Məhkəmə qərarları › İş №2(110)-206/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-206/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-206/2022 29.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh mobil telefonun dəyəri olan 800 manat, qızıl əşyalarının dəyəri olan 560 manat, ümumilikdə 1360 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 34 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2020-ci ilin noyabr ayında Şərur Rabitə İdarəsində işlədiyi zaman 2 ədəd qızıl üzüyünü satması üçün iş yoldaşı Cavabdeh verdiyini, Elvinin qızılların ikisini 560 manata satdığını, pulunu isə növbəti ayın maaşında verəcəyini dediyini, sonra qardaşının ona hədiyyə etdiyi “İphone 8” markalı telefonu işlətmədiyindən satmaq üçün Elvinə verdiyini, Elvinin ona telefonu bir hərbçiyə 800 manata satdığını, pulunu isə 3-4 günə verəcəyini bildirdiyini, iş yoldaşı olduğuna görə Elvinə inandığını və onunla razılaşdığını, aradan bir müddət keçdikdən sonra Elvindən satdığı əşyaların pulunu istədiyini, Elvinin ona telefonun pulunu hələ də almadığını, aldıqdan sonra üzüklərin pulu ilə birlikdə verəcəyini dediyini, Elvinin həmin gündən bu yana ona hər dəfəsində pulunu verəcəyini desə də, müxtəlif bəhanələrlə ondan vaxt istədiyini, pulunu verməkdən boyun qaçırdığını, axırıncı dəfə 2021-ci ilin noyabr ayında Elvinin ona iltizam verərək pulu dekabr ayının sonunda qaytaracağına dair söz versə də, həmin müddətdən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də pulunu qaytarmadığını, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqləyərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh 29.03.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək iddia tələbini rədd etdiyini, ona heç bir borcu olmadığını, əksinə iddiaçının ona borcu olduğunu, Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan 02.11.2021-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı “İphone” markalı mobil telefon müqabilində 800 manat, 2 ədəd qızıl üzük qarşılığında 560 manat, cəmi 1360 manatı 2021-ci il dekabr 31-dək ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı məxsus “İphone” markalı mobil telefon və 2 ədəd qızıl üzüyü sataraq pulunu ona verməyi öhdəsinə götürsə də öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh 02.11.2021-ci il tarixdə iltizam verərək həmin əşyaların cəmi dəyəri olan 1360 manatı 31.12.2021-ci il tarixədək ödəyəcəyinə söz vermiş, lakin öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin məcəllənin 882.2-ci maddəsinə görə isə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh üzərinə göürdüyü öhdəliyinin icrasına dair, yəni borcun qaytarılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1360 manat pul alınıb İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunduğundan, iddia tələbi üzrə 34 (otuz dörd) manat Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1360 (bir min üç yüz altmış) manat məbləğində borc və 34 (otuz dörd) manat dövlət rüsumu alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar