Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-976/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(025)-144/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Çarxana kəndindəki cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(025)-144/2021 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Qəbələ rayonu Çarxana kəndində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2005-ci il el adəti üzrə ailə qurmuşlar, nikahlarını 16.08.2005-ci il tarixdə Qəbələ rayon Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyində 02 nömrə ilə rəsmiləşdirmişlər və birgə nikahlarından 21 avqust 2006-cı il tarixində X4 və 13 fevral 2008-ci il tarixində isə X5 anadan olmuşdur. Cavabdeh1 ilə toyları olduqdan sonra onun atasına məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə gəlin köçərək orda yaşamışdır. O, cavabdeh ilə 2005-ci ildən ailə qurduqdan sonra həmin fərdi yaşayış evinə qeydiyyata alınmış və onun valideynləri ilə birlikdə yaşamışdır. Sonradan övladları olmuş və övladları da onlarla birlikdə qeyd olunan fərdi yaşayış evində yaşayırlar. Hal-hazırda sentyabr ayının sonlarından qarşı tərəfin ona qarşı zor və şiddət tətbiq etməsindən sonra məcbur olaraq cavabdehdən ayrılaraq valideynlərinə məxsus evdə yaşayır. Həmin vaxtdan qarşı tərəf ilə əlaqələri kəsilmiş, uşaqlarını görmək istəsə də qarşı tərəfin uşaqlara hədə-qorxu gəlməsi səbəbindən mümkün deyildir. O, cavabdehlə ayrıldıqdan sonra cehiz əşyaları da həmin yaşayış evində qalmışdır, eyni zamanda onun qeydiyyatıda Qəbələ rayonu, Çarxana kəndidir. Halhazırda o, atasına məxsus Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki evində yaşayır, özünə məxsus mənzili, fərdi yaşayış evi və ya hər hansı daşınmaz əmlakı yoxdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Çarxana kənd İnzibati Ərazi Dairəsinin 04.03.2021 - ci il tarixli 70 saylı arayışından da görünür ki, iddiaçının köçürülməli olduğu və 3 otaqdan ibarət olmaqla həmin ünvana 3 ailədən ibarət 10 nəfər qeydiyyatdadır. İddiaçının özü isə əri Cavabdeh1 təsərrüfatında 2 uşağı Rübail və Rəhmanla birlikdə qeydiyyatdadır və təsərrüfat başına kitabda ayrı təsərrüfatdadır. № 417033 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən də görünür ki, onun - Cavabdeh1 - 0.1 ha həyətyani torpaq sahəsi vardır. Məhkəmə 23.02.2021-ci il tarixli qətnaməni qəbul edərək AR-sı MM-nin 228.5-ci maddəsinin tələblərinin tətbiq oünması qənaətinə gəlmişdir. Məhkəmənin qeyd olunan qənaətli ilə razı deyilik. İddiaçı heç bir təziq göstərilmədən öz istəyi ilə yaşadığı evi tək edərək atası evinə getmiş və hazıra kimi də orda yaşayır. Bundan əlavə iddiaçı köçürülməli olduğu evdə pasport qeydiyyatında deyil. Onun qeydiyyatı Cavabdeh1 - yəni ərinin təsərrüfatında qeydiyyatdadır. Bildirir ki, iddiaçı gələcəkdə köçürüləcəyi evin mülkiyyətçisi Cavabdeh2 təsərrüfatında qeydiyyatda deyil. Öz istəyi ilə yaşadığı evi 2020-ci ilin sentyabr ayında tərk edərək Qəbələ rayonunun Çuxur Qəbələ kəndinə getmiş və orada valdeyinlərinin yanında yaşayır. Şərh olunanlardan aydın olur ki, iddiaçı həm hüquqi baxımdan və həm də mənəvi baxımdan qətnamədə göstərilən ünvanda yaşamaq hüququna malik deyil. Onun həmin ünvana köçürülməsi qeyd etdikləri kimi bədbəxt hadisələrə səbəb ola bilər. Qeyd edilənlərə əsasən Qəbələ rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(025)-144/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçın həmin evə köçməsinə razı deyil. Beləki mübahisəli evin ona heç bir aidiyyəti yoxdur. Ev atasına məxsusdur. Bundan əlavə hazırda iki uşaq onun yanındadır. Özünə məxsus olan digər torpaq sahəsində ev tikir. Tikib qutardıqdan sonra uşaqları ilə birlikdə həmin evə köçəcəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ev ona məxsusdur. Evin oğlu Rəfailə və iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə atasına məxsus evdə yaşayır. Bundan əlavə oğlu Rəfail özünə məxsus olan torpaq sahəsində ev tikir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev qayınatası Əlyədinnə məxsus olsa da, o həmin evə gəlin köçmüş, münasibətlər pozulana qədər həmin evdə yaşamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(025)-144/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Qəbələ rayon Böyük Əmilli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 09.02.2017-ci il tarixli, AZ-İİ seriyalı, 161469 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 16 avqust 2005-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2020-ci il tarixli, 143/69 nömrəli Doğum haqqında arayışdan görünür ki, X4 21.08.2006-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 22.09.2006-ci ildə 290 № ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası İddiaçıdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2020-ci il tarixli, 144/69 nömrəli Doğum haqqında arayışdan görünür ki, X5 13.08.2008-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 18.02.2008-ci ildə 01 № ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası İddiaçıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.09.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********16-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Çarxana kəndində Cavabdeh2 adına 112.7 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.63 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq Cavabdeh2 (fərdi ev tam, torpaq ümumi birgə), X6, Cavabdeh1, X1 və X2 (torpaq ümumi birgə) qeyd olunmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 17.09.2013-cü il tarixdə Cavabdeh2 406-21/133 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. Texniki parsportun torpaq sahəsinin 1:1000 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,63 ha təşkil etməklə, tərəflər arasında mübahisələndirilən ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olur ki, «LiterA» bağlı eyvan, dəhliz və sahəsi 14,6,20 və 20,8 kv.m. olan yaşayış otaqlarından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyasının yeni araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 el adəti üzrə ailə qurmuş, nikahlarını 16.08.2005- ci ildə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra onlar uzun müddət Cavabdeh2 məxsus evdə yaşamışlar. İddiaçıya məxsus cehiz əmlakları da həmin evdədir. Həmin əmlaklar hazırda da mübahisəsi gedən evdədir. İddiaçı həmin evdə həm də pasport qeydiyyatındadır. Tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. İddiaçı həmin evə gəlin köçərkən qayınatası Cavabdeh2 və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Həmin evdə yaşadığı müddətdə iddiaçının uşaqları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulan iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli evi tərk edib atası evinə getmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişdir. Belə ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə artıq cavabdehin həmin evə gözlənilən mülkiyət hüquqları vardı. İşə baxan birinci instansiya məhkəməsi isə bütün bunlara əhəmiyyət verməyərək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə cavabdehin mülkiyyət hüquqları qorunmalı idi. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin evə köçmüş gəlinin irəli sürdüyü tələbə Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə səhvə yol verilmişdir. Belə ki, bu halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı mübahisəli yaşayış sahəsinin hazırkı mülkiyyətçisi olan Cavabdeh2 qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. Belə ki, onun nikahdan əvvəl cavabdehlərlə mübahisəli yaşayış evində yaşaması, eləcə də qeyd oluna evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, hazırkı mübahisə üzrə maddi hüquq normalarını səhv təfsir etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(025)-144/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Qəbələ rayonu, Çarxana kəndindəki cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-976/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-976/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver