Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-990/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31/3 nömrəli, 3 (üç) otaqlı yaşayış binasında mənzili zəbt edərək qanunsuz olaraq yaşayan Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bilindiyi kimi Qəbələ rayonu ərazisində uzun illər ərzində Rusiya Federasiyasının N saylı hərbi hissəsi (X3, Daryal) fəaliyyət göstərmişdir. Həmin hərbi hissədə xidmət edən hərbiçilərin ailələri və digər işçilərin ailələrinin yaşaması üçün hərbi şəhərcik mövcud olmuşdur. Sonradan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi hissənin fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda icarə vaxtının uzadılması məqsədilə işçi qruplarının görüşləri olmuş və 04 dekabr 2012-ci il tarixdən həmin hərbi hissənin fəaliyyəti dayandırılaraq, Azərbaycan ərazisini tərk etmişlər. Bu zaman ərazidə yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan xidməti yaşayış evləri Gəncə şəhərində yerləşən Mənzil istismar İdarəsinin balansında olduğu üçün həmin təşkilata təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli, 305s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya birgə Komissiyasının tərkibi təsdiq edilmiş və 1 ay müddətində inventarlaşdırmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 328s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlərin keçirilməsi üzrə komissiya yaradılmış və inventarlaşdırılmış əmlakın təhvil verilməsi həyata keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qeyd olunan müvafiq sərəncamdan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli n, 51 nömrəli sərəncamı ilə yaşayış şəhərciyi rayon icra hakimiyyətinin balansına qəbul edilmişdir. Sonradan qeyd olunan şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Gəncə Mənzil İstismar İdarəsinin balansında olan və rayon icra hakimiyyətinin balansına verilənədək müddətdə xidməti mənzillər olmasına baxmayaraq və orada yaşamağa heç bir hüququ olmayan şəxslər özbaşına olaraq müxtəllif yollarla həmin mənzillərə soxularaq zəbt etmişlər. Keçən dövr ərzində Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən dəfələrlə şəhərcikdə yerləşən binalarda qanunsuz olaraq yaşayan vətəndaşların mənzilləri boşaldaraq tərk etmələri tələb olunmuşdur. Lakin qeyd olunan mənzillərin bəzilərində yaşayan vətəndaşlar haqsız olaraq onların müqaviləsinin olduğunu əsas gətirərək mənzilləri boşaltmaqdan imtina etmişlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 26 aprel 2023-cü il tarixli, 2(025)- 359/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı 3 (üç) otaqlı mənzildən çıxarılması və həmin mənzil boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı 3 (üç) otaqlı mənzilindən Cavabdehın çıxarılması və mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi üçün əsasların mövcud olubolmaması təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Lakin Cavabdeh heç bir hüquqi əsas olmadan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı 3 (üç) otaqlı mənzilini qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən cavabdeh X2 mənzili tərk etməsi bildirilmiş, lakin cavabdeh tərəfindən mənzil boşaldılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara, onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir. Mübahisəli mənzilin yerləşdiyi keçmiş hərbi şəhərcik 2012-ci il dekabrın 10-dək Rusiya Federasiyasının icarəsində olmuş «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçuların müvəqqəti yaşaması üçün nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan, qanunvericiliyin tələbləri baxımından, həmin yaşayış sahələri xidməti yaşayış sahəsi kimi «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçulara və həmin stansiyada əmək münasibətlərində olmuş, lakin müvafiq yaşayış məntəqəsində (Qəbələ rayonunda) yaşayış sahəsi olmayan işçilərə verilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdeh isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı mənzilini zəbt etmişdir. Nəhayət, nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi fəaliyyətini dayandırıb Azərbaycan Respublikasını tərk etdikdən sonra həmin hərbi hissənin xidməti istifadəsində olmuş Qəbələ-2 ünvanında yerləşən keçmiş hərbi şəhərcikdə yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına verilməsinə baxmayaraq, yaşayış sahələrinin son təyinatı müəyyənləşməmişdir və gələcəkdə bu yaşayış məntəqəsindəki yaşayış sahələrinin məqsədli təyinatını müəyyən etmək Azərbaycan Dövlətinin müstəsna səlahiyyətindədir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Cavabdeh heç bir qanuni əsas olmadan Azərbaycan Respublikasının mülkiyyətində olub, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmiş Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı mənzilini özbaşına zəbt etmişdir və hazırda həmin mənzildə qanunsuz olaraq yaşayır. Qeyd olunanlara əsasən, məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı 3 (üç) otaqlı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinin, Mənzil Məcəlləsinin 7.1, 8, 17, 91, 92, 98, 99, 103-cü maddələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 106.1, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 nömrəli qətnaməsi ilə razı deyil, hesab edir ki, qətnamə qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Qeyd olunduğu kimi onun yaşadığı Qəbələ şəhəri, M.Abduyev küçəsi, ev 31, 3 nömrəli mənzil dövlət qeydiyyatına alınmamışdır. Ona gərə də həmin fərdi yaşayış evi üzərində hər hansı şəxsin mülkiyyət hüququ yoxdur. O, mübahisəli Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı 3 otaqlı mənzilində 2013-cü ildən deyil, 1999-cu ildən ailəsi ilə birlikdə yaşayırlar. 1999-cu il tarixindən də o və digər ailə üzvləri həmin evdə qeydiyyatdadırlar və şəhərcikdə yerləşən binada qanunsuz olaraq yaşamamış, mənzilə, kommunallara və s. görə ödənişlər vaxt-vaxtında edilmişdir. Hal-hazırda onun və digər ailə üzvlərinin yaşadığı Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31/3 nömrəli mənzildən başqa yaşamaq üçün digər fərdi yaşayış evi, mənzili yoxdur. Eyni zamanda bildirir ki, mənzilin mülkiyyət sənədi də mövcud deyil, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqları tanınmamışdır. Digər tərəfdən isə yaşadığı mənzildən məcburi qaydada çıxarıldığı halda harada yaşayacağı nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Mübahisəli Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı 3 otaqlı mənzilində dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, həmin mənzildə kimlərin hansı vaxtdan qeydiyyatda olaraq daimi yaşaması, onun başqa yaşamaq üçün digər fərdi yaşayış evinin, mənzilinin olub-olmaması və s. araşdırılmamış və aydınlıq gətirilməmişdir. Mübahisəli mənzildə 1999-cu ildən ailəsi ilə birlikdə yaşamağı və mənzilə görə ödənişlər barədə qəbzlər və s. sənədləri bir qədər gec əldə etdiyinə görə birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)- 359/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayənədis məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7.1-ci maddəsinə əssən, mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Həmin Məcəllənin 8-ci maddəsinə əssən Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. Həmin Məcəllənin 17-ci maddəsinə əssən Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir. Həmin Məcəllənin 91-ci maddəsinə əssən Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibərdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərciyində yerləşən yaşayış binaları Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Lakin Cavabdeh heç bir hüquqi əsas olmadan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 31 saylı binanın 3 saylı 3 (üç) otaqlı mənzilini qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən Cavabdeh mənzili tərk etməsi bildirilmiş, lakin cavabdeh tərəfindən mənzil boşaldılmamışdır. Şikayətin dəlili ondan ibarətdir ki, onun yaşadığı Qəbələ şəhəri, M.Abduyev küçəsi, ev 31, 3 nömrəli mənzil dövlət qeydiyyatına alınmamışdır. Ona gərə də həmin fərdi yaşayış evi üzərində hər hansı şəxsin mülkiyyət hüququ yoxdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Göründüyü kimi iddiaçı tərəfin hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, onun başqa yaşamaq üçün digər fərdi yaşayış evinin, mənzilinin olub-olmaması və s. araşdırılmamış və aydınlıq gətirilməmişdir. Mübahisəli mənzildə 1999-cu ildən ailəsi ilə birlikdə yaşamağı və mənzilə görə ödənişlər etmişdir. Kollegiyanın qənaətinə görə şikayətin bu dəlili də əsassızdır. Belə ki, cavabdehin 1999-cu ildən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamağı və mənzilə görə ödənişlər etməsi ona mübahisəli mənzilə köçərək orada yaşaması hüququ vermir. Mənzil Məcəllənin 8-ci maddəsinə əssən Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. Göründüyü kimi cavabdehin mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi və mənzildə yaşaması üçün tərəflər arasında müqavilə olmalıdır. Belə bir müqavilə isə mövcud deyildir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması barədə şikayətin dəlilini əsassız sayan kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması mübahisəli mənzildə köçüb yaşaması üçün əsas ola bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki, qeydiyyat hər hansı hüquq, o cümlədən əmlak hüquqlarını yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan mənzil isə iddiaçının balansında olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-359/2023 qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-990/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-990/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver