Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-979/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “dövlət aktının, alğı-satqı müqaviləsinin, çıxarışın, torpaq sahəsinin plan və ölçüsünə dair sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 20 hektar örüş sahəsinə dair Cavabdeh2 MMC-nin adına verilmiş 11 avqust 2005-ci tarixli, JN 0540 KOD 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, 20 hektar örüş sahəsinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 satılmasına dair İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış 24 sentyabr 2009-cu il tarixli müqavilənin, 20 hektar torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair 02 oktyabr 2009-cu il tarixli, ********** nömrəli çıxarışın və 19 iyun 2019-cu il tarixli “A” seriyalı 396173 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədinin, Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 5,05 hektar və 5,5 hektar torpaq sahələrinə dair Cavabdeh3-nin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15 may 2007-ci il tarixli “A” seriyalı 003603 nömrəli və 26 may 2008-ci il tarixli “A” seriyalı 038794 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə)hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia ərizəsi 01 iyun 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 149.2-ci maddəsinin həmin vaxt qüvvədə olan 2-ci bəndində qeyd olunmuşdur ki, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Məhkəmə qeyd edir ki, hazırki işdə "xxxx" MMC cavabdehlərdən biri kimi iddia ərizəsində qeyd edilsə də, onun poçt ünvanı iddia ərizəsində qeyd edilməmişdir. Belə ki, "xxxx" MMC-nin ünvanı kimi Bakı şəhəri, Sabunçu rayonu qeyd edilmişdir. Məhkəmə bildirir ki, poçt ünvanı bir şəxsin və ya şirkətin məktublar, bağlamalar, rəsmi sənədlər kimi poçt yazışmalarını ala biləcəyi rəsmi qeydiyyatdan keçmiş ünvandır. Göründüyü kimi iddiaçı, "xxxx" MMC-nin yerləşdiyi yer haqqında zəruri məlumatları (küçə və ya ev adı, nömrəsi, poçt indeksi) iddia ərizəsində qeyd etməmişdir. Bundan başqa Məhkəmə bildirir ki, hazırki işdə iddiaçının tələbi bir neçə hissədən ibarətdir. İddiaçı iddia ərizəsində həm Cavabdeh2 MMC-nin adına verilmiş dövlət aktını, həm də Cavabdeh3-nin adına verilmiş “torpaq sahəsinin plan və ölçü sənədlərini mübahisələndirir. MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırki işdə iddiaçının tələblərinin bir-biri ilə bağlılığı müəyyən olunmur. MPM-nin 152-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsini MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl etmədən vermişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iddia ərizəsini geri qaytarmamışdır. MPM-nin 259-cu maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır(maddə 259.0 və 259.0.12). Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilə bilməzdi, qəbul edilmiş qətnamə isə düzgün sayıla bilməz və bu qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla vermişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi dövlət aktı və plan-ölçü sənədləri inzibati orqan sayılan bələdiyyənin qərarları əsasında verilmişdir ki, qanunvericiliyin tələbinə əsasən bununla bağlı mübahisiyə mülki icraat qaysasında baxılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsi tərəfindən 05 iyul 2021-ci il tarixdə qəbul edilmiş qətnamə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-979/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-979/2024
01.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver