Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-228/2022 21.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 2400 manat maddi ziyanın və hüquqi yardım üçün ödədiyi 70 manat və 45 manat məhkəmə üçün dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında işləyən Cavabdeh 2021-ci ildə vətəndaş X1 “Macbook 13 Pro” markalı macbooku 1950 manata aldığını, həmin macbooku ona 2400 manata satdığını, bir müddət sonra Bakı şəhəri Yasamal rayon polis idarəsinin əməkdaşının onu polis bölməsinə dəvət etdiyini, polis araşdırması nəticəsində onun cavabdehdən aldığı macbookun oğurluq olduğunun müəyyən edildiyini, polis bölməsində izahatı alınmış cavabdehin macbooku X1 1950 manata aldığını və ona 2400 manata satdığını etiraf etdiyini, nəticədə macbookun istintaq orqanı tərəfindən alınaraq sahibinə qaytarıldığını, 07.10.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən ünvanına zərərçəkmiş şəxsin şikayəti olmadığına və vurulmuş ziyanın ödənildiyinə görə “cinayət təqibinin başlanmasın rədd edilməsi haqqında” qərarın qəbul edilməsi barədə rəsmi məktub göndərildiyini və məhkəmə orqanlarına müraciət etmək hüququnun izah edildiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı 19.01.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərməklə işə onun iştirakı olmadan baxılması və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 06.04.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iddia ilə razı olmadığını bildirib iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 01.10.2021-ci il tarixli “cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən olunur ki, Cavabdeh “Macbook 13 Pro” markalı macbooku cinayət yolu ilə əladə etmiş X1 1950 manata alaraq iş üzrə İddiaçı 2400 manata satmış, zərərçəkmiş şəxs X2 ərizəsi əsasında araşdırma başlanılmış, “Macbook 13 Pro” markalı macbook zərərçəkmiş şəxsə qaytarıldığından və onun heç bir şikayət və tələbinin olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan 28.12.2021-ci il tarixli 127-272 nömrəli və 18.01.2022-ci il tarixli 134-148 nömrəli qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardım üçün cəmi 70 manat ödəniş etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh “Macbook 13 Pro” markalı macbooku onu cinayət yolu ilə əladə etmiş şəxsdən 1950 manata alaraq İddiaçı 2400 manata satmışdır. İddiaçı bununla bağlı müvafiq polis orqanına müracət etsə də, şəxsin əməlində cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət təqibinə xitam verilmiş və iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququnun izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 573.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 573.1-ci maddəsinə əsasən alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin edildiyindən, iddia tələbi üzrə ödənilmiş 45 manat dövlət rüsumu və iddiaçı tərəfindən vəkilə ödənmiş 70 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu maddi ziyana görə 2400 (iki min dörd yüz) manat, iddiaçı tərəfindən vəkilə ödənmiş 70 (yetmiş) manat və dövlət rüsumu olaraq ödənilmiş 45 (qırx beş) manat pul vəsaiti alınaraq ünvan 3 ünvanında yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-228/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-228/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver