Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1134/2025 23.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X32 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın - mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə vəfat etmiş atası X4 miras qalmış (daşınmaz əmlakın Dövlət reyestrində 10200048 kod nömrəsi ilə qeydiyyata alınmış JN 263A və JN 263B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən Şərur rayonu Oğlanqala kəndində yerləşən ümumi ölçüsü 0.24 ha torpaq sahəsi) əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, mərhum atası X7 mərhum anası X8 ilə 1964-cü ilin yanvar ayında o vaxtki Noraşen rayon ZAQS Bürosunda rəsmi nikaha girərək ailə qurmuş, onların bu nikahından, Dünyamalıyeva (Qasımova) Mehriban Qasım qızı, Maraqlı şəxs4, Abdullayeva (Qasımova) Leyla Qasım qızı, Maraqlı şəxs5, Ərizəçi, Qədirova (Qasımova) Roza Qasım qızı adında altı övladı doğulmuş və mərhum valideyinləri ömürlərinin sonuna kimi Şərur rayonu Oğlanqala kəndində yerləşən evlərində yaşamışlar. Hansı ki, bu ev hələ valideyinlərinin sağlığında tikilmiş və bir mərtəbə iki otaq bir salondan ibarət olmaqla rəsmi reyestrdə qeydiyyata alınmamışdır. Bildirir ki, anası X8 xx.xx.1994-cü ildə vəfat etmiş, sonradan onların ailəsinin istifadəsində olan torpaq sahəsi aparılan islahat zamanı atası Q.Qasımovun adına qeydə alınmaqla bununla bağlı JN 263A və JN 263B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir ki, müvafiq aqrar islahat komissiyasının qərarı ilə onların ailəsi üçün JN 263A nömrəli şəhadətnaməyə əsasən 0.20 ha, JN 263B nömrəli şəhadətnaməyə əsasən isə 0.04 ha torpaq sahəsi ayrılmışdır. Zamanla isə qardaş bacıları ailə qurmaqla təsərrüfatdan ayrılmış, mərhum atasının yanında isə ərizəçi-Ərizəçi qalmaqla onun qayğı və tələbatını qarşılamışdır. Belə ki, atası Q.Qasımov xx.xx.2004-cü il ildə vəfat etmiş və ondan Şərur rayonu Oğlanqala kəndində JN 263A və JN 263B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsi miras qalmışdır. Həmin vaxt və hazırda da qeyd edilən torpaq sahəsində ərizəçi ailəsiylə birgə yaşamaqla, mərhum atasından qalmış miras faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Qeyd edir ki, JN 263A nömrəli torpaq sahəsi üzərində yerləşən (rəsmi reyestrdə qeydə alınmamış) evdə o ailəsiylə birlikdə yaşayır və həmin ev üçün kommunal xərclər onun tərəfindən ödənilir. Digər JN 263B nömrəli torpaq sahəsində isə onun tərəfindən bağ salınmaqla təsərrüfat məqsədilə istifadə olunmaqdadır.Bu hallar mirasın onun tərəfindən qəbul edilməsini təsdiq edən amillərdir ki, qeyd etdiyi halları məhkəməyə şahid kimi dəvət edəcəyi həmkəndliləri də öz ifadələri ilə təsdiq edilə bilərlər. Eyni zamanda vərəsə olan bacı qardaşları da mərhum atasından qalmış mirasın onun adına rəsmiləşdirilməsinə heç bir etirazlarının olmadıqlarını bildirmişlər ki, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirməmişdir. 2025-ci ilin sentyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Notariat Ofisinə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdi. Baxmayaraq ki, mərhum atasından qalmış miras əmlak uzun zamandır ki, faktiki olaraq onun tərəfindən qəbul edilərək istifadə olunmaqdadır. Hazırki vəziyyətdə isə vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından müvafiq ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ərizəsi əsaslı olduğundan təmin edilməli və mərhum atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı tanınmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək, evdə hazırda özünün yaşadığını, evi öz mülkiyyətinə qəbul etmək istədiyini, maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin buna hər hansı etirazı olmadığını, kommunal xərcləri ancaq onun qarşıladığını bildirərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs3 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclaslarında iştirak etməmişlər, lakin məhkəməyə ərizə ünvanlayaraq ərizələrində ərizəyə etirazlarının olmamasını, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilərək ərizəçinin tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatına və toplanmış sübutları tam, hərtərəfli, məcmu halında və əlaqəli şəkildə tədqiq edib, obyektiv hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: - JN-263A KOD 10200048 nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə X10, mülkiyyət hüququ əsasında Şərur rayon Oğlanqala kəndində 0.20 hektar fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsi verilmişdir. - JN-263B KOD 10200048 nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə X10, mülkiyyət hüququ əsasında Şərur rayon Oğlanqala kəndində 0.04 hektar fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Şərur rayon Oğlanqala İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 466871 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1994-cü il tarixində Şərur rayon Oğlanqala kəndində kəskin ağrılı ürək çatışmazlığı səbəbindən vəfat etmişdir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, X14 və X8 xx.xx.1960-cı il təvəllüdlü X3 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, X14 və X8 xx.xx.1971-ci il təvəllüdlü X12 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, X14 və X1 Leyla Qasım qızının valideynləridir; - Şərur rayon Oğlanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 132 nömrəli arayışından görünür ki, mərhum X13 vərəsələri aşağıdakı kimidir:
1. X8 – arvadı
2. Ərizəçi – oğlu
3. Maraqlı şəxs5 – oğlu
4. Maraqlı şəxs4 – oğlu
5. Maraqlı şəxs3 – qızı
6. Maraqlı şəxs2 – qızı
7. Maraqlı şəxs1 – qızı - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:
1. Əri (arvadı): X8 (xx.xx.1935) (VƏFAT EDİB xx.xx.1994)
2. Qızı: Maraqlı şəxs3 (xx.xx.1960)
3. Oğlu: Maraqlı şəxs4 (xx.xx.1962)
4. Qızı: X17 (xx.xx.1963) (VƏFAT EDİB xx.xx.1969)
5. Qızı: Maraqlı şəxs2 (xx.xx.1965)
6. Oğlu: Maraqlı şəxs5 (xx.xx.1967)
7. Oğlu: Ərizəçi (xx.xx.1968)
8. Qızı: Maraqlı şəxs1 (xx.xx.1971)
9. Qızı: X17 (xx.xx.1972) (VƏFAT EDİB xx.xx.1973)
10. Oğlu: X22 (xx.xx.1977) (VƏFAT EDİB xx.xx.1978) - Şərur rayon 2 saylı Notariat Ofisinin notariusunun 172 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şərur rayon Oğlanqala ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.2004-cü il tarixdə vəfat etmiş X7 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir; - Noraşen rayon ZAQS Bürosun tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli İ-ИЕ 379840 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X5 arasında xx.xx.1964-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Qasımova” soyadı verilmişdir. - Şərur rayon Oğlanqala kənd İ.Ə.D.Ü tərəfindən verilmiş 08 fevral 2007-ci il tarixli 257823 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. - Şərur rayon Dizə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 26 nömrəli arayışdan görünür ki, Ərizəçi heç bir kommunal borcu yoxdur. - xx.xx.2025-ci il tarixli 368501 seriya nömrəli məişət tullantılarının daşınması üçün mədaxil qəbzindən görünür ki, Ərizəçi 5.6 manat məbləğində ödəniş etmişdir. - Maraqlı şəxs2 Şərur Rayon Məhkəməsinə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X14 vəfat etmişdir. X2 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - Maraqlı şəxs4 Şərur Rayon Məhkəməsinə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X14 vəfat etmişdir. X2 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - Maraqlı şəxs3 Şərur Rayon Məhkəməsinə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X14 vəfat etmişdir. Mərhum X25 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - Maraqlı şəxs1 Şərur Rayon Məhkəməsinə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X14 vəfat etmişdir. X2 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və iş üzrə maraqlı şəxslərin ərizələri ilə müəyyən edilmişdir ki, ərizəçinin atası mərhum X14 xx.xx.2004-cü il tarixdə vəfat etdikdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə atasından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin qeyd edilən Plenum qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, işə yuxarıda qeyd edilən hüquq normaları konteksindən və geniş hüquq rakursundan yanaşaraq, iş materiallarında olan sübutları, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlirki ərizə təmin edilməlidir. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 miras qalmış (daşınmaz əmlakın Dövlət reyestrində 10200048 kod nömrəsi ilə qeydiyyata alınmış JN263A və JN263B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən Şərur rayon Oğlanqala kəndində yerləşən ümumi ölçüsü 0.24 ha torpaq sahəsi) əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İlkin Zeynalov