Məhkəmə qərarları › İş №2(107)-989/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-989/2023

21.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-989/2023 21.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə , İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı reqres qaydada pul tələbinə dair mülki üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" ASC ilə (bundan sonra – Bank) ilə cavabdeh arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 26,9 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin İddiaçı (hazırki iş üzrə iddiaçı) cavabdehin Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin kredit borcuna görə ödədiyi 9659,96 manat pulun reqres qaydada cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Şəki şəhərində yerləşən N saylı hərbi hissədə işlədiyi müddətdə iş yoldaşı olan cavabdehin Bankdan aldığı kreditə zamin durmuşdur. Belə ki, cavabdeh ona pula ehtiyacının olduğunu, Bankdan istədiyi məbləğdə kreditin verilmədiyini nəzərə alaraq ona zamin durmasını xahiş etmişdir. O da buna etiraz etməmiş və cavabdehə zamin durmuşdur. Cavabdehin eyni zamanda kart krediti də olmuşdur. Daha sonra onun özünün pula ehtiyacı yarandığından 14 noyabr 2019-cu il tarixdə Bankdan 8000 manat kredit götürmüşdür. Bir neçə ay keçəndən sonra cavabdehi işdən çıxartdıqlarından sonuncu Banka olan borcunu ödəməmişdir. O, cavabdehə zamin durduğundan Bank 27 aprel 2020- ci il tarixdən onun əmək haqqından tutmalara başlamışdır. Belə ki, onun əmək haqqından cavabdehin borcuna görə 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020-ci il tarixdə 971,30 manat tutulmalar aparılmışdır. Onun əmək haqqının demək olar ki, 90% tutulduğundan ayın axırında onun kartında heç bir vəsait qalmamışdır. Bütün ayı işləməsinə baxmayaraq ayın axırında əmək haqqı ala bilmədiyindən demək olar ki, heç bir işini görə və dolanışığını qarşılaya bilməmişdir. Əmək haqqının çox hissəsi tutulduğundan bezmiş və Banka gedib məsələni yoluna qoymağa çalışmışdır. Məcburiyyət qarşısında qalıb Bank ilə 27 avqust 2020-ci il tarixdə kredit müqaviləsi imzalamış və 14.514,14 manat pul götürüb, cavabdehin Banka qalan qalıq borcundan 7232,24 manatını nəğd olaraq kassaya ödəmiş, ödəniş qəbzlərinə özü imza etmışdır. Kassa ona 3 ədəd ödəniş qəbzi vermiş, həmin qəbzlərdə üst hissədə onun adı, lakin qəbzlərin ödəniş təyinatı hissəsində cavabdehin adının yerinə cavabdehin hesab nömrələri qeyd edilmişdir. Belə ki, onun 3 ədəd ayrı-ayrı qəbzlərlə ödədiyi 4705,4 manat, 1197,52 manat və 1329,32 manat məbləğlər cavabdehin borcunun ödənilməsinə yönələn məbləğlər olmuşdur. Onun cavabdehə zamin durduğu müddətdə, yəni 27 aprel 2020-ci il tarixdən 21 iyul 2020-ci il tarixədək onun əmək haqqından cavabdehin borcuna görə 2423,72 manat pul tutulmuş, daha sonra 27 avqust 2020-ci il tarixdə o, cavabdehin əvəzindən nəğd olaraq 7323,24 manat olmaqla, ümumilikdə 9659,96 manat pul ödəmişdir. O, bir neçə dəfə cavabdehlə əlaqə saxlayıb pulun qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh borcun ödənişindən yayınmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, həqiqətən də əvvəllər iddiaçı ilə birlikdə Şəki şəhərində yerləşən N saylı hərbi hissədə işləmişdir. İddiaçı ilə bir yerdə işlədikləri dövrdə, yəni 2019-cu ilin əvvəllərində o, Bankdan 7000 manat kredit götürmüş, iddiaçı da ona zamin durmuşdur. Həmin tarixdə onunla Bank arasında kart krediti ilə də bağlı müqavilə imzalanmışdır. 24 oktyabr 2019-cu il tarixdə o, Şəki şəhərində yerləşən N saylı hərbi hissədən ehtiyata buraxılmışdır. İşdən azad edildiyi tarixədək o, Bankdan götürdüyü, iddiaçının da zamin durduğu kredit müqaviləsi üzrə hər ay 350 manat olmaqla kredit borcundan ödənişlər etmişdir. O, işdən azad edildikdən sonra iddiaçı ilə Banka olan kredit borcunun iddiaçının əmək haqqından tutulmasını, onun tərəfindən isə iddiaçının əmək haqqından tutulan məbləğlərin ödəniş terminalı vasitəsi ilə iddiaçıya göndərilməsini razılaşdırmışdır. O, bu minvalla 7-8 ay müddətində iddiaçının əmək haqqı kartına ödəniş terminalı vasitəsi ilə razılaşdırdıqları məbləği ödəmişdir. Bundan sonra iddiaçı onun tərəfindən aparılan ödənişlərin özünün deyil, qayınatasının kartına yüklənməsini təklif etmişdir. O da 7-8 ay ərzində iddiaçı ilə razılaşdırdıqları həmin məbləği iddiaçının qayınatasının kartına ödəmişdir. Bundan sonra iddiaçı onunla telefon əlaqəsi saxlayaraq həmin məbləğlərin onun gizir yoldaşının kartına ödənilməsini təklif etmişdir. O da buna etiraz etmədən 2 ay müddətində iddiaçının gizir yoldaşının əmək haqqı kartına hər ay 350 manat olmaqla pul məbləğlərini ödəmişdir. Nəhayət 2021-ci ilin fevral ayında onun iddiaçıya 4800 manat borcu qalmışdır. Həmin vaxt o, iddiaçı ilə telefonla danışaraq iddiaçıya olan qalıq borcunun ona məxsus “Mercedes” markalı avtomobilin iddiaçıya verilməsi yolu ilə bağlanmasına razılaşmışlar. Belə ki, o, bu məqsədlə özünə məxsus “Mercedes 190” markalı avtomobili 4800 manat borc əvəzi iddiaçıya təqdim etməsi üçün iddiaçının əmisi oğlu Şəhadətə vermişdir. Həmçinin bu məqsədlə notariatda Şəhadətə baş etibarnamə də vermişdir. Şəhadət də ondan qəbul etdiyi avtomobili iddiaçıya təhvil vermişdir. İddiaçı 2021-ci ilin oktyabr ayında ona zəng vurmuşdur ki, onun daha ona heç bir borcu qalmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə 27 avqust 2020-ci il tarixli qəbzlərini əlavə etdiyi 4705,40 manat, 1329,32 manat məbləğləri iddiaçı nağd olaraq onun Bankdan götürdüyü kredit məbləği ilə bağlı onun əvəzindən Banka ödəmişdir. Həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə əlavə etdiyi ödəniş kartı üzrə çıxarışda qeyd edilən 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020-ci il tarixdə 971,30 manat tutulmalar iddiaçının əmək haqqından məhz onun Bankdan götürdüyü kreditin ödənilməsi üçün tutulmuşdur. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi, həmçinin bununla bağlı iddia ərizəsinə qəbzini əlavə etdiyi 1197,52 manat məbləğ iddiaçı tərəfindən onun borcuna görə ödənilməmiş və həmin 1197,52 manat məbləğin onun kredit borcu ilə heç bir əlaqəsi olmamışdır. O, əslində iddiaçıya olan borcunu ödəniş terminalları vasitəsi ilə iddiaçının özünün və iddiaçının dediyi digər şəxslərin kartlarına ödəmiş, həmçinin borcun bir hissəsinin əvəzi olaraq iddiaçıya avtomobil vermişdir. Lakin ödənişlər Bank vasitəsi ilə aparılmadığından iddiaçının onun əvəzindən ödədiyi borcun iddiaçıya qaytarılmasına dair zəruri sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-440/2022 nömrəli iş üzrə qəbul etdiyi 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 8458,44 manat pulun və ödənilmiş 104,59 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən 4705,40 manat, 1329,32 manat və 2423,72 manat pul vəsaitlərindən əlavə olaraq cavabdehin əvəzindən Banka hər hansı bir pul vəsaitinin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə Bank ilə cavabdeh arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini olaraq zamin-iddiaçı tərəfindən Banka cəmi 8458,44 manat pulun ödənilməsini qəbul etmişdir. İşin bu halları cavabdehin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdeh ilə Bank arasında 16 mart 2019-cu il tarixdə bağlanmış 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini olaraq zamin-iddiaçının Banka cəmi 8458,44 manat pulu ödəməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh həmin vəsaitin onun tərəfindən iddiaçıya hissə-hissə, həmçinin “Mercedes 190” markalı avtomobilin verilməsi yolu ilə ödənildiyini bildirməklə iddia tələbini qəbul etməmişdir. Lakin cavabdeh özü məhkəmə iclasında verdiyi izahatında iddiaçıya hissəhissə ödənişlər aparmasına dair məhkəməyə təqdim edəcək heç bir sübutunun olmadığını bildirmiş, iddiaçıya olan 4.800 manat pul vəsaitinin ödənişinin təsdiqi məqsədi ilə məhkəməyə şahid dəvət etməsinə baxmayaraq, şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində həmin nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında nə kimi borcunun qalması, buna iddiaçının münasibəti barədə heç bir fikir ifadə edə bilməmişdir. Bu baxımdan məhkəmə şahid X1 ifadəsini iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir. İddiaçı 8458,44 manat pulu əvəzindən ödədiyi cavabdehdən tələb etməkdə haqlı olsa da, həmin məbləğdən əlavə olaraq 1201,52 manat pul vəsaitini cavabdehin əvəzindən ödədiyini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etmədiyindən 8458,44 manatdan əlavə olaraq 1201,52 manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 442, 448.2, 470.1, 475.1, 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-157/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin özünün də qeyd etdiyi kimi, göstərdiklərini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-2424/2023 nömrəli iş üzrə 13 iyun 2023-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.Həsənov və M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 iddiaçının xahişi əsasında cavabdehdən “Mercedes 190” markalı avtomobili gedib götürməsini və iddiaçıya təhvil verməsini bildirmişdir. Lakin məhkəmə ifadəni sübut qismində qəbul etməyərək belə qənaətə gəlmişdir ki, şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində həmin nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında nə kimi borcunun qalması, buna iddiaçının münasibəti barədə heç bir fikir ifadə edə bilməmişdir. Halbuki şahid öz ifadəsində həmin avtomobilin cavabdehdən götürməsini və iddiaçıya təhvil verməsini təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahidin öz ifadəsində nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında hansı məbləğdə borcunun qalması barədə fikir bildirməməsi həmin ifadənin sübut kimi qəbul edilməməsinə səbəb ola bilməz. Belə ki, avtomobilin qohumu Şəhadət Eyvazovdan qəbul edilməsi sübut edildiyi və cavabdeh də bu avtomobili qalıq borcu olan 4800 manatın əvəzləşdirilməsi üçün verdiyini bildirdiyindən, iddiaçı bu avtomobilin iddiaçının göstərdiyi 4800 manat məbləğin əvəzində deyil, başqa məbləğdə razılaşmaqla qəbul etdiyini sübut etməli idi. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın əsasları ilə eynilik təşkil etdiyi üçün Məhkəmə şikayətin dəlillərinin qeyd olunmasına zərurət görməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apelyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş edir. Məhkəmə mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq məhkəmə aktını tam yoxlamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdirlər. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 739. Müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 170GTKR0209549AA №-li “Kredit müqaviləsi”nə əsasən Bank borcalana (cavabdehə) illik 26,9% ödənilməklə 36 ay müddətinə 7000 manat məbləğində kredit vermiş, öhdəliklərin icrasının təminatı kimi hazırki iş üzrə iddiaçı zamin durmuş və bununla bağlı tərəflər arasında xx.xx.2019-cu il tarixdi, Z-170GTKR0209549AA №-li “Zaminlik müqaviləsi” bağlanmışdır. Borcalan (cavabdeh) tərəfindən xx.xx.2019-cu il tarixli, 170GTKR0209549AA №-li “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, borcu müəyyən edilmiş qrafikə uğyun olaraq Banka qaytarmamışdır. Bu səbəbdən həmin borcun qaytarılması borclunun öhdəliklərinə zamin durmuş hazırki iş üzrə iddiaçıdan tələb olunmuşdur. Hazırda iddiaçı bildirir ki, zamin olaraq onun tərəfindən xx.xx.2019-cu il tarixli, 170GTKR0209549AA №-li “Kredit müqaviləsi” və eyni tarixli Z-170GTKR0209549AA №-li “Zaminlik müqaviləsi” üzrə öhdəliklər tam həcmdə yerinə yetirilmiş, "xxxx" ASC-yə cəmi 9659,96 manat məbləğində pul ödənilmişdir. Belə ki, o, 4705,4 manat, 1197,52 manat, 1329,32 manat olmaqla, cəmi 7231,88 manat nağd şəkildə "xxxx" ASC-yə ödəmiş, cəmi 2423,72 manat isə onun aldığı əmək haqqından tutulmuşdur. Lakin buna baxmayaraq, cavabdeh həmin pul vəsaitini ona qaytarmaqdan imtina edir. Cavabdehin iddiaçının dəlillərinə və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına qarşı etirazı ondan ibarətdir ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 170GTKR0209549AA №-li “Kredit müqaviləsi” üzrə iddiaçı Banka 8458,44 manat pul ödəmişdir. Aralarındakı razılığa görə iddiaçının ödədiyi pulların bir hissəsini 7-8 ay müddətində onun öz kartına, 7-8 ay iddiaçının qayınatasının kartına, 2 ay isə iddiaçının gizir yoldaşının kartına göndərmiş, 2021-ci ilin fevral ayında iddiaçıya 4800 manat məbləğində borcu qalmışdır. Bu məqsədlə aralarında olan razılığa əsasən sahibliyində olan “Mercedes” markalı avtomobili 4800 manat borcun müqabilində iddiaçıya vermişdir. Avtomobili ondan iddiaçının əmisi oğlu Şəhadət adlı şəxs təhvil almış və iddiaçıya təhvil vermişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasında mübahisə doğuran hal, iddiaçının xx.xx.2019-cu il tarixli, 170GTKR0209549AA №-li “Kredit müqaviləsi” üzrə ödədiyi pul vəsaitlərinin cavabdeh tərəfindən ona qaytarlıb-qaytarılmaması və ya başqa sözlə desək, cavabdehin iddiaçıya borcunun olub-olmamasıdır. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üzrə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırda iddiaçının Banka ödədiyi pul vəsaitlərinin bir qismini iddiaçının, iddiaçının qayınatasının və iş yoldaşının bank kartlarına ödəmələr həyata keçirməklə qaytardığını iddia edən cavabdeh, bu dəlilini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd etdikləri başqa obyektiv sübutlarla təsdiq olunmur. Ona görə də Məhkəmə cavabdehin izahatında bildirdiklərini həqiqət kimi qəbul etmir. Məhkəmə hesab edir ki, eyni mövqe sərgiləyən birinci instansiya məhkəməsi müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Lakin bununla yanaşı Məhkəmə hesab edir ki, 4800 manat məbləğində borcun cavabdehin sahibliyində olan “Mercedes” markalı avtomobil ilə əvəzləşdirilməsi barədə bildirdikləri iş materialları ilə sübuta yetirilir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, onun İddiaçı ilə qohumluq münasibətləri vardır. Belə ki, onun atası ilə Cəlilin atası dayıoğlu-bibioğludurlar. Cavabdeh ilə isə qohumluq münasibətləri yoxdur. Həmçinin Cəlillə və Bəhruzla aralarında heç bir ədavəti yoxdur, onlarla arasında normal münasibətləri vardır. 2020-ci ilin yay aylarında İddiaçı onunla telefonla danışaraq ona Beyləqan rayonuna gedib, Vüsal adlı şəxsdən avtomaşına dair etibarnamə götürməsini təklif etmişdir. O da etiraz etmədən Beyləqan rayonuna getmiş, orada Vüsal adlı şəxs ona avtomaşın üçün baş etibarnamə vermişdir. Həmçinin telefon danışığında İddiaçı ona Vüsal tərəfindən etibarnaməsi verilmiş Mersedes 190 markalı avtomaşını Lənkəran rayonundan götürməli olduğunu demişdir. O, buna da etiraz etməmiş, Lənkəran rayonuna gedərək Cavabdeh “Mersedes 190” markalı avtomaşını götürüb, gətirib İddiaçı atasının yaşadığı evin həyətində saxlamışdır. Cəlil ona demişdir ki, Bəhruzla aralarında kredit söhbəti vardır. Ona görə də Bəhruz həmin avtomaşını ona verir. Ancaq Bəhruz tərəfindən avtomaşının hansı məbləğdə kredit borcunun müqabilində Cəlilə verilməsindən, avtomobilin dəyərindən onun məlumatı olmamışdır. O, avtomaşını Cəlilin atasının həyətində saxladıqdan bir neçə gün sonra Cəlil atası evinə gəlmiş və o, Cəlilə həmin avtomaşına dair baş etibarnamə vermişdir. Cəlil də maşını evakuatorla atası evindən aparıb, təmir etdirmiş və satmışdır. 2022-ci ilin əvvəllərində o, Cəlillə danışığında bu maşın söhbətinin nə məsələ olduğunu soruşmuşdur. Cəlil də ona maşından əlavə də Bəhruzun ona borcunun qaldığını bildirmişdir. Onun həmin avtomaşının neçəyə satılmasından məlumatı yoxdur. Bəhruzdan götürüb, Cəlilin atası evinə gətirdiyi “Mersedes 190” markalı avtomaşının Cəlil tərəfindən qəbul edilməsindən sonra Cəlilin Bəhruz tərəfindən ona olan borcun tam şəkildə ödənilibödənilməməsi kimi kimi fikirləri işlədib-işlətməməsi hazırda xatirində deyildir. Birinci instansiya məhkəməsi qeyd olunan şahid ifadəsini iş üzrə sübut kimi qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində həmin nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında nə kimi borcunun qalması, buna iddiaçının münasibəti barədə heç bir fikir ifadə edə bilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövceyi səhvdir. Belə ki, şahid öz ifadəsində həmin avtomobilin cavabdehdən götürməsini və iddiaçıya təhvil verməsini təsdiq etmişdir. Şahidin öz ifadəsində nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında hansı məbləğdə borcunun qalması barədə fikir bildirməməsi həmin ifadənin sübut kimi qəbul edilməməsinə səbəb ola bilməz. Çünki avtomobilin qohumu Şəhadət Eyvazovdan qəbul edilməsi sübut edildiyi və cavabdeh də bu avtomobili qalıq borcu olan 4800 manatın əvəzləşdirilməsi üçün verdiyini bildirdiyindən, iddiaçı bu avtomobilin iddiaçının göstərdiyi 4800 manat məbləğin əvəzində deyil, başqa məbləğdə razılaşmaqla qəbul etdiyini sübut etməli idi. Lakin iddiaçı bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Belə olan halda qəbul edilməlidir ki, cavabdehin iddiaçıya təhvil verdiyi avtomobil sonuncu tərəfindən 4800 manat borc əvəzinə qəbul edilmişdir. Bundan başqa, Məhkəmə “Mersedes 190 E” markalı **-SG-*** qeydiyyat nömrə nişanlı (avtomobilin qeydiyyat nömrəsini apellyasiya baxışında cavabdeh bildirmişdir) avtomobilinin 2020-2022-ci illlərdə kimin mülkiyyətində olması (avtomobilin etibarnamə və ya alğı-satqı müqaviləsi əsasında kimin adına rəsmiləşdirilməsi), eyni zamanda “Mersedes 190 E” markalı **-SG-*** qeydiyyat nömrə nişanlı minik avtomobilinin İddiaçı və X1 hansı tarixlərdə və hansı əsaslarla (etibarnamə və ya alğı-satqı müqaviləsi əsasında) mülkiyyətində və ya sahibliyində olması barədə məlumatın əldə olunması üçün müvafiq sorğular vermişdir. Azərbaycan Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şəki regional qeydiyyat imtahan və texniki baxış şöbəsinin 16 noyabr 2023-cü il tarixli, ***-**** nömrəli və xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli məktubları ilə müəyyən olunur ki, “Mersedes 190E minik” markalı **-SG-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh(hazırki iş üzrə cavabdeh) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) idarə etmişdir. “Mersedes 190 E” markalı **-SG-*** qeydiyyat nişanlı minik avtomobilini X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ), İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) idarə etmişdir. Göründüyü kimi, cavabdehin istifadəsində olan “Mersedes 190E” markalı **-SG-*** qeydiyyat nişanlı avtomobilin iddiçıya olan 4800 manat borc məbləği ilə əvəziləşdirilməsi iş materialları ilə tam təsdiq olunur. Göstərilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya borcunun olması barədə iş üzrə düzgün nəticəyə gəlsə də, həmin borcun məbləğin düzgün müəyyən edilməsi üçün işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işdə olan sübutlara səhv qiymət vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu 3658,44 manat təşkil edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iddia tələbini qismən əsaslı hesab etdiyindən cavabdehdən iddiaçının xeyrinə məhz tələbin əsaslı hesab edildiyi həcmdə dövlət rüsumu tutulmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 117 manat dövlət rüsumunun 80(səksən) manatı iddiaçının özünə aid edilməli, 37(otuz yeddi) manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul tələbi” barədə iddiası qismən təmin edilsin. Cavabdeh 3658 (üç min altı yüz əlli səkkiz) manat 44 (qırx dörd) qəpik tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 117 manat dövlət rüsumunun 80(səksən) manatı iddiaçının özünə aid edilsin, 37(otuz yeddi) manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2(iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar