Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-132/2025 30.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mənzildən məcburi qaydada çıxarılma, Cavabdeh1 qarşı mənzildən məcburi qaydada çıxarılma və digər tələblərinə dair mülki iş üzrə (Açar söz: mənzildən çıxarılma) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı mənzildən məcburi qaydada çıxarılma, Cavabdeh1 qarşı mənzildən məcburi qaydada çıxarılma və digər tələblərinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfin dən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları və birinci instansiya məhkəməsində icraat 1. xx.xx.2023-cü il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışa əsasən Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
2. İddiaçı Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan Babək rayon, Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin əsası kimi qeyd etmişdir ki, Babək rayonu, Şıxmahmud kənd sakini Cavabdeh2 həyat yoldaşı X5 rayon Xəlilli kənd tam orta məktəbində işlədikləri vaxt evlərini satmaq istədiklərini bildirmişdir. Ondan evin neçə kvadrat metr torpaq sahəsi üzərində tikildiyini və qiymətini soruşub, almaq istədiyini bildirmişdir. Onunla razılaşdıqdan sonra Hidayətin ona evin satılmasına görə verdiyi etibarnaməyə əsasən 8000 (səkkiz min) manat pul verib, 20 aprel 2009-cu il tarixdə Babək rayon Notariat Ofisində alqı-satqı müqaviləsi əsasında 3322 kv.metr torpaq sahəsi üzərində ümumi sahəsi 130.22 kv.metr olan evi aldıqdan sonra Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adına rəsmiləşdirmişdir. X.İmamquliyevadan evi boşaltmasını tələb etdikdə isə o kirayə mənzil tapana kimi evdə qalmasını xahiş etmişdir. Ona onsuz da evi kirayə verəcəyini bildirib, bir ayı 100 manatdan razılaşıb, evi ona kirayə vermişdir. Beləliklə, onlar 2013-cü il tarixədək 100 manatdan, ondan sonra isə bir ayını 200 manatdan 2022-ci il tarixədək razılaşmışlar. Evi alandan sonra 11 aprel 2022-ci il tarixdə, 4Ə-142 nömrəli alqısatqı müqaviləsi əsasında 400 kv.metr, daha sonra isə 28 mart 2023-cü il tarixdə 4Ə-131 nömrəli alqı-satqı müqaviləsi əsasında 400 kv.metr torpaq sahəsini satmışdır. Hal-hazırda həmin 130.22 kv.metr ev və 0.2038 ha torpaq sahəsini 04 may 2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat və **********664-10301 reyestr nömrə ilə rəsmiləşdirib adına çıxarış almış, tam mülkiyyət hü ququ üzrə ona məxsusdur. O, rəsmi olaraq ərizə yazıb, poçt vasitəsilə həmin şəxslərə göndərmişdir ki, evi boşaldıb çıxsınlar, lakin cavabdehlər buna heç əhəmiyyət belə verib evdən çıxmaq istəmirlər. Faktiki olaraq o, öz mülkiyyətində yaşaya bilmir. Hesab edir ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. 4. 05 mart 2025-ci ildə mülki iş üzrə İddiaçı vəkili və nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və X1 İddiaçı Mirhadi oğlunun mülkiyyətində olan Naxçıvan MR Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla yanaşı, həm də müştərək qaydada kirayə borcuna görə yaranmış 5000 manat, məhkəmə proseslərinə gediş-gəliş üçün çəkilmiş yol xərci nə görə 1000 manat və ona vurulmuş mənəvi ziyana görə 4000 manat, cəmi birlikdə 10000 (on min) manat məbləğində pulun alınıb İddiaçı Mirhadi oğluna ödənilməsi həcmində baxılmasını məhkəmədən xahiş etmişdir.
5. Həmçinin İddiaçı 03 aprel 2025-ci ildə iddia tələbinin həcminin artırılması barədə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı müraciət edərək kirayə borcuna görə yaranmış 5000 manat, yol xərcinə görə 1000 manat və mənəvi ziyana görə 4000 manat, ümumilikdə 10 000 (on min) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
6. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə Cavabdeh1 kirayə borcuna görə yaranmış 5000 manat, yol xərcinə görə 1000 manat və mənəvi ziyana görə 4000 manat olmaqla, ümumilikdə 10000 (on min) manat məb ləğində pulun alınıb İddiaçı ödənilməsi həddində baxılması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması işin mübahisəsiz halıdır.
8. Həmçinin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında işin mübahisəsiz qaydada müəyyən olunmuş digər halı ondan ibarətdir ki, iş üzrə Cavabdeh2 hazırda həmin fərdi yaşayış evində yaşayır.
9. Babək Rayon Məhkəməsinin 08 may 20 25-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh2 İddiaçı məxsus Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi, iddia qaldırılan zaman 50 (əlli) manat miqdarında dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması və Cavabdeh2 hər hansı qanuni əsas olmadan həmin fərdi yaşayış evində yaşaması müəyyən olunduğundan məhkəmə sonuncuya münasibətdə iddia tələbini mülkiyyət h üququnun müdafiəsinə yönəlmiş hüquqi addım hesab edir və əsaslı olması qənaətinə gəlir.
11. Bununla belə məhkəmə araşdırması zamanı digər Cavabdeh1 iddiaçının çıxarılmasını tələb etdiyi ona məxsus fərdi yaşayış evində yaşamadığı mübahisəsiz qaydada müəyyən olunmuşdur.
12. Məhkəmə iddia tələbinin Cavabdeh1 kirayə borcuna görə yaranmış 5000 manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında iddiaçının istinad etdiyi 2023-cü ilin mart ayından indiyə qədər olan dövrdə kirayə hüquq münasibətlərinin yaranması və bunun məntiqi davamı olaraq ödənilməmiş kirayə haqqının mövcudluğu məhkəmədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır.
13. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə Cavabdeh1 4000 manat məbləği ndə pul vəsaitinin alınıb verilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya qarşı qaldırılmış “müqavilənin etibarsız hesab edilməsi” iddia tələbi rədd edilsə də, sözügedən iddia özlüyündə legitim məqsəd güddüyündən açıqaşkar əsassız iddia kimi qiymətləndirilə və iddiaçının hər hansı əsasla mənəvi zərərlə bağlı iddia tələbinin təmini üçün əsas kimi çıxış edə bilməz. Şəxsin məhkəməyə müraciət etmək hüququ heç bir halda onun qanunsuz hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı barəsində Cavabdeh1 tərəfindən şəxsin faiz qarşılığında borc verməklə bağlı səsləndirdiyi fikirlər onun iddiaya qarşı etirazlarının əsası kimi istinad etdiyi dəlil xarakteri daşımaqla qanunsuzluğu hər hansı normativ hüquqi aktl a nəzərdə tutulmuş qaydada yayılmamışdır. İİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil ona görə ki, iddiaçı faizə pul verən olmuşdur. 2009-cu ildə qardaşı avtomobillə qəzaya düşdüyündən, onun müalicəsi üçün təcili olaraq ona pul lazım olmuşdur. Həmin vaxt iddiaçıdan faizi ilə 3000 manat borc pul almış, iddiaçı ondan pul alanda bildirmişdir ki, pulun geri qaytarılma təminatı kimi yaşadığı evin sənədini onun adına keçirməlidir. Həmin vaxt məcburiyyət qarşılığında formal olaraq evi onun adına sənədləşməsinə razılıq vermişdir. Yoldaşı bilmədən bütün evi, torpaq sahəsini onun adına sənədləşməsini həyata keçirmişdir. O, 2 il ərzində aldığı borcu qaytarıb iddiaçıya vermişdir. Lakin iddiaçı formal olaraq adına saldığı mülkiyyət sənədini özünə qaytarılmasından imtina edərək həmin sənədlə bankdan 10000 manat kredit götürdüyünü bildirmiş, kredit bitən kimi evin sənədlərini onun adına sənədləşdirəcəyini öhdəsinə götürmüşdür. O, məcbur qalıb onunla razılaşıb kreditin bitməsini gözlədiyi dövrdə iddiaçı yenidən başqa bankdan 10000 manat kreditə pul götürmüşdür. Sonradan kredit borcunu ödəmədiyindən məhkəmə qərarı ilə onun ailəsi ilə yaşadığı evin üzərinə həbs qoyularaq satılması barədə qərar verilmişdir. O, evindən çıxmamaq üçün məcbur qalıb iddiaçının banka olan 10000 manat borcunu ödəməli olmuşdur. Qeyd olunmuşdur ki, formal olaraq sənədlər iddiaçının adında olsa da, o və ailəsi daima həmin evdə yaşamış, bu gün də yaşamaqda davam edirlər. Hətta həmin həyətdə qızı üçün də ayrıca ev tikmişdir. Oranı satmış olsaydı bütün bunları nə üçün etməli idi. Ümumillikdə formal alqı-satqıya görə bu gün o və ailəsi bütün əmlakından məhrum olmaq qarşısında qalmışdır, bu isə qəbul edilməz bir haldır. Hazırda iddiaçı təmin olunmuş məhkəmə qətnaməsi ilə onların hesabına (məhrum olanın) əsassız olaraq əmlak əldə edərək əsassız varlanmaqdadır. Hesab edir ki, Babək Rayon Məhkəməsi işin hallarını araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunda ifadə vermiş və Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsinin ona dair hissəsinin ləğv edilərək, iddianın ona dair hissədə rədd olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsinin təmsil etdiyi şəxsə dair hissəsinin ləğv edilərək, iddianın ona dair hissədə rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edi lməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İİİ. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;
21. Maddə
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;
22. Maddə
71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur;
23. Maddə
71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, ə mələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır;
25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir;
26. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şə xsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
28. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı. 37. “Mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozma dan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İV. Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372. 1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Cavabdeh2 apellyasiya şikayətində Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsinin ona dair hissəsinin ləğv edilərək rədd olunmasını xahiş etmiş, digər cavabdeh isə iddia tələbi ona qarşı təmin edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Digər cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır. V. Məhkəmə kollegiyasının mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subye ktiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, iddiaçının Cavabdeh2 qarşı olan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
45. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur.
47. Birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmiş, bu maddəyə əsasən mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün dispozitiv şərtlərlə (əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması) düzgün qiymətləndirmə aparmışdır. Buna görə də məhkəmə kollegiyası bu istiqamətdə hər hansı araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
48. Kollegiya bir daha qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əs asən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olduğundan cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.
49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi evinin alqısatqı müqavilə sinin etibarsızlığına dair dəlillərə (bənd 14) münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı məxsus olan fərdi yaşayış evindən istifadə etməsinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin eyni tərəflər arasında mövcud olmuş mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsızlığına dair mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
50. Kollegiya Cavabdeh2 diqqətinə bir daha çatdırır ki, MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edil miş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
51. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət etmişdir.
52. Apellyasiya şikayətində qeyd edilən “hazırda iddiaçının təmin olunmuş məhkəmə qətnaməsi ilə onların hesabına (məhrum olanın) əsassız olaraq əmlak əldə edərək əsassız varlandığına, Babək Rayon Məhkəməsinin işin hallarını araşdırmadan əsassız və qanunsuz qətnamə qəbu l etdiyinə” dair göstərdiyi digər dəlillərə də qiymət verən kollegiya həmin dəlillərin formal mülahizələrə əsaslanmaqla, təfərrüat xarakterli olduqları qənaətinə gəlir və qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
53. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı mənzildən məcburi qaydada çıxarılma, Cavabdeh1 qarşı mənzildən məcburi qaydada çıxarılma və digər tələblərinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. A zərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(079)-2/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.