Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1181/2023 15.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnaməyə əsasən Şərur rayon Düdəngə kəndində yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi üçün alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir; - 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etsədə, iddia ərizəsinin formasına və məzmununa riayət etməyərək iddia ərizəsində tərəflərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları, iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısını göstərməmiş, eyni zamanda cavabdehlərin hazırkı iddia tələbinə cavab verəcək subyektlər olmasına dair sübutları iddia ərizəsinə əlavə etməmişdir. Buna görə də göstərilən səbəblərdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı2 tərəfindən "xxxx" ASC-nin Baş ofisi vasitəsilə xx.xx.2023-cü il tarixli 30670 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı2 tərəfindən "xxxx" ASC-nin Baş ofisi vasitəsilə xx.xx.2023-cü il tarixli 30670 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-1181/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1181/2023
15.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver