Məhkəmə qərarları › İş №2(108)-160/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-160/2021

27.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-160/2021 27.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(110)-376/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Şərur rayonu Muğanlı kəndində öz mülkiyy ətində olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onların həmin yaşayış sahəsi üzrə qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(110)-376/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir. Şərur rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(110)-376/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərci olaraq ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şərur Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(110)-376/2021 nömrəli qətnaməsi ndən narazı qalan iş üzrə İddiaçı 30 iyul 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin ləğv edilərək iddiasının tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əvvəllər Şərur rayonu, Dəmirçi kəndində yaşamış və həmin kənddə qeydiyyatda olmuş, cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evinə heç bir ehtiyacları olmamış, sadəcə olaraq onu ailəliklə didərgin salmaq, evi ələ keçirmək istəmişlər. Babası 1996-cı ildə vəfat edəndən sonra Cavabdeh1 qızları Sevda və Sevinc ilə həmin evdən çıxıb getmiş, evin cari və əsaslı təmiri ilə evin əvvəlki mülkiyyətçisi babasının bacısı X1, sonra da özü mə şğul olmuş, cavabdehlər heç vaxt onun ailə üzvü olmamış, onunla heç vaxt birgə təsərrüfat aparmamış və onların onun evinə heç bir ehtiyacları olmamışdır. Cavabdehin Dəmirçi kəndində ata mülkü mövcud olmuş, hər iki cavabdehin mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımış, mülkiyyətçi kimi onunla cavabdehlər arasında heç bir razılaşma və ya ailə münasibətləri mövcud olmamış, həmçinin cavabdehlər 1996-cı ildən ona məxsus fərdi yaşayış evində yaşamamış, buna baxmayaraq Cavabdeh1 Şərur Rayon Məhkəməsinin 27.12.2011-ci il tarixli qətnaməsi ilə heç bir hüquqi əsas olmadan onun mülkiyyətində olan evə köçürülmüş, formal olaraq evə qeydiyyata düşmüş, lakin o və digər cavabdeh evdə heç vaxt yaşamamış, cavabdeh özünə məxsus bəzi əşyalarını evin bir otağına yığıb qapısını bağlayaraq Rusiya Federasiyasına getmiş, digər cavabdeh onun qızı Cavabdeh2 isə həmişəlik Bakı şəhərinə köçmüş və Bakıda işləmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan ancaq cavabdehin özünü müdafiə xarakterli formal mülahizələrinə istinad edərək onun iddia tələbini rədd etmiş, cavabdeh məhkəmə iclasında onun ailə üzvləri ilə birgə təsərrüfat apardığını, digər tərəfdən cavabdeh ayrıca sayğacı olmasını, kommunal xidmətləri özünə aid olan hissəsini şəxsən ödəməsini bildirmiş, bu hal məhkəmədə öz təsdiqini tapmamış, məhkəmə həmin mülahizəni sübut kimi qəbul etmiş, daha sonra məhkəmə iclasında cavabdeh 2018-ci ilin dekabr ayında guya müalicə məqsədi ilə Rusiya Federasiyasına getdiyini və pandemiya ilə əlaqədar geri qayıda bilmədiyini göstərmiş, birinci instansiya məhkəməs i bu faktı yoxlamaq üçün heç bir təşəbbüs göstərməmiş, halbuki o iddia ərizəsində həmin faktı yoxlamaq üçün Dövlət Sərhəd Xidmətindən cavabdehin giriş-çıxışı barədə sorğu göndərməsini xahiş etmişdir. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasının Novosibirsk şəhərində daimi yaşadığını, bazarda alverlə məşğul olduğunu bildirmiş, bütün bunlar bir daha göstərir ki, cavabdehlər onun heç vaxt ailə üzvü olmamış, birgə ümumi təsərrüfat aparmamış, aralarında heç bir razılaşma olmamışdır. O, 2009-cu ildən başlayaraq öz mülkiyyətində olan fərdi yaşayış evində dəfələrlə cari və əsaslı təmir işləri apardığını (cavabdehin qanunsuz olaraq özbaşına bağladığı sahədən başqa) zəruri yardımçı tikili inşa etdiyini, hamam, ayaqyolu, həmçinin 2-ci mərtəbəyə çıxmaq üçün sınıq pilləkəni söküb yenisi ilə əvəz etdiyini, bütün kommunal və tədiyyə ödənişlərini, hazırda cari xərcləri ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iş üzrə digər Cavabdeh2 münasibətdə də səhv nəticəyə gəlmiş yəni səhvən xitam vermişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası MPM-in 357, 362, 366, 372, 385-389-cu maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı kollegiyaya teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, apellyasiya şikayətini müdafiə etdiyini göstərərək onun iştirakı olmadan işə baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh2 kollegiyaya teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəm ə iclasında iştirak edə bilmədiyini göstərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Şərur rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin hər hansı üzrlü səbəbdən olması barədə kollegiyaya məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh1 məhkəmə baxışı iclasındakı izahatında Şərur Rayon Məhkəməsinin 27 dekab r 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Şərur rayon Muğanlı kəndində yerləşən evə köçürülərək mənzildən istifadə hüququnun təmin edildiyini, həmin vaxtdan orada yaşamasını, bütün kommunal xərcləri özünün ödəməsini, 2018-ci ilin dekabr ayında müalicə olunmaq üçün Rusiya Federasiyasına gedib pandemiyaya görə geri qayıda bilməməsindən istifadə edən iddiaçının onun və qızı Sevdanın barəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair Şərur Rayon Məhkəməsində iddia qaldırmasını, hazırda başqa yaşayış yerinin olmamasını bildirərək İddiaçı apellyasiya şikayətinin təmin edilməməklə Şərur Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(110)-376/2021nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını koll egiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini dinləyib, mülki iş üzrə araşdırılmış materialları, İddiaçı apellyasiya şikayətinin dəlillərini müzakirə e dib apellyasiya şikayətinin təmin edilməməklə Şərur Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(110)-376/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Cavabdeh1 izahatını dinləyib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsindən görünür ki, sonuncu ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi isə onun iddiasını rədd etmişdir. Halbuki, İddiaçı iddiasının Cavabdeh1 pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı hissəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. B axılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qa ydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam ver ilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyət orqanı tərəfindən çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən burada müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 5.1-ci maddəsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahis ələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(110)-376/2021 nömrəli qətnaməsi İddiaçı Cavabdeh1 qarşı pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair hissəsində qismən ləğv edilməli və həmin hissədə icraata xitam verilməli, iddiaçı İddiaçı həmin mübahisənin həlli üçün aidiyyəti üzrə X4 müraciət etmək, həmin orqanın qərarından narazı qaldıqda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 385.1.1, 387.1, 402 və 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(110)-376/2021 nömrəli qətnaməsi İddiaçı Cavabdeh1 qarşı pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair hissəsində qismən ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı İddiaçı aidiyyəti üzrə X4 müraciət etmək, həmin orqanın qərarından narazı qaldıqda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində tələbləri təmin olunmayan şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar