Məhkəmə qərarları › İş №2(107)-965/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-965/2025

04.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-965/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, habelə boş dayanma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iddiaya cavab verməli olmayan təşkilat) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, habelə boş dayanma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1158/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Mərkəzi Regional Təhsil İdarəsinin 3-29-69/3-1-36k/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki direktor vəzifəsinə bərpa edilməsinə, habelə boş dayanma müddətinin, işləlmədiyi ayların əvəzinin ödənilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbinə xx.xx.2019-cu il tarixdə direktor vəzifəsinə təyin olunmuşdur. Bundan əvvəl isə Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəbin direktoru işləmişdir. yəni 2013-cü il tarixindən 2019-cu il tarixinədək bu vəzifədə işləmişdir. Həmişə işlədiyi tədris müəssisəsini irəli aparmışdır. Tədris səviyyəsi onun rəhbərlik etdiyi müəssisədən daim fərqlənmişdir. O, məktəb direktoru olduğu üçün kifayət qədər dünya görüşünün və siyasi səviyyəsinin mövcudluğu səbəbindən xx.xx.2024-cü il tarixindən o, 3 saylı X1 40 saylı məntəqəsinin sədri olmuşdur. Məsələ odur ki, o, dövlət əhəmiyyətli bir sahəyə cəlb olunduğu halda əmək qanunvericiliyinə uyğun olaraq onun iş yeri və əmək haqqının saxlanmasına baxmayaraq işdən çıxarılmışdır. Onun işdən çıxarılmasının hazırki cavabdeh etmişdir. O, qanunvericiliyə zidd olaraq işdən çıxarılmışdır. Bütün bunlarda onun hüquqlarını kobud şəkildə pozmuşdur. Əmək qanunvericliyinə görə seçki orqanlarına cəlb olunmuş şəxslərin işi və əmək haqqı saxlanır. Bu qanunun inperativ normasıdır. Onun bu seçki orqanında fəaliyyət müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək müəyyən edilmişdir. Onu isə hazırki cavabdeh seçkili orqanda fəaliyyətinin olmasına baxmayaraq direktor vəzifəsindən tam qanunsuz şəkildə azad etmişdir. İşdən çıxarılma tarixi xx.xx.2025-ci il tarixində qeyd edilməklə, xx.xx.2025-ci il tarixində işdən azad edilmişdir. cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Mərkəzi Regional Təhsil İdarəsinin 3-29-69/3-1-36k/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki direktor vəzifəsinə bərpa edilməsinə, habelə boş dayanma müddətinin ödənməmiş əmək haqqının ona ödənilməsini istəyir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. İddiaçı vəkili Vəkil iddiaçının göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi.

5. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında izah etdi ki, Cavabdeh maliyyə sistemi xəzinədarlıqla bağlı olduğuna görə onların erkən xitamla bağlı əməkhaqqının ödənməsi üçün hüquqi əsas lazım idi. Odur ki, məhkəmənin qətnaməsi lazımdır. Gültəkin xanımın əmək münasibətlərinə gəldikdə, qanunvericiliyin tələblərinə əsasən iş yerinin orta əmək haqqı saxlanılmaqla əmək məcəlləsinin müvafiq maddələrində göstərilən hallara əsasən əmək müqaviləsinə xitam verilməsi yol verilməzdir. Ancaq prosesin hüquqiliyi, kontingentliyinin və əhatəliyinin çox olmasını nəzərə alaraq təqribən burada 550-yə yaxın müəssisələrinin rəhbərlərinin nəzarətinin olmasından söhbət gedir. Əmək qanunvericiliyi bizə o halda deyir ki, əmək münasibətləri ilə bağlı əmək müqaviləsinin hər hansı qanunun pozulduğu əmək məcəlləsinin qərarı əsasında pozulduğu iddia edilirsə, müvafiq qərar qəbul olunduğundan 1 ay müddətində, əgər yaxın ailə üzvünün itirilməsi, öz səhhətində narahatlıq hallarının olması zamanı 1 il müddətində müraciət edə bilər. Gültəkin xanımda bu hal olmadığına görə əmək müfəttişliyinə və dövlətin məhkəməsinə əmək hüquqlarının pozulması ilə bağlı həmin müddət ərzində müraciət edə bilər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X7 məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx.xx.2025-ci il tarixli, 2(039)-1158/2025 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-36k/2025 nömrəli əmri ləğv edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Dairə Seçki Komissiyasının sədri vəzifəsini yerinə yetirdiyi müddət, yəni 17 yanvar 2025-ci il tarixdən, 03 fevral 2025-ci il tarixədək olan müddətə görə İddiaçı orta əmək haqqının ödənilməsi, iddianın qalan hissədə edilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, Quliyeva X2 şəhər 3 saylı tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Dairə Seçki Komissiyasının sədri vəzifəsində çalışmış, seçkili orqanda fəaliyyət müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müddətə olmuşdur (əsas: Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Dairə Seçki Komissiyasının 28 noyabr 2024-cü il tarixli, 3-11-53/2-43/2024 nömrəli məktubu). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-36k/2025 nömrəli əmri ilə 17 yanvar 2025-ci il tarixdən İddiaçı çalışmanın yaş həddinə çatdığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının X3 Komissiyasının sədri vəzifəsini yerinə yetirdiyi, yəni 17 yanvar 2025-ci il tarixdən, 03 fevral 2025-ci il tarixədək olan müddət ərzində əmək haqqının ödənilməsinə etiraz etmir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi üçün iki şərtin eyni vaxtda mövcud olması tələb olunur: birincisi, işçi dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmalıdır; ikincisi, işçi çalışmanın son yaş həddinə, yəni 65 yaşa çatmalıdır. Bu iki şərt mövcud olduğu halda işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verə bilər. Yəni, “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda” əmək müqaviləsinə xitam vermək (çalışma müddətinin uzadılması istisna olmaqla) işəgötürənin hüququ deyil, vəzifəsidir.

10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı çalışmanın son yaş həddinə çatmasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi tərəfindən düzgün qənaətə gəlsə də seçkili orqanda xx.xx.2025-ci il tarixədək fəaliyyətini nəzərə almamışdır.

11. Məhkəmə işə bərpaya münasibətdə qeyd etmişdir ki, işəgötürən iddiaçı ilə əmək münasibətini davam etdirməmək barədə iradəsini açıq-aşkar ifadə etdiyindən, bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Ona görə də artıq 65 yaşına çatmış iddiaçının sözügedən məktəbdə çalışma müddəti 03 fevral 2025-ci il tarixədək uzadıldığından və bundan sonra tərəflər arasında faktiki əmək münasibətləri əmələ gəlmədiyindən, işəgötürənin iradəsinə zidd olaraq iddiaçının əvvəlki işinə bərpa olunması, onunla yeni əmək müqaviləsinin bağlanması və işə bərpa olunduğu bütün müddət üçün ona boş dayanma üçün əmək haqqının ödənilməsi də düzgün yanaşma olmaz və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olar.

12. Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-36k/2025 nömrəli əmr ləğv edilməli, İddiaçı seçkili orqanda xx.xx.2025-ci il tarixədək sədr fəaliyyət göstərdiyi üçün ona 17 yanvar 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək olan müddətdə orta əmək haqqı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə, 10-1.1-ci maddəsinə, 70-ci maddəsinin “e” bəndinə, 79, 156.1, 179-cu maddələrinə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 88, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. O, Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbinə xx.xx.2019-cu il tarixində direktor vəzifəsinə təyin olunmuşdur. Bundan əvvəl isə Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəbin direktoru işləmişdir. Yəni 2013-cü il tarixindən 2019-cu il tarixinədək bu vəzifədə işləmişdir. Həmişə işlədiyi tədris müəssisəsini irəliyə aparmışdır. Tədris səviyyəsi onun rəhbərlik elədiyi müəssisədən daim fərqlənib. O, məktəb direktoru olduğu üçün, kifayət qədər dünya görüşünün və siyasi səviyyəsinin mövcudluğu səbəbindən xx.xx.2024-cü il tarixindən o, 53 saylı X1 40 saylı məntəqəsinin sədri olmuşdur. Məsələ odur ki, o, dövlət əhəmiyyətli bir sahəyə cəlb olunduğu halda, əmək qanunvericiliyinə uyğun olaraq onun iş yeri və əmək haqqı saxlanmasına baxmayaraq işdən çıxarılmışdır. Onun işdən çıxarılmağını hazırki cavabdeh etmişdir. Məsələ odur ki, o, qanunvericiliyə zidd olaraq işdən çıxarılmışdır. Bütün bunlarda onun hüquqlarını kobud şəkildə pozmuşdur.

16. Əmək qanunvericiliyinə görə seçki orqanlarına cəlb olunmuş şəxslərin işi və əmək haqqı saxlanılır. Bu qanunun enpirativ formasıdır. Ancaq məsələ odur ki, onun bu seckili orqanda fəaliyyətinin müddəti xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. Onu isə hazırki cavabdeh seçkili orqanda fəaliyyətinin olmasına baxmayaraq direktor vəzifəsindən tam qanunsuz şəkildə azad etmişdir. İşdən çıxarılma tarixi xx.xx.2025-ci il tarixində qeyd edilməklə, xx.xx.2025-ci il tarixindən işdən azad edilmişdir. Bütün bunları heç bir halda qəbul edə bilmir.

17. O, tam məsuliyyəti ilə qeyd edir ki, əhəmiyyət kəsb edən bir dövlət əhəmiyyətli vəzifəni icra edən zaman qanunvericiliyin əhəmiyyət kəsb edən normalarına dəyər vermədən işdən çıxarılmanı nə qəbul nə də həzm edə bilir. O, iddiasını müdafiə edir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Cavabdeh 3-29- 69/3-1- 36k/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsini, boş dayanma müddətinin ödənməmiş əmək haqqının ona ödənilməsini istəmişdir. Ancaq Yevlax rayon Məhkəməsi iddiasını qismən təmin etmişdir. Onun boş dayanma günlərinə görə 17 yanvar 2025-ci il tarixdən, 03 fevral 2025-ci il tarixədək əmək haqqının ödənməsini qeyd etmişdir. O, bütün bunlarla razı deyildir.

18. O, direktor vəzifəsini icra etmişdir. Bu müddət ərzində seçkili komissiyada dövləti vəzifəsini icra etmişdir. İşə götürən onu işdən azad edibsə, işə bərpa olunduğu günədək yəni Yevlax rayon Məhkəməsi xx.xx.2025-ci il tarixində verildiyindən və 1 aydan sonra qanuni qüvvəsini alacağından sonra, işə götürən onunla əmək müqaviləsini davam etdirərsə və yaxud da etdirmərsə, artıq onun işdə qalıb və qalmamağından asılı olmayaraq xx.xx.2025-ci il tarixinədək əmək haqqı ona tamlığı ilə ödənilməlidir. Yevlax Rayon Məhkəməsi onun barəsində çıxan əmri ləğv etsədə, onu işə bərpasını etməmişdir. Əgər əmr qanunsuzdursa, o, işinə nə üçün bərpa edilməməlidir. Bu doğru deyildir. Əgər əmr ləğv edilirsə, qanunsuz hesab edilirsə, ən öncə o, işinə bərpa edilməli, işinə bərpa ediləndən sonra işə götürənin mövqeyi müəyyən olunmalıdır. Məhkəmə isə əmri ləğv edir, onu işə bərpa etmir. Belə qətnamə olarmı. Həmdə işə götürənin qanunsuz əmrindən sonra işinə bərpa edib, boşdayanma günlərinin əvəzini ödəməli idi. İşdən göründüyü kimi bütün bunlar da təmin edilməyib. O, bütün bunlarla razı deyildir. Ədalətli məhkəmə araşdırılmasının nəticəsi olaraq iddiasının tam təmin edilməsini, apellyasiya məhkəməsindən xahiş etmişdir.

19. Məhkəmə onun prosessual hüquqlarını pozmuşdur. Onun iddiasını qismən təmin edərkən yerdə qalan tələbinin nədən təmin edilmədiyini əsaslandırmamışdır. Əgər əmr qanunsuzdursa, o, nə üçün işinə bərpa edilmir. İşinə bərpa ediləndən sonra boş dayanma günlərinin əvəzi nədən ödənilməməlidir. Bütün bunların ona münasibətdə pozulmasını qərəzli hesab edir. Düşünür ki, bütün bunlar tam olaraq onun əleyhinə işlənib. Məhkəmə işə ədalətli və obyektiv baxmamışdır. Bu səbəbdən də qeyd olunan qətnamə ilə razılaşmır.

20. Məhkəmə işin faktiki halını araşdırsada, nəticədə obyektiv qərar qəbul etməmişdir. Əleyhinə qərar qəbul etməklə düzgün nümayiş etdirməmişdir. Onun qanunsuz işdən çıxarılmağını qəbul etmişdir. Bu barədə hazırki qətnaməni əmrin ləğv edilməsi ilə bağlı hissəsini təmin etmişdir. Yəni onun qanunsuz olaraq işdən çıxarılmağını müəyyən etsədə, işə bərpa edilməsini hansı əsası ilə təmin etməmişdir. Bütün bunlar qeyri-obyektiv olaraq araşdırılmışdır. Real həqiqəti əks etdirməmişdir. Nəticədə də həqiqəti əks etdirməyən qərar qəbul edilmişdir.

21. Məhkəmə hansı səbəbdən işə bərpa edilməməsini və boş dayanma günlərinin tam təmin edilməsini müəyyən etməmişdir. Bütün bunlar da araşdırmanın qeyri-obyektivliyini müəyyən edir. Məhkəmə iddianı qismən təmin edir. Əmri ləğv edir, ancaq tələbin digər hissəsini nədən ləğv etmədiyini müəyyən etmir.

22. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-1158/2025 nömrəli qətnaməsinin tələbin təmin edilməmiş hissəsində ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, müəssisə-mülkiyyətçinin təşkilatihüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. 3-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 70-ci maddəsinin “e” bəndinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 179-cu maddəsinin 1-ci bəndinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. 179-cu maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır: ç) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda.

28. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin; 38.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-1158/2025 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etsə də, maddi və prosessual hüquq normalarına riayət edilməsinin yoxlanılması şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin vəzifəsini təşkil etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, işə baxan məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

34. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Quliyeva X2 şəhər 3 saylı tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. O, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Məntəqə Seçki Komissiyasının sədri vəzifəsində çalışmış, seçkili orqanda fəaliyyət müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müddətə müəyyən edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı çalışmanın yaş həddinə çatması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 17 yanvar 2025-ci il tarixdən işdən azad edilmişdir. Lakin iddiaçı “Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, habelə boş dayanma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasını onu işdən azad edən təşkilata qarşı deyil, Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı irəli sürmüş, məhkəmə də iddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehə qarşı iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gəlmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

37. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

38. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

39. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

40. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

41. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

42. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

43. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

44. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılarkən prosessual hüquq normalarının tələblərini pozduğundan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1158/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

46. Belə ki, işdə olan İddiaçı aid əmək kitabçasından və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, İddiaçı çalışmanın yaş həddinə çatması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 17 yanvar 2025-ci il tarixdən işdən azad edilmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı işdən azad edən təşkilat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olduğu halda birinci instansiya məhkəməsi yanlış olaraq seçilmiş cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

49. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

50. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi hüquq normalarını pozması, dövlət əhəmiyyətli bir sahəyə cəlb olunduğu halda, əmək qanunvericiliyinə uyğun olaraq onun iş yeri və əmək haqqı saxlanmasına baxmayaraq işdən çıxarılması, seçkili orqanda fəaliyyətinin olmasına baxmayaraq direktor vəzifəsindən tam qanunsuz şəkildə azad edilməsi, Yevlax Rayon Məhkəməsi onun barəsində çıxan əmri ləğv etsədə, onu işə bərpasını etməməsi, əmr ləğv edilirsə, qanunsuz hesab edilirsə, ən öncə onun işinə bərpa edilməli olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilmələri doğru hesab edilə bilməz.

52. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozduğundan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1158/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, habelə boş dayanma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

53. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1158/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, habelə boş dayanma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar