Məhkəmə qərarları › İş №2(110)-1055/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1055/2025

12.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1055/2025 12.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Şərur şəhəri, N.Nərimanov küçəsi 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 15 nömrəli mənzildən məcburi çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.1989-cu il tarixdə Cavabdeh ilə aralarında Şərur rayon Yengicə kənd İƏDN-də nikah haqqında akt qeydləri kitabında 29 № ilə bağlanmış nikah qeydi Şərur rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2004-cü il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 24 № ilə qeydiyyata alınaraq "Nikahın pozulması haqqında" şəhadətnamə verilmişdir.İddiaçı qeyd edir ki, Cavabdeh ilə aralarında bağlanmış nikah qeydi Şərur rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən pozumasına baxmayaraq xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə faktiki olaraq 2000-ci ilin sonlarından ayrı yaşayırdılar və ailə təsərrüfatını birgə idarə etmirdilər.2011-ci ilin əvvəllərində Rusiya Federasiyasından qayıdaraq Şərur şəhərində mənzili alıb və Şərur şəhəri, N.Nərimanov küçəsi 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 15/1 reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqınd Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmiş, o bir müddət Şərur şəhərində yaşadıqdan sonra işləmək məqsədi ilə yenidən Rusiya Federasiyasına qayıtmalı olub, Rusiya Federasiyasına qayıtdıqdan sonra səhhəti ilə əlaqədar olaraq əməliyyat olunduğundan Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqlarının gündəlik zəruri tələbatlarının qarşılanmasına vaxtlı-vaxtında maddi köməklik göstərə bilməyib. Ona görə də 2011-ci ilın sonlarında mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış mənzilini kirayə verərək kirayə haqqının Cavabdeh ödənilməsini bildiyini və həmin tarixdən bu günə kimi həmin mənzilin kirayə haqqının Cavabdeh ödənilmişdir. 2025-ci ilin 09 mart tarixində Rusiya Federasiyasından qayıtdıqdan sonra Bakı şəhərində təkrar ürək əməliyyatı olub və Cavabdeh mülkiyyətində olan mənzildə kirayə yaşayanların çıxarılmasını və mənzilin açarlarını qaytarmasını, bundan sonra mənzildə özünün yaşayacağını bildirdikdən sonra Cavabdeh mənzildə yaşayan kiraçıları çıxararaq özünün həmin mənzildə yaşamağa başladığını eşidib və cavabdeh bundan sonra iddiaçının mülkiyyətində olan mənzildə özünün yaşayacağını və mülkiyyətində olan mənzili boşaltmayacağını bildirmişdir. Cavabdeh, mülkiyyətində olan, Şərur şəhəri, N.Nərimanov küçəsi 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 15 nömrəli mənzili boşaltmaq istəməməsi idiaçının mülkiyyətindən istədiyi kimi istifadə etməyinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırır və öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu səbəbdən də İddiaçı Cavabdeh iddiaçının mülkiyyətində olan Şərur şəhəri, N.Nərimanov küçəsi 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 15 nömrəli mənzildən məhkəmə qaydasında məcburi çıxarılmasını istəyir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsədə, o məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəmədə vəkil və nümayəndə ilə təmsil olunmuşdur, Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, cavabdehin mənzilə hər hansı aidiyyatının olmadığını, özünün yaşayış yerinin olduğunu, iddiaçının xəstə olmasına baxmayaraq yaşamağa evinin olmadığını, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında evdən çıxmağa razı olduğunu, mənzilin iddiaçıya məxsus olduğunu, lakin həmin mənzilə çəkilmiş xərcləri tələb etdiyini, məhkəmədə bu barədə iddia qaldırdığını, ayrıca icraatda iddiasına baxıldığını bildirmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin izahatına və mülki iş materialında toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materialında olan xx.xx.2011-ci il tarixli, ******* qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur şəhəri, N.Nərimanov küçəsi 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - Şərur rayon Yengicə kənd İ.N tərəfindən verilmiş 30 may 1989-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah Şərur rayon Yengicə kənd İ.N tərəfindən 30 may 1989cu il tarixli 29 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Məhərrəmova” soyadı verilmişdir; - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-l № 545020 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2003-cü il tarixdə Şərur rayon Məhkəməsinin qətnaməsi əsasında xitam verilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Abdullayeva” soyadı verilmişdir; Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi mənzildən çıxarılma ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin istifadə və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur şəhəri, N.Nərimanov küçəsi 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış, lakin buna baxmayaraq, cavabdeh iddiaçının iradə ifadəsinə zidd olaraq sözügedən mənzildə heç bir hüquqi əsası olmadan yaşamaqla, həmin evdən istifadə etməklə onun həmin əmlaka olan hüquqlarını məhdudlaşdırır. Belə ki iddiaçının mülkiyyətində olan həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və onun həmin mənzilə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçının cavabdehin sözügedən mənzildən məcburi qaydada çıxarılmasını tələb etmək hüququ var. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdeh mənzildən məcburi qaydada çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə üç elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki cavabdehin mübahisə predmeti olan mənzildə heç bir hüquqları olmadan yaşaması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Məhkəmə, belə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmaqla yanaşılmalıdır. Qeyd edilən hüquq normasının hüquqi təbiətindən və fəlsəfəsindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətindən məhrum edilmədən maneələr törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoymağı qəsd edəndən tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X1rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Loizidu Türkiyəyə qarşı» işi üzrə qərarında məhkəmə qeyd edir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. X3 Hüquqları konvensiyasının normaları aspektindən yanaşdıqda hazırkı halda sözügedən konvensiyanın 1 saylı əlavə protokolun 1-ci maddəsinin tələbləri pozulduğu üçün mübahisə həmin maddənin təsiri dairəsinə düşür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2011-ci il tarixli, ******* qeydiyyat nömrəli Hüquqların Dövlət Reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan Şərur şəhəri, N.Nərimanov küçəsi 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 15 nömrəli mənzildən Cavabdeh həmin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, hər bir mülkiyyətçi öz mülkiyyətində olan əmlakdan sərbəst istifadə etmək, əmlaka sahiblik etmək və onun müqəddəratını təyin etməklə sərəncam vermək hüququna malikdir. Qanunla müəyyən edilmiş əsaslar olmadan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir. Hazırkı iş üzrə iddiaçının razılığı olmadan cavabdehin onun mənzilindən istifadə etməsi, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırdığından iddia təmin edilməli, cavabdeh həmin mənzildən çıxarılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən iş üzrə iddiaçının mənzilin tam pay hüquqlu mülkiyyətçisi olmasını, iş üzrə cavabdehlə iddiaçının nikahına xx.xx.2003-cü ildə xitam verilməsini, mənzilin isə 2011-ci ildə iddiaçı tərəfindən alınmasını, cavabdehin isə mənzilə dair hər hansı mülkiyyət hüququnun olmamasını milli və beynəlxalq hüquq normaları konteksində nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 191.3-cü maddəyə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 217.2-ci maadənin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır - 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ******* № Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan Şərur şəhəri, N.Nərimanov küçəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 55.78 kv.m² ümumi, 40.6 kv.m² yaşayış sahəsindən ibarət, üç otaqlı, 15 nömrəli mənzildən Cavabdeh məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar