Məhkəmə qərarları › İş №2(107)-968/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-968/2022

09.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-968/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt etdiyi hissəsindən çıxarılması, metal torun sökülməsi və keçid yolunun bağlanması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma, , metal torun sökülməsi və keçid yolunun bağlanması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22, İddiaçı2, onun və digər İddiaçı1 vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt etdiyi hissəsindən çıxarılması, metal torun sökülməsi və keçid yolunun bağlanması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(019)- 36/2022 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi və 0.20 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə X8, İddiaçı2, X1, X5, X6 və X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Balakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(019)-45/2012 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X14 Balakən rayonunun Katex kəndində 283.82 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №206262 saylı və 515,54 kv.m həyətyanı torpaq sahsinə dair verilmiş A №-206263 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X15 və onun ailə üzvlərinə- Cavabdeh, X3, X9 və X7 Balakən rayonu Katex kəndində 1.53 ha torpaq sahəsi verilməsinə dair JN-1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi, A №- 206263 saylı və A №-206262 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmiş 515,54 və 283,82 kv.m həyətyanı torpaq sahələrinə mərhum X12 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi, 1553 Süylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonunun Katex kəndində verilmiş 1.53 ha torpaq sahəsinə X15, Cavabdeh, X4, X10 və X7 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı1 və X13 ünvanladığı 16 iyul 2021-ci il tarixli, **********60 saylı məktubda göstərilir ki, ləğv edilmiş DTXK-si tərəfindən ərazi idarəsinin xidməti istifadəsinə verilmiş 2002-ci ildə təsdiq edilmiş elektron kadastr baza məlumatlarında Balakən rayonu Katex kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində mülkiyyətlərində olan 0,20 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yol göstərilməmişdir.

5. Balakən rayonu Katex Bələdiyyəsinin 11 avqust 2017-ci il tarixli 83 nömrəli arayışından görünür ki, həqiqətən X11 istifadəsində olan 0.20 ha həyətanı, 0.23 ha kənd daxili, 0.23 ha pay torpaq sahəsinin torpaq vergiləri bu günə qədər ödənilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.175 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edilən 0.0250 torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolu açılmışdır.

7. Məhkəmə tikinti-texniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərinin 0.175 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən olundu. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edildiyi müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olundu.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 mart 2022-ci il tarixli, 10/1069№-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir.

9. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir.

10. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİnin smetasında mütəxəssis xərcinin 311 manat olması göstərilmiş və həmin 311 manat iddiaçılar tərəfindən həmin mərkəzə ödənilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X32 və X16 ifadələrində Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsinin müəyyən hissəsindən qanunsuz istifadə etdiyini, torpaq sahəsi boyunca metal tor çəkdiyini və həmin xüsusi mülkiyyətdə olan torpaq sahəsindən qanunsuz olaraq keçid yolu açdığını bildirmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin qanunusuz olaraq zəbt etdiyi hissəsindən çıxarılması, metal torun sökülməsi və keçid yolunun bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin 0.0250 ha hissəsindən çıxarılması, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hisəssində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açdığı keçid yolunun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbinin dəqiqləşdirilməsi barədə əsas ekspertiza rəyindən sonra məhkəmə baxışı gedişində əmələ gəldiyi üçün bu ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

15. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onların ailəsinin ümumi birgə mülkiyyətində Balakən rayonu Katex kəndində 0,20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri vardır. Torpaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-in ərazi idarəsi tərəfindən çıxarış da verilmişdir. Balakən rayonu Katex kənd sakini Cavabdeh uzun illərdir ki, torpaq sahələrini qanunsuz zəbt edərək ora metal tor çəkib qanunsuz olaraq gediş-gəliş yolu kimi istifadə edir. Belə ki, Ralakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2 (019)-45/2012 saylı qətnaməsinin qət etdiyi hissəsində torpaq sahəsinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnamənin qət etdiyi hissəsində elə bir qeyd yoxdur ki, Cavabdeh keçid yolu onların xüsusi mülkiyyətində olan torpaq sahəsindən verilsin. Anxanım Xodayevanın keçid yolu kimi qanunsuz olaraq zəbt edib istifadə etdiyi torpaq sahəsi isə qanuni olaraq DƏDRX-nin ərazi idarəsi tərəfindən onlara verilmiş çıxarışa əsasən onların xüsusi mülkiyyətindəki torpaq sahəsidir. Dəfələrlə Cavabdeh torpaq sahələrini qanunsuz zəbt etdiyi barədə xəbərdarlıq etsələr də, xəbərdarlıqlarına məhəl qoymadan və torpaqlarından qanunsuz istifadə edərək, onların mülkiyyət hüquqlarını pozur. Onlar həm kəndli, həm qohum, həm də qonşu olduqları üçün bu mübahisəni məhkəmə səviyyəsinə çatdırmaq istəməmişlər. Lakin artıq cavabdeh xoşluqla qanunsuz hərəkətindən vaz keçmədiyi üçün onlarda bu qanunsuzluğa son qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

16. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 17 may 2022-ci il tarixli, 2(019)- 36/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.0250 ha hissəsindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİmütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilən) çıxarılması, Cavabdeh tərəfindən həmin 0.20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal torun sökülməsi, başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolunun bağlanması, iş üzrə 50,0 manat ekspertiza xərcinin Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X27 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iddiaçılar X19 və İddiaçı2 tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-yə mütəxəssis xərci kimi ödənilmiş 311 manatın Cavabdeh alınaraq iddiaçılar X19 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçıların torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır.

18. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, RX seriyalı, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin 0.0250 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.20 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0250 ha (mütəxəssis rəyinə əlavə edilən sxem) hissəsindən çıxarılmalı, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülməli, başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolu bağlanmalıdır.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə, «İnsan Hüquqlarının və X18 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 213.1, 213.2, 213.6, 214.1, 238.1, 238.2, 238.3 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-116.2, 117.1, 118.1, 119.1, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

20. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən RayonMəhkəməsinin 24 yanvar 2012-ci il tarixli 2(019)-45/2012 saylı qətnaməsi ilə hazırki iddianın predmetini təşkil edən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin 0.0250 ha hissəsindən çıxarılması, Cavabdeh həmin 0,20 ha torpaq sahəsiboyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hisəssində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açdığı keçid yolunun bağlanmasına dair tələbə qiymət verildiyi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəldiyi halda, məhkəmə qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

22. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(019)-36/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün araşdırma aparmamış, iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş edir.

25. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində neçə vaxtdır ki, mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Demək olar ki, mülkiyyət hüquqları məhdudlaşdırılıb. Apellyasiya şikayətində qeyd olunanlar tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir.

26. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası;

13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(019)-36/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

32. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(019)- 36/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçıların tələbi özlərinə məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və mülkiyyət hüququna olan maneələrlə bağlıdır.

35. İddiaçılar tələblərinin faktik əsası kimi ona istinad edirlər ki, qeyd olunan mübahisəlin torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq, bir hissəsi qanunsuz olaraq cavabdeh tərəfindən istifadə olunur ki, bu da onların mülkiyyət hüququnu məhdudlaşdırır.

36. Apellyasiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi və 0.20 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə X8, İddiaçı2, X1, X5, X6 və X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

37. Cavabdeh RX seriyalı, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin 0.0250 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur.

38. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.

39. Apellyatorun ekspert rəyi ilə razılaşmaması ilə bağlı kollegiya nəzərə çatdırmağı lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

40. Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, bu xarkterli mübahisələrin həllində digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

41. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(019)-36/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar