Məhkəmə qərarları › İş №2(107)-975/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-975/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-975/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi və evin həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmlakın qanunsuz sahiblikdən geri alınması, tikililərin sökülməsi, naturada bölgü, prosessual hüquq normalarının pozulması) X17 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi və evin həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsindən və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Basqal kəndində yerləşən, mərhum (həmin zamanadək faktiki nikah münasibətində olduğu əri) X9 ilə birgə nikah dövründə əldə etdikləri vəsaitlər hesabına tikilmiş yaşayış evinin Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu tarixli 2- 48 nömrəli qətnaməsi ilə bölünərək ona ayrılmış, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr olan yaşayış otaqlarından ibarət hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik istifadəsinə verilməsi, həmin tikilinin özündə həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi, həmçinin evin 859,0 kv.m.-lik həyətyanı sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 07 may 1999- cu il tarixli 2-48 nömrəli qətnaməsi ilə onun mərhum əri X4 qarşı əmlak bölgüsü və əmlak tələbinə dair iddiası təmin edilmiş, İsmayıllı rayonunun Basqal kəndində yerləşən, birgə nikah dövründə əldə etdikləri vəsaitləri hesabına tikilmiş yaşayış evi üzərində ümumi mülkiyyət hüquqları tanınmışdır. Həmin qətnamə ilə həmçinin evin bölgüsü aparılaraq evin eyvanı arakəsmə ilə iki yerə bölünüb sağ tərəfdən balkondan əlavə giriş qapısı açmaqla sol hissəsinin ümumi sahəsi 60,3 kv.metr bir yaşayış otaqlı olan tərəfi Ağacan Hüseynova, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr iki yaşayış otaqları olan tərəfi ona verilmişdir. Ali Məhkəmənin 09 iyun 1999-cu il tarixli 3d-257 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan qətnamə ilə müəyyən olunur ki, həmin ev İsmayıllı rayonu Basqal kəndində 859,0 kv.metr torpaq sahəsində yerləşir, ev 1980-1982ci illərdə tikilmiş, rayon XDS-nin İcraiyyə Komitəsinin 19 fevral 1998-ci il tarixli 48 saylı qərarı ilə rəsmiləşdirilmiş, evə pasport və qeydiyyat vəsiqəsi sənədi 1998-ci il iyun ayında tərtib edilmişdir. Evin ilkin qeydiyyatı aparılmış, həmçinin ev inventarlaşdırılmış, evə texniki pasport verilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən olunur ki, evin tikilisinin uzunluğu 19,8 metr, eni 7,9 metrdir, ev yaşayış otağından ibarətdir. Həmin evdə iki ailənin biri-birindən təcrid olunmuş qaydada yaşamaları mümkündür. O, həmin ünvanda yaşayış üzrə pasport qeydiyyatına alınmış və qızı X5 da onunla birlikdə qeydiyyatdadır. Hal-hazırda, o, məhkəmə qətnaməsinə əsasən üzərində hüququ tanınmış evin ona aid olan hissəsi ilə bağlı hüquqlarını qeydiyyata aldırmaq niyyətindədir. Belə ki, evin yeni çıxarışı alınmalıdır. Bunun üçün ərazi reyestr orqanının mühəndisləri tikiliyə və həyətə gələrək ölçmə işləri aparmalıdırlar. Həmçinin, evdən istifadə etmək, yay aylarında evin ona məxsus hissəsinə köçərək orada yaşamaq istəyindədir. Lakin, mərhum ərinin digər qadından olan övladı, hazırki işdə cavabdeh olan X6 və onun oğlan övladı olan Cavabdeh2 Təvəkkül oğlunun evin ona məxsus olan hissəsini zəbt etdikləri və onu evə buraxmadıqları üçün oraya nə gedə, nə də hüquqlarını gerçəkləşdirə bilmir. Hazırda, nə evin ona aid hissəsinin daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi işlərini apara bilir, nə də evin ona aid olan hissəsində yaşaya bilir. Bir sözlə, hal-hazırda sözügedən tikili hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Bu üzdən hüquqlarını məhkəmə qaydasında bərpa etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlər əmlakına qanunsuz sahiblik etdiklərindən əmlakı onların qanunsuz sahibliyindən geri alınmalı, naturada ona təhvil verilməli, əmlakla bağlı mülkiyyət, faktiki sahiblik və qanuni istifadə hüquqları bərpa və təmin olunmalıdır. Məhkəmə qətnaməsi ilə evin tikilisinin bölgüsü həllini tapsa da, həyətyanı sahənin bölgüsü öz əksini tapmamışdır. Bu isə evin tikilisindən istifadə etməyinə əngəllər yaradır. Evin tikilisi bölündüyü kimi, həyətyanı sahəsi də qanunvericiliyə müvafiq qaydada bölünməsini istəyir. Evin həyətyanı torpaq sahəsinin 859,0 kv.metr olduğu məhkəmə qətnaməsində öz əksini tapmışdır. Lakin torpaq sahəsinin naturada bölgüsü həmin məhkəmə qətnaməsində öz əksini tapmamışdır. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə əri Ağacan Hüseynova 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Həmin il, yəni 1998-ci il tarixi birgə nikah dövrü hesab edilmişdir. Bu üzdən həmin torpaq sahəsi də birgə mülkiyyətləri hesab olunur. Əri 2004-cü ildə torpağın mülkiyyətə verilməsinə dair JN- 241A nömrəli, 40700016 kodlu şəhadətnamə almışdır. Evin həyətyanı sahəsinin bölünmə imkanı vardır. Hazırda mülkiyyətində olan evin tikili və torpaq sahəsindən ibarət pay hissəsindən istifadə edə bilmir. Payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. Bölgü ilə bağlı onunla cavabdehlər arasında fikir ayrılığı mövcuddur. Məsələni qarşılıqlı razılaşma yolu ilə həll edə bilmir və hüquqlarını məhkəmə qaydasında tanıtdırmaq məcburiyyətində qalmışdır. Hal-hazırda o, öz payını cavabdehlərin payından ayırmaq, payı üzərində ümumi mülkiyyət hüququnu öz adına ayrıca olaraq qeydiyyata aldırmaq niyyətindədir. Fərdi yaşayış evində paylar məlumdur. Buna uyğun olaraq evin həyətyanı sahəsi də ½ nisbəti ilə bölünməlidir. Hal-hazırda cavabdehlər evin həyətində qanunsuz tikinti işləri aparırlar, halbuki buna heç bir hüquqları yoxdur. O, cavabdehlǝrǝ tikinti işləri aparmaqları üçün icazə verməmişdir. Ümumiyyətlə, cavabdehlərin evlə bağlı subyektiv hüquqları yalnız buranın bir hissəsindən - evin Ağacan Hüseynova aid hissəsindən yalnız istifadə hüquqları ilə bağlı mövcud ola bilər. Cavabdehlərin heç vərəsəlik hüquqları da tanınmamışdır. Bu üzdən cavabdehlər evə dair mülkiyyətçiyə məxsus sərəncamverici və sahiblik hüquqlarını həyata keçirə bilməzlər. İsmayıllı rayonu Basqal kəndində yerləşən, mərhum əri Ağacan Hüseynovla birgə nikah dövründə əldə etdikləri vəsaitlər hesabına tikilmiş yaşayış evinin Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu tarixli 2-48 nömrəli qətnaməsi ilə bölünərək ona ayrılmış, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr olan yaşayış otaqlarından ibarət hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik istifadəsinə verilməsi, həmin tikilinin özündə həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi, həmçinin evin 859,0 kv.m.-lik həyətyanı sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X9 onun mərhum babasıdır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmǝyə subyektiv hüququ yoxdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının Ağacan Hüseynovla nikahdan kənar münasibətləri olduğu dövrdə birgə vəsaitləri hesabına tikilmişdir və həmin yaşayış evi üzrərində pay hüququ vardır. İddiaçı bu faktı təsdiq edən hal kimi, Şamaxı Rayon Məhkəməsinin 7 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsinə və Ali Məhkəmənin 09 iyun 1999-cu il tarixli qərardadına istinad edir. İddiaçı mərhum Ağacan Hüseynovla aralarında olmuş məhkəmə mübahisələrinə dair qəbul edilmiş məhkəmə aktlarına istinad edərkən, əlavə olaraq digər bir məhkəmə qərarının mövcudluğunu unutmuşdur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, "04 Fevral 2000-ci il tarixində iddiaçı X9 tərəfindən verilmiş iddia ərizəsinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, həqiqətən X9 1988-ci ildə Paqosov Tolikdan 12500 rus rubluna Əlizadə küçəsi 49, m 53 almış və İddiaçı ilə nikahsız yaşamışlar. 1996-cı ildən ayrılmışlar. 1998-ci il tarixində İddiaçı ərizəsinə əsasən İsmayıllı rayonunun Basqal kəndindəki 3 otaqlı evdən pay bölgüsü tələb etmişdir. Aparılan araşdırmalar nəticəsində qarş tərəfin razılığı əldə olunmuşdur. Belə ki, Zeynalova X8 rayonu Basqal kəndindəki evdən ona düşən paydan, iddiaçı X9 isə Əlizadə küçəsi, ev 49, mənzil 53-dən ona düşən paydan imtina etmişlər. İddiaçı hazırda pay hüququnun olduğunu iddia etdiyi yaşayış evindən ona düşən paydan vaxtilə imtina etmişdir və bu imtina məhkəmə qərarı ilə təsdiq edilmişdir. İddiaçı iddia ərizəsində mərhum Ağacan Hüseynovla nikahda olmalarını qeyd edir. Halbuki, 15 noyabr 1961-ci il tarixli İ-ИE No 330897 saylı nikah haqqında şəhadətnamədən görünür ki, mərhum Ağacan X1 ilə 15 noyabr 1961-ci il tarixdə rəsmi nikah bağlamışdır. Göründüyü kimi, iddiaçının mərhum Ağacan Hüseynovla birgə nikahda olmalarından söhbət gedə bilməz. 19 avqust 1979-cu il tarixdə Basqal kǝnd soveti - notariat kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, İsmayıllı rayonunun Basqal kəndində yaşayan X13 ona məxsus olan onun nədən və harada olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən, İsmayıllı rayonunun Basqal kəndinin otay məhəlləsində olan evini qaynının nəvəsi X7 vəsiyyət etmişdir. Akif Hüseynovun vəfatından sonra həmin yaşayış evi atası Ağacan Hüseynovun mülkiyyətinə keçmişdir. 16 iyul 1998-ci il tarixdə İsmayıllı rayonu dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, Ağacan Hüseynov ona məxsus olan bütün əmlakını onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq habelə smayıllı rayonunun Basqal kəndində yerləşən yaşayış evini qızı Əlǝskǝrova Sevda Ağacan qızına vəsiyyət etmişdir. Lakin həmin vəsiyyətnamə üzrə vərəsəlik işi açılmamışdır. Belə ki, Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 27 dekabr 2022-ci il tarixli, №05/01-0-283 saylı məktubuna əsasən "16 iyul 1998-ci il tarixdə 2B-56 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin qeydə alındığı notariat reyestrində 26 dekabr 2022-ci ilədək onu dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamışdır. Vəsiyyətnamənin nüsxəsi arxivə təhvil verilmədiyindən nüsxə üzrə vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilmasini yoxlamaq mümkün olmamışdır. "2003-cü il tarixli №343 saylı qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən, 3 otaqdan ibarət yaşayış sahəsi 105,4 kv.m. olan, köməkçi sahəsi 54,0 kv.m., ümumi sahəsi 159,4 kv.m. olan yaşayış evi onun şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 2003-cü il iyun tarixli texniki pasporta əsasən həmin yaşayış evi tam payda ona məxsusdur. 18 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********27- 10301 reyestr nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanda yerləşən 0.06 hektar torpaq sahəsi tam payda Cavabdeh1 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 124,8 kv.m. olan fərdi yaşayış evi isə tam payda onun mülkiyyətindədir. Həmçinin sözügedən torpaq sahəsinə və fərdi yaşayış evinə dair DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 18 fevral 2022-ci il tarxili, inventar nömrəsi 407-0016/526 olan texniki pasport tərtib edilmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını qərara almışdır.

6. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin həyətyanı sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir; Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçının məhkəmə qətnaməsi ilə onun mülkiyyətinə verilmiş evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi əsasında iddiaçıya sözügedən fərdi yaşayış evinin ona aid hissəsinə tanınmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, nəticədə fərdi yaşayış evinin ona aid hissəsinə texniki pasport tərtib edilməmiş, cavabdehin adına isə sözügedən mübahisəli fərdi yaşayış evinin tam hissəsinə dair 18 fevral 2022-ci il tarixli Çıxarış verilmiş, eyni zamanda iddiaçı Cavabdeh2 Təvəkkül olğunun adına verilmiş 18 fevral 2022-ci il tarixli Çıxarışın ləğv və ya etibarsız hesab edilməsi barədə aidiyyəti məhkəməyə müraciət etməmişdir. Belə olan təqdirdə cavabdehlərin mübahisəli fərdi yaşayış evinə sahibliyi qanunsuz deyildir.

9. Məhkəmə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki tələb üzrə İddiaçı cavabdehlərə qarşı hazırki tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır.

10. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

11. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsinə əasən X3 adına olan İsmayıllı rayonunun Basqal kəndində yerləşən fərdi yaşayış evi İddiaçı ilə birlikdə onların ümumi mülkiyyəti hesab edilmiş, tərəflər arasında ev bölünərkən evin balkonu arakəsmə ilə iki yerə bölünüb sağ tərəfdən balkonundan əlavə giriş qapısı açmaqla sol hissəsinin ümumi sahəsi 60,3 kv.metr bir yaşayış otaqlı inventar dəyəri 25800000 manat olan tərəf X4, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr iki yaşayış otaqları, inventar qiyməti 28200000 manat olan tərəf İddiaçı verilmişdir. Sözügedən qətnamə ilə İddiaçı mübahisəli fərdi yaşayış evinin müəyyən edilmiş hissəsi mülkiyyət hüququ verildiyindən o, DƏDRX-yə müraciət edərək adına çıxarış almasa da onun hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır.

12. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.

13. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır.

15. Məhkəmə öz təşəbbüsü ilə hazırki tələb üzrə ekspertiza təyin edilməsinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı 31 may 2022-ci il tarixdə evin qeydiyyata alınması, texniki sənəd və çıxarışın verilməsi barədə DƏDRX-nin 9 sayı Qəbələ İdarəsinə müraciət etmiş, sonuncunun 23 iyun 2022-ci il tarixli **********79 saylı məktubu ilə məhkəmənin hüquqi qüvvəsini almış qərarını, fərdi yaşayış evinin texniki pasportunu və qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin İsmayıllı şöbəsinə təqdim etməsi tövsiyə olunmuşdur. Anoloji mülki işlərlə bağlı rəy verilməsi üçün təyin olunmuş ekspertizalar, torpaq sahəsinə və fərdi yaşayış evlərinə dair baza və arxiv məlumatlarının, müvafiq mütəxəssis rəyinin ekspertizaya təqdim edilməməsi əsası ilə rəy verilmədən geri qaytarılması müəyyən edilmişdir. Hazirki mübahisə üzrə də DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçıya sözügedən sənədlərin təqdim edilməsini təklif etmişdir. Belə olan halda məhkəmə öz təşəbbüsü ilə hazırki mübahisə üzrə ekspertiza təyin edilməsini prosessual qənaət prinsipinə əsaslanmaqla zəruri hesab etməmişdir.

16. Mülki prosessual qanunvericiliyin qeyd edilən maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi də iddia tələbinin əsasını təşkil edən halları məhkəmə iclasında mötəbər sübutlarla izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir.

17. Ona görə də məhkəmə ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.

18. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlmişdir ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin qətnaməsi ilə onun mülkiyyətinə verilmiş fərdi yaşayış evinin ona aid hissəsinə cavabdehlərin sahibliyinin qanunsuz olduğunu bildirməsinə qarşılıq olaraq Cavabdeh2 tərəfindən evin tam hissəsinə onun adına verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa istinad edərək təkzib etdiyindən, artıq sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür. Belə olan halda hazırki tələb iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

19. Məhkəmə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)- 71/2023 nömrəli əlavə qətnaməsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi tam şəkildə təmin edilməməli, iddia tələbi evin həyətyanı sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsinə dair hissədə də 2(037)-71/2023 nömrəli 10 aprel 2023-cü il tarixli qətnamədə göstərilən əsaslarla təmin edilməməli və həmin hissədə əlavə qətnamə çıxarılmalıdır

20. Məhkəmə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)- 71/2023 nömrəli qətnaməsi üzrə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 157.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 107, 119.1, 217, 218.1-ci maddələri, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

21. Məhkəmə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsi üzrə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.1.1, 229.1.2, 229.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri

22. Qətnamə və əlavə qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayətləri vermişdir.

23. Qətnamədən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki tələb üzrə İddiaçı cavabdehlərə qarşı hazırki tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır.

24. Məhkəmənin qənaətini doğru və əsaslı hesab etmir, bunu qanunvericiliyə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə zidd hesab edir. Bildirmək istəyir ki, Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsinə əsasən X3 adına olan İsmayıllı rayonunun Basqal kəndində yerləşən fərdi yaşayış evi onunla birlikdə onların ümumi mülkiyyəti hesab edilmiş, tərəflər arasında ev bölünərkən evin balkonu arakəsmə ilə iki yerə bölünüb sağ tərəfdən balkonundan əlavə giriş qapısı açmaqla sol hissəsinin ümumi sahəsi 60,3 kv.metr bir yaşayış otaqlı inventar dəyəri 25800000 manat olan tərəf X4, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr iki yaşayış otaqları, inventar qiyməti 28200000 manat olan tərəf ona verilmişdir. Sözügedən qətnamə ilə ona mübahisəli fərdi yaşayış evinin müəyyən edilmiş hissəsində mülkiyyət hüququ verildiyindən, o DƏDRX-yə müraciət edərək adına çıxarış almasa da, onun hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır.

25. Mülki Məcəllənin 14-cü madddəsinə əsasən, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları (14.2.4.) mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından hesab edilmişdir. Bu halda, məhkəmə necə ifadə edə bilər ki, onun subyektiv hüququ yoxdur. Bildirmək istəyir ki, o mübahisəli əmlakın məhkəmə qətnaməsi ilə ona ayrılan hissəsini qeydiyyata aldırmaq istəyərkən reyestr orqanı bundan imtina etmişdir o səbəbdən ki, evin texniki sənədi (bölgü ilə bağlı) tələb olunmuşdur. Məlumdur ki, məhkəmə aktı özü-özlüyündə qeydiyyat üçün əsaslardan biridir, bu üzdən ondan əlavə sənəd tələb oluna bilməzdi. O ki qaldı evin texniki sənədinə, onda bu sənəd yoxdur, o üzdən, o evin bölgüsünü etməli, texniki sənəd tərtib etdirməli idi. Lakin, cavabdehlər ona aid olan ev hissəsini zəbt etdikləri üçün o bunu edə bilmirdi. O üzdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdı. İsmayıllı Rayon Məhkəməsindəki işin gedişində məlum olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona məxsus olan ev tikilisi hissəsi hansısa yollarla Cavabdeh2 Təvəkkül oğlunun adına, torpaq sahəsi isə X2 adına keçirilmişdir. Qanunvericiliyə görə mülkiyyət hüququ toxunulmazdır. Məhkəmə araşdırmamışdır ki, onun məhkəmə aktı ilə mülkiyyətinə verilən və qanunvericiliklə toxunulmaz hesab edilən ev tikilisi hissəsi necə olmuşdur ki, Cavabdeh2 Təvəkkül oğlunun adına keçmişdir. Deməli, bu, qanunsuz olmuşdur. Məhkəmənin qətnaməsi ədalətsiz və haqsızdır.

26. İşin hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, onun, nikah münasibətlərindən doğan əmlak hüquqları yaranmışdır. Məhkəmə aktı qüvvədə olduğu müddətcə, onun mübahisəli əmlakla bağlı ümumi paylı (1/2+1/2 olmaqla) mülkiyyət hüququ vardır. Belə bir halda, məhkəmə necə iddia edə bilərlər ki, onun subyektiv hüququ yoxdur? Bildirir ki, məhkəmə tətbiq ediləməli maddi hüquq normalarını tətbiq etmədiyi, vahid məhkəmə təcrübəsini tətbiq etmədiyi üçün düzgün nəticəyə gələ bilməmişdir. Subyektiv hüquqlarının olması ilə bağlı məsələ, bununla bağlı işdə olan sübutlar Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və Ali Məhkəmənin oxşar məsələlərlə bağlı qərarları nəzərə alınmadan qiymətləndirilmişdir. Bu, isə prosessual qanunvericiliyin tələblərinin və məhkəmə təcrübəsinin vahidliyinin pozulması deməkdir. İşə baxan İsmayıllı Rayon Məhkəməsi hesab edir ki, həmçinin, AR Konstitusiya Məhkəməsinin sözügedən məsələ ilə bağlı, yəni qeydiyyata alınmayan əmlak üzərində hüququn mövcudluğu ilə bağlı hüquqi mövqeyinin formalaşdırdığı təcrübəni də pozmuşdur. Bu işdə məhkəmə üzərinə qoyulan vəzifələri yalnız iddiaçıların mövqeyinə münasibətdə icra edərək qeyri-mötəbər dəlillərə əsaslanmamışdır. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Bildirmək istəyir ki, hakim, cavabdehlərin dəlillərinə deyil, sadəcə etiraz izahatlarına istinad etsə də, onun hüquqi dəlillərinin heç birini araşdırmamış və bunlara hüquqi qiymət verməmişdir.

27. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə əsas dəlili odur ki, məhkəmə guya subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq və sübut olunur ki, onun mübahisəli əmlakla bağlı - fərdi yaşayış evinin ½ hissəsi ilə bağlı mülkiyyət hüququ (qanuni sahiblik və istifadə hüquqlarımvardır.). Cavabdehlərin həmin əmlakla bağlı çıxarışlarının olması hələ o demək deyildir ki, onun hüququ yoxdur. Məhkəmə, məhz, qeyd edilən tələbi üzrə, cavabdehləri hansı yollarla çıxarış və s. hüquq müəyyənedici sənədlər əldə etməsini aydınlaşdırmalı, mülkiyyət hüququnun bərpası üçün zəruri tədbirlər görməli, bu hüququnu məhdudlaşdıran əməliyyatlar qanunsuz hesab edilməli, qanunsuz əməliyyatlarla əldə edilmiş hüquq müəyyənedici sənədlər müvafiq qaydada ləğv və etibarsız hesab edilməli idi. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 0xx-xx/2023 nömrəli sorğuaya cavab məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçı X3 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə baxılmamışdır. Əslində, məhkəmə, cavabdehin bu əməllərinə hüquqi qiymət verməli, xüsusi qərardad çıxarmalı, cavabdehin təqdim etdiyi saxta sənədləri cinayət işi başlanması üçün aidiyyəti orqana göndərməli idi. Lakin, bunları etməli olduğu, həmin fikiləri və sənədləri sübutlar sırasında çıxarmalı, yaxud qiymətləndirərək bunlara istinad olunmasının yolverilməzliyini qeyd etməli olduğu halda, bunların heç birini etməmişdir. 1) İşin hallarından görünür ki,Cavabdeh2 çıxarışı vəsiyyətnamə əsasında almışdır. Məhkəmə həmin vərəsəlik işinin materiallarını tələb edərək işə əlavə etməmiş, vəsiyyətnamənin qanuniliyini araşdırmamış və bunu qiymətləndirməmişdir. Halbuki, sahiblik və istifadə hüququnun təmin olunması ilə bağlı tələblərinin araşdırılması bunu zəruri edirdi. Məhkəmə nəzərə almamışdır ki, başqasına mülkiyyət hüququ ilə məxsus olan əmlak vəsiyyətnamənin obyekti ola bilməz. Belə ki, sahiblik və istifadə hüququ qanunvericilikdə mülkiyyət hüququ ilə eyni qaydada müdafiə olunur və qorunur. Vəsiyyətnamənin qanunsuzluğu ilə bağlı dəlilləri bunlardır. - Əvvəla, 1999-cu ildə qəbul olunmuş məhkəmə aktında göstərilmişdir ki, onlar birgə nikahda olmuşlar. Həmin zaman vəsiyyətnamə qüvvədə deyildi, çünki Ağacan həmin zaman sağ idi. İkincisi, birgə nikah münasibətinin obyekti olan əmlak nə vəsiyyətnamə üzrə, yaxud nə də sair vərəsəlik yolu ilə vəsiyyət oluna bilməzdi, çünki, qanunvericliyə görə, vəsiyyət obyekti vəsiyyət verənin mülkiyyətində olmalıdı. Vəsiyyətedən başqasına məxsus olan əmlaka sərəncam verə bilməz. Üçüncüsü, sözügedən vəsiyyətnamənin notariatda kökü yoxdur və bu vəsiyyətnamə dövlətin səlahiyyətli orqanında qeydiyyata alınmayıb, həmçinin həmin vəsiyyətnamənin tanınmasına dair məhkəmə aktı da yoxdur. O üzdən, vəsiyyətnamə mötəbər sənəd kimi qəbul oluna bilməzdi. Şamaxı Rayon Məhkəməsi tərəfindən ümumi birgə əmlak hesab edilən evin ona aid olan hissəsi İsmayıllı Rayon Məhkəməsi tərəfindən qanunsuz olaraq vəsiyyətnamənin obyekti olaraq qəbul edilmişdir. Halbuki, evin ona aid olan hissəsi həmin zaman əri hesab olunan Ağacanın adına olsa da, bunun ½-nə onun faktiki nikah münasibətinin (məhkəmə aktı ilə həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən rəsmi nikah kimi tanınmış nikah münasibətinin) tərəfi kimi hüququ vardı və indi də vardır. Bu hüququ məhkəmə aktı ilə təsdiq də olunmuşdur. Göründüyü kimi, cavabdehləri mülkiyyət hüquqları əldə etməsinin qanuniliyi, vərəsəliyin əldə edilməsinin qanuna müvafiqliyi araşdırılmamışdır. 2) Hesab edir ki, vəsiyyətnamə ilə çıxarış almış Cavabdeh2 mülkiyyət hüququnun qanuniliyinə münasibətdə məhkəmənin qənaəti yanlışdır və qanunvericiliyə ziddir. Əmlakın (evin və torpaq sahəsinin) ½ hissəsi nikah münasibətindən dolayı ona məxsusdur, bu ½ hissə vərəsəliyin obyekti deyildir, onun mülkiyyət payıdır. O həmin ½ hissəyə hüququnun tanınmasını tələb etmişdir. Yerdə qalan 1/2 hissəyə isə vərəsələrdən biri hesab olunur. Təbii ki, digər ½ hissəyə öz payını qeydiyyata aldıracaq, yaxud tanıtdıracaq. Burada söhbət ondan gedir ki, əmlakın ½ hissəsinə arvad kimi (nikah münasibətinin tərəfi kimi) hüququ cavabdehlər tərəfindən mübahisələndirilir. Bu üzdən, həmin hissəyə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə dəlillərii və sübutlarını düzgün qiymətləndirməmiş, ümumi birgə mülkiyyət obyekti olan evin tikilisinin ½ hissəsinə subyektiv hüququnu tanımamış, bu subyektiv hüququnun mövcudluğundan irəli gələn hüquqi hərəkətləri etməmişdir. Evin ½ hissəsinə subyektiv hüququ olduğu üçün həmin hissə ilə bağlı bütün hüquq müəyyənedici sənədlər – çıxarış/lar ləğv edilməli vəCavabdeh2 vərəsəlik haqqında şəhadətnaməsi isə etibarsız hesab edilməli idi. Qeyd edirki, ½ hissəyə hüququ vərəsəlik münasibətindən deyil, nikah münasibətindən irəli gəlir.Yerdə qalan hissəyə isə, bəli, vərəsəlik xətti ilə pay hüququ vardır ki, bununla bağlı o hazırki mübahisə bitdikdən sonra aidiyyəti notariat orqanına müraciət edəcəkdir. Bu üzdən, nikah münasibətindən irəli gələn ½ tikili hissəsi ilə bağlı tələbinin təmin olunmaması qanunverciliyə ziddir, əsassızdır və işin faktiki halları ilə uyğunsuzdur. İddia tələblərindən görünür ki, o qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən üzərində hüququ tanınmış evin ona aid olan hissəsi ilə bağlı hüquqlarını qeydiyyata aldırmaq niyyətindədir. Belə ki, evin yeni çıxarışı alınmalıdır. Bunun üçün ərazi reyestr orqanının mühəndisləri tikiliyə və həyətə gələrək ölçmə işləri aparmalıdırlar. Lakin, mərhum ərinin digər qadından olan övladı, hazırki işdə cavabdeh olan X6 və onun oğlan övladı olan Cavabdeh2 Təvəkkül oğlunun evin ona məxsus olan hissəsini zəbt etdikləri və onu evə buraxmadıqları üçün oraya nə gedə, nə də hüquqlarını gerçəkləşdirə bilmir. Məhkəmənin gedişində məlum olmuşdur ki, cavabdehlər həmin ünvanla bağlı çıxarışlar almışlar. Hesab edir ki, tikili və torpaq sahəsinin ½ hisssəsinin ona aid olması əsas tutulmaqla, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktının olması əsas tutulmaqla həmin çıxarışlar ləğv edilməli, vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməliidi, lakin məhkəmə bunları etməmişdir.

28. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

29. Əlavə qətnamədən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin həyətyanı sahəsinin bölünmə imkanı vardır. Düşünürdü ki, 1-ci instansiya məhkəməsi ekspertiza təyin edib ekspert rəyinin köməyi ilə bunu müəyyən edəcəkdi, lakin, təəssüf ki, bunu etməmişdir. Hazırda mülkiyyətində olan evin tikili və torpaq sahəsindən ibarət pay hissəsindən istifadə edə bilmir, buraya sahiblik edə bilmir. Payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. Bölgü ilə bağlı onunla cavabdehlər arasında fikir ayrılığı mövcuddur. Məsələni qarşılıqlı razılaşma yolu ilə həll edə bilmir və hüquqlarını məhkəmə qaydasında tanıtdırmaq/təsdiq etdirmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı ilə o öz payını cavabdehlərin payından ayırmaq, daha sonra isə məhkəmə aktı əsasında öz tam mülkiyyət hüququnu öz adına ayrıca olaraq qeydiyyata aldırmaq niyyətində idi. Məhkəmə tətbiq olunmalı normaları tətbiq etmədiyi üçün maddi hüquqları təmin olunmamışdır. Belə ki, məlum olduğu kimi, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir.

30. Qeyd edir ki, payçısı olduqları fərdi yaşayış evində paylar məlumdur. Buna uyğun olaraq evin həyətyanı sahəsi də ½ nisbəti ilə bölünməlidir. MM-nin 221-ci maddəsinin (Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi) məzmununa əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü və digər yollarla xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür.

31. İddia ərizəsində bildirmişdir ki, cavabdehlər evin həyətində qanunsuz tikinti işləri aparırlar, halbuki buna heç bir hüquqları yoxdur. Belə ki, Mülki Məcəllənin 217.5.-ci maddəsinə əsasən, Əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Qeyd edir ki, o cavabdehlərə belə bir icazə verməmişdir. Ümumiyyətlə, onların evlə bağlı subyektiv hüquqları yalnız buranın bir hissəsindən – evin X4 aid hissəsindən yalnız istifadə hüquqları ilə bağlı mövcud ola bilər. Bu üzdən onlar evə dair mülkiyyətçiyə məxsus sərəncamverici və sahiblik hüquqlarını həyata keçirə bilməzlər. Məhkəmə, qanunvericiliyin bu maddəsini də tətbiq etməmiş, iş üzrə düzgün nəticəyə gəlməmiş, pozulmuş hüququnun bərpasını təmin etməmişdir.

32. Bildirmək istəyir ki, məhkəmə, onun, torpaq sahəsinin bölgüsü ilə bağlı hüquqi dəlillərinin heç birini araşdırmamış və bunlara hüquqi qiymət verməmişdir. Tələbinin hüquqi əsası kimi təqdim etdiyi dəlillər iddianın əsaslılığını və qanuniliyini tam təsdiq edir. Məhkəmə bunlara normativ aktlara və normativ xarakterli aktların tələblərinə əsasən qiymət verib iş üzrə obyektiv, ədalətli, qərəzsiz nəticəyə gəlməli olduğu halda, gəlməmiş, nəticədə prosessual qanunvericiliyin tələblərini də pozmuşdur.

33. İşin hallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 7 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsi ilə evin tikilisinin bölgüsü həllini tapsa da, həyətyanı sahənin bölgüsü öz əksini tapmamışdır. Bu isə evin tikilisindən istifadə etməyinə əngəllər yaradır. Bu üzdən, evin tikilisi bölündüyü kimi, həyətyanı sahəsinin də qanunvericiliyə müvafiq qaydada bölünməsi zərurəti vardır və bu, məhkəmə qaydasında həyata keçirilməli idi. Şamaxı Rayon Məhkəməsinin 7 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsində göstərilmişdir ki, iş materiallarında olan İsmayıllı rayon DTİ və MBQİ-nin 30 aprel 1999-cu il tarixli 27 saylı arayışından görünür ki, İsmayıllı rayon Basqal kəndində 859,0 kv.m. torpaq sahəsində yerləşən ev X3 şəxsi mülkiyyəti olub ev 1980-ci ildə tikilmiş divarı 30 faiz çay daşı, 70 faiz kubik, üst örtüyü dəmir, yaşayış sahəsi 105,4 kv.m., köməkçi sahəsi 54,0kv.m. ümumi sahəsi 159,4 kv.m. olan 3 otaqdan ibarət yaşayış evi İsmayıllı rayon XDS İcraiyyə Komitəsinin 19 fevral 1998-cil tarixli 48 saylı qərarı ilə aparılmış, evə pasport və qeydiyyat vəsiqəsi hüquqi sənədi iyun 1998-ci ildə tərtib edilmişdir. Göründüyü kimi, evin həyətyanı torpaq sahəsinin 859,0 kv.m. olduğu məhkəmə qətnaməsində öz əksini tapmışdır. Lakin,torpaq sahəsinin naturada bölgüsü həmin məhkəmə qətnaməsində öz əksini tapmamışdır. İş üçün əhəmiyyətli olan bu hal məhkəmə zamanı araşdırılmamış, aydınlaşdırılmamış, qiymətləndirilməmişdir.

34. Bundan əlavə, bildirmək istəyirki, evin torpaq sahəsinin 0,06ha-ı (6 sotu) ilə bağlı rəsmi sənədləri var idi. Belə ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə əri X4 0,06ha torpaq sahəsi ayrılmışdır. Ərizəsinə əlavə edilmiş məhkəmə aktlarında həmin il, yəni 1998-ci il tarixi birgə nikah dövrü hesab edilmişdir. Bu üzdən həmin torpaq sahəsi də birgə mülkiyyətləri hesab olunur. Əri 2004cü il tarixində Torpağın mülkiyyətə verilməsinə dair JN-241A nömrəli, 40700016 kodlu Şəhadətnamə almışdır. Məhkəmə aktları qəbuledilərkən ev həyətyanı sahə ilə birlikdə vahid əmlak kimi qiymətləndirildiyi üçün Torpağın mülkiyyətə verilməsinə dair JN-241A nömrəli, 40700016 kodlu Şəhadətnamə ilə ərinin adına rəsmiləşdirilən torpaq sahəsi də onların ümumi mülkiyyətləri hesab olunur. Birinci instansiya məhkəməsi işin bu halını da araşdırmamış və aydınlaşdırmamışdır.

35. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 saylı qətnaməsi və xx.xx.2023-cü iltarixli, (037)-71/2023 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsinin və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Cavabdeh1 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)- 71/2023 nömrəli qətnaməsinin və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

39. Cavabdeh2 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)- 71/2023 nömrəli qətnaməsinin və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

40. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı 26 sentyabr 2023-cü il tarixli teleqramında məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində səhhətində yaranmış problemlə əlaqədar üzürlü səbəbdən məhkəmə kollegiyasının iclasının təxirə salınmasını xahiş etsələr də iddiaçı və vəkili üzürlü hallara dair hər hansı sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının və onun vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-cü maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarı. Apellyasiya baxışının hədləri

44. Apellyasiya şikayətlərindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamə və əlavə qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)- 71/2023 nömrəli qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, evin həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi və evin həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “həmin tikilinin özündə aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi” hissəsinə hüquqi qiymət verməməklə, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

48. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmasına dair dəlili ilə qismən razılaşır.

49. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən maddənin tələbini pozaraq, iddiaçının iddia tələbinin “tikilinin özündə aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi” hissəsinə hüquqi qiymət verməməklə səhvə yol vermişdir.

50. Lakin məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində haqlı olmamaqla apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin edilməsi üçün əsaslı hesab edilə bilməz.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının məhkəmə qətnaməsi ilə onun mülkiyyətinə verilmiş evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi əsasında iddiaçıya sözügedən fərdi yaşayış evinin ona aid hissəsinə tanınmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, nəticədə fərdi yaşayış evinin ona aid hissəsinə texniki pasport tərtib edilməmiş, Cavabdeh2 Təvəkkül oğlunun adına isə sözügedən mübahisəli fərdi yaşayış evinin tam hissəsinə dair 18 fevral 2022-ci il tarixli Çıxarış verilmişdir. Eyni zamanda həmin çıxarışla İsmayıllı rayonu Basqal kəndində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə rəsmiləşdirilmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun DƏDRX-yə müraciət edərək adına çıxarış almasa da, hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olması, məhkəmənin cavabdehləri hansı yollarla çıxarış və s. hüquq müəyyənedici sənədlər əldə etməsini aydınlaşdırmalı olması, mülkiyyət hüququnun bərpası üçün zəruri tədbirlər görməli, bu hüququnu məhdudlaşdıran əməliyyatların qanunsuz hesab edilməli, qanunsuz əməliyyatlarla əldə edilmiş hüquq müəyyənedici sənədlər müvafiq qaydada ləğv və etibarsız hesab edilməli olmasına, ev tikilisi hissəsinin Cavabdeh2 Təvəkkül oğlunun adına keçməsinin araşdırılmaması, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə onun mübahisəli əmlakla bağlı-fərdi yaşayış evinin ½ hissəsi ilə bağlı mülkiyyət hüququnun olmasının təsdiq və sübut olunması, məhkəmənin vərəsəlik işinin materiallarını tələb edərək işə əlavə etməməsi, vəsiyyətnamənin qanuniliyinin araşdırılmaması, cavabdehlərin mülkiyyət hüquqlarını vərəsəliyi əldə etməsinin qanuniliyinin araşdırılmaması, vəsiyyətnamə ilə çıxarış almış Cavabdeh2 mülkiyyət hüququnun qanuniliyinə münasibətdə məhkəmənin qənaətinin yanlış və qanunvericiliyə zidd olması, evin ½ hissəsinə subyektiv hüququ olduğu üçün həmin hissə ilə bağlı bütün hüquq müəyyənedici sənədlər – çıxarışların ləğv edilməli, Cavabdeh2 vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməli olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdehlərin adına verilmiş çıxarışın, vəsiyyətnamənin, ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədin etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməmişdir.

54. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

55. Belə olan təqdirdə cavabdehlərin mübahisəli fərdi yaşayış evinə sahibliyi qanunsuz deyildir.

56. Belə ki, mülki iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsindən görünür ki, X3 adına olan İsmayıllı rayonunun Basqal kəndində yerləşən fərdi yaşayış evi İddiaçı ilə birlikdə onların ümumi mülkiyyəti hesab edilmiş, tərəflər arasında ev bölünərkən evin balkonu arakəsmə ilə iki yerə bölünüb sağ tərəfdən balkonundan əlavə giriş qapısı açmaqla sol hissəsinin ümumi sahəsi 60,3 kv.metr bir yaşayış otaqlı inventar dəyəri 25800000 manat olan tərəf X4, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr iki yaşayış otaqları, inventar qiyməti 28200000 manat olan tərəf İddiaçı verilmişdir. Sözügedən qətnamə ilə İddiaçı mübahisəli fərdi yaşayış evinin müəyyən edilmiş hissəsi üzrə mülkiyyət hüququ verilmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsi əsasında mübahisəli fərdi yaşayış evi ilə bağlı subyektiv hüququ yaransa da, fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətində olmaqla hazırkı vəziyyətdə iddiaçının fərdi yaşayış evinə dair subyektiv hüququnun realizəsi üçün imkanlar müəyyən edilməmişdir.

58. Belə ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi əsasında iddiaçıya sözügedən fərdi yaşayış evinin ona aid hissəsinə tanınmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, nəticədə fərdi yaşayış evinin ona aid hissəsinə texniki pasport tərtib edilməmiş, cavabdehin adına isə sözügedən mübahisəli fərdi yaşayış evinin tam hissəsinə dair 18 fevral 2022-ci il tarixli Çıxarış verilmiş, eyni zamanda iddiaçı Cavabdeh2 Təvəkkül olğunun adına verilmiş 18 fevral 2022-ci il tarixli Çıxarışın ləğv və ya etibarsız hesab edilməsi barədə aidiyyəti məhkəməyə müraciət etməmişdir.

59. Yuxarıda şərh edilən mövqeyi nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin İsmayıllı Rayon Məhkəməsinin Azərbahycan Respublikası Konstitusiya Məhkəməsinin qeydiyyata alınmayan əmlak üzərində hüququn mövcudluğu ilə bağlı hüquqi mövqeyini formalaşdırdığı təcrübəni pozmasına dair dəlilini əsaslı hesab etmir.

60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu tarixli 2-48 nömrəli qətnaməsi ilə bölünərək ona ayrılmış, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr olan yaşayış otaqlarından ibarət hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik istifadəsinə verilməsi, həmin tikilinin özündə aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi tələbinə dair hissəsi əsaslı deyildir.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin evin həyətyanı sahəsinin bölünmə imkanının olması, məhkəmənin onun torpaq sahəsinin bölgüsü ilə bağlı hüquqi dəlillərinin heç birini araşdırmaması və bunlara hüquqi qiymət verməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

62. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

63. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

64. Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsi ilə daşınmaz əmlaka aid hissədə yalnız fərdi yaşayış evinin bölünməsi qərara alınmış, torpaq sahəsinin bölgüsü ilə bağlı məsələ müzakirə edilməmişdir. Beləliklə hazırkı vəziyyətdə iddiaçının həyətyanı torpaq sahəsində aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsi və 859,0 kv/m-lik həyətyanı torpaq sahəsinin naturada bölünməsini tələb etmək hüquna malik olması, yəni iddiaçının həyətyanı torpaq sahəsində aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsi və həyətyanı torpaq sahəsinin naturada bölünməsini tələb etməkdə subyektiv hüquqa malik olması iş materialı ilə müəyyən edilməmişdir.

65. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi torpaq sahəsinin bölgü predmetini təşkil etməsi üçün həmin torpaq sahəsi paylı mülkiyyətdə olmalıdır. İddiaçının 859,0 kv/m təşkil etdiyini iddia etdiyi, lakin sənəd üzrə 600 kv/m olan torpaq sahəsində iddiaçının hər hansı bir mülkiyyət payı mövcud deyildir.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tələblərini pozmasına dair dəlili ilə də razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi hüquq normalarının tələblərinin pozulması halı müəyyən edilmir.

67. Məhkəmə kollegiyası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçı X3 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə baxılmaması, məhkəmənin xüsusi qərardad çıxarmalı olduğu halda, bunu etməməsinə dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, işdə olan 10 aprel 2023-cü il tarixli, 2(037)-71/2023 saylı xüsusi qərardaddan görünür ki, iş üzrə iddia tələbinə etiraz ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2000-ci il tarixli qərarı iş materialına əlavə edilməklə tərəfin (tərəflərin) hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin aşkar olunması barədə İsmayıllı Rayon Prokuroruna xəbər verilməsi, xüsusi qərardadın müvafiq tədbirlərin görülməsi üçün İsmayıllı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır.

68. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin tikilinin həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi, həmçinin evin 859,0 kv.m.-lik həyətyanı sahəsinin naturada bölünməsinə dair hissəsi də əsassızdır.

69. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

70. İddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(037)-71/2023 nömrəli əlavə qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X6 və Cavabdeh2 Təvəkkül oğluna qarşı İsmayıllı rayonu Basqal kəndində yerləşən, mərhum (həmin zamanadək faktiki nikah münasibətində olduğu əri) X9 ilə birgə nikah dövründə əldə etdikləri vəsaitləri hesabına tikilmiş yaşayış evinin Şamaxı Rayon Məhkəməsinin 7 may 1999-cu il tarixli 2-48 nömrəli qətnaməsi ilə bölünərək ona ayrılmış, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr olan iki yaşayış otaqlarından ibarət hissəsinin cavabdehlər X2 və Cavabdeh2 Təvəkkül oğlunun qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəasinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi, həmçinin evin 859,0 kv/m-lik həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar