Məhkəmə qərarları › İş №2(108)-160/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-160/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-160/2025 18.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi (açar sözlər: iddia ərizəsinin məzmununa əməl edilməməsi, hüquqi şəxsin adından verilmiş etibarnamənin qanunvericiliyin tələblərinə uyğun olmaması, etibarnamə üzrə hüquqi şəxsi təmsil edən şəxsin səlahiyyətli olmaması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili-nümayəndəsi Vəkil2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-c i il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı "18" noyabr 2024-cü ildə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək 10700 (on min yeddi yüz) manat məbləğində pulun və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-03).

2. Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 11 sentyabr 2023-cü il tarixli borc müqaviləsi üzrə 10700 (on min yeddi yüz ) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdi (iş vərəqə 60-63). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

3. Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 vasitəsi ilə 10 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir (iş vərəqə 84-91). c) Apellyasiya şikayətinin əsaslandırılması

4. Cavabdeh tərəf apellyasiya şikayətini əsaslandıraraq qeyd et mişdi ki, cavabdeh qətnamədən xəbərsiz olmuşdur. Belə ki, məhkəmə icraatı dövründə ölkə xaricində olmuş və hazırda da ölkə xaricindədir. Qətnamədən isə ailə üzvləri tərəfindən məlumat almışdır. Məhkəmə iclasında iştirak edə bilmədiyi üçün cavabdehin özünü müdafiə etmək imkanı olmamışdır. Məhkəmə qətnaməsində qeyd edilən borc məbləği əsassızdır. Belə ki, o, heç bir borc müqaviləsini imzalamamışdır. Bundan başqa əmək fəaliyyəti zamanı yaranmış münasibətlərdə borc müqaviləsi yolverilməzdir. Həmçinin borc müqaviləsinin notarial qaydada imzalanmamışdır. Göstərilənləri nəzərə alaraq qeyd edilən borc tələbinin əsassız olduğunu bildirmişdirlər. Həmçinin borc müqaviləsinin notarial imzalanmadığı üçün mötəbər sübut kimi qiymətləndirilməli deyildir. Qeyd edilən borc tələbi əsassızdır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi borc müqaviləsinin şərtləri pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən həmin borc müqaviləsi imzalanmadığı üçün xətşünaslıq ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Həmçinin borc müqaviləsinin notarial imzalanmadığı üçün mötəbər sübut kimi qiymətləndirilməli deyildir.

5. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü və 739-cu maddələrinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdi.

6. Apellyasiya şikayəti mülki işlə birlikdə Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 08 oktyabr 2025-ci il tarixdə daxil olmuşdur. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

7. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə 18 noyabr 2025-ci ildə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etsə də o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsində qeyd edilən 20 günlük müddətə əməl etmədiyindən apellyasiya şikayətinə qarşı etiraz kollegiya tərəfindən nəzərə alınmamışdı (iş vərəqə 146-147). İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin verdiyi izahatlar.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı 18 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zaman ı Cavabdeh qanuni qərar çıxarılmasını kollegiyadan xahiş etmişdi.

9. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil2 iş üzrə olan nöqsanlardan əvvəlcədən məlumatlı olmadığını, onları gün ərzində aradan qaldıra biləcəklərini, birinci instansiya məhkəməsində iddiaçını təmsil edən şəxsin hüquqşünas olmadığını qeyd etmişdi.

10. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehin vəkili-nümayəndəsi Vəkil1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

11. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaql a apellyasiya şikayətinə cavabdehin vəkilinümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riay ət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsini cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsinin Cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

15. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin vəkili-nümayəndəsi Vəkil1 müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayə tin obyekti tam həcmdə yoxlanılmalıdır.

16. Kollegiya mülki iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını müəyyən etdiyindən, ilkin olaraq mübahisə predmeti olan məhkəmə aktının bu meyar əsasında yoxlanılması həyata keçirilməli, müsbət nəticə əldə edildiyi halda apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onun maddi hüquq normalarının uyğunluğu yoxlanılmalıdır. İV. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini

17. Hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məh kəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.

18. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

19. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Sonuncu qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdu diyyətə məruz qalması istisna edilmir.

21. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə icraatın başlanmasına əsas olan iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

22. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.

23. İddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda isə bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.

24. İddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsi üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).

25. Qeyd edilənlərin mahiyyətindən aydın olur ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır.

26. İddiaçı Məhdud Məsuliyyətlinin Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini prosessual qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, icraatın başlanmasına səbəb olan prosessual sənədin məzmunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab vermir.

27. Belə ki, həmin Məcəllənin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünv anı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (preten ziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

28. Qeyd edilən prosessual normanın tələbindən görünür ki, həmin maddədə olan məlumatların qeyd edilməsini qanunvericilik imperativ qaydada müəyyən edib. Yəni iddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla, yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir.

29. Kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin mahiyyətinə əsasən iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir. Yəni cavabdehə özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də qanunvericilik proses sual sənəd kimi iddia ərizəsinin, özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutları əks etdirməli olduğunu nəzərdə tutur. Sübutların siyahısının göstərilməməsi isə məhkəmə tərəfindən cavabdehə göndərilməli olan sübutların dairəsinin müəyyən edilməsində çətinlik yaratması ilə yanaşı, iddia tələbinin yönəldiyi şəxsin hansı sübutun hansı faktı təsdiq etməsindən və ona iddia tələbinə qarşı vaxtında etiraz etmək imkanından da məhrum edir (Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri).

30. Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahını fərqləndirir. Çünki id dia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər. Bunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddələrindən də açıq-aydın müəyyən etmək olar (09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən).

31. İddia ərizəsinə əlavə edilən sənədlərin iddiaçının öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı sübut kimi qəbul edilməsi qarşı tərəfin hüququnun pozulması ilə yanaşı, məhkəmənin qərəzsiz olması prinsipi ilə ziddiyyət təşkil edir.

32. Belə ki, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki pr osessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

33. Azərbaycan Respublikası Mülki-Pro sessual Məcəlləsinin 14.2-ci maddəsindən də müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Kollegiya bildirir ki, iddia ərizəsinin məzmunun Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verməməsi icraata qəbul ərəfəsində onun geri qaytarılması, məhkəmənin icraatına qəbul edildikdən sonra onun baxılmamış saxlanılması üçün əsasdır.

35. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 36. - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 37. - 259.0 və 259.0.12-ci maddələrinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

38. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən prosessual normaların tələbini pozaraq iddia ərizəsini icraatına qəbul etsə də, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət təyin etməmiş və yekunda mübahisənin hüquqi həlli üzrə qətnamə qəbul etmişdi.

39. Bundan başqa mülki iş materiallarından görünür ki, Ordubad Rayo n Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə baxışı iclası 09 yanvar 2025-ci il tarixə, saat 1100-a məhkəmənin inzibati binasına təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi kimi Nümayəndə2 oğlu ona hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən verilmiş 08 yanvar 2025ci il tarixli, 01 nömrəli etibarnamə əsasında təmsil etsə də, iş materiallarında olan sənədlər, onun həmin məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində səlahiyyətli olmadığını deməyə imkan verir (iş vərəqə 42- 50).

40. Belə ki, hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş etibarnaməyə hüquqi şəxsin möhürü vurulmamış, həmçinin mülki iş materiallarına əlavə edilmiş 08 yanvar 2025-ci il çap tarixli “əmək müqaviləsində dəyişikli k edilməsi ilə bağlı” əmək müqaviləsi bildirişində məhkəmədə nümayəndə qismində iştirak etmiş Nümayəndə2 oğlunun təmsil etdiyi hüquqi şəxslə arasında bağlanmış əmək müqaviləsinin qüvvədən düşdüyü göstərilmişdi. Mülki iş materiallarına sözügedən şəxsin 09 yanvar 2025-ci ildə İddiaçı işçisi olmasını təsdiq edən sənəd əlavə edilməmişdi (iş vərəqə 52- 53).

41. Kollegiya bildirir ki, mülki prosessual qanunvericilik şəxsin məhkəmədə nümayəndə vasitəsi ilə təmsil olunmaq imkanını istisna etmir. Belə ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 69.1-ci maddəsinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanun vericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir.

42. Həmin Məcəllənin 69.2-ci maddəsindən isə müəyyən edilir ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

43. Habelə sözügedən Məcəllənin 73.1 və 73.4-cü maddələrinin tələbinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

44. Kollegiya göstərilənləri, yəni məhkəmə prosesi zamanı iddiaçını təmsil edən şəxsin səlahiyyətinin olmamasını iddiaçının özünün məhkəmə iclasında iştirak etməməsi kimi qiymətləndirilir və belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsində 09 yanvar 2025-ci ildə baxılması zamanı mövcud olan hüquqi şərait həmin tələbə baxılmasına imkan vermədiyi halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozmuş, ərizəni baxılmamış saxlaması barədə qərardad əvəzinə mübahisə üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul etmişdi. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

45. Kollegiya b ildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqc a əhəmiyyətlidir.

46. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

47. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.

48. Mülki iş materiallarını qanunvericiliyin yuxarıda qeyd olunan prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya bildirir ki, iddia ərizəsinin məzmunun mülki prosessual qanunvericiliyə uyğun olmadığı halda on un icraata qəbul edilməsi, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət müəyyən edilməməsi, habelə məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin hüquqi şəxsi təmsil etmək səlahiyyətinin qanunvericiliyin tələblərinə uyğun olmadığı halda birinci instansiya məhkəməsinin işə baxaraq qətnamə qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxılmalı olmadığı halda (yəni iddianın baxılmamış saxlanılması üçün əsas olduğu üçün) baxıb qətnamə çıxardığına görə prosessual hüquq normaları pozulmuşdur. Çünki ən azından 09 yanvar 2025-ci il tarixdə mövcud olan hüquqi şərait İddiaçı Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas idi.

49. Yuxarıda göstərilənlərin nəticəs i olaraq kollegiya belə hesab edir ki, Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 50. -384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xita m verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 51. - 385.1 və 385.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir; 52. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 53. - 387.2 və 387.2.8-ci maddələrindən müəyyən edilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

54. Qeyd edilənlərin ümumi nəticəsi olaraq kollegiya Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən, yəni məhkəmə aktının ləğv edilməsinə dair hissədə əsaslı hesab edir.

55. Apellyasiya şikayətinin qalan hissəsinə, yəni iddianın rədd edilməsinə münasibətdə kollegiya bildirir ki, apellyasiya məhkəməsi prosessual normanın pozuntusunu əsas tutaraq qətnaməni ləğv olunması, eyni zamanda iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlir, yəni işə mahiyyəti üzrə baxmır. İddianın rədd edilməsi mahiyyət üzrə həll sayıldığından kollegiya hazırda iddianın əsaslı olub-olmaması barədə heç bir qərar qəbul edə bilməz.

56. Kollegiya İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinin baxılmamış saxlanılması nəticəsinə gəldiyindən bildirir ki, Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına dair qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir.

57. Həmçinin Həmin Məcəllənin 260.4-cü maddəsinə görə isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

58. Bu prosessual normalar iddianın baxılmamış saxlanılmasından sonra iddiaçının yenidən id dia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnu itirməməsini ifadə edir. Yəni İddiaçı bu qərardadda göstərilən halları aradan qaldıraraq təkrar müraciət məhkəməyə edə bilər.

59. Yekunda kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 114.1, 114.1.5 və 260.3cü maddələrinin ümumi məzmunundan aydın olur ki, ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır.

60. Bu səbəbdən də kollegiya belə nəticəyə gəlir ki, iddia ərizəsinin verilməsi ilə bağlı olaraq İddiaçı tərəfindən 07 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu ona, həmçinin apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının hökumət ödəniş portalı vasitəsi il ə 10 sentyabr 2025-ci ildə ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu isə cavabdehə geri qaytarılmalıdır.

61. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 62. - Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 tərəfindən Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli; 63. - Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı; 64. –İddiaçı tərəfindən 07 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmal ı; 65. - apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının hökumət ödəniş portalı vasitəsi ilə 10 sentyabr 2025-ci ildə ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı; 66. - İddiaçınə bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir.

67. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassa siya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

68. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 260, 263, 264, 365, və 402.2-ci maddələrini rəhbər tutaraq V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə q ə r a r v e r d i: Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 tərəfindən Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən (qətnamənin ləğv edilməsinə dair hissədə) təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(080)-21/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 07 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının hökumət ödəniş portalı vasitəsi ilə 10 sentyabr 2025-ci ildə ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçınə izah edilsin ki, bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar