə üzrə onun 38.108 manat nisyə olduğunu iddia etmiş və bu miqdarda nisyəni də ona yükləmişlər. İddiaçı tərəf məhkəmədə nisyələr olan dəftərin onlarda olmadığını bildirdilər. Nisyə verən iddiaçı özü olduğu məlum, nisyə alanlar məlum, borcu olanlar bəlli olduğu halda nəyə göyə həmin nisyə borclarını o qaytarmalı, ödəməlidir? Bütün bunlara baxmayaraq işə baxan məhkəmə işin yuxarıda göstərdiyi faktiki hallarını tam və hərtərəfli şdırmamış, nəticədə göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olduğu qeyd etdiyim maddi hüquq normalarını tətbiq etməmiş və biq etdiyi maddi hüquq normalarını da səhv təfsir etmişdir. İddiaçı tərəfindən onun ona məxsus mağazada işlədiyi dövrdə ona zərər vurmağını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı, işlədiyi müddətdə keçirilmiş yoxlamalar nəticəsində heç bir çatışmazlıqlar aşkar olunmadığı, yəni tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmadığı halda, işə baxan məhkəmə iddiaçı tərəfin iddia ərizəsinə və uydurma fərziyyələrinə əsaslanaraq qətnamə qəbul edərkən həmin maddəni tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Onun qarşı tərəfə konkret maddi zərər vurmağı iddiaçı tərəfindən sübut olunmadığı və zərərin vurulması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyi halda, işə baxan məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən qeyd olunan maddi hüquq normasının tələbini pozmuşdur. Belə ki, normanın tələbinə görə zərər yalnız sübuta yetirildiyi təqdirdə zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşə baxan məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi yuxarıda qeyd edilən sübutlara qərəzsiz, hərtərəfli və tam baxmamış, iddiaçı tərəfindən ona borclu olmağımı təsdiq edən heç bir sübut təqdim olunmadığı halda, işə baxan məhkəmə yalnız iddiaçı tərəfin heç bir hüquqi əsası olmayan yalançı sənədlərini və uydurma fərziyyələrini sübut növü kimi qəbul edərək baxmaqla və iddanı təmin etməklə tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda. 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin 1-ci bəndinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddianın cavabdehə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya məxsus tikinti materialları mağazasında satıcı işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılmış audit yoxlaması nəticəsində sözügedən mağazada 45257 manat kəsir məbləğ, 38108 manat nisyənin olduğu müəyyən edilmiş həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. İşə əlavə edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000101 saylı əmək müqaviləsi bidirişi”nin elektron çıxarışından görünür ki, Cavabdeh ilə fiziki şəxs olan işgötürən İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müddətsiz müqaviləyə əsasən Cavabdeh mağazada satıcı vəzifəsinə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Göründüyü kimi hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin maddələri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk növbədə kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsi ilə razılaşaraq onu mübahisələndirməmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, işə baxan birinci instansiya məhkəməsi işin yuxarıda göstərdiyi faktiki hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olduğu qeyd etdiyim maddi hüquq normalarını tətbiq etməmiş və tətbiq etdiyi maddi hüquq normalarını da səhv təfsir etmişdir. İddiaçı tərəfindən onun ona məxsus mağazada işlədiyi dövrdə ona zərər vurmağını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı, işlədiyi müddətdə keçirilmiş yoxlamalar nəticəsində heç bir çatışmazlıqlar aşkar olunmadığı, yəni tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmadığı halda, işə baxan məhkəmə iddiaçı tərəfin iddia ərizəsinə və uydurma fərziyyələrinə əsaslanaraq qətnamə qəbul edərkən həmin maddəni tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, normanın tələbinə görə zərər yalnız sübuta yetirildiyi təqdirdə zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşə baxan məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi yuxarıda qeyd edilən sübutlara qərəzsiz, hərtərəfli və tam baxmamış, iddiaçı tərəfindən ona borclu olmağımı təsdiq edən heç bir sübut təqdim olunmadığı halda, işə baxan məhkəmə yalnız iddiaçı tərəfin heç bir hüquqi əsası olmayan yalançı sənədlərini və uydurma fərziyyələrini sübut növü kimi qəbul edərək baxmaqla və iddanı təmin etməklə tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Kollegiya hesb edir ki, şikayətin dəlili əsassızdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya məxsus tikinti materialları mağazasında satıcı işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci il tarixədək aparılmış audit yoxlaması nəticəsində sözügedən mağazada 45257 manat kəsir məbləğ, 38108 manat nisyənin olduğu müəyyən edilmiş, tərtib edilmiş akt iddiaçı, cavabdeh və sərbəst auditor tərəfindən imzalanmışdır. Bundan əlavə 2019-cu ilin iyun ayında tərtib edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 427 manat borcunun olduğu da müəyyən edilmiş, həmin fakt da mübahisə obyekti olmamışdır. Cavabdeh qeyd edilənlərə əsasən şəxsi avtomobilini sataraq əldə etdiyi 9.000 manat və nisyədə olan maldan 5000 manat yığaraq mağazaya ödəmişdir. Bundan əlavə audit yoxlama aparıldıqdan sonra müəyyən edilmiş kəsirin ödənilməsi üçün mağazada öz razılığı ilə 4 il 5 ay, yəni 53 ay əmək haqqı almadan işləmiş, almalı olduğu əmək haqqı məbləği olan 13250 manat (250x53) onun mağazaya olan borcundan silinmişdir. Beləliklə, iddiaçı tərəfin hesablamasına əsasən cavabdehin iddiaçıya 56542 (45257+38108+427-9000- 13250-5000) manat borcu qalmışdır. Məhkəmə icraatı gedişində tərəflər öz aralarında borcun 2080 manat hissəsinə dair ümumi razılıq əldə etdiyindən iddiaçı iddia həcmini azaldaraq cavabdehdən 54462 manat əsas borcun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilmişdir. Əmək məcəlləsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… İşə əlavə edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000101 saylı əmək müqaviləsi bidirişi”nin elektron çıxarışından görünür ki, Cavabdeh ilə fiziki şəxs olan işgötürən İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müddətsiz müqaviləyə əsasən Cavabdeh mağazada satıcı vəzifəsinə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş aktdan görünür ki, sərbəst auditor X3 tərəfindən sahibkar İddiaçı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mal və pulların hərəkətinə dair audit yoxlaması aparılmış, sahibkar İddiaçıla satıcı Cavabdeh arasında 45257 manat kəsir məbləğ, 38108 manat nisyə aşkar olunmuşdur. Akt sərbəst auditor X3, sahibkar İddiaçı və satıcı Cavabdeh tərəfindən imzalanmışdır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1)güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi, Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Göründüyü kimi iddiaçı tərəf yuxarıda qeyd edilən sənədləri təqdim etməklə iddiaçı olaraq üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir. Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən üzləşmə aktı iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilər. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Sərbəst auditor X3 tərəfindən sahibkar İddiaçı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mal və pulların hərəkətinə dair audit yoxlaması aparılmış, sahibkar İddiaçıla satıcı Cavabdeh arasında 45257 manat kəsir məbləğ, 38108 manat nisyə aşkar olunmuşdur. Akt sərbəst auditor X3, sahibkar İddiaçı və satıcı Cavabdeh tərəfindən imzalanmışdır. Kollegiyanın qənaətinə görə Cavabdeh həmin audit yoxlanmaya dair aktı imzalamaqdan imtina etmək hüququ olsada aktı imzalamaqdan imtina etməmiş, yoxlamanın nəticəsi ilə razılaşaraq onu imzalamışdır. Şikayətin nisyə verilmiş malların onun tərfindən ödənilməsinin əsassız olaması barədə dəlilinə qiymət verən kollegiya hesab edir ki, şikayət həmin hissədə də təmin edilə bilməz. Cavabdeh tərəfindən məhəkməyə göndərilmiş dəftərin ksero surətindən görünür ki, həmin dəftərdə bir cox adlar qeyd edilmiş və adların qarşısında məbləğlər yazılmışdır. Lakin həmin malların kimin tərəfindən alınması barədə dəftərdə heç bir qeyd aparılmamışdır. Eyni zamanda həmin şəxslərə dair məlumatlar (ünvan, tel nömrəsi və sair) əksini tapmamışdır. Bundan başqa həmin adların qarşısında həmin məbləğlərə dair borcun olmasını təsdiq edən hər hansı bir imza mövcud deyildir. Bundan başqa kollegiyanın iclasında iştirak edən İddiaçı tərəfindən məhkəmə kollegiyasına nisyə veriləcək malların qeydiyatının aparılması üçün üzləşmə aktına dair blankı təqdim etmişdir. O, izahat verərək bildirmişdir ki, həmin blank yəni, üzləşmə aktı Cavabdeh ona görə verilmişdir ki, nisyə verəcəyi mallara dair məlumatlar orada öz əksini tapsın. Lakin cavabdeh onun tapşırığına əməl etməyərək ona məxsus malları öz istədiyi kimi qeyri məyyən şəxslərə paylamışdır. Halbuki həmin şəxslərə dair məlumatlar dəftərdə öz əksini tapmadığından, həmin şəxslərdə olan pulları yığmaq mümkün olmamışdır. Həmin üzləşmə aktından görünür ki, Oğuz rayonu Kərimli kəndində İddiaçı məxsus olan Tikinti materialları mağazasından nisyə mal alan şəxsin (ünvan, sayadı, adı, atasının adı) borcun məbləği, həmin məbləği nisyə mal alan şəxsin (sayadı, adı, atasının adı) hansı tarixdə sahibkar İddiaçı ödəməyi öhdəsinə götürməsi qeyd edilmişdir. Qeyd: mağazaya olan borc sahibkar İddiaçı ödəməlidir. Əks təqdirdə borc məbləğinin ödənilməsi hesaba alınmayacaq. Həmin aktın doğruluğunu sahibkar və borclu öz imzaları ilə təsiq edirlər. Kollegiyasının iclasında iştirak edən Cavabdeh həmin üzləşmə aktının iddiaçı tərəfindən ona təqdim edildiyini bildirmiş, lakin həmin üzləşmə aktından istifadə etmədiyini bildirmişdir. Göründüyü kimi cavabdeh üzərinə düşən vəzifəni lazımınca icra etməmiş, iddiaçıya yuxarıda qeyd edilən məbləğdə zərər vurmuşdur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 38108 manat nisyə məbləğinin ondan tutulmasına etirazını bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, o maddi-məsul şəxs olaraq malın nisyə verilməsinə məsuliyyət daşısa da, nisyə verilmiş mallarla bağlı heç bir qeydiyyat aparmamışdır. Ona görə də kollegiya qeyd edir ki, iddiaçı 54462 manat məbləğin cavabdehdən tutulmasına dair iddia tələbində haqlıdır. Sonda kollegiya qeyd edir ki, cavabdehdən tutulan pulun məbləği 38108 manat nisyə kimi qeyd edilən məbləğ, 16364 manat isə əksik gələn məbləğ olmaqla (kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf həmin məbləği mübahisələndirməmişdir) ümumilikdə 54462 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh 54462 (əlli dörd min dörd yüz altmış iki) manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 (bir yüz əlli) manat, 50 (əlli) manat mediasiya xərci və 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 (bir yüz əlli) manat, 50 (əlli) manat mediasiya xərci və 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilsin. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən edilsin. Cavabdeh 54462 (əlli dörd min dörd yüz altmış iki) manat əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 (bir yüz əlli) manat, 50 (əlli) manat mediasiya xərci və 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar