Məhkəmə qərarları › İş №2(107)-982/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-982/2023

26.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-982/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- qərəzli hərəkətlərə son qoyulma, mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onun əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində Zaqatala rayonu, Danaçı kəndində 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı, torpaq sahəsi vardır. İddiaçının həmin torpaq sahələri üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lardan da göründüyü kimi, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 7/12 hissəsinin mülkiyyətçisi iş üzrə İddiaçıdır. İş üzrə Cavabdeh İddiaçı ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən sonuncunun istifadə və sahiblik etməyinə, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla və torpaq sahələrindən iddiaçının razılığı olmadan öz istəyinə uyğun istifadə etməklə (əkin aparmaq, torpaq sahəsində yetişmiş məhsulu və otu yığmaq) maneçilik yaradır. İddiaçı Cavabdeh, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməsinə qarşı yaratdığı maneənin aradan qaldırılmasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** nömrələr ilə qeydiyyata alınmış çıxarışlara əsasən paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tələb olunmadığından həmin xərc onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zaqatala rayonu Danaçı kəndində yerləşən 0, 640 və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** nömrələr ilə qeydiyyata alınmış çıxarışlara əsasən paylı mülkiyyət hüququ üzrə payı 3/12 hissə olmaqla X1, payı 2/12 hissə olmaqla X2 və payı 7/12 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,640 ha və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 7/12 hissənin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahələrinin iddiaçıya məxsus hissələrindən sonuncunun istifadə və sahiblik etməsinə, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla istəyinə uyğun istifadə edilməsinə maneçilik yaradılır. Məhkəmə qeyd etmək istəyir ki, torpaq sahəsinin naturada ayrılmaması cavabdehə hüquq vermir ki, torpaq sahsinin 7/12 hissəsinin mülkiyyətçisi olan iddiaçını ümumiyyətlə torpaq sahəsinə buraxmasın və onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneələr yaratsın. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehin iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş əmlaklara daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 139.1, 157.1-ci maddələri, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, 84 və 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 107, 119.1, 218.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,640 ha və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 7/12 hissənin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İş üzrə onun tərəfindən mübahisələndirilən torpaq sahələrinin iddiaçıya məxsus hissələrindən sonuncunun istifadə və sahiblik etməsinə, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla istəyinə uyğun istifadə edilməsinə maneçilik yaradılır. Məhkəmə qeyd etmək istəyir ki, torpaq sahəsinin naturada ayrılmaması ona hüquq vermir ki, torpaq sahsinin 7/12 hissəsinin mülkiyyətçisi olan iddiaçını ümumiyyətlə torpaq sahəsinə buraxmasın və onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneələr yaratsın. Buna görə də, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, onun iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş əmlaklara daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. Bir halda ki, mübahisəli torpaq sahələri naturada ayrılmayıb iddiaçının tələbi haqlı sayıla bilməz, məhkəmə isə bunu nəzərə almamışdır. Beləliklə məhkəmə, AR MPM-nin 78-ci və 88-ci maddəslərinin, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci və 68-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, qiymət verməmiş və tətbiq edilməli hüquq normalarını tətbiq etməmiş və tətbiq etdiyi hüquq normasını düzgün tövsif etməmiş və müvafiq olaraq düzgün qiymət verməmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0, 640 və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** nömrələr ilə qeydiyyata alınmış çıxarışlara əsasən paylı mülkiyyət hüququ üzrə payı 3/12 hissə olmaqla X1, payı 2/12 hissə olmaqla X2 və payı 7/12 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şikayətin dəlili ondan ibatətdir ki, iddiaçı Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,640 ha və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 7/12 hissənin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Bir haldaki mübahisəli torpaq sahələri naturada ayrılmayıb iddiaçının tələbi haqlı sayıla bilməz, məhkəmə isə bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,640 ha və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 7/12 hissənin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İş üzrə cavabdeh tərəfindən iddiaçıya mübahisələndirilən torpaq sahələrindən istifadə və sahiblik etməsinə, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla istəyinə uyğun istifadə edilməsinə maneçilik yaradılır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsinin naturada ayrılmaması cavabdehə hüquq vermir ki, torpaq sahsinin 7/12 hissəsinin mülkiyyətçisi olan iddiaçını ümumiyyətlə torpaq sahsinə buraxmasın və onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneələr yaratsın. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehin iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş əmlaklara daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(033)-335/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar