Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-994/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ahıl yaşlı şəxsə qulluq etmə, sübut etmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, X1 nümayəndəsi və vəkili X18, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iştirakı ilə, X1 “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-1072/2023 nömrəli qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X3 ərizə ilə məhkəməyə müraciət edərək, 03 mart 1932-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş X4 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, anası X14 03 mart 1932ci ildə Şəki şəhərində anadan olmuş və xx.xx.2020- ci il tarixdə vəfat etmişdir. 2002-ci ildə anasının 70 yaşı olmuşdur. Həmin vaxtdan, yəni 2002-ci ildən ölən gününədək, yəni xx.xx.2020-ci ilədək ahıl yaşda anası ilə o ünvan 1 ünvanında birlikdə yaşamış və ona qulluq etmişdir. Bu hal Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 30 sentyabr 2022ci il tarixli arayışı və qonşuların iştirakı ilə tərtib edilmiş aktla da öztəsdiqini tapır. xx.xx.2020-ci il tarixdən ona yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə o, Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə zəruri sənədləri təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, əmək kitabçasında olan iş stajı və 70 yaşından 88 yaşınadək ahıl anasına qulluq etdiyi dövr nəzərə alınmaqla sosial müavinətin ləğv edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş və bildirilmişdir ki, anası X14 vəfat etdiyi üçün ona 2002-ci il tarixdən xx.xx.2020ci il tarixinədək qulluq etməyiniz məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulduğundan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Göründüyü kimi qurum tərəfindən təqdim etdiyi əmək kitabçasına və digər sənədlərə əsasən sığorta stajı 13 il 11 ay təşkil edir ki, bu da qanunla nəzərdə tutulduğundan azdır. Əgər 2002-ci ildə 2020-ci ilədək qoca, ahıl anasına qulluq etməyi məhkəmə qaydasında təsdiq edilərsə, sığorta stajı qanunla nəzərdə tutulan sığorta stajını tamamlayacaq və onun yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. Ona görə də X4 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Şəki Rayon Məhkəməsinin (hakim E.Vəliyev) 31 may 2023-cü il tarixli, e-2(075)- 1072/2023 saylı qətnaməsi ilə X1 03 mart 1932-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş X4 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir;
4. X5 X4 2002-ci ildən xx.xx.2020-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Şahnaz Əliəkbərovanın anası İsmət Rəsulova ilə birlikdə yaşamalarını bildirsələr də sonuncunun ona qulluq etməsi və ya İsmət Rəsulovanın hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmamaqla ona qulluq etməsi sübuta yetirilməmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
5. Məhkəmə Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd edir ki, X5 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşaması və X4 baxmasının necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir.
6. Beləliklə məhkəmə X5 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşamış və X4 baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına, Azərbaycan Mülki Prosessual Məcəllənin 307.2.11, 305.1.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsininbəziməsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən narazı qalan X3 apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarının tələblərini pozmuş, qanunu səhv təfsir etmiş, sübutları əlaqəli şəkildə şərh etməmiş, təqdim edilmiş sübutların qəbul edilməməsini qətnamədə aydın izah etməmiş, dəlilləri cavablandırılmamış, düzgün səbəblərini qətnamədə aydın izah etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.
10. Qanunvericiliyin tələbindən də göründüyü kimi Qaydaların 4.1.8-ci yarımbəndində ahıl şəxslərə qulluqetmə müddətinin hesablanması nəzərdə tutulmuşdur. X6 31 mart 1932-ci ildə doğulmuş və 2002-ci ildə onun 70 yaşı, yəni ahıl yaşı olmuşdur. Bu hal məhkəmə tərəfindən də müəyyən olunmuşdur.
11. Məhkəmə iclası zamanı vəsatəti ilə dindirilmiş şahidlər onunla qonşu olduqlarını, mərhum anasını və onu tanıdıqlarını, mərhum anası ilə eyni ünvanda, bir evdə yaşadıqlarını, anasına ölənədək qulluq etdiyini bildirsələr də, məhkəmə şahid ifadələrini, dəlillərini qəbul etməmiş, qəbul etməməyinin də səbəbini qətnamədə əsaslandırmamışdır. Bəlidir ki, mərhum anası onunla birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşamışsa, ona o, qulluq etmiş, qayğısına qalmışdır.
12. Tərəfindən məhkəməyə qonşuları X15, X16 və X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt təqdim edilmişdir. Həmin aktda X5 2002-ci ildən xx.xx.2020-ci ilədək anası X14 ilə ünvan 1 ünvanında yaşadığı və ahıl yaşlı anasına baxdığı qeyd edilmişdir. Lakin məhkəmə nədənsə aktı qəbul etməmiş, araşdırımamış, hüquqi qiymət verməmiş və bu aktın sübut kimi qəbul edilməməsinin səbəbini qətnamədə əsaslandırımamış, izah verməmişdir.
13. Göründüyü kimi dəlilləri, sübutları məhkəmə tərəfindən qəbul edilməmiş və qəbul edilməməsinin səbəbi qətnamədə izah edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməmişdir.
14. Qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-1072/2023 saylı qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayətinə qarşı yazılı etirazında X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-1072/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 nümayəndəsi və vəkili X23 apellyasiya şikayəti müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-1072/2023 saylı qətnaməsinin ləğv edilməsini və X1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)- 1072/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. X17 Azərbaycan Respublikasının Qanununun; 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X17” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının; 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
23. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsininbəziməsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 31 may 2023cü il tarixli, e-2(075)-1072/2023 saylı qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ərizəni düzgün olaraq rədd etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
29. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X14 X1 anasıdır. X4 2002-ci ildən 20 noyabr 2020-ci il tarixədək ahıl yaşlarında qulluq etdiyini göstərən ərizəçi anasına ahıl yaşlarında qulluq etdiyi dövrün nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də tələbindən imtina edilmişdir. Bu səbəbdən də ərizəçi 03 mart 1932-ci ildə anadan olmuş və 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X4 2002-ci ildən 20 noyabr 2020-ci il tarixədək ahıl yaşlarında qulluq etməyi faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclası zamanı vəsatəti ilə dindirilmiş şahidlərin onunla qonşu olduqları, mərhum anasını və onu tanıdıqlarını, mərhum anası ilə eyni ünvanda, bir evdə yaşadıqlarını, anasına ölənədək qulluq etdiyini bildirsələr də, məhkəmənin şahid ifadələrini, qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktı qəbul etməməsinə, anası ilə birlikdə yaşamışsa anasına onun qulluq etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, şahid X2 məhkəmə iclas protokolundakı ifadəsindən göründüyü kimi o, İsmət xala yaşlı olduğundan tez-tez yaddaşının itdiyini, o, xəstə olduğu vaxtlarda Şahnazın ona qulluq etdiyini bildirmiş, digər şahid X15 isə İsmət Rəsulova yaşlı olduğundan ona qızı Şahnaz xanımın baxdığını göstərmişdir. Beləliklə şahidlərin ifadələrindən X5 məhz 2002-ci ildən 20 noyabr 2020-ci il tarixədək X11 qulluq etməsi müəyyən edilməmişdir. Hansı ki, ərizəçinin məhkəməyə sübut qismində təqdim etdiyi akt da məhz həmin şahidlərin iştirakı ilə tərtib edilmişdir. Həmçinin Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 sentyabr 2022-ci il tarixdə verilmiş arayış iş materialına əlavə edilsə də X5 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşaması və X4 baxmasının necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin sübutları əlaqəli şəkildə şərh etməməsi, təqdim edilmiş sübutların qəbul edilməməsinin qətnamədə aydın izah edilməməsi, dəlillərin cavablandırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin təqdim etdiyi bütün dəlillərə qiymət verilmişdir.
32. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e- 2(075)-1072/2023 saylı qətnaməsi X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-1072/2023 saylı saylı qətnaməsi X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.